Məhkəmə qərarları › İş №2(054)-111/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-111/2025

03.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-111/2025 03.03.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Giriş hissə: X9 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə 03 mart 2025-ci il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı övladları-31 avqust 2019-cu il tarixdə anadan olmuş X1 və 09 dekabr 2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-207/2023 saylı qətnaməsinə əsasən cavabdehin hər növ qazancından hər ay hər uşağa tutulan 125 manat, cəmi 250 manat sabit pul məbləğində alimentin artırılması və 10 sentyabr 2024-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment təyin edilərək hər uşağa 250 manat olmaqla cəmi 750 manat alimentin cavabdehdən onun xeyrinə tutulması tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə 03 mart 2025-ci il tarixdə iddia həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdehdən 10 sentyabr 2024-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı cavabdehlə 2017-ci ildə qeyri-rəsmi nikahla ailə qurmuş, həmin nikahdan onların 31 avqust 2019-cu il tarixdə Xədicə və 09 dekabr 2020-ci il tarixdə Həcər adlı iki övladı anadan olmuşdur. Uşaqların doğumu atalığın müəyyən edilməsi ilə qeydə alınmışdır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-207/2023 saylı qətnaməsinə əsasən cavabdehdən hər uşağın saxlanması üçün 125 manat olmaqla hər ay cəmi 250 manat alimentin tutulması qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə tərəflərin Yəhya adlı oğlu anadan olmuşdur. Onun doğumu da atalığın müəyyən edilməsi ilə qeydə alınmışdır. Tərəflər hazırda ayrı yaşayırlar, belə ki, iddiaçı 3 uşağı ilə birgə Oğuz şəhərində kirayə mənzil tutub yaşayır. Qüvvədə olan qanunvericiliyə görə keçən illərdə təyin olunmuş aliment məbləğlərinin artırılması indeksasiya olunmaqla həyata keçirilməlidir. Bununla bağlı ayrıca ərizə ilə müraciət olunacaq. Ona görə də iddia həcminin azaldılması barədə ərizə təqdim etmişdir. Cavabdeh iki uşağa cəmi 250 manat alimenti ödəsə də əlavə maddi yardım etmir və üçüncü uşağına aliment vermir. Buna görə də Yəhyanın saxlanması üçün aliment təyin edilməli olduğundan məhkəməyə müraciət edilmişdir. Əvvəl təyin olunmuş aliment məbləğləri indeksasiya olunarkən qüvvədə olan minimum əmək haqqının misli nəzərə alınacağından hazırki tələbə də qiymət verilərkən bu xüsusatın nəzərə alınması mümkündür. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaçının izahatını qismən təsdiq etdi, əlavə olaraq bildirdi ki, Oğuz Rayon Məhkəməsinin sözügedən qətnaməsindən sonra da iddiaçı ilə birlikdə yaşamışdır. xx.xx.2024-cü il ildə anadan olmuş oğluna da, qızlarına da baxır, daimi olaraq görüşür. Amma iddiaçının bildiyi kimi onun başqa ailəsi, 4 uşağı var, sonuncu uşağı bu ilin fevral ayında anadan olub. Uşağın biri tələbədir. Yoldaşı da sağalmaz xəstədir. Buna görə də maddi imkanı aşağı olduğundan uşaqlara 250 manatdan hesablanan alimenti verə bilməyəcək. İddiaçı Yəhya doğulandan sonra qayıdıb Oğuza gəlib. Əslində yenə də birlikdə yaşaya bilərlər. Belə ki, Qəbələdə ayrıca evi də vardır. İddiaçı ilə orada yaşaya bilərlər. Qızlara necə təyin olunubsa oğluna da həmin həddə aliment təyin olunmasına etiraz etmir. İddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini, habelə cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının mülki işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1979-cu ildə Azərbaycan Respublikası Qəbələ rayonu, Bunud kəndində anadan olmuş, yaşayış yeri Qəbələ rayonu Bunud kəndidir. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 812422 saylı şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə Qəbələ şəhərində anadan olmuş, bu barədə Qəbələ Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 1051 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 582035 saylı şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə Qəbələ şəhərində anadan olmuş, bu barədə Qəbələ Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 598 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş doğum haqqında AZ-V 041130 saylı şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə Qəbələ şəhərində anadan olmuş, bu barədə Qəbələ Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 839 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş atalığın müəyyən edilməsi haqqında AZ-İ 448970 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçı doğulmuş X3 atası hesab edilmiş, bu barədə Qəbələ Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 41 nömrə ilə qeyd edilmişdir. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, e-2(054)-207/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 31 avqust 2019-cu il tarixdə anadan olmuş X1 və 09 dekabr 2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə verilməsi, alimentin bu qaydada tutulmasının 16 fevral 2023-cü il tarixdən hesab edilməsi qət edilmişdir. İşə əlavə edilmiş nikah haqqında AZ-İ 188240 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X8 xx.xx.2005-ci ildə nikah bağlamış, bu barədə Qəbələ rayon Bunud kənd icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 14 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Baxışov soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında AZ-İ 809131 saylı, AZ-İİ 232078 saylı, AZ-İİİ 827010 saylı və AZ-V 070699 saylı şəhadətnamələrin surətindən görünür ki, 2006-cı il təvəllüdlü Nazlı, 2009-cu il təvəllüdlü Zəkəriyyə, 2011-ci il təvəllüdlü Süleyman və xx.xx.2025-ci il təvəllüdlü Saranın atası Cavabdeh, anası X4r. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 29.4-cü maddəsinə əsasən ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 saylı Qərarının 8.4-1-ci yarım bəndinə əsasən istinad edilən maddənin (110.2) tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsində aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyulur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün yaşayış minimumu hər ay 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı və cavabdeh faktiki nikahla ailə qurmuşlar. Həmin nikahdan tərəflərin 2019, 2020 və 2024-cü il təvəllüdlü üç övladı vardır. Uşaqların doğumu atalığın müəyyən edilməsi ilə qeydə alınmışdır. İddiaçı 2023-cü ildə qızlarının saxlanması üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsinə əsasən hər uşağa 125 manat olmaqla hər ay cəmi 250 manat alimentin cavabdehdən tutulması qət edilmişdir. Tərəflərin 3-cü övladı xx.xx.2024-cü il tarixdə doğulmuşdur. İddiaçı yenə də cavabdehdən ayrılmış, Oğuz şəhərində uşaqları ilə birgə kirayədə yaşayır. İddia tələbinə görə 3-cü uşağa aliment təyin olunması xahiş edilir. Cavabdehin qüvvədə olan nikahından 2006, 2009, 2011 və xx.xx.2025-ci il təvəllüdlü dörd uşağı vardır. İddiaçı uşağa cəmi 250 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etsə də, cavabdehin qazancına dair sübutlarını təqdim etməmişdir. Cavabdeh isə əvvəlki nikahdan doğulmuş uşaqlarının və onların əlil olan anasının maddi ehtiyaclarının da onun tərəfindən ödənildiyini bildirərək qızlarına təyin olunmuş məbləğdə, yəni hər ay 125 manat aliment ödəməyə imkanının olduğunu bildirir. Məhkəmə bildirir ki, ailə qanunvericiliyinin tələbinə əsasən uşaqlara baxmaq hər iki valideynin vəzifəsi olduğundan qazancının olmaması valideyni uşaqlarına maddi yardım etmək vəzifəsindən azad etmir, lakin cavabdehin hazırki maddi imkanları və himayəsində yetkinlik yaşına çatmayan üç övladının da olduğu, iddia ərizəsinin xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olması və 2025-ci il üçün ölkədə minimum əmək haqqı miqdarının 400 manat olması nəzərə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair qanunvericiliyin tələbi, cavabdehin maddi vəziyyəti və 2025-ci il üçün müəyyən edilmiş 400 manat məbləğində minimum əmək haqqına əsasən cavabdehdən sonrakı artımlar nəzərə alınmaqla xx.xx.2025-ci il tarixdən hesablanmaqla 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqının 0,36 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 37,28 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Nəticə hissə: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən sonrakı artımlar da nəzərə alınmaqla hər ay 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqının 0,36 misli həddində sabit pul məbləğində aliment tutularaq, 10 sentyabr 2024-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Alimentin bu qaydada tutulması 09 yanvar 2025-ci il tarixdən hesab edilsin. Cavabdeh 37,28 manat alınaraq respublika büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar