Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4083/2021 15.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC maşınlara mühərrikinin yanacaq sisteminin benzin yanacaq növündən sıxılmış metan təbii qaz yanacağına keçirilməsi üçün zəruri avadanlıqları öz hesabına əldə edib quraşdıraraq satışı ilə məşğuldur. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2020-ci il tarixli, D19-01/20 nömrəli mal, iş və xidmətlərin alqı-satqı müqaviləsinə əsasən, 12 ay müddətinə hər ay 205,00 (iki yüz beş manat) manat ödəniş etməklə, 2450,00 (iki min dörd yüz əlli manat) manata, Cavabdeh istifadəsində olan “Mercedes Benz S320” markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı minik maşınına mühərrikinin yanacaq sisteminin benzin yanacaq növündən sıxılmış metan təbii qaz yanacağına keçirilməsi üçün zəruri avadanlıqları öz hesabına əldə edib quraşdılaraq satılmışdır. Lakin Cavabdeh 29 yanvar 2020-ci il tarixli, D19-01/20 nömrəli mal, iş və xidmətlərin alqı-satqi müqaviləsinə əsasən, hər ay 205,0 (iki yüz beş manat) manat ödəniş etməli olduğu halda, 29 yanvar 2020-ci il tarixdən şifahi və 21 fevral 2021-ci il tarixdə yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir ödəniş etməyərək 2450,00 (iki min dörd yüz əlli manat) manat əsas borcu qalmışdır. 29 yanvar 2020-ci il tarixli, D19-01/20 nömrəli mal, iş və xidmətlərin alqı-satqı müqaviləsinin 10.3-cü bəndinə əsasən, Cavabdeh ödəniş etmədiyi üçün 29 yanvar 2020-ci il tarixli, D19-01/20 nömrəli mal, iş və xidmətlərin alqı-satqı müqaviləsi iddiaçı tərəfindən 21 fevral 2021-ci il tarixdə yazılı xəbərdarlıq edilərək xitam edilmişdir. Bir ildən çoxdur ki, Cavabdeh heç bir ödəniş etmədiyi üçün 1.000,00 (bir min manat) manat məbləğində əldən çıxmış fayda olmuşdur. Göstərilənlərə əsasən, 29 yanvar 2020-ci il tarixli, D19-01/20 nömrəli mal, iş və xidmətlərin alqı-satqı müqaviləsinə əsasən, 2450,00 (iki min dörd yüz əlli manat) manat əsas borc pulun və 1.000,00 (bir min manat) manat məbləğində əldən çıxmış faydanın və 31 manat dövlət rüsumun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edib, eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (istifadəsində olan mobil nömrəsinə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə sms-bildiriş çatdırılmasına) baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -“Alıcı” Cavabdeh ilə “Satıcı” İddiaçı MMC arasında bağlanmış 29 yanvar 2020-ci il tarixli, D19-01/20 saylı mal, iş və xidmətlərin alqı-satqı müqaviləsindən və həmin tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”nın avtonəqliyyat vasitəsinin mühərrikinin yanacaq sisteminin benzin yanacaq növündən sıxılmış təbii qaz yanacağına keçirilməsi üçün zəruri avadanlıqları (bundan sonra “Mal”) öz hesabına əldə edib “Alıcı”nın avtonəqliyyat vasitəsinə quraşdırılmasını təmin etməyi, alıcı isə həmin mal, iş və xidmətə görə Müqavilənin 5.1-ci bəndinə əsasən və müqavilənin ayrılmaz tərkib hissəsi olan Qiymətlərin razılaşma protokolunda göstərilən məbləği bu Müqavilə ilə müəyyən edilən qaydada və miqdarda “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Alıcı 6 silindrli, tutumu 90 litr olan 1 ədəd sıxılmış təbii qaz avadanlığının quraşdırılması müqabilində hər ay 205 manat ödəmək şərti ilə, 12 ay müddətinə, ümumilikdə 2450 manat pulu satıcıya ödəməyi öhdəsinə götürmüşdür. -Metan qaz qurğusu quraşdırılmış avtomobilin sahibinə təhvil verilməsi barədə 29 yanvar 2020-ci il tarixli, 53 saylı aktdan görünür ki, Cavabdeh istifadəsində olan “Mercedes Benz S320 minik” markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı, 2000-ci il buraxılışlı, **********6723 mühərrik nömrəli nəqliyyat vasitəsinə CNG (sıxılmış təbii qaz) qaz-balon avadanlığı ГОСТ 31972-2013 tələblərinə uyğun quraşdırılmışdır, qaz avadanlığı yoxlanılmışdır və istismara yararlıdır; -AD seriyalı 716303 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz S320 minik” markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətindədir; -ƏN seriyalı 117150 saylı nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X3 “Mercedes Benz S320 minik” markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, idarə etməsi üçün Cavabdeh 23 may 2021-ci il tarixədək etibar etmişdir; -İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış 21 fevral 2021-ci il tarixli bildirişdən görünür ki, o, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2020-ci il tarixli, D19-01/20 nömrəli mal, iş və xidmətlərin alqı-satqı müqaviləsinə əsasən, 12 ay müddətinə hər ay 205,00 manat ödəniş etməklə, Cavabdeh istifadəsində olan “Mercedes Benz S320” markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı minik maşınına mühərrikinin yanacaq sisteminin benzin yanacaq növündən sıxılmış metan təbii qaz yanacağına keçirilməsi üçün zəruri avadanlıqları öz hesabına əldə edib quraşdılaraq satılmışdır. Lakin cavabdeh aldığı malların dəyərini ödəməklə bağlı müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 29 yanvar 2020-ci il tarixli müqavilə əsasında İddiaçı MMC-dən müvafiq əşya (mal) almış, lakin o, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini ödəməlidir. Məhkəmə iddia tələbinin əldən çıxmış faydanın tutulması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tələbini həmin hissədə onunla əsaslandırmışdır ki, bir ildən çoxdur ki cavabdehin borcundan heç bir ödəniş etməməsi, həmin vəsait hesabına əldə edə biləcəyi gəlirlərin əldən çıxmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iddiaçı bir ildən çoxdur ki cavabdehin borcundan heç bir ödəniş etməməsi və həmin pul vəsaiti hesabına əldə edə biləcəyi gəlirlərin əldən çıxmasını qeyd etsə də, əks halda əldə edəcəyi gəlirlər, bu gəlirin həcmi barədə məhkəməyə sübut təqdim etməmişdir. Ona görə məhkəmə hesab edir ki, müvafiq sübutlar olmadığından, iddia tələbi əldən çıxmış faydanın tutulması ilə bağlı hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 29 yanvar 2020-ci il tarixli, D19-01/20 nömrəli mal, iş və xidmətlərin alqı-satqı müqaviləsi üzrə 2450 (iki min dörd yüz əlli) manat əsas borc Cavabdeh alınaraq, İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (əvvəlki redaksiyada) 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. İş materiallarında olan 20 aprel 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 29 yanvar 2020-ci il tarixli, D19-01/20 nömrəli mal, iş və xidmətlərin alqı-satqı müqaviləsi üzrə 2450 (iki min dörd yüz əlli) manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-4083/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4083/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver