Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3960/2022 30.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız olması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız olması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsini, onun hüquqi savadsızlıq və guya oğlu ilə qarşı tərəf arasında yaranmış mübahisənin həlli və təkrarən əməkdaşlığa davam edilməsi vədi altında Cavabdeh MMC tərəfindən aldadılaraq və yalan vəd verərək ona imza etdirilmiş xx.xx.2020-ci il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə tamamilə qanunsuz və etibarsız olması səbəbindən həmin müqavilənin etibarsız olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin yolverilməzliyinə görə qəbul etməkdən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə xx.xx.2022-ci il tarixli, 02/2022 saylı qərardadı ilə məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Qərarda qeyd edilmişdir ki, digər tərəfdən, əqdə əsaslanan tələb üzrə işin icraatda olduğu və ya məhkəmə aktının qəbul edildiyi nəzərə alınmadan həmin əqdin etibarsız hesab edilməsinə dair tələblərin icraata qəbul edilməsi və baxılması hüquqi müəyyənlik prinsipinə də ziddir. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olub-olmamasını da müəyyən etmiş olur. Bu baxımdan, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir. da qeyd edilməlidir ki, əqdə əsaslanan iddia irəli sürülənədək tərəflər həmin əqdin etibarsız hesab edilməsinə dair tələblə məhkəməyə müraciət etməkdə sərbəstdirlər. Sadəcə olaraq, bu tələbə baxılaraq qiymət verildiyi halda, sonradan həmin əqdə əsaslanan iddiaya baxılması zamanı əvvəlki iş üzrə etibarsızlıqla bağlı qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmiş hallar bu iş üçün preyudisial əhəmiyyət kəsb etməklə, təkrar qiymətləndirmə imkanını aradan qaldırmış olacaqdır. Beləliklə, mülki prosessual qanunvericiliyin qeyd edilən tələbləri baxımından belə qənaət hasil olur ki, əqdə əsaslanan iddialara baxıldığı halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsi tələblərinin irəli sürülməsi və onlara baxılması yolverilməzdir. Ona görə də, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair (etibarsızlığın növündən asılı olmayaraq) verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi MPM-in 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı xx.xx.2020-ci il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə əsasən 56486 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq Cavabdeh MMCyə ödənilməsini xahiş etmiş, Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(110)- 496/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti vermiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)- 145/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1236/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minmişdir. Cavabdeh İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərəkən bildirmişdir ki, MMC cavabdehi aldadaraq ona olmayan borcun etirafı haqqında müqavilə imzaladaraq olmayan borcu ödəməyə məcbur edir. Borcun etirafı haqqında müqavilə tamamilə əsassız olmaqla, cavabdehə heç bir aidiyyəti yoxdur. MMC cavabdehi ofisinə dəvət etməklə, təsir vasitələrindən istifadə edərək müqavilənin bağlanmasına nail olmuşdur. Əslində, borcun cavabdehə heç bir aidiyyəti yoxdur. Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarında bildirmişdir ki, tərəflər arasında bağlanmış 30 yanvar 2020-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə” mövcud olması işin mübahisəsiz halıdır. Kassasiya şikayətinin dəlili isə bundan ibarətdir ki, həmin müqavilə aldatma və digər təsir vasitələrindən istifadə edilməklə bağlanmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh qeyd etdiyi həmin hallarla bağlı hər hansı hüquq-mühafizə orqanına müraciət etməmiş, müqavilənin etibarsızlığı barədə məhkəmədə iddia irəli sürməmiş və həmin hallar barədə yalnız həmin iş üzrə apellyasiya və kassasiya şikayətlərində bildirmişdir. Halbuki, kənar təsir vasitəsiləri altında müqavilə imzalamış şəxsin atmalı olduğu ilk addım həmin halla bağlı hər hansı səlahiyyətli orqana məlumat verməsi olmalıdır, həmçinin əqdi mübahisələndirməlidir. Lakin, cavabdeh bunlarla bağlı sübutlar təqdim edə bilməmişdir. Kassasiya kollegiyası həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı MMC tərəfindən iddia ərizəsinə cavabdehin şəxsiyyət vəsiqəsinin A4 formalı kserosurəti (mülki iş İ cild, səhifə 6) əlavə edilmişdir. İddiaçı adından yazılmış həmin kserosurətdə borc, məbləği (56486 azn) də qeyd edilməklə əlyazma ilə etiraf edilmiş, xx.xx.2020-ci il tarixə imza edilmişdir. Cavabdeh hazırki məhkəmə icraatı çərçivəsində və daha əvvəl həmin əlyazmanın (əlyazmada olan imzanın) mötəbərliyini mübahisələndirməmişdir. (Səhifə 5.) Göründüyü kimi, hazırda İddiaçı xx.xx.2020-ci il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilənin etibarsız hesab edilməsini xahiş etsə də, artıq Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qanuni qüvvəsini almış qərarı ilə həmin məsələyə qiymət verilmiş və əqdin etibarsızlığına münasibət bildirilərək xx.xx.2020ci il tarixli müqavilə əsasında yaranmış 56486 manat məbləğində borc məbləğinin İddiaçı tutulmasını əsaslı saymışdır. Belə olan halda, hesab edirəm ki, əqdə əsaslanan iddia üzrə mübahisəyə dair Ali Məhkəmənin qanuni qüvvəsini almış qərarının olması səbəbindən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qətnamələr olması, həmin cavabdehə qarşı həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olduğundan iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina edilməlidir. Məhkəmə həmçinin bildirir ki, iddiaçı iddia ərizəsində qoşma hissəsinə “dövlət rüsumuna dair elektron qəbz” qeyd etsə də, iş materiallarında bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 150, 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız olması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3960/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3960/2022
30.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver