Məhkəmə qərarları › İş №2(007)-3506/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3506/2022

10.11.2022 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3506/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, MŞC/1/-00360 saylı, xx.xx.2022-ci il tarixli “Barışıq sazişi”nin təsdiq edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 83 yaşlı xəstə qadındır. Maraqlı şəxs onun oğludur. O, özü müxtəlif xəstəliklərdən müalicə olunur, normal həyat şəraitində yaşamağa, davamlı müalicələr almağa maliyyə imkanları yol vermir. Bu cür yaşamaq eləcə də səhhətinin qayğısına qalmaq onun üçün maddi cəhətdən çətindir. Oğlu da ona maddi köməklik göstərməklə bağlı məsuliyyətsizlik edir, xərclərini düzgün şəkildə nizamlamır. Odur ki, o, övladından rəsmi şəkildə aliment tələb etmək qənaətinə gəlmişdir, könüllü şəkildə aliment tələbinə dair mediasiya prosesindən keçmiş və bu barədə mediator X2 iştirakı ilə MŞC/1/-00360 saylı, xx.xx.2022-ci il tarixli, "Barışıq sazişi" imzalamışlar. Lakin Sazişi imzalamalarından 10 gün keçsə də oğlu Mamoyev X1 şəkildə icra etməkdə məsuliyyətsizlik edir. Buna görə də, barışıq sazişini məhkəmə qaydasında təsdiq etdirmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin): 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs anasıdır. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində MŞC/1/-00360 saylı, xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında ərizəçiyə 250 (iki yüz əlli) manat aliment ödənilməsi barədə razılıq əldə edilmişdir. Barışıq Sazişinin 4-cü bəndində qeyd edilmişdir ki, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən saziş tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü icra olunmalıdır. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən xx.xx.2022-ci il tarixli barışıq sazişi MPMnin 355-26 maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3 maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞC/1/-00360 saylı, xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli, Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞC/1/- 00360 saylı, xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi xeyrinə ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar