Məhkəmə qərarları › İş №2(007)-346/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-346/2023

03.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-346/2023 03.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi,cavabdehin qanunsuz hərəkətləri barədə barədə xüsusi qərardad çıxarılması, onun işlədiyi orqana məlumat verilməsi və ödədiyi dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi,cavabdehin qanunsuz hərəkətləri barədə barədə xüsusi qərardad çıxarılması, onun işlədiyi orqana məlumat verilməsi və ödədiyi dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı tələbini onunla əsaslandırdı ki, onunla Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixində 20.000 ABŞ dolları borc alınması ilə əlaqədar və reyestrdə 3M- 441 nömrəsi ilə qeydə alınan kredit müqaviləsi, daha sonra xx.xx.2018-ci il tarixində kredit müqaviləsinin təminatı xarakterli reyestrdə 3M-442 nömrəsi ilə qeydiyyata alınan ipoteka müqaviləsi imzalanıb.Bildirmək istərdi ki, borc müqaviləsində 20.000 ABŞ dolları göstərilsə də, realda borc verən ona 11.400 ABŞ dolları pul vəsaiti ödəyib. Lakin borc verən onun çətin vəziyyətimdən istifadə edərək qərəzli formada vermədiyi pulu qeyd etdirərək ona 11.400 ABŞ dolları əvəzinə 20.000 ABŞ dolları borcun qeyd edildiyi “borc müqaviləsi”ni imzaladıb. Tərəfindən bütün müddət ərzində 11.000 manat və 10.000 ABŞ dolları pul vəsaitinin ödənişi həyata keçirilib. Tərəfindən ümumilikdə borc verənə 8.620 manat əlavə pul ödənişi ödənilib. Borcun, tərəfindən tam şəkildə ödənməsinə və tərəflər arasında yaranan öhdəliklərə tam xitam verilməsinə baxmayaraq, borc verən faiz olaraq əlavə pullar tələb etdiyi üçün borc müqaviləsi üzrə öhdəliyə xitam verilməsinə razı olmayıb və bu günə qədər ona hədə-qorxu gələrək əlavə pullar tələb edir. Bu səbəbdən də bu günə qədər borc müqaviləsi və ipoteka müqaviləsi üzrə öhdəliyə xitam verilməyib və qanunsuz olaraq iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü qalıb. Qeyd olunanlara əsasən onunla Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixində 20.000 ABŞ dolları pul vəsaitinin borc şəkildə qeyd edildiyi, reyestrdə 3M-441 nömrəsi ilə qeydə alınan kredit müqaviləsi və xx.xx.2018-ci il tarixində kredit müqaviləsinin təminatı xarakterli reyestrdə 3M-442 nömrəsi ilə qeydiyyata alınmış ipoteka müqaviləsində Cavabdeh2 və notariat orqanının yalan olaraq qeyd etdiyi 8.600 ABŞ dolları hissəsində etibarsız hesab edilməsi, borca alanın(iddiaçının) müqavilə üzrə öhdəliyinə xitam verilməsi və mülkiyyətimdə olan ünvan 2 ünvanında yerləşən mənzilin ipoteka ilə yüklülüyündən azad edilməsi və iddiaçı(borc alan) tərəfindən artıq ödənilən 8.620 manat pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilən pul vəsaitinin Cavabdeh2 tutularaq ona ödənilməsinə dair qətnamə,cavabdeh və onunla bağlı şəxslər barəsində “xüsusi qərardad” qəbul edib,aidiyyəti üzrə prokurorluğa göndərilməsi barədə qərardad çıxarılması,qanunsuz saxta sənədləşmə ilə məşğul olmasına dair təqdimat yazıb Cavabdeh2 işlədiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə göndərilməsini xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, tərəflər arasında notarial qaydada borc və ipoteka müqaviləsi bağlanıb. Müqavilədə göstərilən 20000 ABŞ dolları vəsait iddiaçıya tam şəkildə ödənilib. Lakin iddiaçı həmin puldan bir dəfə 10000 ABŞ dolları bir dəfə də, 600 ABŞ dolları pul qaytarıb, müqavilə üzrə qalan borc hələdə ödənilməyib.Bundan başqa,iddiaçı 10000 manat da ayrıca ödəmişdir.Lakin həmin ödənilmiş vəsait onunla əlaqədardır ki,iddiaçı əlavə olaraq əldən ələ borc almışdır və həmin borcu qaytarıb. Həmin 10000 manat pulun, hazırki kredit və ipoteka müqaviləsində olan borca aidiyyəti yoxdur. Onlar iddiaçının mənzilini qaytarmağa etiraz etmirlər, lakin qalan borcu ödəməsi şərti ilə. Odur ki, qeyd olunanları nəzərə alıb, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan: Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış və 50 saylı Notariat Ofisində rəsmiləşdirilmiş kredit müqaviləsindən görünür ki, “Borc verən” “Borc alana” 20000 ABŞ dolları məbləğində(manatla 34000 manat) borc verir, “Borc alan”isə həmin borcu xx.xx.2018-ci il tarixinədək qaytarmaq barədə öhdəlik götürür. Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış və 50 saylı Notariat Ofisində rəsmiləşdirilmiş ipoteka müqaviləsindən görünür ki, İddiaçı həmin kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 39 ünvandakı 22 saylı mənzilini Cavabdeh2 xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda istinad olunan maddələrəinə əsasən: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İşin hallarından görünür ki,tərəflər arasında qanunla müəyyən olunan qaydada,notarial təsdiqlənmiş kredit və ipoteka müqavilələri bağlamışlar.Müqavilə bağlanarkən hər bir tərəf öz azad iradə ifadəsinə əsaslanaraq əqdləri təsdiqləmişlər.İddiaçı əqdlərin etibarsızlığına səbəb ola bilən və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-349-cu maddələrində nəzərdə tutulan və qeyd edilən əqdlərin etibarsızılığı üçün əsas ola biləcək hər hansı bir fakta istinad etməmişdir. İddiaçı əqd bağlanarkən 20000 ABŞ dolları deyil,cəmi 11.400 ABŞ dolları aldığını bildirsə də bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.Bundan başqa,iddiaçı borc aldığı puldan 10600 ABŞ dolları və 10000 manat ödəməklə kredit müqaviləsi üzrə borcun çox hissəsini,təqribən 16482 manat hissəsini ödəmişdir.Lakin cavabdeh iddiaçının ödədiyi 10000 manatın qeyd olunan kredit müqaviləsi ilə əlaqədar olmadığunu bildirmişdir. Göründüyü kimi,iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini hissə-hissə icra etməklə əqdin etibarsızlığına dair irəli sürdüyü dəlilləri təkzib etmiş olur. Bundan başqa,iddiaçı əqdin etibarsızlığı üçün qanunla müəyyən olunan 1 illik iddia müddətini də öğtürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddiaçı əqdlərin etibarsız hesab olunaraq ləğv edilməsi hissəsində öz tələblərinin əsası kimi istinad etiyi halları sübuta yetirə bilməmişdir. Ona görə də həmin hissədə iddia təmin olunmamalıdır.Digər tələblər əqdlərin etibarsız hesab olunaraq ləğv edilməsi tələbi ilə birbaşa əlaqəli olduğundan həmin hissədə də iddia təmin oluna bilməz. İddia təmin olunmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi, cavabdehin qanunsuz hərəkətləri barədə barədə xüsusi qərardad çıxarılması, onun işlədiyi orqana məlumat verilməsi və ödədiyi dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir)ay müddətinə Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar