Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3744/2025 14.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “abonent kodunun istehlakçının adına dəyişdirilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “abonent kodunun istehlakçının adına dəyişdirilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən "xxxx" ASC tərəfindən əsassız yazılmış 130.89 manat pulun silinməsi və Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti 39, mənzil 89 aid olan işıq sayğacına dair **********90089 № li abonent kodunun onun adına dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
149.2.4 iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir; 150.1.6 iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir; 152.1.6 müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4 iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmənin mövqeyi :
3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
4. Belə ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdeh "xxxx" ASC tərəfindən əsassız yazılmış borcun silinməsi və işıq sayğacına dair abonet kodunun onun adına dəyişdirilməsini xahiş etmiş, iddia tələbini cavabdeh tərəfindən evin əvvəlki sahibinin adına borc olması səbəbindən onunla müqavilə bağlanılmasından imtina edilməsi ilə əsaslandırılmışdır. Lakin cavabdeh tərəfindən borcun cavabdehə borcun silinməsi və müqavilənin onun adına dəyişdirilməsi ilə bağlı müraciət edilməsinə dair sübut əlavə edilməmişdir. Halbuki qanunvericiliyə əsasən müqavilənin dəyişdirilməsi tələbi ilə məhkəməyə o halda müraciət edilə bilər ki, digər tərəfə müraciət edilsin və qarşı tərəfin imtinası alınsın və müraciətdə göstərilən vaxtda müraciətə cavab alınmasın.
5. Mülki prosessual qanunvericiliyə əsasən iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır.
Nəticə :
6. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması tələbinə riayət olunmadığı üçün İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “abonent kodunun istehlakçının adına dəyişdirilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
7. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “abonent kodunun istehlakçının adına dəyişdirilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva