Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3258/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ona təqdim edilmiş 11 iyun 2021-ci il tarixli bildiriş xəbərdarlığa əsasən onun elektrik enerjisindən istifadəyə görə 1026.13 (min iyirmi altı manat, on üç qəpik) manat məbləğində borcunun olduğu bildirilmişdir. Bununla əlaqədar olaraq yazılı şəkildə cavabdehə müraciət edərək, elektrik enerjisindən istifadəyə görə xidmət haqqının davamlı olaraq tərəfindən vaxtlı-vaxtında ödənildiyini, yay mövsümündə elektrik enerjisindən istifadəyə görə birdən-birə qış mövsümlərində ödəmiş olduğu məbləğlərdən on dəfədən də çox, 1026.13 (min iyirmi altı manat, on üç qəpikk) manat məbləğində borcun yaranmasının heç bir məntiqə uyğun olmadığını bildirərək, Bakı şəhəri, Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsinin nəzarətçisi X3 tərəfindən təqdim edilmiş 11 iyun 2021-ci il tarixli “Bildiriş Xəbərdarlıq”da əsassız olaraq göstərilən, 1026.13 (min iyirmi altı manat, on üç qəpik) manat məbləğində borcun silinməsi barədə göstəriş verməsini xahiş etmişdir. Həmin müraciətlə əlaqədar olaraq cavabdeh Bakı şəhəri, Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi tərəfindən ona ünvanlanmış A/C 123 nömrəli 05 iyul 2021-ci il tarixli məktubda mənzilin elektrik sayğacının göstəricisi “optik göz” vasitəsi ilə oxunarkən sayğacın zavod nömrəsində uyğunsuzluq aşkar edilərək aktlaşdırıldığı, tərtib edilmiş akta əsasən sayğacın dəyişdirildiyi və laboratoriya şəraitində yoxlanılmasının təmin edildiyi, yoxlama zamanı sayğacın möhürlərinin pozulduğu və daxili sxemə müdaxilə edildiyinin aşkarlandığı bildirilmiş və “aşkar edilmiş qüsurlara görə” yaranmış borcun ödənilməsinin təmin edilməsi bildirilmişdir. Bildirir ki, cavabdehin yuxarıda qeyd edilən məktubunda göstərilənlərə əsasən məişət abonenti kimi onun 1026.13 manat pul ödəməli olmağı tamamilə əsassızdır. Belə ki, 1026.13 manat məbləğində “borc”un yaranmasının meyarları və hüquqi əsasları barədə cavabdeh tərəfindən heç bir məlumat verilməmiş, bu borcun müqavilə və ya müqavilədən kənar öhdəlik olması bildirilməmişdir. Əgər onun tərəfindən elektrik enerjisindən istifadə qaydaları pozulmuş olsaydı, onun barəsində inzibati xəta törədilməsi barədə protokol tərtib edilərdi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmiş olardı. Lakin bildirir ki, onun tərəfindən elektrik enerjisindən istifadə qaydaları pozulmamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, sayğac evdən xeyli aralı, divarın xarici hissəsində ümumi istifadədə olan məhəlli əhəmiyyətli yolda quraşdırılmışdır. Cavabdeh Bakı şəhəri, Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi tərəfindən ona ünvanlanmış A/C123 nömrəli 05 iyul 2021-ci il tarixli məktubda sadalanan hallara görə məişət abonenti olaraq o, məsuliyyət daşımır və həmin məktubda göstərilən borcu ödəməyi barədə qeyd bir istehlakçı kimi onun hüquqlarını pozur. Buna görə də, onun cavabdeh Bakı şəhəri, Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsinə 1026.13 (min iyirmi altı manat, on üç qəpik) manat məbləğində borclu olmağı barədə qeydin ona aid **********5202A nömrəli abonent kodundan silinməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, "xxxx" ASC-nin əməkdaşı qanunsuz olaraq akt tərtib edərək sayğacda yaranmış qüsurlara görə ona 1026,13 manat borc hesablamış, həmin borc isə elektrik enerjisindən istifadəyə hesablanmışdır. Belə ki, o, “Smart Card” vasitəsilə hər dəfə işıqsız qalmamaq üçün “Smart” sayğaca 100 manat pul yükləmiş, həmin pulun 50 manat hissəsi dərhal guya “borc”a silinmişdir. Bu minvalla, o, kart vasitəsilə ümumilikdə 2000 manatdan artıq ödəniş etmiş, həmin ödənişin 1000 manatdan yuxarı hissəsi sözügedən əsassız borca silinmişdir. Həmin vaxt, məhkəməyə müraciət etsəydi, məhkəmə prosesi 4 aya yaxın vaxt aparacaqdı. Bunu güman edərək, o, məhkəməyə müraciət etməmiş, balansından əsassız borcun silinəcəyi ona məlum olsa da, işıqsız qalmamaq üçün məcburiyyət qarşısında qalaraq kart vasitəsilə sayğaca pul yükləmiş, hər dəfə də qeyd etdiyi formada yüklədiyi pulun yarısı silinmişdir. Hazırda isə ərizəsində göstərdiyi ona hesablanmış həmin əsassız borcun silinməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyib, izahatında bildirdi ki, iddiaçı müxtəlif vaxtlarda ərizəsində qeyd etdiyi ödənişləri etdikcə mütəmadi olaraq borcu silinmişdir. Abonent tərəfindən borc tam ödənildiyindən iddiaçının hal-hazırda "xxxx" ASC-yə heç bir borcu yoxdur. O, ödənişlərə dair çıxarışı da məhkəməyə təqdim edir. “İddiaçının ASC-yə borcu qalmadığı halda, mövcud olmayan borcun silinməsi barədə hazırkı iddiası əsassızdır. Buna görə də, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı tam payda xüsusi mülkiyyətindədir; -İddiaçı "xxxx" ASC-nin Bakı şəhəri, Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsinə ünvanladığı 16 iyun 2021-ci il tarixli ərizəsindən görünür ki, o, Bakı şəhəri, Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsinin nəzarətçisi X3 tərəfindən təqdim edilmiş 11 iyun 2021-ci il tarixli Bildiriş Xəbərdarlıqda əsassız olaraq göstərilən, ünvan 4 ünvanında yerləşən 55A saylı evdə elektrik enerjisindən istifadəyə görə 1025,23 manat məbləğində borcun silinməsinə göstəriş verilməsini xahiş etmişdir; -"xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 26 aprel 2021-ci il tarixli, R 192871 saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvan 5 ünvanında quraşdırılmış sayğacın yoxlanması zamanı, optik gözlə oxunma nəticəsində sayğacın seriya nömrəsi ilə planşetdə qeyd olunan nömrə fərqli çıxmışdır, bu barədə akt tərtib edilmişdir; -"xxxx" ASC-nin 05 iyul 2021-ci il tarixli, A/C 123 saylı bildirişindən görünür ki, ünvan 6 ünvanında mənzilin elektrik sayğacının göstəricisinin “optik göz” cihazı vasitəsilə oxunarkən sayğacın zavod nömrəsində uyğunsuzluğun aşkar edilərək aktlaşdırıldığı, tərtib edilmiş akta əsasən sayğacın dəyişdirildiyi və laboratoriya şəraitində yoxlanılmasının təmin edilməsi, yoxlama zamanı sayğacın möhürlərinin pozulduğu və daxili sistemə müdaxilə edildiyinin aşkarlandığı İddiaçı bildirilmiş, aşkar edilmiş qüsurlara görə yaranmış borcun ödənilməsi xahiş olunmuşdur; -"xxxx" ASC-nin nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş arayışdan görünür ki, abunə kodu **********5202A olan abunəçi İddiaçı cari tarixə 0,91 (doxsan bir qəpik) manat borcu vardır; Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 26 aprel 2021-ci il tarixli akta əsasən iddiaçıya məxsus ünvan 6 ünvanında quraşdırılmış sayğacın yoxlanması zamanı, optik gözlə oxunma nəticəsində sayğacın seriya nömrəsi ilə planşetdə qeyd olunan nömrə fərqli çıxmış və bu barədə akt tərtib edilmişdir. Bununla bağlı, "xxxx" ASC 05 iyul 2021-ci il tarixli bildirişlə iddiaçıya müraciət edərək, aşkar edilmiş qüsurlara görə yaranmış borcun ödənilməsini xahiş etmişdir. İddiaçı qeyd olunan bildirişlə bağlı ona hesablanmış borcun silinməsi ilə bağlı cavabdehə ərizə ünvanlasa da, müsbət nəticə əldə etməmişdir. Hazırda iddiaçı ona hesablanmış əsassız borcun silinməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir; 8.33-cu bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin faktiki halları və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, iddiaçı cavabdeh tərəfindən ona hesablanmış 1026,13 manat əsassız borcun silinməsini məhkəmədən xahiş etsə də, məhkəmə iclasında verdiyi izahatında həmin borcun etdiyi artıq ödənişlərin hesabına silinməsini bildirmişdir, cavabdehin nümayəndəsinin təqdim etdiyi arayışdan isə görünür ki, iddiaçının hazırda cavabdeh "xxxx" ASC-yə ümumilikdə 0,91 manat borcu mövcuddur. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı "xxxx" ASC-yə 0,91 manat borcu olduğu halda, iddia tələbində göstərilən 1026,13 manat borcun silinməsi barədə iddianın təmin edilməsi üçün əsaslar yoxdur, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, İddiaçı “onun cavabdeh Bakı şəhəri, Nizami rayonu Enerji Təchizatı və Satışı İdarəsinə 1026,13 (min iyirmi altı manat, on üç qəpik) manat məbləğində borclu olmağı barədə qeydin ona aid **********5202A nömrəli abonent kodundan silinməsi” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “onun cavabdeh Bakı şəhəri, Nizami rayonu Enerji Təchizatı və Satışı İdarəsinə 1026,13 (min iyirmi altı manat, on üç qəpik) manat məbləğində borclu olmağı barədə qeydin ona aid **********5202A nömrəli abonent kodundan silinməsi” barədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-3258/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3258/2021
14.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver