Məhkəmə qərarları › İş №2(007)-328/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-328/2022

24.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-328/2022 24.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X2, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək, iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Levanevski küçəsi ev 17, mənzil 5-də 2017-ci ildən ailə üzvləri ilə birlikdə köçüb yaşayır. Evdə yerləşdirilən sayğac 2017-ci ildən onun adına keçirilmişdir. Abonent kodu-21350497M343. 2017-ci ildən hazırki dövrədək həmin evdə elektrik enerjisindən istifadə etmiş və vaxtıvaxtında sərfiyyata görə pulunu ödəmişdir. Onun borcu ümumiyyətlə olmamışdır. Lakin Xətai rayon Enerji Təchizatı və Satışı İdarəsi onun ünvanına gələrək guya onun borcunun olduğunu bildirmişdir. Nümayəndələri dəfələrlə gəlmiş ondan pul tələb etmişlər, lakin onun borcunun olmadığını o, bildirdikdə, özləri də etiraf etmişlər ki, ondan əvvəl həmin ünvanda yaşayan abonenti tapa bilmirlər, borc onun borcudur, lakin buna baxmayaraq borcu o, ödəməlidir. Buna görə də, ona 21 oktyabr 2021-ci il tarixdə, əe/270 saylı xəbərdarlıq məktubu ünvanlamışlar. Həmin məktubdan görünür ki, guya onun 425,24 manat borcu vardır. Həmin borcun ona heç bir aidiyyatı yoxdur. Ona görə də borc silinməlidir. Qeyd olunanlara əsasən 21350497M343 saylı abonent koduna görə yazılmış 435,24 (dörd yüz otuz beş manat, iyirmi beş qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, X2 dediklərini təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddianı qəbul etməyərək izahatında bildirdi ki, sayğaca optik cihazla baxış keçirilmişdir. Orada uyğunsuzluq aşkar edilmişdir və akt tərtib olunmuşdur. Həmin aktda sayğac borcu qeyd olunmuşdur. Sayğacın üzərində olan nömrə zavodda vurulur. Vətəndaş ancaq xüsusi cihaz vasitəsi ilə, həmin nömrəni dəyişə bilər. Laboratoriyaya gedəndə vətəndaş dəvət olunmalıdır. Tərəf aktı imzalamaqdan imtina etmişdir. Hər ay sahəyə baxış keçirilir və sərfiyyat yazılır. Baxış nəzarətçi tərəfindən həyata keçirilir. Baxışı Nəzarət Departamentin nümayəndələri keçirir. Sayğac həyətdədir və ona müdaxilə etmək mümkündür. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sayğacların və cərəyan transformatorlarının yoxlanılması barədə 223785 saylı protokolundan görünür ki, 30.06.2021-ci il tarixli ******* əsasən 308180 nömrəli dövlət yoxlamasından keçmiş 14528157 nömrəli HU1656267 fazlı sayğac laboratoriya yoxlamasından keçmişdir. Yoxlama zamanı aşkar olunan qüsurlardövlət möhürü pozularaq daxili sxemi dəyişdirilib. Sayğacın seriya nömrəsi 14528157 olduğu halda proqram əlavəsi oxunan zaman “13578171”-olduğu aşkar olundu. Sayğac istismara yararsızdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 08.06.2021-ci il tarixli R № 227813 saylı aktından görünür ki, elektrik sayğacı optik gözlə oxunduğu zaman məlum oldu ki, optik cihazın kompyuter bazasına ötürdüyü sayğac nömrəsi ilə sayğacın tablosundakı pasport nömrəsi ilə uyğun gəlmir. Belə ki, sayğacın pasport nömrəsi 14528157 olduğu halda, optik cihazın kompyuter bazasına ötürdüyü sayğac nömrəsi 13578171 təşkil edir. Mənzilə axan yük amper maşa vasitəsilə ölçülmüşdür. Abonentin saldosundan görünür ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 435.24 manat borcu vardır. 21.10.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı 02.10.2021-ci il tarixə istifadə olunmuş elektrik enerjisi üçün 435.24 manat borcu vardır. Həmin borcun ödənilməsi barədə borclu xəbərdar olunmuşdur. 21.10.2017-ci il tarixli evlərin alqı-satqı müqaviləsindən görünür ki, X7 Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Levanevski küçəsi ev 17, 5 saylı mənzili 33.000 manata X1. Bildirişdən görünür ki, İddiaçı adına olan **********70005 abonent kodu üzrə 435.24 manat borc qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X7 21.10.2017-ci il tarixli evlərin alqı-satqı müqaviləsi üzrə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Levanevski küçəsi ev 17, 5 saylı mənzili 33.000 manata X1. 2017-ci ildən həmin əmlakda İddiaçı ailə üzvləri ilə birlikdə yaşayır. Həmin ünvandakı sayğaca baxış keçirildikdən sonra protokol, laboratoriya şəraitində sayğac yoxlandıqdan sonra isə akt tərtib olunmuşdur. Həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Levanevski küçəsi ev 17, 5 saylı mənzilində quraşdırılmış sayğaca baxış keçirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sayğacların və cərəyan transformatorlarının yoxlanılması barədə 223785 nömrəli protokol və R № 227813 saylı Akt əsasında İddiaçı 435.24 manat borc hesablanmışdır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanunun: 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. 16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir; 5.2.1-ci bəndinin tələbi isə onu göstərir ki, mübahisəli sayğacdakı birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət və onlara nəzarət yarımstansiyanı istismar edən təşkilat olaraq cavabdehin üzərinə düşür. 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır; 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur; 8.33-cu bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğac mənzildən bayırda quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsi qeyri-mümkündür, müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir. O cümlədən, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş R № 227813 saylı aktdan da göründüyü kimi, akt tərtib edilərkən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü maddəsində nəzərdə tutulmuş qaydada mənzil sahibinin və hal şahidlərinin iştirakı təmin edilməmiş, mənzil sahibinin izahatı və mülahizələri akta əlavə edilməmişdir. Bu hal isə həmin aktın ləğvi üçün əsasdır. Hansı ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi də akt tərtib edildiyi zaman xarici ölkədə olduqlarını, məlum hadisədən sonradan xəbərləri olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus 21350497M343 saylı abonent koduna görə yazılmış 435.24 manat borc silinməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus 21350497M343 saylı abonent koduna görə yazılmış 435.24 manat borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar