Məhkəmə qərarları › İş №2(007)-3791/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3791/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3791/2021 06.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, özünə təcili pul lazım olduğundan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan və lombard işlədən Cavabdeh müraciət etmişdir. Müraciət edən zaman qiyməti götürüləcək puldan qat-qat çox olan “Kuba Sniper” modelli mopedi girov qoymuş və əvəzində 600 (altı yüz) manat pul götürmüşdür. Əvəzində cavabdeh tərəfindən 029526 saylı girov bileti verilmişdir. Lakin bir neçə gün sonra işğalda olan Azərbaycan Respublikası torpaqlarının azad edilməsi ilə bağlı 44 günlük müharibə başlamış və o, işi ilə bağlı ezamiyyətə göndərilmişdir. Bununla bağlı lombard işlədən cavabdehə məlumat da vermişdir. O da öz növbəsində heç bir problemin olmayacağını bildirmiş və ödənişlə bağlı hər şeyin qaydasına salınacağını vəd vermişdir. Lakin qısa bir müddət ərzində ona məlum olmuşdur ki, cavabdeh yaranmış vəziyyətdən sui-istifadə edərək girov əşyası olan mopedi satmışdır. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur və girov predmeti olan “Kuba Sniper” markarlı moped cavabdehdən alıraraq ona qaytarılmalıdır. Belə ki, cavabdeh razılaşmanın şərtlərini pozmuş və girov olan mopedi tez bir zamanda özgəninkiləşdirmişdir. Hesab edir ki, cavabdehin ona qarşı bu cür qanunsuz hərəkətləri onun əmlak hüquqlarını pozur və qeyd etdikləri nəzərə alınmaqla cavabdehə girov olaraq verilmiş “Kuba Sniper” modelli moped ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən cavabdehdən alınaraq ona qaytarılmalıdır. Buna görə də, 029526 saylı girov bileti əsasında Cavabdeh girov olaraq verilmiş “Kuba Sniper” modelli (qiyməti 3435 manat) mopedin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verib, əlavə olaraq göstərdi ki, o, ərizəsində qeyd etdiyi “Kuba Sniper” modelli mopedi girov qoymamışdan bir müddət əvvəl 4800 manat məbləğə almış, daha sonra 600 manat pul müqabilində cavabdehin sahibi olduğu lombarda girov qoymuşdur. Daha sonra cavabdehə 100 manat pul göndərmiş və xahiş etmişdir ki, bir müddətdə gözləsin. Lakin, cavabdeh onun xahişini nəzərə almadan aldığı motosikleti satmışdır. 4800 manata alınmış motosikletin 600 manat məbləğə satılması qanunsuzdur. İddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib verdiyi izahatında göstərdi ki, o, lombard işlətməklə məşğuldur, iddiaçının ərizəsində göstərdiklərinin əsası yoxdur. Belə ki, 21 sentyabr 2020-ci il tarixdə iddiaçı lombarda gələrək 600 manat məbləğində pul götürmüş, bunun əvəzində isə “Snayper EQE 110” modelli motosikleti girov qoymuşdur. İddiaçı götürdüyü pulu faizləri ilə birlikdə 21 oktyabr 2020-ci il tarixədək, yəni 1 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, o, dəfələrlə zəng etməsinə baxmayaraq, iddiaçını pulu qaytarmamış, sonuncu dəfə isə cəmi 100 manat pul göndərmişdir. Bununla yanaşı, iddiaçı tərəfin yaxınları, tanımadığı şəxslər ona zəng edərək, başının ağrıyacağını bildirmişlər. Lakin, o, bütün bunların heç birinə əhəmiyyət verməmiş və qanunda nəzərdə tutulmuş qaydada 3 ay müddət gözlədikdən sonra motosikleti (mopedi) satmışdır. Həmin mopedin dəyərinin 4800 manat olması isə tamamilə uydurmadır. Buna dair sübut belə yoxdur, bununla yanaşı, iddiaçı özü razılaşaraq 600 manat əvəzində həmin əmlakı girov qoymuşdur. O, lazımı sübutları məhkəməyə təqdim etmişdir. İddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -1141599 nömrəli 25 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, alıcı İddiaçı ilə satıcı "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən alıcı 12 ay müddətinə hər ay 286,25 manat olmaqla “Kuba Sniper” markalı mopedin dəyərini (3715 manat) ödəməyi öhdəsinə götürmüşdür; -Cavabdeh (VÖEN: **********) tərəfindən verilmiş 21 sentyabr 2020-ci il tarixli, ĞJV seiyalı, 029526 nömrəli girov biletindən görünür ki, İddiaçı “Snayper EQE 110” modelli motosikleti 21 sentyabr 2020-ci il tarixdə Cavabdeh məxsus lombarda girov qoymuş, bunun müqabilində ona 600 manat ssuda ödənişi edilmişdir. Ssuda üzrə faiz 120 manat müəyyən edilmişdir. Girovun çıxarılma vaxtı tərəflərin razılığı ilə 21 oktyabr 2020-ci il müəyyən edilmiş, həmin tarixdə İddiaçı 600 manat pul vəsaitini qəbul etmiş və ona verilmiş girov biletində öz şəxsi imzası ilə imzalamışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı “Snayper EQE 110” modelli motosikleti 21 sentyabr 2020-ci il tarixdə Cavabdeh məxsus lombarda girov qoymuş, bunun müqabilində ona 600 manat ssuda ödənişi edilmişdir. Ssuda üzrə faiz 120 manat müəyyən edilmişdir. Girovun çıxarılma vaxtı tərəflərin razılığı ilə 21 oktyabr 2020-ci il müəyyən edilmiş, həmin tarixdə İddiaçı 600 manat pul vəsaitini qəbul etmiş və ona verilmiş girov biletində öz şəxsi imzası ilə imzalamışdır. Hazırda iddiaçı cavabdehin onun ödənişləri üzürlü səbəbdən etmədiyini nəzərə almadan, girov qoyduğu mopedi qanunsuz olaraq satdığını iddia edərək həmin mopedin alınaraq ona verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 302.1-ci maddəsinə əsasən, şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər; 302.2-ci maddəsinə əsasən, əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir; 302.3-cü maddəsinə əsasən, saxlanca qoyulan əşyalar lombarda verilir; 302.4-cü maddəsinə əsasən, lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda eyni növlü və keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir; 302.7-ci maddəsinə əsasən, əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir; 302.8-ci maddəsinə əsasən, lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir; 442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı 21 sentyabr 2020-ci il tarixdə özünə məxsus “Kuba Sniper” markalı mopedi sahibkarlıq fəaliyyəti qaydasında xüsusi icazəsi (lisenziyası) olan Cavabdeh məxsus lombarda 600 manat pul müqabilində girov qoymuş, cavabdeh həmin daşınar əşyanı saxlanca qəbul etmiş və iddiaçı aldığı pul məbləğini ssuda faizi ilə birlikdə 21 oktyabr 2020-ci il tarixədək lombarda qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, lombard sahibinin xəbərdarlıqlarına baxmayaraq, iddiaçı əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği olan 600 manat pulu və 370 manat ssuda faizini cavabdehə ödəməmiş, belə olan halda lombard sahibi olan cavabdeh Mülki Məcəllənin 302.7-ci maddəsində müəyyənləşdirilmiş qaydalara uyğun olaraq həmin əşyanı, yəni “Kuba Sniper” markalı mopedi satmışdır. Bu isə, ona dəlalət edir ki, cavabdeh həmin hərəkəti ilə qanunun tələblərini pozmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur, məhkəmə hesab edir ki, tərəflər öz üzərlərinə öhdəlik götürmüşlər, cavabdeh tərəf üzərinə düşən öhdəliyi yerinə yetirsə də, iddiaçı həmin öhdəliklərə əməl etməmiş, nəticədə cavabdeh qanunvericilikdə müəyyən edilmiş qaydada girov qoyulmuş əmlakı satmışdır. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla da, müəyyən edilmişdir ki, iddiaçının iddia tələbində göstərdiklərinin hər hansı bir əsası yoxdur, sübutetmə yükü qanunla onun üzərinə düşməsinə baxmayaraq, iddiaçı iddia tələbini məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmiş və tələbi ilə bağlı məhkəməyə heç bir mötəbər və əsaslı sübut təqdim etməmişdir. Əksinə, yuxarıda qeyd edilən işin faktiki halları ilə iddiaçının dəlillərinin əsassız olduğu tam sübuta yetirilmişdir və həmin əsaslarla da, məhkəmə hesab edir ki, ümumilikdə əsassız olan iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddiaçının məhkəmə iclasında verdiyi izahatında girov qoyulmuş mopedin (motosikletin) dəyərinin 600 manat deyil, 4800 manat olması barədə göstərdiklərinə münasibətdə isə qeyd edir ki, iddiaçının göstərdiyi həmin xüsusat onun iddiasının əsaslı olmasına dəlalət etmir, müqavilə, tərəflərin razılaşması əsasında lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilmiş, ödənişləri etməməsinin hüquqi nəticələri, o cümlədən əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda Mülki Məcəllənin 302.7-ci maddəsində müəyyən edilmiş qaydada lombardın həmin əşyanı sata biləcəyi iddiaçıya izah edilmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı “029526 saylı girov bileti əsasında Cavabdeh girov olaraq verilmiş “Kuba Sniper” modelli (qiyməti 3435 manat) mopedin cavabdehdən alınaraq ona verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “029526 saylı girov bileti əsasında Cavabdeh girov olaraq verilmiş “Kuba Sniper” modelli (qiyməti 3435 manat) mopedin cavabdehdən alınaraq ona verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar