Məhkəmə qərarları › İş №2(007)-396/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-396/2025

31.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-396/2025 31.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 mart 2011-ci il təvəllüdlü X2 və 30 yanvar 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat məbləğində alimentin Cavabdeh atutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 30 yanvar 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 235 manat məbləğində alimentin Cavabdeh atutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, Cavabdeh ilə 2009-cu ildə qeyrirəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 18 mart 2011-ci il təvəllüdlü X4 və 30 yanvar 2022-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Cavabdeh uşaqlarına baxmadığı üçün 2016-cı ildə aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli, 2(007)-7265/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 10 oktyabr 2016-cı il tarixdən başlayaraq 18 mart 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 140 manat aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Uşağın saxlanması üçün məhkəmə tərəfindən təyin olunmuş məbləğ yetərli deyildir və uşağın tələbatlarını heç cürə ödəmir.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. AZ-İV seriyalı 739084 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 30 yanvar 2022-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

9. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 20 noyabr 2023-cü il tarixli, MŞB/9/2023-02207 saylı arayışdan görünür ki, Cavabdeh 20 noyabr 2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı iştirak etmiş və dövlət rüsumu ödəməkdən azad olunduğundan mediasiya xərcini ödəməmişdir.

İşin faktiki halları:

10. Bеləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 2 övladı doğulmuşdur. Hazırda iddiaçı uşağın saxlanılmasında çətinlik çəkir. Bu səbəbdən iddiaçı 30 yanvar 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin ödənilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Konstitusiyasının:

17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

12. “Uşaq Hüquqları haqqında” Konvensiyasının:

3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:

13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

14. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:

75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 79.1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76—78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

15. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı:

Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarı:

8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı:

8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

18. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu:

2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi:

19. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir.

20. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 30 yanvar 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Göründüyü kimi 2024-cü il üzrə minumum əmək haqqı 345 manatdır və qeyd olunan plenum qərarına əsasən Cavabdeh 30 yanvar 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10 oktyabr 2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.681 misli həddində aliment İddiaçı xeyrinə tutulmalıdır.

21. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.

Məhkəmə baxışının hədləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

23.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmə xərcləri:

24. Hazırki halda, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur.

25. Odur ki, alimentin tutulması ilə bağlı ödənilməli olan 48.20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Nəticə:

26. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 30 yanvar 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10 oktyabr 2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.681 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir.

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh 30 yanvar 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10 oktyabr 2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.681 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Məhkəmə xərclərinə adi olan 48.20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi qətnamənin icrasını dayandırmır. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar