Məhkəmə qərarları › İş №2(007)-328/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-328/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-328/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsnin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsnin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 009CASA192520008 saylı 09 sentyabr 2019-cu il tarixli kredit müqaviləsnin ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-yə 6550 manat məbləğində əsas kredit borcunun, 489,05 manat kreditdən istifadəyə görə faiz borcnunun, 41,49 manat penya və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7110,54 manat ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “İddiaçı" ASC ilə bağlanmış 009CASA192520008 saylı 09 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə ilk 25% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 8000 manat məbləğində nağd pul şəklində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 08 iyun 2020-ci il tarixə İddiaçı ASC-yə 6550 manat əsas kredit borcunun, 489,05 manat kreditdən istifadəyə görə faiz borcunun, 41,19 manat cərimə olmaqla, 7080,54 manat borcu qalmaqdadır. Cavabddehə dəfələrlə şifahi və bildirişlə müraciət edilməyinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbirlər görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinın izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC-nin 08.07.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 09.09.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 6550 manat məbləğində əsas, 489,05 manat məbləğində faiz və 41,49 manat məbləğində cərimə borcu vardır. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09.09.2019-cu il tarixli, 009CASA192520008 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 25% olmaqla 8000 manat məbləğində kredit vermişdir. Cavabdeh 24 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı ASC-nin 09.09.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 8000 AZN məbləği İddiaçı ASC-dən təhvil almışdır. - İddiaçı ASC-nin 02.04.2020-ci il tarixli, 02/1108 №-li bildirişindən görünür ki, Cavabdeh 3 (üç) bank iş günü müddətində Banka olan borcun ödənilməsi tələb olunmuşdur, əks təqdirdə Bank tərəfindən kredit müqaviləsinə xitam verilməklə əsas borcun və ona hesablanmış faizlərin tam olaraq ödənilməsinin tələb edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - İddiaçı ASC-nin 03.06.2020-ci il tarixli, 02/1106 №-li pretenziya məktubundan görünür ki, Cavabdeh 3 (üç) iş günü müddətində Banka olan borcun ödənilməsi tələb olunmuşdur, əks təqdirdə Bank tərəfindən kredit müqaviləsinə xitam verilməklə əsas borcun və ona hesablanmış faizlərin tam olaraq ödənilməsinin tələb edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 16.07.2020-ci il tarixdə 30,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında 09.09.2019-cu il tarixdə nağd pul müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 25% olmaqla 8000 manat məbləğində kredit vermişdir. Cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh oğlu İddiaçı ASC ilə bağladığı 09.09.2019-cu il tarixli kredit sazişi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Eyni zamanda məhkəmə belə qənaətə gəlir ki, borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən iddia tələbi müqavilənin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 09.09.2019-cu il tarixli, 009CASA192520008 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 6550 manat məbləğində əsas borc, 489,05 manat məbləğində faiz borcu, 41,49 manat cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 09.09.2019-cu il tarixli, 009CASA192520008 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 6550 manat məbləğində əsas borc, 489,05 manat məbləğində faiz borcu, 41,49 manat cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar