Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3438/2021 11.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" QSC ilə 21.11.2019-cu il tarixdə bağladığı 030A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1100 (min yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 23.03.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 108.68 manat ödəniş etmiş və onun iddiaçıya 991.32 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 09.07.2021-ci il tarixə 473 gün üçün hesablanmış faiz borcu 222.41 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 09.07.2021-ci il tarixə 473 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 461.4 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Qeyd olunanlara əsasən İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 21.11.2019-cu il tarixli 030A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 991.32 manat məbləğində kredit borcu, 222.41 manat məbləğində faiz borcu və 461.4 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1675 (min altı yüz yetmiş beş) manat 13 (on üç) qəpik məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianı təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 21.11.2019-cu il tarixli 030A********** saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcluya aylıq faiz dərəcəsi 2% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1100 (min yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 21.11.2019-cu il tarixli 030A********** saylı kredit müqaviləsinin 4.1.2-ci bəndinin a) yarımbəndindən görünür ki, kredit alan krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək və qalan kredit məbləğini, faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri kredit alandan tələb etmək hüququna malikdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 21.11.2019-cu il tarixli 030A********** saylı kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, cavabdeh 24 ay müddətinə 1100 manat krediti hər ayın 21-dən gec olmayaraq 58 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 21.11.2019-cu il tarixli kreditin verilməsi üzrə köçürmə qəbzindən görünür ki, bank tərəfindən Cavabdeh hesabına 1100 manat köçürülmüşdür. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanılan kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 24 ay müddətinə aylıq ödəmək şərti ilə 1100 manat məbləğində kredit götürülmüşdür. Borcluya kredit borcunun ödənilməsi barədə dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, hazırki vaxtadək kredit borcu ödənilməmişdir. 07.06.2021-ci il tarixinə gecikdirilmiş ödəniş məbləği 1299,67 AZN (656,90 AZN əsas məbləğ, 212,10 AZN faiz, 430,67 AZN cərimə) təşkil edir. 18.06.2021 tarixinədək gecikdirilmiş ödəniş məbləği banka qaytarmasa, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcək və banka 1638,10 manat məbləğin (991,32 manat təşkil edən əsas məbləğ, 216,11 manat faiz məbləği və 430,67 manat cərimə məbləği), həmçinin 07.06.2021 tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcək. Bu halda banka olan borc məbləğini deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödənilməlidir. İş materiallarında olan 17.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21.11.2019-cu il tarixli 030A********** saylı kredit müqaviləsi üzrə 09.07.2021-ci il tarixədək banka 991.32 manat əsas borc, 222.41 manat faiz borcu və 461.40 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1675.13 manat borcu vardır. İş materiallarında olan 22.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Belə ki, Cavabdeh "xxxx" QSC ilə 21.11.2019-cu il tarixdə bağladığı 030A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1100 (min yüz) manat məbləğində kredit götürmüşdür. Cavabdeh 21.11.2019-cu il tarixli 030A********** saylı kredit müqaviləsi üzrə 09.07.2021-ci il tarixədək banka 991.32 manat əsas borc, 222.41 manat faiz borcu və 461.40 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1675.13 manat borcu vardır. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 21.11.2019-cu il tarixli 030A********** saylı kredit müqaviləsi üzrə 461.40 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 461.40 manat məbləğində dəbbə pulu azaldılmalı və 40 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21.11.2019-cu il tarixli 030A********** saylı kredit razılaşması ləğv edilməli, Cavabdeh 991.32 manat məbləğində əsas borc, 222.41 manat məbləğində faiz borcu, 40 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1253.73 manat məbləğində pul və dövlət büdcəsinə köçürülmüş 22.50 manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumunun 7.50 manatı iddiaçıya aid edilməlidir. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21.11.2019-cu il tarixli 030A********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdeh 991.32 manat məbləğində əsas borc, 222.41 manat məbləğində faiz borcu, 40 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1253.73 manat məbləğində pul və dövlət büdcəsinə köçürülmüş 22.50 manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 7.50 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-3438/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3438/2021
11.10.2021 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver