Məhkəmə qərarları › İş №2(007)-3633/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3633/2024

01.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3633/2024 01.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən X1 xx.xx.2020-ci il tarixdə ölmüş məhrum həyat yoldaşı X2 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq :

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

3. “Dövlət rüsumu haqqında” Qanun :

9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr.

Məhkəmənin mövqeyi :

4. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

5. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir.

6. İddiaçı “mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması” tələbini əri X3 xx.xx.2020-ci il tarixdə vəfat etməsi, ərinin "xxxx" ASC-də 50 ədəd səhminin olması, səhmlərin onun adına keçirilməsi üçün Bakı şəhəri 15 saylı Notariat Ofisinə müraciət etməsi, lakin 6 aylıq müddəti ötürdüyünə görə Notariat ofisinin notariat hərəkətlərinin aparılmasından imtina etmələri ilə əsaslandırmışdır.

7. Lakin iddiaçı hazırki iddia tələbinin əsası kimi istinad etdiyi səhmlərin mövcudluğunu, həmin səhmlərin kimin adına rəsmiləşdirilməsini təsdiq edən sübutları iş materiallarına əlavə etməmişdir.

8. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

Nəticə :

9. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

10. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC VÖEN: **********; qəbzin nömrəsi : **********;; tarix:xx.xx.2024, saat: 11:00) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC VÖEN: **********; qəbzin nömrəsi :**********; tarix:xx.xx.2024, saat: 11:00) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar