Məhkəmə qərarları › İş №2(007)-3703/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3703/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3703/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı onun xüsusi mülkiyyətindədir. Həmin mənzili o, 10 iyul 2014-cü il tarixdə AN-İ №0430080 saylı alqısatqı müqaviləsinə əsasən X1 almışdır. Həmin mənzilə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına 26.07.2014-cü il tarixli, ********** saylı çıxarış verilmişdir. X2 mənzili satandan sonra öz öhdəsinə götürmüşdür ki, 1 ay ərzində ailə üzvləri ilə birlikdə pasport qeydiyyatından çıxacaqdır. O, bu günə kimi düşünmüşdür ki, cavabde qeydiyyatdan çıxmışdır, lakin əldə etdiyi forma 2 arayışından məlum olmuşdur ki, cavabdeh qeydiyyatda qalmışdır. Cavabdehin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmağı səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılmışır.Qeyd olunanlara əsasən Cavabdeh onun xüsusi mülkiyyətində olan ünvan 1-dən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı ərizədə iddia tələbini müdafiə etmiş,onun iştirakı olmadan işə baxılması və iddianın təmin olunmsası barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü i maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri,Nizami rayonu,Qara Qarayev prospektindəki 108 saylı evin 97 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 26.07.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 2 saylı forma arayışından görünür ki,cavabdeh mübahisəli mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri,Nizami rayonu, Qara Qarayev prospektindəki 108 saylı evin 97 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 26.07.2014cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Cavabdeh həmin mənzildən köçüb getsə də qeydiyyatdan çıxmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri,Nizami rayonu, Qara Qarayev prospektindəki 108 saylı evin 97 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar