Məhkəmə qərarları › İş №2(007)-368/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-368/2025

19.11.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-368/2025 19.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (özbaşına tikili; tikinti və şəhərsalma normaları; tikilinin sökülməsi; subyektiv hüquq və s.) X16 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı «İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, l.l 1.2021-ci il tarixində iddiaçı və cavabdeh '‘Rahatlığın Məkanı” MMC arasında Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev 40 ünvanında yerləşən 2 saylı binanın 3-cü mərtəbəsindəki sahəsi 143 kv.m olan 2 nömrəli mənzilin alqı-satqısına dair müqavilə imzalanmışdır. Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-cü il tarixli arayışdan da görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Əlifi Hacıyev 40 ünvanında yerləşən 2 saylı binanın 3-cü mərtəbəsindəki sahəsi 143 kv.m olan 2 nömrəli mənzilə görə borcu yoxdur. xx.xx.2023-cü il tarixli, ********** saylı dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Əlifi Hacıyev küçəsi, ev 40, mənzil 2 (Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, 18, M.3, m2) İddiaçı xüsusi mülkiyyətindədir. Hazırda iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 (Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri. Nizami rayonu, Əlif Hacıyev küçəsi, 18, M3, m2)-nin pəncərəsinin qarşısında cavabdeh tərəfindən qanunsuz tikili inşaa edilmişdir. Bu tikili iddiaçının mənzilindən istifadəsini qanunsuz olaraq məhdudlaşdırır. Belə ki, pəncərələrin qarşısını bağlayıb, evə ümumiyyətlə işıq düşməyə imkan vermir. İddiaçı dəfələrlə bununla bağlı öz iradını bildirməsinə baxmayaraq Cavabdeh qeyd edilmiş iradlara məhəl qoymamış və bununla bağlı heç bir addım atmamışdır. Həmçinin bu cür şəraitdə yaşamaq sağlamlıq üçün də təhlükə törədir. Bununla bağlı iddiaçı öz etirazını bildirmiş, ancaq yenə də bir nəticə verməmişdir. Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikili ümumiyyətlə planda olmamış, sonradan cavabdeh tərəfindən inşa edilərək. İddiaçı məxsus fərdi yaşayış evi ilə təmassız birləşmişdir. Aparılmış tikinti işləri iddiaçının iradə və istəyinə, hüquq və mənafelərinə zidd olmaqla yanaşı, qanunilik baxımından düzgün olmamışdır. Fərdi yaşayış evi tikilərkən və iddiaçı həmin mənzili satın alarkən evin sağ tərəli boş bir ərazi olmuşdur. Bir neçə il ərzində orada hər hansı tikinti işləri aparılmamışdır. Lakin 2024-cü ilin əvvəllərində orada tikinti işləri aparılmağa başlanılmış, cavabdeh iddiaçının evində bir neçə ay yaşamamağından sui-istifadə edərək Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyinə zidd olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq icazəsi olmadan, Bakı şəhər icra hakimiyyətinə və Nizami rayon icra hakimiyyətinə müvafiq müraciətlər olmadan, müqavilə tələblərini pozaraq özbaşına tikili inşa etmiş, nəticədə evinə təbii günəş işığının düşməsinə maneçilik törətmişlər. Bu isə ilk iddiaçının qanunla qorunan mülkiyyətçi hüquqlarını pozur. Hazırda da cavabdeh həmin özbaşına tikilini icarəyə verərək gəlir əldə edir. Cavabdehin tikdirdiyi tikili qanunsuz tikili olmaqla heç bir hüquqi sənədi yoxdur. Cavabdehin inşa etdiyi özbaşına tikili iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yaşayış otaqlarına düşən təbii işıqlanmanın qarşısını aldığından sökülməlidir. İş materialları: xx.xx.2020-ci il tarixli. 2 saylı Tikinti obyektinin istismarına icazənin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 40 ünvanında yerləşən tikintisi başa çatmış obyektin və onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-yə tikinti obyektinin istismarına icazə verilmişdir. xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin alqı-satqısına dair müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə görə "xxxx" MMC-yə borcu yoxdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 (Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, 18, M3, m2 ünvanında yerləşən mənzil İddiaçı tam pay haqqı ilə, xx.xx.2023-cü il tarixdə ********** nömrəli ilə qeyd edilməklə mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmənin qərardadı ilə təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 10/2590 saylı, xx.xx.2025-ci il tarixli tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının rəyindən görünür ki, ünvan 3 (Yeni qaydalarla: AZ 1060, ünvan 4 ünvanında yerləşən mənzilin pəncərəsi qarşısında olan tikilinin inşası iş materiallarında olan həmin binanın tikinti layihəsində nəzərdə tutulmuşdur. Lakin layihə sənədlərində qeyri-yaşayış sahəsinin üçüncü mərtəbəsində mübahisəli hissədə (iddiaçıya məxsus mənzilin pəncərələrinin qarşısında) 5,0 metr enində terras nəzərdə tutulsa da faktiki olaraq həmin hissədə tikinti işləri aparılmaqla əlavə iki otaq və dəhliz inşa edilmiş və iddiaçıya məxsus olan mənzilin texniki pasportunda qeyd olunan 8 və 9 saylı lociya tikililərinin qarşısı, eyni zamanda 5 saylı tikilinin pəncərəsinin qarşısı bağlanmışdır. ünvan 3 (Yeni qaydalarla: AZ 1060, ünvan 4 ünvanında yerləşən mənzilin pəncərəsinin qarşısında olan tikili həmin binanın tikinti layinəsinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. ünvan 3 (Yeni qaydalarla: AZ 1060, ünvan 4 ünvanında yerləşən mənzilin pəncərəsinin qarşısında olan tikili həmin binanın tikinti layinəsinə uyğun inşa edilmədiyini, həmin tikilinin mənzilin yaşayış otağının və mətbəxin təbii işıqlandırılmasının qarşısını aldığını nəzərə alaraq, sözügedən tikilinin şəhərsalma və tikinti normalarına uyğun tikilmədiyi müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə tərəflərin iştirakı ilə iddia tələbində qeyd olunan Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 40 ünvanında yerləşən tikinti obyektinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilməklə 01 ədəd CD disk iş materiallarına əlavə edilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişşdir ki, mübahisə predmeti olan mənzildəki eyvan və pəncərələrin qarşısı divar ilə bağlıdır. Yalnız bir yataq otağında pəncərə mövcuddur. Digər otaqlara hava və günəş şüası daxil olmur. Mənzilin qarşısında yerləşən qeyri-yaşayış sahəsi yaşayış sahəsinə tam bitişik formada yerləşir. İşdə iştirak edən tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X1 iddia tələbini müdafiə etdi və əlavə olaraq izahatında göstərdi ki, mənzilin çıxarışını almaq üçün Asan Xidmətdən baxış keçirilən zaman əməkdaşların evə baxmağına imkan vermədilər. Gedib ofisdə qol çəkib götürmüşlər. Evə baxış keçirmədən çıxarış aldılar. Birinci evində əməkdaş gəlib baxış keçirmişdi, amma ikincidə qoymadılar. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə etdi və əlavə olaraq izahatında göstərdi ki, cavabdeh sənədlər təqdim etdi ki, hərşey qaydasındadır. Təqdim olunan sənədlər əsasında ekspertiza keçirildi və binanın layihə sənədlərinə uyğun olmadığı, müvafiq icazənin olmadığı, qanunsuz tikili olduğu müəyyən olundu. İki xanımın ifadəsi mötəbər sübut deyildi. Çünki şahid ifadələri barədə vəsatət hazırlıq iclasında verilməli, şahidlər baxış iclasında dindirilməlidir. Lakin vəsatət verilmədən baxış iclasında şahidlər dindirildilər. Bu səbəbdən onların ifadələri sübutlar siyahısından çıxarılmalıdır. Təsisçi şahid demişdir ki, evi bu vəziyyətdə satmışdır. Lakin o vaxt direktorun qardaşı olmuş şəxs sənədlərdə görsənir. Digər şahid demişdir ki, 2022-ci ildə o gələndə təmir bitmişdi. Amma 2022-ci ilin sonuna qədər onlarda təmir olmuşdur, şahidlər də materialların pəncərədən verildiyini demişlər. Şahid ifadələrinə əsaslanmağı obyektiv hesab etmək olmaz. Bu qanunsuz tikilidir. Azərbaycan hüquqi dövlətdir. Qanunsuz tikililərə görə məsuliyyət var. Nə qədər ki, o tikili qanunsuzdur. Mülki Məcəllədə qeyd olunub ki, hər kəsin öz mülkiyyətindən sərbəst istifadə hüququ var. Hər cəhətdən, həm sağlamlıq, həm vizual olaraq qonşuluq prinsipinə də ziddir. Əgər şəxs pəncərənin olmadığını görmüş olsa idi, digər mənzillərdən ucuz alardı. Günəş düşməyən, vərəm çöpləri inkişaf edən evdə qalmaz istəməzdi. O zaman endirim edərdilər. İddiaçı mənzilə 270000 manat pul verib. Bugünkü tarixdə Nizami rayonunda həmin pula panaromalı ev almaq olar. İddiaçı 2023-cü ilin əvvəli köçüb. 2023-2024-cü illər ərzində həmin tikilini yavaş-yavaş tikib bitişdiriblər. Keçən iclasdan sonra təsisçi kimi özünü təqdim edən şəxs Ramil bəyi təhdid etmişdir. Hər dəfə şikayət edib, lakin narahat olma deyib tikib bitirmişlər. Müəllimə olan şahid ifadəsində demişdir ki, 2023-cü ilin sentyabr ayında müqavilə bağlamışlar. 2022-ci ildən necə bilərdi ki, 2023-cü ildə onu işə götürəcəklər? Ekspert rəyində qeyd etmişdir ki, bu tikili qanunsuzdur. Ramil bəyə pul təklif etmişdilər ki, iddiadan imtina etsin. Əgər bina qanuni idisə, niyə təklif edirdilər? Qeyri-yaşayış sahəsinin 2021-ci ildə təhvil verilməsinə əsaslanırlar. Çıxarışı sonradan təqdim etdiklərini demişlər. O rəydə çıxarış, texniki pasport olmamışdır, deyə əlavə rəy təqdim edə bilərdilər. Texniki pasportda əlavə tikili qeydi yoxdur. Ekspert isə layihə sənədlərinə əsaslanaraq rəy verib. Qarşı tərəf onların görərək mənzili qəbul etdiyini sübut etmirlər.Göstərilənlərə əsasən, iddianın təmin olunmasını və qanunsuz tikili ilə bağlı xüsusi qərardad çıxarılıb DİN-ə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddia əsassızdır. İddiaçı mənzili mövcud vəziyyətdə almışdır. Qeyri-yaşayış sahəsi 2021-ci ildə istismara qəbul olunmuşdur. Çıxarışı onlar sonradan məhkəməyə təqdim etmişlər. Yerli baxış zamanı da görünmüşdür ki, bina ilə biryerdə hörülmüşdür. Kommunal xidmətlərlə bağlı mübahisə olandan sonra iddiaçı tərəf bu iddia ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş şahid X8 ifadəsində göstərdi ki, iddiaçı ilə kəndçidir, sürücü işləmişdir. Mənzil təmir edilən zaman maşınla yük gətirmişdir. Malı pəncərədən vermişlər, alıb təmir edilmişdir. Həmin zaman pəncərə açıq olmuşdur. Orada heçnə görməmişdir. Mənzil üçüncü mərtəbədə olmuşdur. Pəncərənin qabağında hansısa tikili olmamışdır. O, pəncərə saymamışdır, o sürücüdür. Maşını araya salıb, malı oradan vermişdir. Mal gətirməyi Qunça xanım demişdir, pulu da o ödəmişdir. Söhbət 2020-2021-ci illərdən gedir. Mənzil alınan zaman iştirak etməmişdir. Malı sifariş veriblər, o da gətirmişdir. Şəxsi sürücü olmamışdır, malı olanda zəng ediblər o da gətirmişdir. Maşını binanın qabağına vermişdir, fəhlələr kəndirlə qaldırmışlar. Səhv etmirsə, mənzil 3 ya 4 otaqlı olmuşdur. Pəncərələr açıq olmuşdur. Həmin vaxt əlavə tikili olmamışdır. İndi binanın yanından keçib gəlirlər, görür ki, təzə tikili var. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş şahid X9 ifadəsində göstərdi ki, evin materialını o vermişdir. Həm kəndçidir, həm də qohumdur. Ramin bibimoğlusudur, Qunça gəlinidir. Təmirə o nəzarət etmişdir. Təmirə o nəzarət etmişdir. Həmin zaman pəncərə açıq olmuşdur, malı oradan içəri vermişdir. Təmir olunan zaman pəncərələr açıq olmuşdur. Bütün malları oradan içəri vermişdir. Taxta kimi uzun malları əllə vermişdir, boyu çatmayan malları kəndirlə pəncərədən içəri vermişlər. Təmir təxmini 2021-ci ilin sentyabr-oktyabr aylarında olmuşdur. Pəncərə həmişə açıq olmuşdur, həyətə baxmışdır. İndi yük verilən pəncərə bağlanmışdır. Bütün pəncərələr açıq olmuşdur. Maşın rahat girib, çıxmış, tikili ilə məsafə olmuşdur. Təmir 1 il çəkmişdir. Bitirəndə də tikili olmamışdır. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş şahid X7 ifadəsində göstərdi ki, orada o fəaliyyətə başladığı zamandan bəri tikinti işləri aparılmamışdır. Məsuliyyət birbaşa onun üzərindədir. Ondan xəbərsiz hansısa konstruktiv işlər aparıla bilməz. Təzə tikinti işləri aparılmamışdır. Həmin qeyri-yaşayış binasının biryerdə tikilməsi nəzərdə tutulmuşdur. Bina o gələndə gördüyü kimi, bugünkü kimi olmuşdur. Mübahisəli mənzildə təmir işlərinin getdiyindən məlumatlı olmuşdur. O, 2022-ci ilin yaz aylarından orada işləmişdir. Bu mübahisədən xəbəri var, mənzil olaraq yadındadır. Mənzil 2-ci mərtəbədədir. Mühəndis kimi işə başlamışdır. O gələndə bina bugünkü mövcud vəziyyətdə olmuşdur. O gələndən sonra heç bir tikili olmamışdır. Hansısa layihədən kənar tikili müşahidə etməmişdir, rastlaşmadığı üçün də kiməsə məlumat da verməmişdir. Gördüyü layihə ilə mövcud tikili arasında fərq yoxdur. Hazırda da çalışır. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş şahid X2 ifadəsində göstərdi ki, təxmini 2014-2023-cü illərdə şirkətin əməkdaşı, təsisçisi, hüquqşünası olmuşdur. Hazırda həmin binada 16-cı mərtəbə, mənzil 118-də yaşayır. Onların binaların inşası zamanı qohumu onu X6 tanış etmişdir ki, ondan ev almaq istəyir. Ona bir ev vermişlər. Onların dostluğu, yoldaşlığı davam etməyə başlamışlar. Sonra o öz kəndçilərini tanış etmiş, ondan ona ev verməyini xahiş etmişdir. Bu zaman Cəfərov Ramil (iddiaçının həyat yoldaşı) ilə tanış etmişdir. Hissə-hissə ödəmək şərtilə ev vermişdir. Demişdir ki, vaxtında, aybaay pulu verəcək. İlkin ödəniş az idi, amma yoldaşlıq xatirinə evi vermişdir. Onların Ramil və Ramin ilə yoldaşlığı davam etmişdir, biryerdə çörək yemişlər, dostluq etmişlər. Ağayev Ramin yenə xahiş etmişdir ki, başqa bir kəndçisinə ev vermişdir, demişdir ki, problem deyil. Rza adlı şəxs Cəfərov Ramilin qudası olmuşdur, ona da ikinci binanın beşinci mərtəbəsində 3 otaqlı mənzil vermişlər. O da aybaay qaydasında ödəmişdir. Bunlar bazarda işlədikləri üçün onlara hər ay pul gəlirdi, ona görə aybaay ödəmələrinə razı olmuşdur. 2017-ci ildə bina tikilmişdir, 2019-cu ildə yaşayış olmuşdur. Cəfərov Ramilə birinci binadan ev vermişdir, onda girib yaşamışdır. Sonra Ramin, Ramil, Rza və o, çörək yemişdir. Süfrə başında Ağayev Ramin demişdir ki, Ramil oğlun evləndirmişdir, ona yeni mənzil lazımdır. Demişdir ki, çörək stolunun arxasında belə söhbətlərdən xoşu gəlmir. Demişdir ki, dəmiri isti-isti döyərlər. Ramil oğlunu evləndirib birinci aldığı evə köçürmüşlər, özünə yeni ev lazımdır. Demişdir ki, ev yoxdur, 1 ədəd 3-cü mərtəbədə var, onu da satmaq istəmir. Əvvəl başqasına satmışdır, sonra ondan geri almışdır. Demişdir ki, gedib baxsınlar, bəyənsələr alsınlar. Bu söhbət 2020-ci ildə olmuşdur. Ramil, Ramin və Rzanın yoldaşları gəlib evə baxıb bəyəniblər. O, evi pulsuz vermişdir, amma müqaviləsini vermişdir ki, sabah o olmaz problem olmasın. Ondan sonra pulun birazını vermiş, qalan hissəsi isə pul əvəzi olaraq material vermişdir. Ona lazım olmayan şeyləri dostluq üçün pul əvəzi olaraq almışdır. O daha orada işləməmişdir, kənarda olmuşdur. Cəfərov Ramil kommunal haqqını verməmişdir, deyə balaca qardaşı onu məhkəməyə vermişdir. Ramil də acığa bu iddianı qaldırmışdır. Gəlib demişdir ki, qardaşı səhv edib, amma dostluqları var, evi verəndə o səni aldatmamışdır. İndi pəncərələr hansı qaydadadırsa, həmin vaxt da elə idi. O mənzili o vaxt başqası istəyib verməmişdir. Rza əlavə pul vermişdir ki, bununku kimi balkonu tikib qaldırmışdır, o qəbul etməmişdir, pulunu qaytarmışdır. 2014-2023-cü illərdə şirkətin direktoru da, hüquqşünası da olmuşdur. Müqavilənin məsuliyyəti onun üzərində olub, onun razılığı ilə olmuşdur, direktor başqa şəxs olsa da, onun razılığı olmadan imza edə bilməzdi. İndi dəqiq yadında deyil, amma müqaviləni o, imzalamışdırsa, onun imzasıdır, başqası imzalayıbsa, yenə onun razılığı ilə etmişdir. Həmin dövrdə rəhbər o olmuşdur. İmzalama prosesi yadında deyil. Emil Mustafazadə onun balaca qardaşıdır. O, müqavilə verəndə Ramil 1 manat pul verməmişdir. Sonradan pulunu vermişdir. Mirkamil Cəfərov direktor olmuşdur, 2023-cü ildə direktor keçmişdir. Təmir işləri gedən zaman tikili olmuşdur. “Google earth”-ə girib baxsa, 2020-ci ildə həmin tikili olmuşdur. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş şahid X5 ifadəsində göstərdi ki, X14 filialında çalışır. Həmin tikili kursdur. 2022-ci ildə təmir getmişdir, 2023-cü ildə işə başlamışdır. 2023-cü ilin sentyabrın 16-da fəaliyyətə başlamışlar. Onlar gələndə artıq pəncərə bitişik olmuşdur. 2022-ci ilin noyabr ayında otaqlarının dizaynı haqqında danışmışlar. Onlar köçəndə bina tam hazır olmuşur. İçini təmir etmişlər, içinə baxıb çıxmışlar. Bura kursdur, hər müəllim öz otağına baxmışdır. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş şahid X3 ifadəsində göstərdi ki, həmin binada ilk ev alanlardan biri odur. Mübahisəli mənzilin düz üstündə yaşayır. Binanın təməli qoyulandan o mənzil almışdır, çıxarışı da var. Evi 2017-ci ildə almışdır. Hardasa, 7-8 il öncə Elnur çağırmışdır, oranın tikilməsinə etirazının olub-olmadığını soruşmuşdur. O demişdir ki, o evi ona versin, kirayəyə vesin, amma Elnur onu satmamışdır. O orada işləmir. Binanı alanda tanımışdır sadəcə. Müqavilə təxmini 2017-ci ilin avqust ayında bağlanmışdır. O evi almaq istəmişdir, amma Elnur ona satmamışdır. Tikilini oraya qaldırmaq üçün ondan icazə almışlar. Onun pəncərəsinin qarşısı açıqdır. O, o mənzildə pəncərə görməmişdir. O bunların evini almağa getmişdir, onda da pəncərə olmamışdır. 2022-ci ilin noyabr ayının 15-də mənzilə köçmüşdür. Həmin bina kökündən tikili olmuşdur. Sonradan nəsə tikilməmişdir. Mənzilində 1,5 -2 il təmir getmişdir. Arada-sırada dizayn üçün gəlmişdir. Onların terrası ilə onun 4 metr məsafəsi var. İkinci mərtəbə elə obyekt olmuşdur. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş şahid X4 ifadəsində göstərdi ki, tərəflə qohumluğu yoxdur, Ramillə dostluğu olmuşdur. Elnurla Ramili o, tanış etmişdir. Ramil evi alanda bina tikilmişdir, pəncərənin yeri olmuşdur, amma qabağı bağlı olmuşdur. O, 7 ay bunlardan xəbərsiz olmuşdur. Biləndə getmişdir ki, Ramillə həll etsinlər. Bu evdə yox, o biri evində olmuşdur. Bu evə təmir gedə-gedə girmişdir. O 2018-ci ildə ilk evi almışdır. Elnurla dostluq da o vaxtdan başlamışdır. Elnurla Ramili təxmini 2019-2020-ci illərdə tanış etmişdir, tam dəqiq deyə bilməz. Elnur bəyin qaynatası ilə işləmişdir, oradan tanışlıq yaranmışdır. Evin sahəsi 1300-1400 manat olmuşdur. O üçüncü mərtəbə mənzil 4-də yaşayır. Elnur Gürcüstanlıdır, onlar Zərdabdandır, dostluq edirlər. Ramil ona Elnurdan yaxın olmuşdur. 2-3 dəfə getmiş xahiş etmişdir ki,məhkəməyə getməsinlər onlara yaraşmır. İlk dəfə Elnurdan xahiş etmişdir ki, Ramilə qarşı olan iddianı geri çəksinlər. Ramilə də demişdir ki, o da iddiasını geri çəksin. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.4. Bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür. 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. 95.6. Tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir. 95.7. Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə AR Prezidentinin xx.xx.2012-ci il tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən həmin Məcəllənin 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, yuxarıda qeyd olunan işin faktiki halları nəzərə alınmaqla, cavabdehə qarşı “qanunsuz tikilinin sökülməsi” barədə iddia, tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə görə İddiaçı subyektiv hüququ yaranmamışdır. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı məhkəmədə onu mübahisələndirir ki, cavabdeh tərəfindən binanın layihəsinə uyğun olmayaraq inşa edilmiş tikinti obyekti onun mənzilinin pəncərələrini bağlamış və onun mənzilinə işıq düşməsinə ümumiyyətlə maneə törədir. Cavabdeh isə məhkəmə iclasında iddia tələbinə və məhkəmənin qərardadına əsasən verilmiş ekspertiza rəyinə etiraz edərək qeyd etmişdir ki, tikinti obyekti layihəyə uyğun inşa edilmiş, ekspert rəy verərkən yanlışlığa yol verərək, digər binanın layihəsinə istinad etmişdir. Məhkəmə iddia tələbinə qiymət verərər qeyd edir ki, qanunun yuxarıda göstərilən tələbindən də göründüyü kimi müvafiq icazə almadan inşa edilmiş və tikintisi başa çatmış tikilinin sökülməsi məhkəmə qaydasında həyata keçirilir. Belə tikintinin sökülməsi barədə məhkəməyə iddianı müvafiq icra hakimiyyəti orqanı – Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi irəli sürür. Məhkəmə hesab edir ki, hətta inşa edilən tikilinin qanunvericilikdə nəzərdə tutulmuş qaydaya riayət edilmədən, müvafiq icazə sənədləri alınmadan inşa edilməsinin müəyyən edilməsi halında belə iddiaçının həmin tikilinin sökülməsi ilə bağlı iddia qaldırmağa subyektiv hüquqları mövcud deyil. Bununla belə məhkəmə, məhkəmə iclasında hər iki tərəfin vəsatəti ilə dindirilmiş şahid ifadələrinə münasibətdə qeyd edir ki, şahid ifadələri bir-biri ilə qarşılıqlı ziddiyyət təşkil etdiyindən mötəbər sübut qismində qəbul edilə bilməz. Bundan başqa iddiaçı tərəfin vəsatəti ilə dindirilmiş şahidlərin öz ifadələrində göstərdikləri hallar iş materiallarında olan digər sübutlarla öz təsdiqini də tapmamışdır. Məhkəmə təqdim edilmiş ekspert rəyinə münasibətdə isə qeyd edir ki, məhkəmənin hazırlıq iclası zamanı cavabdehin nümayəndəsi ekspertin rəyini qəbul etməyərək onun yanlış layihə əsasında rəy verdiyini bildirmişdir. Məhkəmə işin prosessual müddətinin axımına qənaət etmək baxımından təkrar ekspertiza keçirilməsini zəruri hesab etməmiş, mübahisə predmeti olan əmlaka yerində baxış keçirərək müəyyən etmişdir ki, sözügedən mənzilin pəncərələri iddiaçının sökülməsini tələb etdiyi tikili ilə tam bitişik inşa edilmişdir. Məhkəmə bundan başqa qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında mənzilin alqısatqısına dair müqavilə 2021-ci ildə imzalanmış, iddiaçı tərəfindən dövlət reyestrindən çıxarış 2023-cü il tarixdə alınmışdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən tikili 2017-ci ildən inşa edilmişdir, yəni iddiaçı həmin mənzili alan zaman mənzilin hazırki vəziyyətindən xəbərdar olmuş, lakin bugünədək bu fakt ilə bağlı hər hansı dövlət orqanına müraciəti və şikayəti olmamışdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə tikinti-texniki-ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat vəsait iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə (VÖEN: **********, hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu, 142595, büdcə səviyyə kodu: 3, SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22) ödənilməlidir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dаir iddiası əsassız olduğundan təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dаir iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə tikinti-texniki-ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə (VÖEN: **********, hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu, 142595, büdcə səviyyə kodu: 3, SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22) ödənilməlidir. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar