Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-416/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı Nemət oğlunun iştirakı ilə, İddiaçı Nemət oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Nemət oğlu cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı Nemət oğlunun sahibliyində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evə məxsus 15591939M366489 saylı sayğaca aid olan 1030 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən onların yaşadıqları fərdi mənzilə yaxınlaşaraq protokol tərtib etmiş və guya onlara məxsus 15591939M366489 saylı sayğacın "xxxx" ASC-nə 1030 manat borcun olunduğunu qeyd etmişlər. Bununla əlaqədar olaraq "xxxx" ASC onlara bildiriş təqdim etmiş və həmin bildirişə əsasən onların "xxxx" ASC-yə olan borcları 1030 manat təşkil edildiyi göstərilmişdir. Buna nə ad vermək olar? Məgər onlar sayğaca müdaxilə etmişlər? Onların sayğaca müdaxilə etmək imkanları sıfıra bərabərdir. Onların sayğaca müdaxilə etməyə nə ehtiyacları var? Buna görə də 1030 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onların ümüdləri ancaq məhkəməyədir.
İş materialları :
3. "xxxx" ASC tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 339282 nömrəli aktdan görünür ki, EEİQ-na uyğun sayğaclara keçirilən zaman məlum oldu ki, abonentə xidmət edən elektrik sayğaclarından yük axmır, mənzilə kənar xətt daxil olur, kənar xətlərdən axan yük ampermetr vasitəsilə ölçülmüşdür.
4. İddiaçı məxsus ünvan 2 ünvanında yerləşdirilən sayğaca dair "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, qalır borcun məbləği 1030.14 manatdır.
5. Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında xx.xx.2024-cü il tarixli, 781995 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus mənzildə quraşdırılan sayğac (abunə kodu: **********20072) 339282 nömrəli akta əsasən kənar xətt ləğv edilmişdir.
6. İddiaçı məxsus ünvan 2 ünvanında yerləşdirilən sayğaca (abunə kodu:**********20072) dair abunə haqqından görünür ki, borcun məbləği 1090.63 manatdır.
7. İş materiallarına 4 ədəd fotoşəkil əlavə olunmuşdur.
Tərəflərin izahatları :
8. Məhkəmə iclasında iştirak edən İddiaçı Nemət oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən zaman cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, hesablama müddəti hər bir halda ən azı 1 ay götürülür. Qanunsuz müdaxilə 1 aydan çoxdursa, o zaman analoji ilin analoji ayına nisbətən hesablanır. Sayğaca abonentdən asılı olmayan səbəblərdən də müdaxilə olduğu zaman analoji ilin analoji ayına uyğun hesablama aparılır. Həmçinin rayonlarda aktların adətən düzgün tərtib edilmədiyini bildirmişdir. 2023-cü ilin sentyabr ayında sərfiyyat 44.80 manat, avqust ayında isə 12.24 manat olmuşdur. Belə ki, cərimənin hesablanması ilə bağlı qərar olmalı idi, qərarda elektrik enerjisinin gücü, gün göstərilməli idi. O qərarı istəsə də, qərar ona təqdim edilməmişdir. Bu kimi hallarda analoji ilin analoji ayına uyğun hesablama aparılır, yəni məsələn 2023-cü ilin sentyabr ayına və avqust ayına baxsalar, sentyabr ayında sərfiyyat 44.80 manat, avqust ayında isə 12.24 manat olmuşdur, bunları toplayıb, ədəd ortasını tapdıqda təxminən 30 manat pul edir. Akta əsasən isə iddiaçıya 995.51 manat cərimə yazılmışdır. Cərimə məbləğinin azaldılmasına etiraz etmədiyini bildirmişdir.
İşin faktiki halları.
11. İddiaçı Nemət oğluna məxsus ünvan 2 ünvanında cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2012-ci il tarixdə M500.2251 tipli, 15591939M366489 nömrəli, işıq sayğacı quraşdırılmışdır.
12. "xxxx" ASC tərəfindən EEİQ-na uyğun sayğaclara baxış keçirilən zaman məlum olmuşdur ki, İddiaçı Nemət oğluna xidmət edən elektrik sayğaclarından yük axmır, mənzilə kənar xətt daxil olur və buna görə də onun barəsində protokol tərtib edilmiş, 995.51 manat məbləğində cərimə hesablanmışdır.
13. İddiaçı Nemət oğlu qısaqapanma olduğu və "xxxx" ASC-yə dəfələrlə zəng etməsinə baxmayaraq onun müraciətinə baxılmadığı üçün məcbur qalıb elektrik şəbəkəsini kənar xəttə qoşduğunu etiraf etmiş, lakin bir neçə saat üçün cavabdeh tərəfindən yazılan cərimənin əsassız şəkildə yüksək olduğunu bildirməklə mübahisələndirmişdir.
Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
16. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı:
1.2. Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.2. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.
17. Azərbaycan Respublikası Mənzil Məcəlləsi :
135.1 Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
Məhkəmənin mövqeyi :
18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, tərəflərin izahatlarını dinləyərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
19. İddiaçı Nemət oğlu cavabdeh "xxxx" ASC-yə qarşı olan “borcun silinməsi” tələbini ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə cavabdeh tərəfindən quraşdırılan sayğaca baxış keçirilən zaman kənar qoşulmanın aşkar edilməsi və buna görə də əsassız surətdə 1030 manat cərimə yazılması ilə əsaslandırmışdır.
20. İşin məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarından görünür ki, İddiaçı Nemət oğluna işıq sərfiyyatına görə xx.xx.2024-cü il tarixdə ayrı-ayrılıqda 108 manat və 887.51 manat olmaqla, cəmi 995.51 manat EİQ pozulmasına görə cərimə yazılmışdır.
21. Belə ki, iddiaçıya həmin borc məbləğinin hesablanması tərəflərin izahatı mülki iş materiallarına əlavə olunmuş abonent saldosu ilə də öz təsdiqini tapmışdır.
22. Məhkəmə iclasında iştirak edən İddiaçı Nemət oğlu qısaqapanma olduğunu və naqillərin yandığını, "xxxx" ASC-nin qaynar xəttinə yığarkən növbə çox olduğundan əlaqə saxlaya bilmədiyini, evdə uşaq olduğuna görə məcbur qalıb kənar xəttə qoşulduğunu, qoşulmanın yalnız 4-5 saat davam etdiyini və bu müddətə əsasəndə cərimənin çox yazıldığını bildirmişdir.
23. Məhkəmə iclasında (xx.xx.2024-cü il tarixli) iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatında sayğaca müdaxilə olunduğu zaman analoji ilin, analoji ayına uyğun hesablanmaqla cərimə yazıldığını, iddiaçıya yazılan cərimə məbləğinin çox olduğunu və cərimə məbləğinin azaldılmasına etiraz etmədiyini bildirmişdir.
24. Mülki iş materialları və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahata əsasən müəyyən edilmişdir ki,qanunsuz qoşulma nəticəsində iddiaçıya yazılmış cərimə məbləği tənasübsüz surətdə yüksək yazılmışdır.
25. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında qeyd olunur ki, İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır.
26. Belə ki, iş materialları və iddiaçının izahatı ilə müəyyən edilir ki, İddiaçı Nemət oğlu ailəsi ilə birlikdə yaşadığı mənzilə cavabdeh tərəfindən quraşdırılmış sayğaca qanunsuz müdaxilə etməmişdir. Müəyyən edilmişdir ki, sayğacda baş vermiş qısaqapanma ilə əlaqədar iddiaçı tərəfindən kənar xəttə qoulmuşdur. Buna görə də cavabdehin nümayəndələri tərəfindən İddiaçı Nemət oğlu barəsində protokol tərtib edilmişdir.
27. Qanunsuz müdaxilə aşkar edildiyi təqdirdə analoji ilin analoji ayına uyğun hesablanma aparılmalıdır.
28. İş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, şəbəkəyə qanunsuz qoşulma 2024-cü ilin sentyabr ayında aşkar edilmiş, 2023-cü ilin avqust ayında sərfiyyat 44.80 manat, avqust ayında isə 12.24 manat olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hər ay enerji təchizatı müəssisəsinin nümayəndəsi tərəfindən elektrik sayğaclarna baxış keçirlməlidir. Belə olan halda qanunsuz qoşulma halının 1 aydan artıq davam etməsi mümkün deyildir.
29. Odur ki, İddiaçı Nemət oğlu tərəfindən elektrik şəbəkəsinə qanunsuz qoşulmaya görə cərimə məbləği 28.52 manat olmalı olduğu halda, cavabdeh tərəfindən 995.51 manat məbləğində hesablanmışdır.
30. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli **********50040 abunə kodu üzrə hesablanmış 995.51 manat məbləğində cərimə məbləği 28.52 manat məbləğinə qədər azaldılmalı, yəni 966.99 manat məbləğində borc silinməlidir.
31. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Məhkəmə Xərcləri :
32. “Dövlət rüsumu haqqında Qanunun” 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar və 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlər rüsumu ödəməkdən azaddırlar.
33. Belə olan halda, MPM-nin 119.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Nəticə :
34. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdeh "xxxx" ASC tərəfindən ünvan 2 (Abunə kodu: **********20072) aid edilən 966.99 (doqquz yüz altmış altı manat doxsan doqquz qəpik) manat borc silinməlidir.
35. İddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumunu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QətEtdi:
İddia tələbi qismən təmin edilsin. ünvan 2 (Abunə kodu: **********50040) aid edilən və borclar qrafasına daxil edilmiş 966.99 (doqquz yüz altmış altı manat doxsan doqquz qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva