Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-456/2020 19.05.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X4 13.03.2019-cu il tarixdə küçəni keçdiyi zaman onu avtomobil vurmuşdur və aldığı ağır xəsarət nəticəsində həmin tarixdən koma (hüşsuz) vəziyyəlindədir. Həyat yoldaşının xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komisiyası tərəfindən verilən rəyə əsasən həyat yoldaşının əmək qabiliyyətini tam itirdiyi müəyyən edilərək ona ömürlük əlillik verilmişdir. Həyat yoldaşının xəstəliyinin əsas diaqnozu kimi travmatik subaraknoidol qansızma, xəstənin komatoz vəziyyətində olması (beyinin qişa boşluğuna qansızına və koma-hüşsuz vəziyyətdə olması) və daima kənar şəxslərin qulluğuna ehtiyacı olduğu göslərilmişdir. Həyat yoldaşının əlavə xəstəliyi kimi Total afaziya-ətrafların iflici, eləcə də mədə yolunun açılaraq qidalanmanın həyata keçirilməsi, görmə sinirinin funksiyasını tamam itirməsi və sair göstərilmişdir. Beləliklə həyat yoldaşı X4 13.03.2019-cı ildən koma (hüşsuz) vəziyyətində olmaqla həmin tarixdən tam fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Vİİ-ЖГ 306733 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X5 25 sentyabr 1996-cı il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Nəsirov, arvada Nəsirova soyadı verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 640 nömrəli ekspert rəyindən görünür ki, 1972-ci il təvəllüdlü X1 məhkəmə-tibbi müayinəsinə, tibbi sənədlərdə yazılanlara, hadisə haqqında olan ilk məlumata əsaslanaraq və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir: Vət.X2 uzun müddət komatoz vəziyyəti ilə müşayiət olunan baş beyinin postravmatik subaraxnoidal qansızması, baş beyin əzilməsi, sol qamış sümüyünün qapalı yerinidəyişmiş sınığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 13.03.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı, yəni hərəkətdə olan avtomaşının piyadanı vurması nəticəsində alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən sonuncu müayinəyə dair məlumatdan görünür ki, X4 müddətsiz birinci qrup əlildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının 27 fevral 2020-ci il tarixli 403 nömrəli rəyindən görünür ki, X2 Mərkəzi sinir sisteminin travmatik mənşəli üzvi xəstəliyi, vegetativ vəziyyət, demensiya iləmüəyyən edilir. Bunu anamnestik məlumatlar, tibbi sənədlər və hal-hazırki psixiatrik müayinənin nəticələri (həyat yoldaşının verdiyi məlumatlara görə 13.03.2019-cu il tarixdə küçəni keçdiyi zaman onu avtomaşın vurması, aldığı xəsarətlər nəticəsində komatoz vəziyyətdə olması, müxtəlif xəstəxanalarda stasionar müalicələrdə olması, hal-hazırda daima çarpayıda uzanıqlı vəziyyətdə olması, suni qidalandırılması, nitq və hərəkt funksiyaları pozulması, görməni tam itirməsi, yeriyə bilməməsi, daima yataq xəstəsi olması, AR ƏƏSMN TSEK elektron arayışına görə “Travmatik subaraxnoidal qansızma. Xəstə komatoz vəziyyətdədir. Daima kənar şəxsin qulluğuna ehtiyacı var. Xəstə 13.03.2019-cu il tarixdən hal-hazıra qədər əmək qabiliyyəti olmamaq vərəqəsindədir. Dizfasiya və afaziya. Total afaziya. Spastik tetraplegiya. Spastik dərin tetraparez. Çanaq orqanlarının funksiyalarının pozulması. Bulbar pozğunluq (udmanın pozulması). Qidalanma qastrostoma ilə” diaqnozu ilə ona İ qrup müddətsiz əlillik təyin edilməsi, müvafiq həkimlərin nəzarətində olmaqla daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hal-hazırki müayinə zamanı vegetativ vəziyyətdə olması və s.) sübut edir. Hal-hazırda X1 hazırki psixi vəziyyəti ilə əlaqədar o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X1 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsiüçün əsaslar vardır. X2 müəyyən edilən Mərkəzi sinir sisteminin travmatik mənşəli üzvi xəstəliyi, vegetativ vəziyyət, demensiya iləəlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi arvadı X4 “Travmatik subaraxnoidal qansızma. Xəstə komatoz vəziyyətdədir. Daima kənar şəxsin qulluğuna ehtiyacı var. Xəstə 13.03.2019-cu il tarixdən hal-hazıra qədər əmək qabiliyyəti olmamaq vərəqəsindədir. Dizfasiya və afaziya. Total afaziya. Spastik tetraplegiya. Spastik dərin tetraparez. Çanaq orqanlarının funksiyalarının pozulması. Bulbar pozğunluq (udmanın pozulması). Qidalanma qastrostoma ilə” diaqnozu ilə xəstədir. Hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən X1 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar olması barədə 27 fevral 2020-ci il tarixli 403 nömrəli rəy verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan əri Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən, X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 27 oktyabr 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Hazırkı qətnamə X4 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27 oktyabr 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-456/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-456/2020
19.05.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver