Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4303/2021 25.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.08.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********26138 X2 9 markalı telefon, Xiaomi qulaqlıq üçün 245 (iki yüz qırx beş) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, 16.11.2020-ci il tarixli müqaviləsinə əsasən. İMEİ kodu **********67755 olan Samsung Galaxy A51 markalı telefon üçün 774.8 (yeddi yüz yetmiş dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 77.2 (yetmiş yeddi manat iyirmi qəpik) manat cərimə, ümumilikdə 1121 manat borc və 30 manat dövlət rüsumu, cavabdeh Seyfullayeva (Qafarova) Aygün Rafail qızından alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə Ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 10 avqust 2020-ci il və 16 noyabr 2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********26138 X2 9 markalı telefon, Xiaomi qulaqlıq, İMEİ kodu **********67755 olan Samsung Galaxy A51 markalı telefon almış və nəticədə 1121 (min yüz iyirmi bir) manat borc yaranmışdır. Cavabdeh 10.08.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə atqı- satqı qiyməti 594 (beş yüz doxsan dörd) manat (yəni 12 ay x 49.5 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********26138 X1 9 markalı telefon, Xiaomi qulaqlıq üçün ümumilikdə 269 (iki yüz altmış doqquz) manat olmaqla ondan 245 (iki yüz qırx beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24 (iyirmi dörd) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 16.11.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı- satqı qiyməti 844.8 (səkkiz yüz qırx dörd manat səksən qəpik) manat (yəni 24 ay x 35.2 manat + 0 manat ilkin ödəniş olan İMEİ kodu **********67755 olan Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə 852 (səkkiz yüz əlli iki) manat olmaqla ondan 774.8 (yeddi yüz yetmiş dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 77.2 (yetmiş yeddi manat iyirmi qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 419 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri'’ mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2020-ci il tarixli, 21061380 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 540 manat olan İMEİ kodu **********26138 X1 9 markalı telefon və ümumi dəyəri 54 manat olan Xiaomi qulaqlıq satılmışdır. Eləcə də, işə əlavə olunmuş 16.11.2020-ci il tarixli, 22051775 nömrəli müqavilədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 844.8 manat olan İMEİ kodu **********67755 olan Samsung Galaxy A51 markalı telefon satılmışdır. Hər iki müqavilələr üzrə Cavabdeh həmin müqavilələrə əlavə olunmuş ödəniş cədvəllərində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyaları həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 15 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 10 avqust 2020-ci il tarixli, 21061380 nömrəli müqavilə üzrə əsas borcu 245 manat, cərimə borcu 24 manat olmaqla, cəmi 269 manat borcu qalmışdır. Eləcə də, 16.11.2020-ci il tarixli, 22051775 nömrəli müqavilə üzrə əsas borcu 774.8 manat, cərimə borcu 77.2 manat olmaqla, cəmi 852 manat borcu qalmışdır. Beləliklə hər iki müqavilələr üzrə Cavabdeh MMC-yə cəmi 1121 manat məbləğində borcu qalmışdır. İşə əlavə olunmuş 16 sentyabr 2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 10.08.2020-ci il tarixli, 21061380 nömrəli və 16.11.2020-ci il tarixli, 22051775 nömrəli müqavilələri əsasında "xxxx" MMCdən əşya (mal) almış, lakin həmin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə 10.08.2020-ci il tarixli, 21061380 nömrəli müqavilə üzrə 245 manat əsas borc, 10 manat cərimə borcu, 16.11.2020-ci il tarixli, 22051775 nömrəli müqavilə üzrə 774,8 manat əsas borc, 30 manat cərimə borcu olmaqla, ümumilikdə 1059,8 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulmalı iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 10.08.2020-ci il tarixli, 21061380 nömrəli müqavilə üzrə 245 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu, 16.11.2020-ci il tarixli, 22051775 nömrəli müqavilə üzrə 774,8 manat ödənilməmiş hissə, 30 manat cərimə borcu olmaqla, ümumilikdə 1059,8 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx"MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-4303/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4303/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver