Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-347/2025 24.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun silinməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 40 saylı evin 32 saylı mənzilinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı Aktın ləğv edilməsi və həmin Akta əsasən hesablanmış 777,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 40 saylı evin 32 saylı mənzilinə hesablanmış 777,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 40 saylı evin 32 saylı mənzili onun şəxsi mülkiyyətindədir. Həmin mənzilə dair bütün kommunal xidmətləri, o cümlədən təbii qazdan istifadə barədə müqavilə onun adınadır. Cavabdeh tərəfindən mənzilə təbii qazdan istifadə olunması üçün müqavilə bağlanmış, istifadə olunan qaz sərfiyyatını hesablamaq üçün qaz sayğacı quraşdırılmış və həmin sayğacın üzərinə plomb qoyulmuşdur. İstifadə etdikləri təbii qazın pulunu həmişə vaxtı-vaxtında ödəmişdir. Onun xəbəri olmadan cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 40, mənzil 32-də yerləşən mənzilə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixdə ******* saylı Akt tərtib edilmişdir. Nəticədə isə ona 777,60 manat borcu yaranmışdır. Cavabdeh təşkilatı tərəfindən tərtib edilmiş həmin Akta, habelə həmin akta əsasən hesablanmış borca qəti etirazını bildirir. Bir daha bildirir ki, onun tərəfindən qaz sayğacına müdaxilə olunmamış, habelə təbii qazdan qeyri-qanuni istifadə edilməmişdir. Təbii qazın verilməsi və əsassız hesablanmış borcun silinməsi barədə cavabdehə etdiyi müraciətləri nəticəsiz qalmış, şifahi qaydada ona bildirmişlər ki, borcun silinməsi barədə məhkəməyə müraciət etməlidir. Ona görə də məcbur olub məhkəməyə müraciət edir.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, mənzilə quraşdırılmış sayğac əvvəllər giriş tərəfdə idi. Əvvəlki sayğac smart idi. Səhv eləmirsə, dekabrda mexanikiyə dəyişdilər. Sonra bildirdilər ki, mexaniki sayğaca müdaxilə olunub və ona 777.60 manat borc yazıblar. Odur ki, iddia tələbinin təmin edilməsini və qanunsuz yazılmış borcun silinməsini məhkəmədən xahiş etdi.
5. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
8. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 31 iyul 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, qaz sayğacına baxış keçirilən zaman sayğacın mexaniki hesablama mexanizminin üzərindən qoruyucu örtüyü üst hissədən deşilmişdir.
9. İddiaçı adına verilmiş **********00320 nömrəli abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə xx.xx.2023-cü il tarixdə “ZENNER G4T Mexaniki” markalı, **********8 nömrəli sayğac quraşdırılmışdır. Abonentə sayğacdan kənar qoşulma üçün 777.60 manat borc hesablanmışdır.
10. Dəymiş ziyanın bərpasına dair 31 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. Qaz sayğacının nominal qaz sərfi 6 m3 ortagünlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 6x12x90=6480 m3. 11.Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə xx.xx.2023-cü il tarixdə “ZENNER G4T Mexaniki” markalı, **********8 nömrəli sayğac quraşdırılmışdır.
İşin faktiki halları:
12. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 31 iyul 2023-cü il tarixli ******* saylı akta əsasən sayğacın mexaniki hesablama mexanizminin üzərindən qoruyucu örtüyü üst hissədən deşilmişdir. Bu səbəbdən iddiaçıya 777.60 manat borc hesablanmışdır. Hesabat müddəti 12 saat olmaqla 90 gün qəbul edilmişdir. İddiaçı həmin cərimənin silinməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın:
4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.
Məhkəmənin mövqeyi:
15. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğac onun iştirakı olmadan, smart tipli qaz sayğacı mexaniki qaz sayğacına dəyişdirilmişdir. Sayğaca baxış keçirilən zaman sayğacın mexaniki hesablama mexanizminin üzərindən qoruyucu örtüyü üst hissədən deşilmişdir. Müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
16. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz zədələnmiş qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur.
17. Bundan başqa itirilmiş qaz 90 gün müddətinə hesablanaraq (6x12x90=6480 m3) iddiaçıya 777.60 manat borc yazılmışdır. Halbuki, mexaniki sayğaclara Cavabdeh nümayəndələri tərəfindən hər ay baxış keçirilir və müdaxilə olunması iddiaçı tərəfindən müəyyən olunmuş olsa idi belə cərimə 90 gün yox 30 gün hesablanmalı idi.
18. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli 777.60 manat məbləğində borc silinməlidir.
Məhkəmə baxışının hədləri:
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:
9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.
Məhkəmə xərcləri:
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.
Nəticə:
22. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı məxsus **********00320 abonent kodu üzrə hesablanmış 777.60 manat məbləğində borc silinməlidir.
23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus **********00320 abonent kodu üzrə hesablanmış 777.60 manat məbləğində borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova