Məhkəmə qərarları › İş №2(007)-3635/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3635/2021

24.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3635/2021 24.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 07.04.2003-cü il təvəllüdlü oğlu X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi 01.10.1996-cı il tarixində X5 ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 2 övladları var. 07 aprel 2003-cü il təvəllüdlü oğlu X4 anadangəlmə “Daun” sindromundan əziyyət çəkməkdədir-İ dərəcəli əlildir. Bununla yanaşı anadangəlmə ürək qüsurundan da əziyyət çəkir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 2786003AAER9 nömrəli arayışından da göründüyü kimi oğluna qulluq və ciddi nəzarət tələb edən davranış pozuntuları və nitq pozuntuları ilə, ağır dərəcəsi əqli gerilikliyə görə daima kənar şəxsin köməyinə ehtiyacı var. Ona görə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və üzərində qəyyumluq müəyyən edilməsi zərurəti yaranmışdır. Bu səbəblə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəməbib 02.09.2021-ci il tarixli iclasında iştirak etmiş maraqlı şəxsin nümayəndəsi işin ekspertizaya göndərilməsinə etiraz etməmələrini bildirdi. Məhkəmə ərizəçinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ 307583 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07 aprel 2003-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası X5, anası Ərizəçidır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasının 2786003AAER9 nömrəli arayışından görünür ki, X3 “Ağır dərəcəli əqli gerilik. İQ<10. Xəstənin daima kənar şəxsin köməyinə ehtiyacı var. Qulluq və ciddi nəzarət tələb edən davranış pozuntuları və nitq pozuntuları. İQ<10. Daun sindromu” diaqnozu ilə birinci dərəcəli əlildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının 22 oktyabr 2021-ci il tarixli, 2468 nömrəli rəyindən görünür ki, X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 07 aprel 2003-cü il təvəllüdlü X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən X1 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar olması barədə rəy verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan anası Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 07 aprel 2003-cü ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Hazırkı qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07 aprel 2003-cü ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar