Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-413/2024 17.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun tələbi Nizami rayonu, Əzim Əzimzadə 20A küçəsində 08/291 kodu altında fəaliyyət göstərən “Ülfət” kafesinə "xxxx" ASC-nin Nizami RETSİ-nin tərtib etdiyi cərimə və əlavə sərfiyyat ilə bağlıdır. Belə ki, 2022ci ilin iyul ayında 08/291 kodu altında qeydiyyatda olan ******* nömrəli sayğacın beyin sxemi pozularaq 29 gün ərzində 1,304 manat 16 qəpik elektrik enerjisinin dəyəri hesablanmışdır. Tərəfindən Nizami RETSİ-nə məlumat verilmiş və sahənin aparıcı mühəndisi Əliyev Anar və balans bölmə rəhbəri İsmayılov Səfiyar tərəfindən baxış keçirilmiş və təsdiq olunmuşdur ki, həqiqətən elektrik sayğacı yüksüz vəziyyətdə işləmişdir. Onlar tərəfindən 048039 nömrəli akt tərtib olunmuş və bildirmişlər ki, sayğac laboratoriya tərəfindən yenisiylə əvəz olunacaq. 17 iyul 2022-ci il tarixində ona zəng edərək bildirmişlər ki, "xxxx" ASC-nin Satış Nəzarət Departamentinin əməkdaşı Anar gəlib yazılan akta uyğun olaraq baxış keçirməlidir. X6 Departamentinin əməkdaşı baxaraq və yoxlayaraq təsdiq etmişdir ki, sayğac həqiqətən yüksüz vəziyyətdə işləmiş və bildirmişdir ki, laboratoriya şəraitində yoxlanılıb düzgün rəy veriləcək. (Satışda Nəzarət Departamentin əməkdaşı Anar video çəkilişi etmişdir). 20 iyul 2022-ci ildə ona zəng edərək bildirmişlər ki, elektrik sayğacı yanıb. O, dərhal Nizami RETSİ-nə məlumat vermiş və ona demişlər ki, akt yazılıb sayğac yenisi ilə əvəz olunacaq. Göstərilənlərə əsasən, “Ülfət” kafesinə tərtib etmiş 1,722 manat 22 qəpik cərimə və əlavə sərfiyyatın ləğv edilməsi üçün qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçının nümayəndəsi X2 17 yanvar 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 14 iyul 2022-ci il tarixli R 048039 saylı aktın etibarsız hesab edilməsi və İddiaçı **********05548 abonent kodu üzrə hesablanmış 1722.22 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 2022-ci ilin iyun ayında görmüşdür ki, sayğac işləmir. Bu barədə "xxxx" ASC-yə məlumat vermiş və ASC-nin nümayəndəsi onlara bildirmişdir ki, sayğac xarab olub və bu barədə akt tərtib edilmişdir. Sayğac aktın tərtib olunduğu gündən bir gün sonra yanmış və partlamışdır. Sayğac yüksüz olduğu halda işləmişdir. Sayğac xarab olmadan öncə aylıq sərfiyyat maksimum 230-250 manat olmuşdur. Buna görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dəvət olunmuş şahid X5 bildirdi ki, o, əvvəllər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sahə rəisi vəzifəsində çalışmış və hadisə müəyyən olunan zaman akt tərtib etmək üçün gedən əməkdaşlardan biri olmuşdur. İddiaçının nümayəndəsi Pənahı da elə işlədiyi zaman tanımışdır. Sayğaca baxış keçirtmiş və bu barədə akt tərtib etmişdir. Ay ərzində 180-200 manat yazmalı olan sayğac 1700 manatdan artıq pul yazmışdır. Sayğacın göstəriciləri ən çox yay aylarında yüksək məbləğdə olur və bu da maksimum 250 manat olmuşdur. Sayğacın işi pozulanda onun tərtib etdiyi akt əsasında baş idarədən gələn əməkdaş çəkiliş etmişdir. Digər əməkdaşın əlində sayğacın yüksüz vəziyyətdə işləməsini təsdiq edən invoys olmuş və o da qeyd etmişdir ki, aylıq sərfiyyat çıxılmaqla, qalan borc silinməlidir. Bundan sonra Pənah ona zəng edərək sayğacın partladığını bildirmişdir. Sayğac o qədər işləmişdir ki, sonda partlamışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dəvət olunmuş şahid X3 bildirdi ki, iddiaçı və onun nümayəndəsi ilə çoxdandır tanışdır. Hər gün onlara gedib-gəlmişdir. Hadisə zamanı da həmin ünvanda olmuşdur. Həmin yerdə çox güclü külək olmuş və işıqlar sönmüşdür. Sayğac isə yüklü olmadığı halda dayanmadan işləməyə davam etmişdir. Bu zaman Pənahgil idarəyə məlumat vermişlər və İşıq idarəsindən gələn əməkdaşlar akt tərtib etmişlər ki, həqiqətən sayğac yüksüz vəziyyətdə işləmişdir. Onlar da sayğacın dəyişdirilməsini gözləmişlər. Sonra o, Pənahdan eşitmişdir ki, idarədən ona zəng gəlmiş və yaranmış borcu ödəməsi bildirilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, “Ülfət” kafesinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək istifadə olunan elektrik enerjisi haqqının ödənişi olan 202.62 manat üçün bildiriş göndərilmiş və xx.xx.2023-cü il tarixədək olan qalıq borcun 2599.45 manat olması göstərilmişdir. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli R № 048039 saylı aktından görünür ki, EEİQ-na uyğun yoxlama aparan zaman, məlum olmuşdur ki, sayğacın proqram təminatı pozulmuşdur. Belə ki, yüksüz rejimdə qeyd edir. Çıxışda yerləşən avtomatı söndürdükdə belə sayğac işləmişdir. Son ayda sərfiyyatda kəskin artım müşahidə olunmuşdur. Ölçmə zamanı xətdən axan cərəyan İA 14 A (on dörd), İB 9 A (doqquz), İC 8 A (səkkiz), PFAK 7 kvt olmuşdur. Aktın tələbi kimi sayğacın yenisi ilə əvəz olunması və çıxarılan sayğacın laboratoriya şəraitində yoxlanılıb rəy verilməsi göstərilmişdir. -xx.xx.2022-ci il tarixli bildiriş xəbərdarlıqdan görünür ki, “Ülfət” kafesinin xx.xx.2022ci il tarixə istifadə olunmuş elektrik enerjisi üçün 2299.86 manat borcu vardır. Həmin borcun ödənilməsi barədə borclu xəbərdar olunmuşdur. -ASAN ödəniş” sisteminin **********83 nömrəli mədaxil qəbzindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 16:05:45-də, 08/291 saylı abonent kodu üzrə 103 manat elektrik enerjisindən istifadəyə görə abunə haqqı ödənilmişdir. -xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə “Ülfət” kafesi tərəfindən "xxxx" ASC-yə 08/291 saylı abonent kodu üzrə 200 manat ödəniş edilmişdir. -xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə “Ülfət” kafesi tərəfindən "xxxx" ASC-yə 08/291 saylı abonent kodu üzrə 100 manat ödəniş edilmişdir. -xx.xx.2023-cü il tarixli bildiriş xəbərdarlıqdan görünür ki, “Ülfət” kafesinin xx.xx.2023cü il tarixə istifadə olunmuş elektrik enerjisi üçün 2970.26 manat borcu vardır. Həmin borcun ödənilməsi barədə borclu xəbərdar olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 14 iyul 2022-ci il tarixdə EEİQ-na uyğun yoxlama aparılmış və “Ülfət” kafesinə aid olan sayğacın proqram təminatının pozulduğu, yüksüz rejimdə qeyd aparması, kafenin avtomatının söndürüldüyü halda sayğacın işləməsi və son ayda sərfiyyatda kəskin artım müəyyən edilmişdir. Bununla bağlı akt tərtib edilərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən imzalanmışdır. Aktda sayğacın yenisi ilə əvəz olunması və çıxarılan sayğacın laboratoriya şəraitində yoxlanılıb rəy verilməsi tələbi qoyulmuşdur. “Ülfət” kafesi tərəfindən 08/291 saylı abonent kodu üzrə "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 103 manat elektrik enerjisindən istifadəyə görə abunə haqqı ödənilmişdir. “Ülfət” kafesinə xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixlərdə göndərilmiş bildiriş xəbərdarlıq göndərilmiş və kafenin xx.xx.2023-cü il tarixli, ********* nömrəli hesab ödəniş vərəqi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək istifadə olunan elektrik enerjisi haqqının ödənişi kimi 202.62 manat, xx.xx.2023-cü il tarixədək 2599.45 manat qalıq borcu olmuşdur. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun: 8-ci maddəsinə əsasən, bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. 16-cı maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. İstehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. 26-cı maddəsinə əsasən, İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir; 5.2.1-ci bəndinin tələbi isə onu göstərir ki, mübahisəli sayğacdakı birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət və onlara nəzarət yarımstansiyanı istismar edən təşkilat olaraq cavabdehin üzərinə düşür. 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır; 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur; 8.33-cu bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qeyd edilən sayğac mənzildən bayırda quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsi qeyri-mümkündür, müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 77.3-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 14 iyul 2022-ci il tarixli R048039 saylı akt etibarsız hesab edilməli və İddiaçı **********05548 saylı abonent kodu üzrə hesablanmış 1722.22 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 14 iyul 2022-ci il tarixli R048039 saylı akt etibarsız hesab edilsin və İddiaçı **********05548 abonent kodu üzrə hesablanmış 1722.22 manat məbləğində borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-413/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-413/2024
17.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver