Məhkəmə qərarları › İş №2(007)-3900/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3900/2025

12.03.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3900/2025 12.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi, Ərizəçinin vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb :

1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1961-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, atası X9 uzun müddətdir ki, psixi xəstəliklərdən əziyyət çəkir. Azərbaycan Respublikası ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən X8 xx.xx.2025-ci il tarixdə “Sinir sisteminin başqa rubrikalarda təsnif olunmayan digər degeharativ xəstəlikləri, atrofiya nəticəsində ağıl zəifliyi (demensiya) davranış pozuntuları ilə, MMSE-9 daim kənar şəxslərin qulluq və himayəsinə ehtiyac var” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Orqanizmin funksiyalarının pozulması faizi 70% müəyyən edilmişdir. X9 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu şəkildə idarə etmək iqtidarında deyildir. Onun daim kənar şəxsin köməyinə ehtiyacı vardır. Xəstəliyi ilə əlaqədar atasına o, baxır. X4 üzərində qəyyum təyin edilməsinə dair şifahi müraciətinə Nizami rayon İcra Hakimiyyətində bildirilmişdir ki, X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra baxıla bilər. Ona görə də o, məhkəməyə müraciət edir. 20 08.1961-ci il təvəllüdlü X6 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməyə kifayət qədər əsaslar vardır.

İş materialları :

3. Respublika Neyrocərrahiyyə Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli müayinə olan şəxs barədə məlumatdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X3 İV mədəciyin proyeksiyasında Tl, T2 və Flair rejimlərində hiperintens görünən 7,0 mm lokal sidiroz sahəsi kimi dəyərləndirilən görüntü izlənilir. Beyin kötüyündə bir ədəd qliotik ocaq izlənilir. Sağ periventrikular sahəsində qlioz, ensefalomalyasiya sahəsi izlənilir. Hər iki beyin yarımkürəsində, periventrikulyar, subkortikal sahələrdə, çox saylı, müxtəlif ölçülü qliotik ocaqlar və bir neçə ədəd xroniki lakunar infarkt ocaqlari qeyd edilmişdir. Kortikal sulkus giruslann dərinliyi və genişliyi artmış, subaraxnoidal sahələr genişlənmişdir. İll və lateral mədəciklər genişlənmişdir. Orta anatomik strukturlarının yerdəyişməsi ləyin edilməmişdir. Bazal qanqlionlar, daxili və xarici kapsula, talamuslar normaldır. Selyar, paraselyar, pineal nahiyyə normaldır. Hipofiz vəzi, görmə sinirləri, görmə çarpazı normaldır. Hippokampusların strukturu və ölçüləri normaldır. Arxa kəllə çuxurunda retroserebelyar araxnoidal kista (14,0x6,0mm) təyin edilmişdir. Medulla oblanqata, bazal sisternalar, 4-cü mədəciyin genişliyi və konfiqurasiyası normaldır. Hər iki maksilyar, etmoidal sinuslarda mukoz qalınlaşma, sağ maksilyar sinusda retension kista qeyd edilmişdir.

4. 2 nömrəli Klinik psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.1961-ci il təvəllüdlü X8 məxsus ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X8 atrofiya nəticəsində ağıl zəifliyi (demensiya) davranış pozuntuları ilə, MMSE-9 daim kənar şəxslərin qulluq və himayəsinə ehtiyac var diaqnozu qoyulmuşdur.

5. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən verilmiş xx.xx.1961-ci il təvəllüdlü X8 məxsus ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, “Sinir sisteminin başqa rubrikalarda təsnif olunmayan digər degeharativ xəstəlikləri, atrofiya nəticəsində ağıl zəifliyi (demensiya) davranış pozuntuları ilə, MMSE-9 daim kənar şəxslərin qulluq və himayəsinə ehtiyac var” diaqnozu qoyulmuşdur.

6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X9 ikinci dərəcəli əlildir, əlilliyin səbəbi ümumi xəstəlik, orqanizm funksiyalarının pozulma faizi 70%, əmək zəmanəti əmək qabiliyyətsizdir, diaqnozu xx.xx.2025-ci il tarixdə “Sinir sisteminin başqa rubrikalarda təsnif olunmayan digər degeharativ xəstəlikləri, atrofiya nəticəsində ağıl zəifliyi (demensiya) davranış pozuntuları ilə, MMSE-9 daim kənar şəxslərin qulluq və himayəsinə ehtiyac var”.

7. İş materiallarına X6 Bakı 2 nömrəli X5 müayinə olunmasına dair məlumatlar əlavə edilmişdir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 tərəfindən verilmiş Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 4419 saylı rəyindən görünür ki, X7 insultdan sonra damar mənşəli dərin demensiya (ağıl zəifliyi (F02) müəyyən edilir. X9 onda qeyd olunan damar mənşəli demensiya (ağıl zəifliyi) ilə əlaqədar öz hərəkərlərinin mənasını dərk etmək və onları süurlu idarə etmək iqtidarına malik deyil. X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar mövcuddur. X6 psixi vəziyyəti onun məhkəmə iclasında iştirakına yol vermir.

9. xx.xx.2025-ci il tarixli, **********36 nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

10. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir.

319. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir. 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir.

İşin faktiki halı :

15. Ərizəçi atası xx.xx.1961-ci il təvəllüdlü X9 “Sinir sisteminin başqa rubrikalarda təsnif olunmayan digər degeharativ xəstəlikləri, atrofiya nəticəsində ağıl zəifliyi (demensiya) davranış pozuntularından əziyyət çəkir və psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir.

Məhkəmənin mövqeyi :

16. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

17. Belə ki, mülki qanunvericiliyə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən qəyyumluq və himayəçilik təyin edilir.

18. xx.xx.1961-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyətinin olmaması məhkəmə tərəfindən tədqiq edilmiş iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 tərəfindən verilmiş Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 4419 saylı rəyi ilə öz təsdiqini tapmışdır.

19. Belə ki, iş üzrə xx.xx.1961-ci il təvəllüdlü X6 psixi vəziyyətinin müəyyən edilməsi zərurəti olduğundan məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməpsixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

20. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 tərəfindən verilmiş Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 4419 saylı rəyindən görünür ki, xx.xx.1961-ci il tarixdə Füzuli şəhərində anadan olmuş X9 “Sinir sisteminin başqa rubrikalarda təsnif olunmayan digər degeharativ xəstəlikləri, atrofiya nəticəsində ağıl zəifliyi (demensiya) davranış pozuntuları aşkar olunduğu, onun öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, onun öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün əsasların mövcud olduğu və X1 onun məhkəmə iclasına çağırılmasına yol vermədiyi qeyd edilmişdir.

21. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlər ilə birlikdə qiymətləndirərək qeyd edir ki, hazırki işin hallarının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və məhkəmənin özü müstəqil qaydada həmin halları müəyyən edə bilmədiyindən ekspert rəyi iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir.

22. Ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

23. Buna görə də məhkəmə qeyd edir ki, xx.xx.1961-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair kifayət qədər əsaslar olduğundan X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.

24. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır.

Nəticə :

25. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və xx.xx.1961-ci ildə Füzuli şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

26. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi : Ərizə təmin edilsin. xx.xx.1961-ci ildə Füzuli şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar