Məhkəmə qərarları › İş №2(007)-3707/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3707/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3707/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Asus notebook üçün 2089.4 (iki min səksən doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 201.6 (iki yüz bir manat altmış qəpik) manat dəbbə pulu, ümumilikdə 2291 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, İddiaçı MMC ilə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Asus notebook almış və nəticədə 2291 (iki min iki yüz doxsan bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2234.4 (iki min iki yüz otuz dörd manat qırx qəpik) manat (24 ay x 87. 1 manat + 144 manat ilkin ödəniş) olan Asus notebook üçün ümumilikdə, 2291 (iki min iki yüz doxsan bir) manat olmaqla ondan, 2089.4 (iki min səksən doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 201.6 (iki yüz bir manat altmış qəpik) manat dəbbə pulu üzrə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 145 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Və bildirdi ki, cavabdeh cəmi 145 manat ödəyib. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul elədiyini, kreditə götürdüyü noutbukun oğurlandığını, bununla bağlı polisə müraciət elədiyini bildirdi. Həmçinin halhazırda işsiz olduğunu və ödəmək iqtidarında olmadığını, heç bir vəsatəti olmadığını da qeyd elədi. Məhkəmədən cərimənin nəzərə alınmağını xahiş elədi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə və ona edilmiş Əlavəyə əsasən ümumi dəyəri 2234.4 (iki min iki yüz otuz dörd manat qırx qəpik) manat olan Asus noutbuk almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - İddiaçı MMC-nin 03 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 2089.4 (iki min səksən doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 201.6 (iki yüz bir manat altmış qəpik) manat dəbbə pulu borcu yaranmışdır. - 05 avqust 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; Məhkəmə iclasında xx.xx.2020-ci il tarixli, müqavilə və ona əlavədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən noutbuk almışdır. Cavabdeh müqavilələr üzrə qeyd olunan müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC-dən müvafiq əşyalar almış, lakin o, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 2089,4 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, cəmi 2109,4 manat vəsait və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Sultanov Amı̇ n Zaı̇ r oğlundan "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 2089,4 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, cəmi 2109,4 manat vəsait və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar