Məhkəmə qərarları › İş №2(3-8)-99/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-99/2026

10.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(3-8)-99/2026 10.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aliment miqdarının artırılması və uşağın müalicəsi üçün pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X6 və X4 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4750/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması və uşağın müalicəsi üçün pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.70 misli həddində sabit pul məbləğində alimentin və X1 müalicəsinə sərf olunan 400 manat pulun yarısının, yəni 200 manat pulun hər ay tutuluraq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3430/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün cavabdehdən hər ay qazancının və ya başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsində alimentin tutularaq ödənilməsi qət edilmişdir. Himayəsində olan X3 “Autizm spektr pozuntusu, hər iki qulağın 60% enməsi” diaqnozu qoyulmuşdur. 14 iyul 2023-cü ildən halhazırkı vaxtadək duy bütünlənmə, 29 fevral 2024-cü il tarixdən hal-hazırki tarixədək isə loqoped müalicəsi alır. Bu müalicələrin hər biri üçün ayrı-ayrılıqda aylıq ödəniş 240 azn (ümumilikdə 480 manat) təşkil edir. Cavabdehin verdiyi aliment məbləği ilə həm müalicə xərclərini, həm digər xərclərin onun tərəfdən qarşılanması mümkün deyildir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. 3.İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4750/2025 nömrəli qətnaməsi ilə (hakim M.Abbasova) iddia qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-3430/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,615 misli həddində alimentin və uşağın müalicə xərci kimi 150 manat pulun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş Məhəmməd adlı uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsindədir və onun maddi ehtiyacları artmaqda, həmçinin xəstəliyi ilə əlaqədar maddi xərcləri çoxalmaqdadır.

6. Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 75.1, 78.2, 81.1, 112-ci maddələrinə, "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa istinad edərək iddianı qismən təmin etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər

7. Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4750/2025 nömrəli qətnaməsinin qismən, uşağın müalicə xərci kimi 150 manat məbləğində pulun tutulması hissəsində ləğv edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, övladına baxır, lakin maddi cəhətdən özü də çox əziyyət çəkir. Hər ay ümumi 396 manat məbləğində pulu iddiaçı tərəfə ödəyə bilməyəcək. Çünki aylıq gəliri heç 396 manat etmir. Maddi cəhətdən əziyyət çəkir. Valideynləri ilə birlikdə yaşayır. 396 manat məbləğində aliment pulunu ödəyə bilmədiyi halda həbs oluna bilər, bu zaman övladına heç bir manat da ödəyə bilməz. Valideynləri ahıl yaşdadır və onlara da həm maddi, həm də mənəvi cəhətdən baxır. Valideynləri ilə birlikdə kirayə yaşayır. Başa düşür ki, övladına aliment ödəməlidir. Lakin, səhhəti və gəliri nəzərə alınmalıdır. Hər dəfə alimentin miqdarı artırıldıqda maddi sıxıntıları olur. Təbii ki, uşaqların saxlanması valideynlərin borcu və vəzifəsidir. Amma qanunda da yazılmır ki, uşaqları saxlamaq təkcə atanın borcudur. Əksinə, qanunda uşaqları saxlamağın hər iki valideynin borcu olduğu və uşaqlara münasibətdə valideynlərin hüquq və vəzifələrinin bərabər olduğu açıq göstərilir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabeh oğlu hərbçidir, Müdafiə Nazirliyində işləyir, 756 manat maaş alır. Özü xəstədir, kirayədə qalırlar, oğlu həm ona baxır, həm də aliment ödəyir. Uşağın müalicəsi üçün əlavə xərcləri ödəməyə imkanı çatmır. Nəvəsini 1 yaşından sonra görməmişdir, iddiaçı uşaqla ünsiyyətə şərait yaratmır. Özü işləyir, 350 manat əmək haqqı alır. Cavabdehin yalnız 246 manat aliment məbləğini ödəməyə maddi imkanı vardır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişldir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

12. Abşeron Rayon Məhkəməsinin 2(012)-3430/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(012)-470/2022 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 18 iyun 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutulması qət edilmişdir.

13. Aayışdan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X5 "İLK SÖZ Nitq və Psixologiya" mərkəzində (Autizm spektr pozuntusu, hər iki qulağın 60% enməsi) diaqnozu ilə aşağıdakı göstərilən vaxtdan müalicə alır. Psixoloq xx.xx.2023-cü il tarixindənxx.xx.2024-cü ilədək, Duy bütünləmə xx.xx.2023-cü il tarixindən - hal-hazırkı tarixədək Loqoped xx.xx.2024-cü il tarixindən - hal-hazırki tarixədək. Aylıq ödəniş hər biri üçün ayrıayrılıqda 240 manat təşkil edir.

14. Sumayıt Şəhər Psixiatriya Xəstəxanasının rəyindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X2 psixoloji inkişafın qarışıq spesifik pozuntusu müəyyən olunur.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyası

17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsi

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

17. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

18. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4750/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni uşağın müalicə xərci kimi 150 manat məbləğində pulun tutulması hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə 150 manat əlavə xərcin tutulması hissəsində dəyişdirilməli, həmin məbləğ 100 manat həddində müəyyən edilməlidir.

20. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3430/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən birgə nikahdan olan uşağın saxlanılması üçün tutulan cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarındakı aliment dəyişdirilərək hər ay hər il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,615 misli həddində, yəni 246 manat müəyyən edilmiş, cavabdeh qətnamənin qeyd edilən hissəsi ilə razılaşmışdır. Cavabdeh 756 manat əmək haqqı aldığını iddia etməklə, yanaşı həmin məbləğ Abşeron Rayon Məhkəməsinin 2(012)-3430/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsində istinad olunmuş arayışda da qeyd olunmuşdur. İddiaçı isə cavabdehin daha yüksək gəlirlərə malik olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir.

21. Məhkəmə kollegiyası cavabdehin maddi vəziyyətini, valideynlərin hər ikisinin uşağın saxlanmasında iştirakının zəruriliyini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2020-ci il təvəllüdlü X1 müalicə xərci kimi 150 manat pulun tutulması hissəsində dəyişdirilməli, uşağın müalicə xərci kimi Cavabdeh İddiaçı xeyrinə 100 manat pul tutulmalı, apellyasiya şikayəti qalan hissdə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4750/2025 nömrəli qətnaməsi xx.xx.2020-ci il təvəllüdlü X1 müalicə xərci kimi 150 (yüz əlli) manat pulun tutulması hissəsində dəyişdirilsin. xx.xx.2020-ci il təvəllüdlü X1 müalicə xərci qismində hər ay Cavabdeh 100 (yüz) manat alınaraq, İddiaçı verilsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar