Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4072/2024 17.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Ərizəçi maraqlı şəxs 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, X3 ilə Ərizəçi arasında 23 iyul 1978-ci il tarixdə bağlanmış 6 nömrəli akt qeydinin 23 oktyabr 1954-cti il tarixdə Ermənistan SSR, Amasiya rayonunda anadan olmuş X2 məxsus olmasına dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən prosessual qanunvericiliyin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının:
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. İş materiallarına əlavə edilmiş 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sənədlərin yoxlanılması zamanı aşkar edilmişdir ki, nikah haqqında şəhadətnamədə ərizəçinin ərinin doğum tarixi “xx.xx.1954” yazıldığı halda, Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib edilmiş 1062 saylı ölüm haqqında akt qeydində isə doğum tarixi “xx.xx.1954" qeyd edilmişdir. Nəzərə çatdırırlar ki, ərinin doğum haqqında şəhadətnaməsini təqdim edə bilmədiyi üçün mövcud sənədlərdəki məlumatlar arasındakı ziddiyyətin aradan qaldırılması və nikah haqqında akt qeydinin bərpası tərəflərindən mümkün olmamışdır. Göründüyü kimi, müvafiq qeydiyyat şöbəsi tərəfindən sənədlərdəki məlumatlar arasındakı ziddiyyətin aradan qaldırılması və nikah haqqında akt qeydinin bərpasından X1 doğum haqqında şəhadətnaməsi təqdim edilə bilmədiyindən imtina edilmişdir. Belə olan halda ərizəçi doğum akt qeydinin bərpası ilə bağlı məhkəməyə müraciət etməlidir. Çünki, hazırda ərizəçinin nikah akt qeydi mövcud deyil və qeyd edilən səbəblərə görə bərpasından imtina edilmişdir. Mövcud olmayan sənədin (nikah akt qeydinin) isə X2 məxsus olması məhkəmə tərəfindən müəyyən edilə bilməz. MPM-in: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5, 152.1.1 və 149-cu maddələrinə əməl edilmədiyinə görə ərizə geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiyə izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” haqqında ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ Ərizəçi izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Qumru Əliyeva