Məhkəmə qərarları › İş №2(007)-4018/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4018/2021

03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4018/2021 03.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyev Xədicə Rəşid qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında 07 sentyabr 2020-ci il tarixli, “Borc müqaviləsi” rəsmiləşdirilmişdir. Borc Müqaviləsinə əsasən iddiaçı tərəfindən ümumilikdə 115 000 (bir yüz on beş min) manat məbləğində borc pul vəsaiti verilmiş olsa da, həmin vəsaitin cəmi 31 560 (otuz bir min beş yüz altmış) manat məbləği geri ödənilmişdir. Yerdə qalan 83 440 AZN (səksən üç min dörd yüz qırx manat) vəsaiti bu günə qədər ödənilməmişdir. Bu isə mülki qanunvericiliklə iddiaçının hüquqlarının kobud şəkildə pozulmasını özündə əks etdirir. Borc müqaviləsi üzrə ödənilməli olan qalıq 83 440 (səksən üç min dörd yüz qırx) manat vəsaitin geri ödənilməsinə dair dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, həmin pul vəsaiti bugünədək İddiaçı ödənilməmişdir. 14.07.2021-ci il tarixli, 009 nömrəli pretenziya məktubu ilə cavabdehə müraciət olunaraq yaranmış borcun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, lakin onunla da hər hansı bir müsbət nəticə əldə olunmamışdır. Cavabdehin müqavilə üzrə borcunu ödəməməsi pul vəsaitinin qaytarılmaması ilə nəticələnmişdir ki, həmin pul vəsaitinə iddiaçının mülkiyyət hüquqları vardır. Cavabdehdən iddiaçının xeyrinə 83 440 (səksən üç min dörd yüz qırx) manat məbləğində borc tutulmalıdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil 17.11.2021-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, 07 sentyabr 2020-ci il tarixli Borc Müqaviləsi üzrə ödənilməmiş 78.440 AZN (yetmiş səkkiz min dörd yüz qırx manat) məbləğində borcun, borc müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3.128,40 (üç min yüz iyirmi səkkiz manat qırx qəpik) manat faiz borcunun, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 1000 AZN (bir min manat) məbləğində haqqın, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ümumilikdə, Cavabdehndən 82.598,40 (səksən iki min beş yüz doxsan səkkiz manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi (qaytarılması) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 17.11.2021-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıya müqavilə üzrə 78440 manat ödənilməmiş borcu olması öz təsdiqini tapdığı üçün, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3128,40 manat faiz borcu, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 1000 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə verilməsi barədə iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 07.09.2020-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı tərəfindən ümumilikdə 115 000 (bir yüz on beş min manat) manat məbləğində borc pul vəsaiti verilmişdir. Müqavilənin 1.1-ci maddəsinə əsasən “Borc alan” borc məbləğini 31 dekabr 2020-ci il tarixinədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan pretenziya məktubundan görünür ki, "PARK CİTY” MMC ilə İddiaçı arasında rəsmiləşdirilmiş 07 sentyabr 2020-ci il tarixli Borc Müqaviləsinə əsasən İddiaçı tərəfindən Cəmiyyətə 115 000 AZN (bir yüz on beş min manat) məbləğində borc pul vəsaiti verilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq Cəmiyyət borc məbləğini 31 dekabr 2020-ci il tarixinədək İddiaçı geri ödəməsinə dair öhdəlik götürmüşdür. Lakin, 14 iyul 2021-ci il tarixinədək borc məbləğindən yalnız 20 500 AZN (iyirmi min beş yüz manat) geri ödənilmişdir. Müqavilə üzrə ödənilməli olan qalıq 94 500 AZN (doxsan dörd min beş yüz manat) vəsaitin geri ödənilməsinə dair dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin pul vəsaiti bugünədək İddiaçı ödənilməmişdir. Qeyd olunanları nəzərə alaraq, borcludan 94 500 AZN (doxsan dörd min beş yüz manat) məbləğində qalıq borc vəsaitin 3 gün ərzində İddiaçı ödənilməsini tələb edilmişdir. Əks təqdirdə, qalıq borc vəsaitindən əlavə onun vaxtında ödənilməməsinə görə vurulmuş zərərin əvəzi və müvafiq məhkəmə xərclərinin də ödənilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan 13.07.2021-ci il tarixli 231030 nömrəli ödəniş tapşırığından görünür ki, 1000 manat məbləğində pul vəsaiti “Libra” Vəkil Bürosunun hesabına köçürülmüşdür. İş materiallarında olan 13.09.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 07 sentyabr 2020-ci il tarixli borc müqaviləsinə əsasən ümumilikdə 115 000 (bir yüz on beş min manat) manat məbləğində borc pul vəsaiti verilmişdir, həmin borcdan 31560 (otuz bir min beş yüz altmış) manat vəsaiti məhkəməyədək, 5000 (beş min) manat vəsaiti isə məhkəmə gedişatı zamanı, cəmi 36560 (otuz altı min beş yüz altmış) manat məbləğ geri qaytarılmış, 78440 manat (yetmiş səkkiz min dörd yüz qırx) manat məbləğində vəsait cavabdeh tərəfindən ödənilməmişdir. 14.07.2021-ci il tarixli, 009 nömrəli pretenziya məktubu ilə borcluya müraciət olunaraq yaranmış borcun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi cavabdehin icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarında MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır. MM-in “Müqavilə hüququ” adlı 20-ci Fəslində yer alan və bütün müqavilələrə şamil olunan 399 və 399.3-cü maddələri baxımından müqavilə azadlığı prinsipinə formal bərabərlik kimi baxıla bilməsi qeyd olunmuşdur. Həmin qərara əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe bir daha təsdiq edilməklə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Göründüyü kimi, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən müqavilə müddətinin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 3128,40 faizlə hesablanmış manat məbləğində faiz borcu tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməldir. İş materiallarına əlavə edilmiş 13.07.2021-ci il tarixli 231030 nömrəli ödəniş tapşırığından görünür ki, 1000 manat məbləğində pul vəsaiti “Libra” Vəkil Bürosunun hesabına köçürülmüşdür. Eyni zamanda 13.09.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda hüquqi yardım göstərilməsi üçün ödənimiş 1000 manat və məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 07 sentyabr 2020-ci il tarixli borc müqaviləsinə əsasən 78.440 manat, borc müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3128.40 manat faiz, hüquqi yardım üçün ödənilmiş 1000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 82.598.40 manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 07 sentyabr 2020-ci il tarixli borc müqaviləsinə əsasən 78.440 manat, borc müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3128.40 manat faiz, hüquqi yardım üçün ödənilmiş 1.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 82.598.40 manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar