Məhkəmə qərarları › İş №2(007)-3329/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3329/2021

30.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3329/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı , Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı "aktın ləğvi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı "aktın ləğvi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz" İstehsalat Birliyi ilə 29.12.2015-ci il tarixdə “Qaz paylayıcısı ilə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə“ müqavilə imzaladıqdan sonra 1302AZ**********85 nömrəli qaz sayğacı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi evə quraşdırılmışdır. 22.06.2021-ci il tarixdə həmin qaz sayğacı istismar müddətinin bitməsi səbəbi ilə yeni (**********4 nömrəli) qaz sayğacı ilə əvəz edilmişdir. İstismar müddəti bitmiş qaz sayğacı “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən təhvil alınarkən sayğacın plombu üzərində olmuş, sayğaca heç bir müdaxilə halı aşkar edilməmişdir. Yeni qaz sayğacının quraşdırıldığı 22.06.2020-ci il tarixdən o, hər ay istifadə etdiyi qazın borcunu vaxtında ödəmişdir. 03.07.2021-ci il tarixdə ona məlum oldu ki. “Azəriqaz" İstehsalat Birliyi tərəfindən ona, vurulmuş ziyana görə yüksək məbləğdə borc hesablanmışdır. 06.07.2021-ci il tarixdə Nizami Rayonu Qaz İdarəsinə məsələnin aydınlaşdırılması ilə bağlı müraciət etdikdə ona bildirilmişdir ki, 19.05.2021-ci il tarixdə onun iştirakı ilə (1302AZ**********85 nömrəli) qaz sayğacına baxış keçirilmiş və akt tərtib edilərək götürülmüşdür. Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının 21.05.2021-ci il tarixli 29-1710-00554-1 nömrəli aktına əsasən sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur. “Azəriqaz" İstehsalat Birliyi tərəfindən 27.05.2021ci il tarixli, ******* saylı akt və həmin akt əsasında 31.05.2021-ci il tarixli qərar tərtib edilmişdir, həmin qərarda qaz sayğacına müdaxilə nəticəsində 2160 kub.metr qaz itkisi olduğu göstərilmiş və ona 216 manat məbləğində vurulmuş ziyana görə borc hesablanmışdır. Qeyd etdiyi ünvanda yaşamır. “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşlarının 19.05.2021 ci il tarixdə onun iştirakı ilə 22.05.2020-ci il tarixdə, yəni on bir ay əvvəl yenisi ilə əvəz edilmiş qaz sayğacının dəyişdirilməsi barədə aktı tərtib etməsi qeyri-mümkündür. Məsələ ilə bağlı cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilənin plomb qoyulduqdan əvvəl məhz mütəxəssis tərəfindən edilə biləcəyi, plomb pozulmadan müvafiq pozuntuya yol verilməsinin mümkünsüzlüyü, həmin pozuntunun qaz sərfiyyatına təsir göstərmədiyi bildirilmişdir. Hləmçinin laborator yoxlamanın bir ay ərzində keçirilməli olduğu da qeyd edilmişdir. Aşkar edilmiş pozuntunun gözlə görünmədiyi və görə bilməyəcəyi pozuntunu törədə bilməyəcəyini, pozuntunun cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən törədilməsi ehtimalını nəzərə alaraq “Azəriqaz“ İstehsalat Birliyinin bu pozuntunu törədə biləcək hansı əməkdaşının məsuliyyətə cəlb edildiyi ilə maraqlandığında bununla bağlı heç bir tədbir görülmədiyi qeyd edilmişdir. Cavabdeh təşkilata sözügedən qaz sayğacının 22.06.2020-ci il tarixdə plombu üzərində, işlək vəziyyətdə təhvil alındığının və on bir ay ərzində hansı şəraitdə saxlandığına, başqası tərəfindən müdaxilə hallarına məsuliyyət daşımadığını bildirmişdir. Vətəndaş tərəfindən müvafiq pozuntunun törədilməsi qeyri-mümkün olduğu və qaz sərfiyyatına təsir göstərmədiyi halda hansı dəymiş ziyanı ödəməli olduğunu soruşduqda ona məhkəməyə müraciət etməli olduğunu bildirilmişdir. Cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağını sübuta yetirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı - hazırkı iş üzrə cavabdeh “Azəriqaz” İstehsalı Birliyi daşıyır. Həmin qaz sayğacının zədələnməsi istehlakçı olan iddiaçı - onun təqsiri üzündən baş verdiyi halda onun vəsaiti hesabına bərpa edilməli və ya dəyişdirilməlidir. Qeyd olunanlara əsasən “Azəriqaz" İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 27.05.2021-ci iİ tarixli ******* saylı aktın ləğv edilməsi və ‘“Azəriqaz" İstehsalat Birliyi tərəfindən ona, vurulmuş ziyana görə əsassız hesablanmış 216 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 17.08.2020-ci il tarixli iclasında iştirak etmiş iddiaçının etibarnamə üzrə nümayəndəsi X5 bildirdi ki, iddiaçı atasıdır. Mənzilin mülkiyətçisi İddiaçıdir, lakin faktiki olaraq mənzildə ailəsi ilə o, yaşayır. Hazırkı iş üzrə onların hərəkətləri nəticəsində qaz sayğacının zədələnməsini təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onların tərəfindən edilməsini sübüta yetirməmiş və heç bir əsas olmadan vurulmuş ziyana görə yüksək məbləğdə borc hesablamışdır. Aralarında bağlanmış müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə öhdəlik daşımır. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onların təqsirli olmasını sübuta yetirməmişdir. Onun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi evə (abonent kodu 1302AZ**********85) quraşdırılmış qaz sayğacına müdaxilənin onlar tərəfindən edilməsi cavabdeh tərəfindən sübut edilmədiyindən “Azəriqaz” İstehlahat Birliyi tərəfindən ona vurulmuş ziyana görə borc hesablanması əsassızdır. Hətta qanunsuz olaraq mənzilə qazın verilməsi dayandırılmışdır. Qazın mənzilə verilməsinin bərpa edilməsi üçün məcbur olub iddianın təmini tədbirinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Qeyd olunanlara əsasən “Azəriqaz" İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 27.05.2021-ci iİ tarixli ******* saylı aktın ləğv edilməsi və ‘“Azəriqaz" İstehsalat Birliyi tərəfindən ona, vurulmuş ziyana görə əsassız hesablanmış 216 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı bildirdi ki, sayğac dəyişdirilən zaman şəxsən özü iştirak edib və 22.06.2020-ci il tarixli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” və “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqavilə qızı X2 adına bağlansa da müqavilələri o, imzalamışdır. Lakin sayğac dəyişdirilən zaman ona sayğaca müdaxilə olması barədə heç bir məlumat verməmişlər. Guya 11 aydan sonra 27 may 2021-ci il tarixli akta imza etməkdən imtina edib kimi qeyd etmişlər. Halbuki, onu laboratoriyaya dəvət etməmişlər ki, sayğaca baxış keçirilən zaman o, da imtina edə. Müdaxilənin olması mümkün olmadığı halda qanunsuz heç bir sübutu olmayan akt tərtib ediblər və öz əməkdaşları imzalayıb. Cərimə yazıldıqdan sonra “Azəriqaz“ İstehsalat Birliyinə müraciət etmişdir və özləri həmin pozuntunun qaz sərfiyyatına təsir göstərmədiyi bildirilmişlər. Həmçinin laborator yoxlamanın bir ay ərzində keçirilməli olduğu da qeyd edilmişdir. Aktdan göründüyü kimi 1 ay yox 11 ay sonra laboratoriyada baxış keçirilmişdir. Bunun özü qanunsuzluqdur ona görə “Azəriqaz" İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 27.05.2021-ci iİ tarixli ******* saylı aktın ləğv edilməsi və ‘“Azəriqaz" İstehsalat Birliyi tərəfindən ona, vurulmuş ziyana görə əsassız hesablanmış 216 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 17.08.2020-ci il tarixli iclasında iştirak etmiş cavabdeh “Azərişıq” İstehsalat Birliyinin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında bildirdi ki, onlara da aydın deyil ki hansı səbəbə görə müqavilə əsl mülkiyyətçi X5 ilə deyil, İddiaçı ilə bağlanmışdır. Sayğac 02.06.2020-ci ildə dəyişdirilib. Sayğaca baxış ancaq laboratoriyada həyata keçirilir. Dəymiş ziyan yalnız laboratoriyanın rəyi əsasında hesablanır. Cavabdeh “Azərişıq” İstehsalat Birliyinin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında bildirdi ki, Azəriqazın əməkdaşları sayğaclara mütəmadi baxış keçirirlər. Sayğacların istismar müddəti 5 ildir. Ödəniş olmamışdır. Bu iş materiallarına əlavə edilmiş saldodan görünür. Laboratoyanın verdiyi rəyə əsasən sayğaca müdaxilə olunmuşdur. Akt may ayında tərtib olunmuşdur. Ödəniş olmamışdır. 6 ay ərzində 54 manat dəyərində qaz istifadə etsədə, ödəniş etməmişdir. Dəymiş ziyan yalnız laboratoriyanın rəyi əsasında hesablanır. Qeyd olunan sayğacda hər hansı müdaxiləyə rast gəlinməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan dövrü yoxlama müddəti başa çatmış qaz sayğacının yenisi ilə əvəz edilməsi haqqında 22.06.2020-ci il tarixli 1313 nömrəli bildirişdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndindən irəli gələrək, fıziki şəxs olan istehlakçının istifadə etdiyi qaz sayğacının işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi məqsədilə, “Azəriqaz” İstehsalat Birliyinin Bakı X6 Departamenti tərəfindən dövrü yoxlama müddəti başa çatmış (və ya qüsurla işlədiyi aşkar edilmiş) G- 4 markalı 1302AZ**********85 nömrəli qaz sayğacı ödənişsiz əsaslarla yeni sayğacla əvəzlənərək Dövlət yoxlamasına göndəriləcəkdir. İstifadənizdə olan smart-kart tipli qaz sayğacı, mexaniki tipli qaz sayğacı ilə əvəz olunacaq və əvəz olunmuş smart-kart tipli qaz sayğacında qalan istifadə etmədiyiniz qaz sərfinin dəyəri 30 (otuz) gün müddətində avans ödəniş şəklində, sayğacın qüsurla çalışdığı səbəbdən istifadə etdiyiniz, lakin dəyərini ödəmədiyiniz qaz sərfinin dəyəri isə debitor borc şəklində abunə kodunuza (AGİS prq.) qaytarılacaqdır. İş materiallarında olan “Azəriqaz" İstehsalat Birliyi ilə Əliyeva Günel arasında bağlanmış 12.06.2020-ci il tarixli 2536 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus ünvan 1, 2 saylı mənzilinə baxış keçirilmiş, 19.05.2021-ci il tarixli 29/1710-00554-1 №-li MSK-ya əsasən 1302AZ**********85 №-li sayğacın çıxış plastmas borusu deşilib. İş materiallarında olan 31.05.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə 21.05.2021-ci il tarixli 29/1710-0554-1 №-li aktına əsasən G-4 markalı 1302AZ**********85 №-li sayğacın çıxış plastmas borusu deşilib. Mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilsin. İtirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablansın və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunsun. Dəymiş ziyan həcminin hesablanması-qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 4 x 6 x 90 = 2160 m3. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 22.06.2020-ci il tarixli ******* nömrəli aktın surətidən görünür ki, ünvan 2 ünvanına quraşdırılmış G-4 markalı itron tipli 1302AZ**********85 nömrəli sayğac yenisi ilə, G-4 markalı MEX tipli **********4 nömrəli sayğacla əvəzlənmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı “Azərişıq” istehsalat Birliyinə 216 manat borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə “Azəriqaz" İstehsalat Birliyi arasında 29.12.2015-ci il tarixdə “Qaz paylayıcısı ilə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə“ müqavilə imzaladıqdan sonra 1302AZ**********85 nömrəli qaz sayğacı yaşadığı Bakı şəhəri, Nizami rayonu, M.X.Şərilli küçəsi, ev 18 ünvanında yerləşən fərdi evə quraşdırılmışdır. 22.06.2021-ci il tarixdə həmin qaz sayğacı istismar müddətinin bitməsi səbəbi ilə yeni (**********4 nömrəli) qaz sayğacı ilə əvəz edilmişdir. Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının 27.05.2021-ci il tarixli ******* nömrəli aktına əsasən 29-1710-00554-1 sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur. “Azəriqaz" İstehsalat Birliyi tərəfindən 27.05.2021-ci il tarixli, ******* saylı akt və həmin akt əsasında 31.05.2021-ci il tarixli qərar tərtib edilmiş və həmin qərarda qaz sayğacına müdaxilə nəticəsində 2160 kub.metr qaz itkisi olduğı göstərilmiş və ona 216 manat məbləğində vurulmuş ziyana görə borc hesablanmışdır. Bundan başqa araşdırma zamanı müəyyən olundu ki, 22.06.2020-ci il tarixli ******* saylı aktla istismar müddəti bitmiş sayğac dəyişdirilərkən iddiaçı iştirak etmiş və aktı imzalamışdır. Sayğac yenisi ilə dəyişdirildikdən 11 ay sonra labaratoriya sayğacın çıxış plastmas borusunun deşildiyi barədə istehlakçını dəvət etmədən 27.05.2021-ci il tarixdə akt tərtib etmiş və imza etməkdən imtina etdiyini qeyd etmişlər. Qeyd olunan müayinəni apararkən kalibrləmə laboratoriyasının əməkdaşları video çəkiliş və ya foto əlavə etməmişlər. Bundan başqa iş materiallarına əlavə olunmuş 31.05.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, cərimə yazılmasına səbəb olan əsas- 31.05.2021-ci il tarixli ******* saylı akt qeyd olunmuşdur. Qeyd olunan akta diqqət yetirsək 27.05.2021-ci il tarixdə tərtib olunması qeyd olunmuşdur. Eyni zamanda iddiaçının nümayəndəsi verilmiş suala cavab olaraq bilirdi ki, Azəriqazın əməkdaşları sayğaclara mütəmadi baxış keçirirlər. Qeyd olunan sayğacda hər hansı müdaxiləyə rast gəlinməmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanunun: 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur; 16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir; 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz, qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli qərarının 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı maddəsinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Həmçinini, tərtib olunmuş aktla mənzildə yaşayan şəxs tərəfindən sayğaca müdaxilə edilməsi öz təsdiqini tapmadığından cərimənin mənzildə yaşayan şəxsdən abonentin saldosuna əsasən tutulmasının hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən tərtib olunmuş 27.05.2021-ci il tarixli, ******* saylı aktı etibarsız hesab edilməli, "Azəriqaz" İstehsalat Birliyinin 27.05.2021-ci il tarixli, ******* saylı aktı əsasında hesablanmış 216 manat məbləğində borc silinməlidir. Məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "Azəriqaz" İstehsalat Birliyi tərəfindən tərtib olunmuş 27.05.2021-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin. "Azəriqaz" İstehsalat Birliyinin 27.05.2021-ci il tarixli, ******* saylı aktı əsasında hesablanmış 216 manat məbləğində borc silinsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar