Məhkəmə qərarları › İş №2(041)-2261/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2261/2025

07.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2261/2025 07.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və alimentin təyin olunması” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və alimentin təyin olunması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna uyğun deyil. Belə ki, iddiaçı məhkəməyə “alimentin artırılması və alimentin təyin olunması” tələbi barədə iddia ərizəsi vermiş, məhkəmədən üç azyaşlı övladlarının- xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər bir uşaq üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində olmaqla, ümumi olaraq 600 (altı yüz) manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmiş, tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, onları təsdiq edən sübutların siyahısı təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.5-ci maddəsinə əsasən iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı düzgün qeyd edilməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Mülki Prosessual Məcəllənin 150.1.7-ci maddəsininin tələbinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən hakim “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmçinin, iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və alimentin təyin olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Məhkəmənin hakimi: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar