Məhkəmə qərarları › İş №2(007)-3230/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3230/2024

25.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3230/2024 25.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız yazılmış 331.37 manat pulun silinməsi və Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 85, 28 saylı mənzilə aid olan işığa dair **********50028 saylı abonent kodunun onun adına dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 85 saylı evin, 28 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 iyul 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun şəxsi mülkiyyətindədir. Hər ay "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı sayğaca baxış keçirir və istifadə etdiyi işığa görə qəbz təqdim edir. O, isə qəbzdə göstərilən məbləği yəni işıq pulunu vaxtı-vaxtında ödəyir. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 85 saylı evin, 28 saylı mənzili order əsasında rəhmətlik atasının adına olub, işığın abonet kodu da onun adına qeyd olunmuşdur. Atam rəhmətə qedəndən sonra həmin mənzili öz adıma rəsmiləşdirib özəlləşdirmişdir. Abonet kodunun atasının adından öz adına dəyişdirilməsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişdir. Lakin oradan ona bildirmişlər ki, Zəkiyev Qurbanın adına olan **********50028 saylı abunə kodu olan sayğacda guya 2000-ci ildən 331.37 manat borc qalmışdır.

İş materialları :

3. ƏMDK DƏDRX tərəfindən verilmiş ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 xx.xx.2018-ci il tarixindən etibarən İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsusdur.

4. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli bildiriş xəbədarlığından görünür ki, Zəkiyev Qurbana məxsus **********50028 saylı abunə kodu olan sayğac üzrə sonuncu ödəniş xx.xx.2024-cü il tarixində həyata keçirilmiş, ödəniləcək məbləğ isə 10.77 manat təşkil edir.

5. Abonentin saldosundan görünür ki, abonent kodu **********50028 olan İddiaçı hesabına işıq sərfiyatına görə ayın sonuna borc 26.61 manat hesablanmışdır.

6. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qeyd edilən ünvan üzrə **********50028 saylı abunə kodu kompüter məlumat bazasında xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmış və yaşayış sahəsində istehlak edilmiş, lakin dəyəri ödənilməmiş elektrik enerjisinə görə 331,37 manat borc olmuşdur. Borcun yaranma müddətindən beş ildən artıq keçdiyi üçün baxılması mümkün deyildir. Qeyd edilən borc ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Borcun ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilərkən və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir. Məlumat üçün bildiririk ki, xx.xx.2024-cü ıl tarixinə elektrik enerjisi sərfiyyatına görə ödənişi tələb olunan borc 10.77 manat təşkil edir.

7. AZ-İ seriyalı, 132330 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2005-ci il tarixindən vəfat etmişdir.

8. 011788 nömrəli, xx.xx.1989-cu il tarixli orderdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 85 saylı evdə X1 7 nəfər ailə üzvü ilə birlikdə yaşamaq hüququ olmuşdur.

Tərəflərin izahatları :

9. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halları.

11. İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2011-ci il tarixdə AMPY(5235A) tipli, A440717623M454072 nömrəli, işıq sayğacı quraşdırılmışdır. Sayğac quraşdırılan vaxtadək Barmek tərəfindən İddiaçı məxsus mənzilə işıq sərfiyyatına görə 331.37 manat borc hesablanmışdır.

Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

14. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı:

1.2. Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.2. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.

15. Azərbaycan Respublikası Mənzil Məcəlləsi :

135.1 Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

Məhkəmənin mövqeyi :

16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, tərəflərin izahatlarını dinləyərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

17. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı olan “borcun silinməsi” tələbini Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 85-də yerləşən 28 nömrəli mənzilin 2018-ci il tarixdən mülkiyyətində olmasına baxmayaraq, "xxxx" ASC tərəfindən 2000-ci ilə aid əsassız şəkildə borc yazılması ilə əsaslandırmışdır.

18. İşin məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarından görünür ki, İddiaçı işıq sərfiyyatına görə 331.37 manat borc hesablanmışdır.

19. Belə ki, iddiaçıya həmin borc məbləğinin hesablanması tərəflərin izahatı mülki iş materiallarına əlavə olunmuş abonent saldosu ilə də öz təsdiqini tapmışdır.

20. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qeyd edilən ünvan üzrə **********50028 saylı abunə kodu kompüter məlumat bazasında xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmış və yaşayış sahəsində istehlak edilmiş, lakin dəyəri ödənilməmiş elektrik enerjisinə görə 331.37 manat borc olmuşdur. Borcun yaranma müddətindən beş ildən artıq keçdiyi üçün baxılması mümkün deyildir. Qeyd edilən borc ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir.

21. Mülki iş materialları və cavabdehin məktubuna əsasən müəyyən edilmişdir ki, yazılmış borc “tələb olunmayan borclar” qrafasına aid edilməsinə baxmayaraq, qeyd edilən borcun silinməsi orqanının səlahiyyətində deyil.

22. Məhkəmə qeyd edir ki, ödənişi tələb edilməyən borclar qrafasına daxil edilmiş borc məbləğinin silinməməsi hazırda iddiaçının hüquqlarını pozur. Belə ki, həmin borcun iddiaçıya dair sənədlərdə qeydiyyatının mövcudluğu onun həmin mənzili özgəninkiləşdirməsinə və mənzilə dair digər hüquqlarının həyata keçirilməsinə maneə olur.

23. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli **********50028 abunə kodu üzrə hesablanmış və ödənişi tələb edilməyən borc abonentin hesabından silinməlidir.

24. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməli və cavabdeh "xxxx" ASC tərəfindən Bakı şəhəri, Nizami rayonu, ünvan 1 (Abunə kodu: **********50028) aid edilən və ödənişi tələb edilməyən borclar qrafasına daxil edilmiş 331.37 manat borc silinməlidir.

25. Həmçinin iddiaçı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 85, 28 saylı mənzilə aid olan işığa dair **********50028 saylı abonent kodunun onun adına dəyişdirilməsini də məhkəmədən xahiş etmişdir.

26. İş materiallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 85də yerləşən 28 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.

27. Həmçinin iddiaçı "xxxx" ASC-yə **********50028 saylı abonent kodunun onun adına dəyişdirilməsi ilə bağlı müraciət etsə də, cavabdeh tələb edilməyən 331.37 manat məbləğində borcun olmasına görə sayğacın iddiaçının adına keçirilməsindən imtina etmişdir.

28. İddiaçının “əsassız hesablanmış borcun silinməsi”nə dair iddia tələbi təmin edildiyinə görə sayğacın iddiaçının adına keçirilməsinə maneə olan hal da aradan qalxmış hesab edilir.

Məhkəmə Xərcləri :

29. “Dövlət rüsumu haqqında Qanunun” 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar və 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlər rüsumu ödəməkdən azad olduqları üçün hazırki iddia tələbi üzrə məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Nəticə :

30. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli və cavabdeh "xxxx" ASC Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 85 ünvanında yerləşən 28 saylı mənzilə (Abunə kodu:**********50028) aid edilən və ödənişi tələb edilməyən borclar qrafasına daxil edilmiş 331.37 (üç yüz otuz bir manat otuz yeddi qəpik) manat borc silinməli, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 85 ünvanında yerləşən 28 saylı mənzilə aid olan işığa dair **********50028 saylı abunə kodu X1 adından İddiaçı adına dəyişdirilməlidir.

31. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QətEtdi:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 85 ünvanında yerləşən 28 saylı mənzilə (Abunə kodu:**********50028) aid edilən və ödənişi tələb edilməyən borclar qrafasına daxil edilmiş 331.37 (üç yüz otuz bir manat otuz yeddi qəpik) manat borc silinsin. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 85 ünvanında yerləşən 28 saylı mənzilə aid olan işığa dair **********50028 saylı abunə kodu X1 adından İddiaçı adına dəyişdirilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar