Məhkəmə qərarları › İş №2(007)-388/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-388/2022

11.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-388/2022 11.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi nümayəndəsi X1, Maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 08.05.1965-ci il tarixdə anadan olmuş hal-hazırda onunla yaşayan X5 onun bacısıdır. Bacısı Maya 1-ci qrup müddətsiz əlildir, özünü sərbəst surətdə idarə edə bilmir, daima onun himayəsində yaşayır. Onun daima kənar şəxsin yardımına ehtiyacı vardır. Son illər bacısının vəziyyəti daha da ağırlaşmışdır. O, öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Bacısı onun köməyi olmadan həkimə müraciət edə bilmir. Müstəqil olaraq nəqliyyat vasitələrindən istifadə edə bilmir. Ona görə də bacısının qəyyuma ehtiyacı vardır. Nizami Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına xəstə bacısına qəyyum təyin edilməsi barədə müraciət etmişdir. Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məktubla müraciətinin onlar tərəfindən həll edilməsinin mümkünsüz olduğunu, xəstə bacısının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəmə qətnaməsi olduqdan sonra müraciətinin müsbət həll ediləcəyini bildirmişlər. Buna görə də, hal-hazırda onunla birlikdə yaşayan bacısı 08.05.1965-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X6 ərizəsini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 verdiyi izahatında ərizənin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndələrinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, 15153313 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 08 may 1965-ci il tarixdə Ermənistan Respublikası, Sisiyan rayonu, Qızılcıq kəndində anadan olmuşdur. - Bakı Şəhər Baş Səhiyyə Mərkəzi 26 nömrəli Şəhər Poliklinikasının 12.11.2021-ci il tarixli, 403 nömrəli arayışından görünür ki, ünvan 1-da qeydiyyatda olan 08.05.1965-ci il təvəllüdlü X5 həqiqətən 1989-cu il tarixdən “Orta kəmağıllıq” diaqnozu ilə poliklinikanın ruhi-əsəb xəstəlikləri kabinetində qeydiyyatdadır. - 11.08.2000-ci il tarixli, 167541 nömrəli əlillik vəsiqəsinin surətindən görünür ki, X5 1-ci qrup əlildir. - "xxxx" MTK-nın 12.11.2021-ci il tarixli arayışlarından görünür ki, X5 və Ərizəçi Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 52 saylı evin 9 saylı mənzilində yaşayırlar. - 15.11.2021-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 30 mart 2022-ci il tarixli, 754 saylı rəyindən görünür ki, 08.05.1965-ci il tarixdə Ermənistan Respublikası, Sisiyan rayonu, Qızılcıq kəndində anadan olmuş X4 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 08 may 1965-ci il təvəllüdlü bacısı X5 “Orta dərəcəli əqli gerilik, davranış pozuntuları” diaqnozu ilə xəstədir, hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar olması barədə 30 mart 2022-ci il tarixli 754 saylı rəy verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 320.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla belə qənaətə gəlir ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə, onunla birlikdə yaşayan qardaşı Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən, X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla bağlı məhkəmə hesab edir ki, hazırkı qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 08 may 1965-ci il tarixdə Ermənistan Respublikası, Sisiyan rayonu, Qızılcıq kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08 may 1965-ci il tarixdə Ermənistan Respublikası, Sisiyan rayonu, Qızılcıq kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar