Məhkəmə qərarları › İş №2(007)-3241/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3241/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3241/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili-Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 və istismarı Birliyi ilə onun arasında bağlanmış 26 dekabr 2006-cı il tarixli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən istifadəsinə Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan 1293 saylı bağ sahəsi verilmişdir. Həmin bağ sahəsinə çıxarış almaq məqsədi ilə X7 10 iyun 2016-cı il tarixdə etibarnamə vermiş, sonuncu isə öz növbəsində Cavabdeh etibarnamə vermişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edən zaman bəlli olmuşdur ki, ona məxsus olan 1293 saylı bağ sahəsi Cavabdeh (etibarnamə üzrə nümayəndə) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1293 saylı bağ sahəsində yerləşən ümumi sahəsi 0,114 ha olan torpaq sahəsini 25000 manata oğlu X1. Məhz bu barədə məlumatı olduqdan sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə “alqısatqı müqaviləsinin etibarsız sayılması, çıxarış qeydinin ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-182/2020 saylı, 09 yanvar 2020-ci il tarixli qətnaməməsi ilə onun cavabdehlər Cavabdeh, X18, 3 saylı Bakı ASAN xidmət mərkəzinin notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən o, apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(l03)-4186/2020 saylı 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4186/2020 saylı 30 oktyabr 2020-ci il tarixli qətnaməsindən verilən kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə iclaslarından və 31 avqust 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi hazırki iş üzrə Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1293 saylı bağ sahəsində yerləşən ümumi sahəsi 0,114 ha olan torpaq sahəsini 25000 manata oğlu Kənana satmış, lakin sözü gedən məbləğ ona verilməmişdir. Alqı-satqı müqaviləsində nəzərdə tutulan 25000 manat pulun təmsilçi tərəfindən iddiaçıya çatdırılmamasına qiymət verən apelyasiya instansiyası məhkəmə kollegiyası qeyd etmişdir ki, alqı-satqı predmetinin dəyəri olan pulun təmsilçi tərəfindən iddiaçıya çatdırılmaması ayrıca iddia tələbinin predmeti olmaqla alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas ola bilməz. Cavabdeh 25 000 (iyirmi beş min) manat pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etiraz və qanunla müəyyən edilmiş iddia müddəti keçdiyinə görə iddia tələbinin rədd olunması barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1293 saylı bağ sahəsi X5 (həmin şəxs makler fəaliyyəti ilə məşğul olur) vasitəsilə İddiaçı əvəzi ödənilməklə, notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə əldə edilmişdir. Hazırda mübahisə edilən torpaq sahəsinin 24.000 manata satılması, həmin torpaq sahəsində evlərin inşa edilməklə qazanc əldə edilməsi təklifi X5 təşəbbüsü ilə yaranmışdır. Məmmədov Fuad onları inandırmış və bildirmişdir ki, İddiaçı tərəfindən torpaq sahəsi sərfəli qiymətə, yəni 24.000 manata satılır. Onun, yəni Fuadın pulu yoxdur, lakin torpaq sahəsi də daxil olmaqla tərəflərindən ona həmin torpaq sahəsi üzərində tikiləcək olan 90 kv.m sahəli 3 ədəd evin tikilməsinə görə 70.000 ABŞ dolları verilərsə, birlikdə çox böyük və sərfəli qazanc əldə etmək mümkündür. Bundan əvvəl də onunla iş birliyində olduğuna görə, onun vədlərinə inanmışlar və bir neçə gündən sonra onun evində 70.000 ABŞ dolları verilmişdir. Bundan bir müddət keçdikdən sonra Fuad torpaq sahəsi üçün İddiaçı 24.000 manat ödədiyini və yaxınlarda torpağın mülkiyyət hüququnu Fərhadın və ya oğlu Kənanın adına keçirəcəyini bildirmişdir. Bir müddət də keçdikdən sonra başqa şəxslərdən götürdüyü pulu qaytarmadığına görə Fuad barəsində cinayət qaydasında araşdırma aparıldığını biləndə, pulun və əldə edəcəkləri mənfəətin qarantı olaraq aralarında 95.000 ABŞ dolları miqdarında borc müqaviləsi bağlanıb, notariat qaydasında təsdiqlənmişdir. Həmin borc müqaviləsinə görə Məmmədov Fuad 95.000 ABŞ dollarını 10.06.2016-cı il tarixinədək qaytarması üçün öhdəlik götürmüşdür. Lakin, 10.06.2016-cı il tarixdə pulun qaytarılmasına dair öhdəlik götürsə də, yenidən onları inandıraraq bildirmişdir ki, artıq torpaq sahəsinin sənədləşdirilməsinə dair İddiaçı etibarnamə almışdır və tezliklə torpaq üzərində hüquqları oğlu Kənanın adına keçirəcəkdir. Elə həmin gün, yəni 10.06.2016-cı il tarixdə İddiaçı adından onun qızı X12 vasitəsilə Fuad Məmmədova AR-İ 470338 №-li, 10.06.2016-cı il tarixli etibarnamə verilmişdir. Həmin etibarnamə notariat qaydada təsdiq edilmiş, etibarnamə üzrə verilmiş səlahiyyətlərdə göstərilmişdir ki, həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq “mənim bütün əmlaklarımı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməyi qanunla icazə verilmiş bütün sənədləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək, əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqraflardan bütün əsaslar üzrə mənə çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzrə sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda mənim adımdan ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişməsi, məhkəmənin qərarından şikayət edilməsi əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında mənə aid olan işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar edirəm”. Eləcə də, etibarnamənin 08.12.2020-ci il tarixədək qüvvədə olması və qeyd olunan səlahiyyətlərin başqa şəxsə verilə bilməsi açıq-aşkar göstərilmişdir. Bu etibarnamə verilməmişdən öncə isə iddiaçı Aqavev İlham hələ 08.12.2015-ci il tarixdə 2 ay müddətinə eyni məzmunlu etibarnaməni Məmmədov Fuadın adına vermiş və Fuad həmin etibarnaməni ilk dəfə onlara göstərərək torpaq satıldığını bildirmişdir. Məmmədov Fuad torpaq üzərində mülkiyyət hüququnu ada keçirə bilmədiyi üçün, ona verilmiş həmin etibarnamə əsasında İddiaçı adından çıxış edərək, Cavabdeh 08.07.2016-cı il tarixli etibarnamə vermiş və notariat qaydada təsdiqləmişdir. Etibarnamə üzrə verilmiş səlahiyyətlərdə göstərilmişdir ki, “1293 saylı bağ sahəsi ünvanında 0,12 ha torpaq sahəsinə aid sənədləşdirmə işlərini aparmağı, tikinti işləri aparmağı, həmin sahəni və tikintini özəlləşdirməyi, özəlləşdirmə ilə bağlı tələb olunan bütün hüquqi hərəkətləri etməyi, adıma olan reyestrdən çıxarış almağı, əmlakı özəlləşdirdikdən sonra üzərində sərəncam verməyi, müvafiq sənəd və arayışları almağı, aldıqdan sonra torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qovmağı, icarəyə verməyi, həmin tapşırıqlarla yuxarıda göstərilən təşkilatlarda nümayəndəm olmağı, ərizələrlə müraciət etməyi, müqavilələr bağlamağı, adımdan imza etməyi, digər hərəkətlər etməyi etibar edirəm”. Eləcə də, etibarnamənin 08.07.2017-ci il tarixədək qüvvədə olması və qeyd olunan səlahiyyətlərin başqa şəxsə verilə bilməsi açıq-aşkar göstərilmişdir. İddia ərizəsinin tərtibatından müəyyən edilir ki, İddiaçı Məmmədov Fuadla birgə hərəkət edir və digər məhkəmə mübahisələrində onlara qarşı edilən qanunsuz və əsassız hərəkətləri ifşa olunduğundan, hazırkı məhkəmə vasitəsilə satın alınmış torpaq sahəsinə görə yenidən pul vəsaitinin əldə olunmasına cəhd edirlər. Əgər yuxarıda qeyd olunduğu kimi deyilsə, onda hazırkı iş üzrə əsl cavabdeh X15 olmalıdır. Məlumat üçün qeyd edir ki, idddiaçının arvadı X19 ərinin mülkiyyətində olan Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən 1293 saylı bağ, 0,12 ha torpaq sahəsinin özəlləşməsinə və satılmasına etirazının olmaması barədə 09.08.2016-cı il tarixdə notarial qaydada təsdiq olunmuş ərizə vermişdir. Hal-hazıradək həmin ərizə də mübahisələndirilməmişdir. Eləcə də, iddiaçının iradə ifadəsi həmin torpaq sahəsinin özəlləşdirilməsi və satılması olmuş, ona görə də maddi hüquq normasının tələblərinə müvafiq olaraq birgə nigahda olan arvadının razılığı da alınmaqla, alqı-satqı aparılan zaman hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. İddiaçının özü, arvadı, hətta qızı və kürəkəni də bilirdi ki, qeyd olunan torpaq sahəsi Fuad adlı makler vasitəsilə satılmış və ondan alınmış puldan 24.000 manat məbləğində vəsait Fuad tərəfindən iddiaçıya ödənilmişdir. Əgər iddiaçının Məmmədov Fuada verdiyi etibarnamə əsasında hər hansı bir öhdəlik yerinə yetirilməyibsə, yəni pul vəsaiti Fuad tərəfindən iddiaçıya ödənilməyibsə, həmin mübahisə iddiaçı ilə Fuada aid olan məsələdir. Başqa məhkəmə mübahisəsi zamanı torpaq sahəsinin əvəzi ödənilməklə, yəni 24.000 manata alması faktını Fuad Məmmədov dəfələrlə etiraf etmiş və izahatlarında bu faktı təsdiqləmişdir. Belə ki, Fərhadın səhhəti ilə, eləcə də işlərilə əlaqədar, mütəmadi olaraq torpaq sahəsinə baxış keçirə bilmədiyindən Məmmədov Fuad başda olmaqla, iddiaçı və bir qrup şəxslər hüquqlarından sui-istifadə edərək, mülkiyyətində olan torpaq sahəsində inşa olunmuş tikililəri ələ keçirməyə cəhd etdiklərindən, onların törətdikləri bilə-bilə qanunsuz əməllərindən Bakı şəhəri Xəzər RPİ-nə şikayət ərizəsi ilə müraciət etmiş və tərəfindən qaldırılmış iddianın mülki xarakterli olması və məhkəməyə müraciət etməyi izah edilmişdir. Eləcə də, Xəzər RPİ-nin Məmmədov Fuad barəsində “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15.10.2017-ci il tarixli qərarında Məmmədov Fuad istintaqa verdiyi izahatında təsdiq edir ki, “2015-ci ilin əvvəlində Fərhad Fuadla əlaqə saxlamış, iş qurub qazanc əldə edilməsini təklif etmişdir. Bununla bağlı Fuad Fərhada əlində maddi sərmayənin olmadığını bildirmişdir. Buna baxmayaraq Fərhad ona pul vəsaitinin olduğunu, həmin pul vəsaiti ilə torpaq sahəsi alıb, orada ev tikib satdıqdan sonra əldə edilən qazancın maya dəyərini götürdükdən sonra yerdə qalan xeyrin iki yerə bölməyi təklif etmişdir. Fuad Fərhad ilə razılaşmışdır, təxminən iki gündən sonra o, torpağın qiymətini öyrəndikdən sonra Cavabdeh evinə dəvət etmiş və həmin torpağın qiymətinin 24.000 manat olmağını ona bildirmişdir. Həmin torpaq sahəsini almaqları ilə bağlı razılaşmışdırlar. Söhbət əsnasında o, Cavabdeh torpaq sahəsinin 24.000 manat olmasını və həmin torpaq sahəsi üzərində tikiləcək olan 90 kv.m, 3 ədəd evin tikilməsinin 45.000 manata gələcəyini, əlavə olaraq torpaq sahəsinin ətrafına çəkiləcək hasarın 3.500 manat təşkil edəcəyini bildirmişdir. Onun bu dedikləri ilə Cavabdeh razılaşmış və ertəsi günü onun yaşadığı evdə Cavabdeh ilə görüşmüşdür. Cavabdeh 72.500 manat pulu ona vermişdir. 2015-ci ilin fevral ayında o, sözü gedən torpaq sahəsini almış üzərində tikintiyə başlamışdır”. Açıqaşkardır ki, torpaq sahəsinə görə pul vəsaitinin Məmmədov Fuad tərəfindən qəbul edilməsi faktı təsdiqlənmişdir. Xüsusi olaraq qeyd edir ki, həmin dövrdə digər şəxslərin şikayəti üzrə Məmmədov Fuad barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi aparıldığı üçün və onun həbs olunacağından ehtiyat etdiyinə görə 70.000 ABŞ dolları aldığını və satışdan əldə olunmuş gəlirin qarantı olaraq Cavabdehla 08.02.2016-cı il tarixdə 95000 ABŞ dollarının manata məzənnəsi ilə borc müqaviləsi imzalanmışdır. Eyni zamanda, Fuadın artıq onlara qarsı qanunsuz hərəkətlərindən, o cümlədən onların hesabına varlanmaq niyyətini anladıqca, aralarında olan münasibətlər pozulduğuna görə, hazırda və bundan öncə İddiaçı vasitəsilə yeni məhkəmə mübahisəsi açaraq, qanunsuz hərəkətlərini ört-basdır etməyə çalışır. Ona görə də, Fuadın onlara qarşı aldatma və etibarından sui-istifadə etməklə əmlaklarını ələ keçirmək niyyətini başa düşdükdə Xəzər rayon Polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Deməli, 15.10.2017-ci il tarixli Xəzər rayon Polis idarəsinin qərarında Məmmədov Fuadın verdiyi izahatındakı dəlilləri ilə birbaşa sübut olunur ki, onların niyyəti, yəni iradə ifadələri torpaq sahəsini almaq olmuş və bunun müqavilində yalnız torpaq sahəsinə görə 24.000 manat pul vəsaiti Fuada verilmişdir. Həmin dövrdə isə 24.000 manat təqribən 30000 ABŞ dollarına bərabər tutulurdu. İddiaçı tərəfindən isə onun əmlakının harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, bütün səlahiyyətlərini, eləcə də pulun alınması və s. bu kimi hərəkətlərin edilməsi məhz Fuada həvalə olunmuşdur. Fuad da göstərilənləri, həm polisdə verdiyi izahatında, həm də digər məhkəmədə verdiyi izahatında təsdiqləmişdir. Bundan başqa, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)- 58/2019 saylı, 25.02.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər X2 və X3 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1293 saylı bağ sahəsində yerləşən tikililərdən və həmin tikililərin yerləşdiyi X8 mülkiyyətində olan torpaq sahəsindən çıxarılmaları, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1293 saylı bağ sahəsində yerləşən tikililərin və həmin tikililərin yerləşdiyi torpaq sahəsinin X11 qaytarılması, ilk iddianın qalan hissədə əsassız olduğundan rədd edilməsi, iddiaçı X5 cavabdeh X11 qarşı torpaq sahəsində inşa edilmiş tikililərə sərf olunmuş vəsaitin geri qaytarılması, mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Həmin iş üzrə X15 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsində bir daha təsdiqlənmişdir ki, torpaq sahəsi 24.000 manata alınmışdır. Adi anlamdan müəyyən olunur ki, hazırda iddia ərizəsində göstərilən dəlillər Fuadın uydurması olmaqla yanaşı həqiqəti əks etdirmir. Daha bir başqa məhkəmə işi üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09.01.2020-ci il tarixli qətnaməsinin 3-cü səhifəsinin 1-ci abzasında göstərilir ki, “İddiaçı nə məni, nə də oğlum Kənanı tanımır, etibarnaməni Fuada vermişdir, Fuad qızının yoldaşı ilə qonşu olduğu üçün Fuadı tanımışdır, Fuad onun qızının xəstə olmasından istifadə edib, sənəd imzaladıb, qızının yoldaşı ona danışıb ki, Fuad xəstə qızını aldadıb, torpağa dair sənədlər qızının evində olub, hal-hazırda yoxdur”. Qeyd edir ki, həmin məhkəmə işi üzrə İddiaçı bir tərəfdən torpaq sahəsinin guya satılmasına razı olmadığını qeyd edir, sonradan isə pulun ona ödənilmədiyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4186/2020 saylı, 27.10.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Xəzər Rayon Məhkəməsinin 09.01.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2918/2021 saylı, 21.04.2021-ci il tarixli üərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4186/2020 saylı, 27.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Açıq-aşkardır ki, iddiaçının niyyəti torpaq sahəsinin satmaq olmuş və Fuad ilə aralarında başqa məhkəmə işi üzrə mübahisə yarandığı üçün (xatırladır ki, Fuad ilə aralarında yaranmış mübahisə 4 il bundan öncə yaranmışdır), artıq onlar birgə hərəkət edərək əvvəlki məhkəməni uduzduqlarına görə, hazırkı məhkəmə vasitəsilə ondan əlavə pul alınmasına cəhd edirlər. Bununla yanaşı, qeyd edir ki, 31.08.2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə pulun tələb edilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Belə ki, adi anlamdan görünür ki, iddiaçı 4 ildən artıq müddət keçdikdən sonra pul vəsaitinin ona ödənilməsini tələb edir. Məlumat üçün qeyd edir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Qeyd olunanları nəzərə alaraq, iddia hüququna əsas olmuş 31.08.2016-cı il tarixli müqavilə üzrə tələb olunan iddia həm əsassızlığına görə, həm də qanunla müəyyən edilmiş iddia müddəti keçdiyi üçün həmin iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehin etiraz ərizəsinə dair mülahizəsini məhkəməyə təqdim edərək göstərmişdir ki, cavabdeh etiraz ərizəsində bildirmişdir ki, guya cavabdeh 24.000 manat pulu Fuada vermiş, Fuad isə həmin pulu iddiaçıya çatdırmış və pulun ödənilməsini cavabdehə bildirmişdir. Bununla bağlı qeyd edir ki, Fuad Məmmədov ona heç bir pul ödəməmişdir, mülahizəsinə əlavə etdiyi Xəzər Rayon Məhkəməsinin 2(003)-182/2020 saylı, 13 yanvar 2020-ci il tarixli qərardadının surətindən görünür ki, “onun Fərhadla iş birliyi olub. Fərhad pul vermiş, o isə həmin pula ev tikdirmişdir. Onlar həmin evi satıb, pulları bölməli idilər. Fərhad 70000 manat vermişdir, o ev tikmiş, lakin evi sata bilməmişdir. Ona görə Fərhad onunla 90000 manat dəyərində kredit müqaviləsi bağlamışdır. İlham ona 2016-cı ildə etibarnamə vermişdir ki, evə sənəd düzəltsin. Həmin etibarnamə ilə ona hər şey həvalə olunmuşdur. Bu barədə İlhamın arvadının da razılığı olmalı idi. Daha sonra o, Fərhada etibarnamə vermişdir ki, evə DƏDRX-dən sənəd alsın, çünki sonuncunun orda tanışları var idi. Lakin evlə alqı-satıq müqaviləsi bağlananda o, təcridxanada olmuş, bu səbəbdən də bu barədə xəbəri olmamışdır”. Göründüyü kimi əksinə, cavabdeh Fərhad Fuada pul vermiş, alqı-satqı müqaviləsi bağlanarkən Fuad təcridxanada olmuş, bu səbəbdən də bu barədə xəbəri olmamışdır. Həmçinin cavabdeh Fuada pul verdiyini iddia edirsə, bununla bağlı Fuada qarşı “pul tələbi” ilə məhkəməyə müraciət edə bilər. İddia müddətinin tətbiq edilməsinə dair hissəsinə dair hesab edir ki, müqavilə birbaşa olaraq X18 ilə Cavabdeh arasında bağlanmış, pul tələb etdiyi şəxs Cavabdeh ilə aralarında heç bir müqavilə bağlanmamışdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, o, X18 ilə Cavabdeh arasında 25000 manat dəyərində alqı-satqının olmasını yalnız məhkəmə iclası zalında bilmişdir və “alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia” tələbinə 21 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılmış və yekun məhkəmə qərarı çıxarılmışdır. Bu səbəbdən də hesab edir ki, cavabdehin etiraz ərizəsi əsassızdır və işə mahiyyəti üzrə baxaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verib, verilmiş suallara cavab olaraq göstərdi ki, X9 o deyil, kürəkəni tanıyır, Fuad qonşuluqda yaşayır, sonuncu evə gələrək qızını aldadıb etibarnaməyə imza çəkdirib. O, iki aylıq etibarnamə vermişdir ki, mənzilə çıxarış alsın. 2015-ci ildə X7 etibarnamə vermişdir, həmin etibarnaməyə özü imza çəkmişdir. Yeznəsi ona demişdir ki, “gedək Fuada etibarnamə ver”, o da gedib etibarnamə vermişdir. O, torpağı qızına vermişdir ki, qızı ev tiksin. Eldar Eyvazov adlı şəxsi isə tanımır. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyib, iddiaya etiraz ərizəsində göstərilənləri müdafiə etdi və iddia müddəti tətbiq edilməklə, iddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri 31 saylı notariat kontorunun xüsusi notariusu X16 tərəfindən 08 dekabr 2015-ci il tarixdə təsdiq edilərək reyestrdə 7E-11991 nömrə ilə qeyd olunmuş etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən X7 bu səlahiyyətlər verilmişdir: “Həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mənim bütün əmlakımı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq, bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, icarəyə vermək, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək, əqdləri bağlamaq, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından poçtdan və teleqraflardan bütün əsaslar üzrə mənə çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzrə sərəncam verməyi, poçt teleqraf qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrdində, kooperativ və ictimai təşkilatlarda mənim adımdan ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında mənə aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar edirəm”. Etibarnamə 2 ay müddətinə verilib və 08 fevral 2016-cı ilədək qüvvədədir, bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər; - Bakı şəhəri 7 saylı notariat kontorunun xüsusi notariusu X13 tərəfindən 08 iyul 2016-cı il tarixdə təsdiq edilərək reyestrdə 7E-4718 nömrə ilə qeyd olunmuş etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən X7 bu səlahiyyətlər verilmişdir: “X4 və İstismarı Birliyinin 26 dekabr 2006-cı il tarixli 39424 saylı müqaviləyə əsasən Şüvəlan qəsəbəsi 1293 saylı bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə aid sənədləşdirmə işlərini aparmağı, tikinti işlərini aparmağı, həmin sahəni və tikintini özəlləşdirməyi, özəlləşdirmə ilə bağlı tələb olunan bütün hüquqi hərəkətləri etməyi, müvafiq arayış və sənədləri dövlət və qeyri-dövlət təşkilatlarından götürməyi, vərəsəlik işini açmağı özəlləşdirmə prosesi ilə əlaqədar Bələdiyyə, İcra Hakimiyyəti, DTXK, DƏDRX, Notariat, Bank və digər kredit təşkilatları və.s. Təşkilatlarda nümayəndəm olmadığı və arayışları almağı, aldıqdan sonra torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, icarəyə verməyi, həmin tapşırıqlarda yuxarıda göstərilən təşkilatlarda nümayəndəm olmağı, ərizələrlə müraciət etməyi, müqavilələr bağlamağı, adımdan imza etməyi, tələb olunduğu halda məhkəməyə iddiaçı, cavabdeh, zərərçəkmiş, üçüncü şəxs qismində müraciət etməyi, iddia ərizəsini imzalamağı, iddianın predmetini dəyişməyi, məhkəmənin çıxardığı qərar, qətnamə və hər hansı digər hüquqi sənədi götürməyi, digər hərəkətlər etməyi etibar edirəm”. Etibarnamə 1 il müddətinə verilib və 08 iyul 2017-ci ilədək qüvvədədir, bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər; -X19 tərəfindən verilmiş və 09 avqust 2016-cı il tarixdə 7 saylı notariat kontorunda reyestrdə 7E-5815 nömrə ilə qeyd edilmiş ərizənin kserosurətindən görünür ki, Masallı rayonu, Məmmədoba kəndində qeydiyyatda olan X20 həyat yoldaşı İddiaçı ərizə verərək, ünvan ünvanı ərazisində ayrılmış 0,12 ha torpaq sahəsinin özəlləşməsinə, satılmasına etirazının olmadığını qeyd etmişdir; -Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi X10 tərəfindən qəbul edilmiş 15 oktyabr 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, X8 ərizəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması üçün kifayət qədər əsas olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, X17 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi və X8 iddiası mülki xarakter daşıdığından ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır; -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli, 2(003)-58/2019 saylı qətnaməsinin kserosurətindən görünür ki, ilk iddianın təmin olunması, cavabdehlər X2 və X3 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1293 saylı bağ sahəsində yerləşən tikililərdən və həmin tikililərin yerləşdiyi X8 mülkiyyətində olan torpaq sahəsindən çıxarılmaları, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1293 saylı bağ sahəsində yerləşən tikililərin və həmin tikililərin yerləşdiyi torpaq sahəsinin X11 qaytarılması, ilk iddianın qalan hissədə əsassız olduğundan rədd edilməsi, iddiaçı X5 cavabdeh X11 qarşı torpaq sahəsində inşa edilmiş tikililərə sərf olunmuş vəsaitin geri qaytarılması, mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir; -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 yanvar 2019-cu il tarixli, 17/6-622 saylı məktubundan görünür ki, 02 dekabr 1983-cü il təvəllüdlü X15 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 yanvar 2017-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 mart 2017-ci il tarixli qərarı ilə F.Y.Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilərək məhkəmə iclas zalından dərhal azad olunmuşdur; -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(003)- 182/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh, X18, 3 saylı Bakı ASAN xidmət mərkəzinin notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir; -Bakı şəhəti Xəzər Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli 2(003)- 182/2020 saylı qərardadının surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(003)-182/2020 saylı qətnaməsinə düzəliş edilmiş, qətnamənin giriş hissəsində “X6” sözləri, həmçinin qətnamənin təsviri hissəsinə “Məhkəmə iclasında iştirak edən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 izahatında bildirmişdir ki, onun Fərhadla iş birliyi olub. Fərhad pul vermiş, o isə həmin pula ev tikdirmişdir. Onlar həmin evi satıb, pulları bölməli idilər. Fərhad 70000 manat vermişdir, o ev tikmiş, lakin evi sata bilməmişdir. Ona görə Fərhad onunla 90000 manat dəyərində kredit müqaviləsi bağlamışdır. İlham ona 2016-cı ildə etibarnamə vermişdir ki, evə sənəd düzəltsin. Həmin etibarnamə ilə ona hər şey həvalə olunmuşdur. Bu barədə İlhamın arvadının da razılığı olmalı idi. Daha sonra o, Fərhada etibarnamə vermişdir ki, evə DƏDRX-dən sənəd alsın, çünki sonuncunun orda tanışları var idi. Lakin evlə alqı-satıq müqaviləsi bağlananda o, təcridxanada olmuş, bu səbəbdən də bu barədə xəbəri olmamışdır.” sözləri əlavə olunmuşdur; -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 oktyabr 2020-ci il tarixli, 2(103)-4186/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(003)-182/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 aprel 2021-ci il tarixli, 2(102)-2918/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4186/2020 nömrəli iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə X4 və istismarı Birliyi ilə arasında bağlanmış 26 dekabr 2006-cı il tarixli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən iddiaçının istifadəsinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan 1293 saylı bağ sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsinə dair iddiaçı X15 adlı şəxsə 08 iyul 2016-cı il tarixdə notarial qaydada etibarnamə vermiş, həmin etibarnaməyə əsasən torpaq sahəsinə aid sənədləşdirmə işlərini aparmağı, tikinti işlərini aparmağı, həmin sahəni və tikintini özəlləşdirməyi, özəlləşdirmə ilə bağlı tələb olunan bütün hüquqi hərəkətləri etməyi, torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, icarəyə verməyi və.s digər hərəkətlər etməyi sonuncuya etibar etmişdir. Etibarnamə verilərkən iddiaçının arvadı həmin torpaq sahəsinin satılmasına dair heç bir etirazının olmadığına dair notarial qaydada təsdiq edilmiş ərizə vermişdir. Bundan sonra iddiaçı həmin torpaq və bağ sahəsini etibarnamə verdiyi şəxs F.Y.Məmmədovun hazırkı iş üzrə Cavabdeh satdığını müəyyən etmiş və həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarış qeydinin ləğv edilməsi tələbi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, lakin iddiası təmin edilməmiş, o cümlədən həmin qətnamədən verdiyi apellyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. Hazırda iddiaçı ona məxsus olmuş bağ sahəsinin ona çatası dəyəri qismində 25000 manat məbləğində pul vəsaitinin ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir; 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər; 365.2-ci maddəsinə əsasən, etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir; 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bununla bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan 1293 saylı bağ sahəsinin faktiki mülkiyyətçisi olmuş İddiaçı həmin bağ sahəsi ilə bağlı üçüncü şəxslər qarşısında onu təmsil etməsi üçün X7 notarial qaydada etibarnamə vermiş, həmin etibarnamə ilə bağ və torpaq sahəsinə aid sənədləşdirmə işlərini aparmağı, torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, icarəyə verməyi, adından imza etməyi və s. digər hərəkətlər etməyi sonuncuya etibar etmişdir. Hazırkı iş üzrə Cavabdeh əmlakın mülkiyyətçisi, başqa sözlə əmlak barədə alqı-satqı müqaviləsi bağlamaq səlahiyyəti olan təmsilçi kimi iddiaçının etibarnamə verdiyi şəxs olaraq X9 tanımış, həmin əmlakın müqabilində pul vəsaitini Fuad Məmmədova ödəmişdir. Müvafiq səlahiyyətli etibarnamə ilə hərəkət edən şəxs mövcud olduğu və onunla razılaşma əldə edərək müqavilə bağladığı halda, aldığı əmlakın müqabilində pul vəsaitini cavabdehin məhz hazırkı iddiaçıya ödəməli olması vəzifəsi də olmamışdır. Bu zaman nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi bağlanan zaman iddiaçının verdiyi etibarnamə qüvvədə olmuşdur, sonuncu istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv etməsi üçün real imkanı olduğu halda bunu etməmiş, etibarnaməni qüvvədə olduğu müddətdə mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki qanunvericiliyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(103)-4186/2020 saylı qətnaməsinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, kollegiya qeyd etmişdir ki, “alqı-satqı predmetinin dəyəri olan pulun təmsilçi tərəfindən iddiaçıya çatdırılmaması ayrıca iddia tələbinin predmeti olmaqla alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas ola bilməz...”. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan pulun təmsilçi tərəfindən ona çatdırılmaması mübahisələndirilə bilər. Məhkəmə bununla bağlı qeyd edir ki, təmsilçi tərəfindən iddiaçıya pulun çatdırılmamasına Cavabdehlik daşıması yuxarıda əsaslandırıldığı kimi qəbul edilə bilməz, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı cavabdeh tərəfin ərizəsində göstərdikləri ilə bağlı qeyd edir ki, qanunvericiliyin tələbi baxımından, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, nəzərə alınsa ki, “alqı-satqı predmetinin dəyəri olan pulun təmsilçi tərəfindən iddiaçıya çatdırılmamasının ayrıca iddia tələbinin predmeti olması” iddiaçıya faktiki olaraq Bakı Apellyasiya Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(103)- 4186/2020 saylı qətnaməsi ilə izah edilmişdir, bu hal iddiaçıya həmin vaxt məlum olmuşdur, buna görə cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə göstərdiklərinin əsası yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı “Cavabdeh 25000 (iyirmi beş min) manat pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı “Cavabdeh 25000 (iyirmi beş min) manat pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar