Məhkəmə qərarları › İş №2(007)-466/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-466/2025

18.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-466/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh "xxxx" ASC tərəfindən 2020-ci və 2021-ci illər ərzində yazılmış 285 manat (98.50+186.50) borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən mənzilə xx.xx.2024-cü il tarixdə 212 manat məbləğində su pulu borcu yazılmışdır. Bildirir ki, şikayət ərizəsi əsasında Nizami Rayon Su Kanal İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək su sərfiyatı və ödənilən borclar barəsində rəsmi məlumat verilib. Verilən məlumatı təhlil edərkən su sayğacının 2020-ci ildə 197m3 - 98.50 manat, 2021-ci ildə 197m3 - 186.50 manat, 2022- ci ildə 103m3 - 103 manat, 2023-cü ildə 106m3 - 106 manat su sərfiyatının edildiyi müəyyən edilmişdir. Qeyd edilən mənzildə 2020-ci il və 2021-ci illərdə yaşayış olmamış bu səbəbdən də "xxxx" ASC-nin əməkdaşları sayğaca baxış keçirmədən aylıq su sərfiyyat üzrə əsassız qeydlər aparmışlar və sonda 2020 və 2021-ci illərdə hər il üçün 197m3 su sərfiyyatı qeydə alınmışdır. 2020-2023-cü illər ərzində ümumilikdə 394 manat ödəniş edilmişdir ki, bunun da əsas hissəsi ilkin olaraq 2020 və 2021-ci illərdə yazılmış qanunsuz borcların silinməsinə yönəldilmişdir və bu səbəbdən də hazırda 212 manat əsassız borc yaranmışdır. Həmçinin onu da qeyd etmək istəyir ki, "xxxx" ASC-nin əməkdaşları ilə müxtəlif vaxtlarda “WhatsApp" ani mesajlaşma vasitəsilə aparılan səs yazılarından görünür ki, onların mənzilində xx.xx.2024-cü il tarixədək istifadə olan 010024 nömrəli su sayğacı 81-ci mənzildə yaşayan Eldar İsmayılovun adına olub, həmin mənzildə yerləşən ******* nömrəli su sayğacı isə onların mənzilə aiddir. Bu faktın araşdırılması üçün dəfələrlə müraciət etsələr də, nəticəsiz qalmışdır. Bu səbəbdən də xx.xx.2024-cü il tarixdə mənzilərində olan ******* saylı sayğacı müraciəti əsasında dəyişdirilmişdir.

İş materialları :

3. İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən 80 nömrəli mənzilə (abonent kodu:**********800) dair “ətraflı abonent kartı”ndan görünür ki, həmin mənzil üzrə 2020-ci il üzrə su sərfiyyatı 197m3 - 98.50 manat, 2021-ci ildə 197m3 - 186.50 manat, 2022-ci ildə 103m3 - 103 manat, 2023-cü ildə 106m3 – 106 manat olmuşdur.

4. “İri şəhərlərin X2 Xidməti” X3 Nizami rayon Sukanal İdarəsi tərəfindən iddiaçlya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-53-3-4/01/11/2-14-33/xx/xx/2024 saylı məktubdan görünür ki, Cəmşid ünvan 4 ünvanında xx.xx.2007-ci il tarixində İSS-15 markalı sayğac nömrəsi 100244 olan mexanikə tipli su sayğacı quraşdırılmışdır. Həmin tarixdən istifadə edilən su və çirkab su xidmətinə görə sərfiyyat sayğac göstəricilərinə əsasən hesablanır. 2020-ci ilin yanvar ayında sayğac göstəricisi 1582 m3 olmuşdur. 2020-ci ilin 12 aylıq sərfiyyatı cəm 197 m3-dir, onun məbləği 98.50 manat təşkil edir, (su-68.95 manat çirkab su-29.55 manat), həmin məbləğdən ödəniş 68 manat olunmuşdur. 30.50 manat məbləğində qalıq borc qalmışdır. 2021-ci ilin 12 aylıq sərfiyyatı cəm 197m3-dir, onun məbləği 186.50 manat təşkil edir (su-130.55 azn çirkab su-55.95 azn) həmin məbləğdən 186.62 manat ödəniş olunmuşdur. 2022-ci ilin 12 aylıq sərfiyyatı 103 m3-dir, onun məbləği 103 manat təşkil edir (su- 72.10 manat, çirkab su- 30.9 manat) həmin məbləğdən 50 manat ödəniş olunub. Qalıq borc 53 manat qalmışdır. 2023-cü ilin 12 aylıq sərfiyyatı 106 m3-dır, onun məbləği 106 manat təşkil edir (su-74.20 manat çirkab su -31.80 manat) həmin məbləğdən 18 manat ödəniş olunub. Qalıq 88 manat qalmışdır. 2024-cü ilin 9 aylıq sərfiyyatı 113 m3 olub. Onun məbləği 133 manat təşkil edir. (su-79.10 manat, çirkab su- 33.90 manat) həmin məbləğdən 72 manat, ödəniş olunub. 41 manat qalıq borc qalmışdır. xx.xx.2024-cü il tarixində sayğac göstəricisi 2253 m3-dir. Hal-hazırda mənzilin su və çirkab su xidmətinə görə 212 manat məbləğində debitor borcu vardır.

5. “İri şəhərlərin X2 Xidməti” X3 tərəfindən məhkəməyə ünvanlanmış 9.12.2024-cü il tarixli, 3-53-3/2-7368/2024 saylı məktubdan görünür ki, xx.xx.2020-xx.xx.2021-ci il tarix aralığında sözügedən mənzilin hesabatı mənzilin su xətti üzərinə xx.xx.2007-ci il tarixində quraşdırılmış İSS-20 markalı, 100244 nömrəli mexaniki tipli su sayğacının göstəricisinə əsasən aparılmışdır. Qeyd edilən tarix aralığında sayğac üzrə 397m3 su sərf olunmuş və istifadə olunmuş sərfiyyata görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab fakturalar aylar üzrə abonentə təqdim edilmişdir. Lakin bəzi aylarda abonent tərəfindən sayğacın normal oxunması üçün şərait yaradılmadığından “X1”nın 7.8-ci bəndinə əsasən sərf edilmiş suyun həcmi bundan əvvəlki 12 aylıq dövrdə istifadə olunan orta istehlak normasına əsasən hesablanmışdır. Bildirmək istəyirik ki, abonentə təqdim edilən hesab fakturada bu barədə xüsusi olaraq məlumat verilir. Sonradan abonentin qapı arxasından təqdim etdiyi göstəricilərə əsasən aparılmış ortalama sərfiyyatlar faktiki göstəricilərlə uyğunlaşdırılmışdır. “İri Şəhərlərin X2 Xidməti” X3n “Abonent xidmətlərinə dair” təlimatının 21.11-ci bəndinə əsasən sudan istifadə olunan lakin abonent tərəfindən sayğacın oxunmasına şərait yaradılmayan və buna əsasən də orta sərfiyyatla hesabat verilən ünvanlarda sayğacın faktiki göstəricisini və texniki vəziyyətini müəyyənləşdirmək məqsədi ilə 3(üç) aydan bir sistemdən çıxarılan iş əmri ilə yerində araşdırma aparılır, iş əmrləri əsasında sayğaclara baxış keçirilməsi üçün ünvana göndərilmiş əməkdaşlarına abonent tərəfindən şərait yaradılmadığı üçün abonentin hesabında dəqiqləşmə aparılması üçün müxtəlif tarixlərdə yaradılan iş əmrləri mənfi cavablandırılmışdır. Bundan başqa, bildirirlər ki, sayğac üzrə istifadə edilmiş 397m3 (285 manat) sərfiyyata əsasən aparılmış hesabata görə, abonent tərəfindən 254.62 manat ödəniş edilmişdir. 397 m3 sərfiyyatın hesabatı həmin illərdə mövcud olmuş tariflər əsasında aparılmışdır. Belə ki, qeyd edilən sərfiyyatın 218m3-ə düşən hissəsinin dəyəri tullantı sularının axıdılması xidməti daxil olmaqla 0.50 manat, 179m3-ə düşən hissəsinin dəyəri isə tullantı sularının axıdılması xidməti daxil olmaqla 1 manat dəyərində hesablanmışdır. xx.xx.2024-cü il tarixində mənzilin su xətti üzərində olan sayğac ( N°100244) son göstəricisi 2256 m3 olmaqla, dəyişdirilərək yerinə yeni İSS-15 markalı, 24110742 nömrəli mexanilki tipli sayğac quraşdırılmışdır. Hazırda yeni sayğacın göstəricisi 20m3 daxil olmaqla abonentin hesabında 234 manat borc var. Qeyd edilən borc abonent tərəfindən bəzi illərdə (əsasən xx.xx.2022- xx.xx.2024 tarix aralığı) müntəzəm olaraq ödəniş edilmədiyi üçün illər üzrə toplanaraq yaranmışdır.

Tərəflərin izahatları :

6. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 izahatında məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

İşin faktiki halları.

8. İddiaçı məxsus ünvan 5 ünvanında cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2007-ci il tarixdə İSS-15 tipli, 100244 nömrəli, su sayğacı quraşdırılmışdır. xx.xx.2024-cü il tarixində mənzilin su xətti üzərində həmin sayğac son göstəricisi 2256 m3 olmaqla, dəyişdirilərək yerinə yeni İSS-15 markalı, 24110742 nömrəli mexanilki tipli sayğac quraşdırılmışdır.

9. Həmin mənzil üzrə 2020-ci il üzrə 197m3-98.50 manat, 2021-ci il üzrə 197m3- 186.50 manat su sərfiyyatına görə borc hesablanmışdır.

10. İddiaçı həmin mənzilə 2020-2021-ci illər üzrə hesablanmış borc mələğini həmin illər ərzində mənzildə yaşayış olmaması, həmin borcun qonşu mənzilə aid su sayğacının göstəriciləri üzrə səhvən onlara aid edilməklə əsassız yazıldığını bildirməklə, mübahisələndirmişdir.

Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

13. “X1”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı.

Məhkəmənin mövqeyi :

14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, tərəflərin izahatlarını dinləyərək qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

15. İddiaçı cavabdeh "xxxx" ASC-yə (“İri Şəhərlərin X2 Xidməti” PHŞ) qarşı olan “borcun silinməsi” tələbini ona məxsus olan ünvan 6 ünvanında yerləşən 80 nömrəli mənzildə 2020-2021-ci illər ərzində yaşayış olmamasına baxmayaraq, cavabdeh tərəfindən əsassız şəkildə 285 manat borc yazılması ilə əsaslandırmışdır.

16. İddiaçı nümayəndəsi məhkəmə iclasında izahatında 2019-cu ilin yay ayında valideynlərinin rayona getdiklərini, Covid19 pandemiyası ilə bağlı 2022-ci ildə mənzilə qayıtdıqlarını, qayıtdıqdan sonra kommunal ödənişləri həyata keçirdikdə ödəniş etməklərinə baxmayaraq borcun azalmadığını gördükdə səbəbini nəzarətçidən maraqlandıqlarını, nəzarətçinin onlara səhvlik olduğunu, qonşunun sayğacı ilə onun sayğacının dəyişik düşdüyünü bildirdiyini bildirmişdir.

17. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul eməyərək, izahatında iddiaçı tərəfindən 2020-2021-ci illər ərzində həmin mənzildə yaşayış olmadığı sübut edilməli olduğunu bildirmişdir.

18. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə iddiaçı cavabdehə qarşı olan borcun silinməsinə dair iddia tələbinin faktiki əsası qismində məhkəməyə 2020-2021-ci illər ərzində mənzildə yaşayış olmamasına baxmayaraq cavabdeh tərəfindən ona əsassız olaraq borc yazılması ilə əsaslandırdığından həmin mənzildə yaşayış olmamasını sübutetmə yükü iddiaçının üzərinə düşür.

19. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

20. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

21. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə həmin mənzildə 2020-2021ci illər ərzində yaşayış olmamasına dair sübut təqdim edilməməsi, işin məhkəmə tərəfindən müəyyən edilmiş digər faktiki hallarına əsasən iddia tələbinin əsaslılığına dair qərar qəbul edilməsinə mane ola bilməz.

22. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları odur ki, ünvan 7 ünvanına xx.xx.2007-ci il tarixində İSS-15 markalı sayğac nömrəsi 100244 olan mexanika tipli su sayğacı quraşdırılmış, xx.xx.2024-cü il tarixində mənzilin su xətti üzərində olan sayğac dəyişdirilərək, İSS-15 markalı, 24110742 nömrəli mexanik tipli sayğac quraşdırılmışdır. İddiaçı 2020-ci il üzrə 197m3 su sərfiyyatı və 98.50 manat borc, 2021-ci il üzrə 197m3 su sərfiyyatı və 186.50 manat borc, 2022-ci il üzrə 103m3 su sərfiyyatı və 103 manat borc, 2023-cü il üzrə 106m3 su sərfiyyatı və 106 manat borc hesablanmışdır. 2020-ci il üzrə 197m3 su sərfiyyatına görə həmin dövrdə mövcud olan tarifə əsasən 98.5 manat, 2021-ci il üzrə 197m3 su sərfiyyatına görə isə həmin dövrdə mövcud olan tarifə əsasən 186.50 manat borc hesablanmışdır. Həmçinin müəyyən edilmişdir 285 manat borcdan iddiaçı tərəfindən 254.62 manat ödəniş həyata keçirilmişdir.

23. Qeyd edilir ki, xx.xx.2024-cü il tarixli abonent kartının məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı məxsus olan **********800 nömrəli abonent koduna 2020-2021-ci illər üzrə su sərfiyyatı əksər aylarda müqayisəli qeydi aparılmaqla hesablanmışdır.

24. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, abonent kartında qeyd edilən “müqayisəli” ifadəsi həmin su sərfiyyatının əvvəlki dövrlərlə müqayisə edilməklə yazılmasını bildirir.

25. “İri Şəhərlərin X2 Xidməti” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 2020-2021-ci illər üzrə abonent tərəfindən bəzi aylar üzrə abonent tərəfindən sayğacın normal oxunması üçün şərait yaradılmadığından ”X1”nın 7.8-ci bəndinə əsasən sərf edilmiş suyun həcmi bundan əvvəlki 12 aylıq dövrdə istifadə olunan orta istehlak normasına əsasən hesablanmışdır. Sonradan abonentin qapı arxasından təqdim etdiyi göstəricilərə əsasən aparılmış ortalama sərfiyyatlar faktiki göstəricilərə uyğunlaşdırılmışdır. Həmçinin iş əmrləri əsasında sayğaclara baxış keçirilməsi üçün ünvana göndərilmiş əməkdaşlar abonent tərəfindən şərait yaradılmadığı üçün abonentin hesabında dəqiqləşmə aparılması üçün müxtəlif tarixlərdə yaradılan iş əmrləri mənfi cavablandırılmışdır.

26. İşin tədqiq edilən halları ilə bu nəticəyə gəlinir ki, cavabdehin əməkdaşları tərəfindən sayğaca baxış keçirilməsi mümkün olmamış, borc əvvəlki 12 aylıq dövrdə istifadə olunan orta istehlak normasına əsasən hesablanmışdır.

27. Hazırda ayınlaşdırılmalı olan məsələ sayğaca baxış keçirilməsi mümkün olmadığı üçün əvvəlki dövrlərlə müqayisə edilməklə yazılmış sərfiyyatın sonradan həqiqətənmi iddiaçının təqdim etdiyi göstəricilərə əsasən faktiki göstəricilərə uyğunlaşdırılmışdır.

28. Belə ki, iddiaçı iddia tələbinin faktiki halları qismində məhkəməyə bildirmişdir ki, ona yazılan sərfiyyat sayğaca baxan nəzarətçi tərəfindən qonşunun sayğacının göstəriciləri əsasında yazılmışdır.

29. Məhkəmə iclasında (xx.xx.2025) iddiaçının nümayəndəsinin səsləndirdiyi və cavabdehin nümayəndələrinin iştirakı ilə tədqiq edilən səs yazına əsasən müəyyən edilmişdir ki, cavabdehin nümayəndəsi (həmin nümayəndənin ) tərəfindən 80 və 81 nömrəli mənzillərin sayğac göstəriciləri səhv yazılmışdır.

30. Qeyd edək ki, həmin səsləndirilən səs yazısında səsin məxsus olduğu şəxsin cavabdehin nümayəndəsi (nəzarətçi) olması məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri tərəfindən təsdiq edilmişdir.

31. Məhkəmə tərəfindən diqqət edilən məsələlərdən biri də odur ki, əgər sərfiyyat faktiki göstəricilərə əsasən yazılmışdırsa nə üçün İddiaçı məxsus olan ünvan 8 ünvanında yerləşən 80 nömrəli mənzilə (abonent kodu:**********800) 2020-2021-ci illər üzrə eyni- 197m3 su sərfiyyatı hesablanmışdır.

32. Qeyd edək ki, işin bütün hallarının tədqiq nəticəsində məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən İddiaçı məxsus olan **********800 nömrəli abonent koduna 2020-2021-ci illər üzrə yazılmış sərfiyyatın faktiki göstəricilərə əsasən yazıldığı müəyyən edilmədiyindən və cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyindən cavabdeh tərəfindən 2020-2021-ci illər üzrə heablanmış 285 manat borc silinməlidir.

33. Məhkəmə həmçinin onu da qeyd edir ki, cavabdeh tərəfindən hesablanmış 285 manat borcdan 254.62 manat iddiaçı tərəfindən ödəniş həyata keçirilmiş olsa da, bu hal əsassız olaraq yazılmış borcun silinməsinə dair tələbin rədd edilməsi üçün əsas ola bilməz.

34. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, müəyyən edilmişdir ki, cavabdehin adı dəyişərək “İri şəhərlərin X2 Xidməti” PHŞ olmuşdur.

35. Məhkəmə qeyd edir ki, cavabdehin adı və təşkilati-hüquqi formasında baş vermiş dəyişiklik onun hüquq və vəzifələrinin xitamına səbəb olmadığından, qeyd edilən dəyişiklik iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz.

Nəticə :

36. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli və cavabdeh "xxxx" ASC tərəfindən ünvan 9 ünvanına (Abunə kodu: **********800) aid edilən 2020-2021-ci illər üzrə yazılmış 285 (iki yüz səksən beş) manat məbləğində borc silinməlidir.

37. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QətEtdi:

İddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 9 ünvanına (Abunə kodu: **********800) 2020-2021-ci illər üzrə yazılmış 285 (iki yüz səksən beş) manat borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar