Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3533/2021 29.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh X4 qarşı “alqı-satqı müqaviləsindən irəli gələn pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqısatqı müqaviləsindən irəli gələn müddəalar əsasında 429 manat məbləğində əsas borcun, 236 manat məbləğində dəbbə pulunun və 30 manat dövlət rüsumu ilə birlikdə, ümumilikdə 695 manat pul məbləğinin cavabdeh X2 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X7 06.07.2018-ci il tarixli, MOB03-0580 nömrəli alqı-satqı müqaviləsi əsasında Texnoplus mağazasından 468 AZN dəyərində “Samsung SM-J330 Black” markalı mobil telefon almışdır. Alqı-satqı müqaviləsi ilkin ödənişsiz bağlanmışdır. Müqaviləyə əsasən, qalıq məbləğ 468 AZN etmişdir. Bu isə 12 aylıq ödəmə şərti ilə aylıq 39 AZN ödəniş edir. X7 isə yalnız 21.08.2018-ci il tarixdə 39 AZN ödəniş etmişdir. Qalıq borc 429 manat olaraq qalır. Gecikdirmə ilə əlaqədar 06.07.2019-cu il tarixinə qədər yaranan dəbbə pulu (faiz borcu) isə 236 AZN-dir. Daha əvvəllər borcluya bir neçə dəfə şifahi xəbərdarlıq edilməsinə, onunla söhbət aparılmasına baxmayaraq, borclu heç bir ödəniş etməmişdir. Sonuncu dəfə X4 ödənişlə əlaqədar 24.06.2021-ci il tarixində pretenziya məktubu göndərilmiş və ödəmə üçün 3 günlük müddət təyin edilmişdir. Lakin borclu yenə də ödəniş etməmişdir. Müqavilənin 5.3-cü bəndinə görə müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindəki gecikmələrə görə alıcı hər gecikdirilmiş gününə ödənişin 1%-i həcmində əlavə cərimə ödəyir. Məhkəməyə İddiaçı MMC tərəfindən ünvanlanmış 17.09.2021-ci il tarixli ərizəyə əsasən, məhkəmədən onların iştirakı olmadan işə baxılmağı və iddia tələbini təmin etməyi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X7 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - X8 ilə X7 arasında bağlanmış 06.07.2018-ci il tarixli müqaviləyə və ona edilmiş Əlavəyə əsasən, ümumi dəyəri 468 manat olan “Samsung SM-J330 Black” markalı telefon almışdır. X7 həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür; -10.10.2020-ci il tarixli BM-057/20 saylı “Bağışlam müqaviləsi”nə əsasən X8 06.07.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən tələb hüququnu İddiaçı MMC-yə bağışlamışdır. - 01 iyul 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; - İddiaçı MMC-nin 21 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, X3 06.07.2018-ci il tarixli müqaviləsinə əsasən, 429 manat ödənilməmiş hissə, 236 manat dəbbə pulu üzrə borcu yaranmışdır, ümumilikdə 665 manat borcu vardır. Məhkəmə iclasında 06.07.2018-ci il tarixli, müqavilə və ona əlavədən görünür ki, X1 Vüsal Yasin oğlundan mobil telefon almışdır. X8 06.07.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən tələb hüququnu İddiaçı MMC-yə bağışlamışdır. X7 müqavilələr üzrə qeyd olunan müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh X7 06.07.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC-dən mobil telefon almış, lakin o, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, cavabdeh X7 alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X2 İddiaçı MMC-nin xeyrinə 06.07.2018-ci il tarixli müqaviləsinə əsasən, 429 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu üzrə borcu olmaqla, cəmi 459 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X2 İddiaçı MMC-nin xeyrinə 06.07.2018-ci il tarixli müqaviləsinə əsasən, 429 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu olmaqla, cəmi 459 (dörd yüz əlli doqquz) manat vəsait və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3533/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3533/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver