Məhkəmə qərarları › İş №2(007)-3721/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3721/2025

10.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3721/2025 10.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Tələb:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, 102 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin magistral yola baxan tərəfindən birinci mərtəbəsindəki 504.000 manat dəyərində 72 kv. metrlik qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC ilə cavabdeh X1 arasında bağlanmış 20 iyun 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Məhkəmə baxışının hədləri:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.

4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.

Hakimin mövqeyi:

5. İddia ərizəsindən görünür ki, iddiaçı aidiyyət qaydalarını pozmaqla ümumi məhkəməyə müraciət etmişdir.

6. İş materiallarında olan İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış 19 oktyabr 2015-ci il tarixli müqavilədən görünür ki, "Satıcı" ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev küçəsi 102 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin magistral yola baxan tərəfdən 1-ci mərtəbəsində ümumi sahəsi 72 kv metr olan 5№li ticarət sahəsini (qeyri-yaşayış sahəsini) alıcının mülkiyyətinə verməyi, alıcı isə ticarət sahəsini qəbul edib, bu müqavilə ilə müəyyən edilmiş öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürür. İddiaçı1 ilə İddiaçı2 arasında bağlanmış 2016-cı il tarixli müqavilədən görünür ki, icraçı tikinti materiallarınin 45 gün ərzində verilməsini üzərinə götürür. “AZEMİS”-dən çıxarışdan görünür ki, İddiaçı1 və İddiaçı2 VÖEN-i vardır. Göründüyü kimi tərəflər arasında olan münasibətlər kommersiya xarakterlidir. Bundan əlavə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, 102 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin magistral yola baxan tərəfindən birinci mərtəbəsindəki 504.000 manat dəyərində 72 kv. metrlik qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC ilə cavabdeh X1 arasında bağlanmış 20 iyun 2016-cı il tarixli alqı-satqı müqaviləsi tam şəkildə iş materiallarına əlavə edilməmişdir. Müqavilənin sadəcə ilk səhifəsi əlavə edilmişdir.

7. Belə olan halda, məhkəmə hesab edir ki, irəli sürülən tələbə ümumi məhkəmədə baxılmalı olmadığına görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə, yəni Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ iddiaçılara izah edilməlidir.

8. Həmçinin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.

9. İş materiallarına əlavə edilmiş 14278 nömrəli mədaxil qəbzindən ("xxxx" ASC, VÖEN: **********, əməliyyat İD: **********, qəbzin nömrəsi: 14278, terminal nömrəsi: K0114013, xəzinə hesabı: AZ17CTRE********************, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2025 saat: 13:02) görünür ki, hazırki iş üzrə İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 101 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Nəticə:

10. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh MMCyə qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarıldığından ödənilmiş 101 manat məbləğində dövlət rüsumu İddiaçı2 büdcədən geri qaytarılmalıdır.

11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq,

Qərara aldım: İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçı2 tərəfindən ödənilmiş 101 manat dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, əməliyyat İD: **********, qəbzin nömrəsi: 14278, terminal nömrəsi: K0114013, xəzinə hesabı: AZ17CTRE********************, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2025 saat: 13:02) dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə təqdim olunduqdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar