Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-469/2024 19.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı X5 X3 Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “tikilinin sökülərək “Mühafizə Zonası”ndan çıxarılması” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı X5 X3 Cavabdeh qarşı “tikilinin sökülərək “Mühafizə Zonası”ndan çıxarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı X5 X6 Cavabdeh qarşı “tikilinin sökülərək “Mühafizə Zonası”ndan çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən ünvan 1 ünvanında tamamlanmamış tikilinin 3-cü mərtəbəsində 13 x 20 metrlik sahədə inşa edilmiş tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin sökülərək “Mühafizə Zonası” ndan çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən X5 X4 məxsus neft məhsulu nəql olunan DŞ-300 mm neft boru kəmərinin “Mühafizə Zonası” nın 15 metrlik məsafəsində torpaq zəbt edilməklə ünvan 2 ünvanında tamamlanmamış tikilinin 3-cü mərtəbəsində özbaşına 13 x 20 metrlik sahədə tikinti-quraşdırma işlərinin aparıldığı aşkar olunmuşdur. Bundan başqa həmin ərazidən DŞ-300 mm neft boru kəmərinə paralel DŞ-500 mm, DŞ-300 mm və DŞ-250 mm neft boru kəmərləri keçir. Azərbaycan Respublikasının Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, X5 X6 Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası” nın müəyyənləşdirilməsi Qaydaları” nın təsdiq edilməsi haqqında 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarına əsasən ixrac neft boru kəmərlərinin marşrutu boyunca-boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə “Mühafizə Zonası” na aid edilir. “Mühafizə Zonası” ixrac boru kəmərinin təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq, həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyənləşdirilmişdir. “Mühafizə Zonası” nda Azərbaycan Respublikasının Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, neft boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyəti obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. X5 X4 məxsus magistral boru kəmərlərinin mühafizə zonası, yəni borulardan sağa və sola normativ sənədə əsasən, (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 noyabr 2004-cü il tarixli 167 N-li Qərarı) azı 50 metr olmalıdır.
İş materialları :
3. X5 X3 arayışından görünür ki, X5 X6ndan 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan DŞ-500 mm. (dizel yanacağı) və DŞ-300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimiya” İB-nin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan DŞ-200 mm. (quru qaz), DŞ-250 mm. (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır.
4. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli aktından görünür ki, "xxxx" MMC-nin əmri ilə yaradılmış komissiya tərəfindən Baki şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəs 7 “A” ünvanına baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Nizami rayonu, Əli Vəliyev küçəs 7 “A” ünvanında aparılan tikinti işləri ilə NEZ-ə məxsus ən yaxın olan Dş 300 mm neft boru kəməri arasında məsafə 15 metr təşkil edir.
5. X5 X3 Mühafizəsi üzrə Polis idarəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həmin tarixdə X5 X3 neft məhsulları nəql olunan kəmərlərinin mühafizəsi zolağında ünvan 4 ünvanında, 45 saylı postun ərazisində kəmərdən təqribən 12 metr aralı "xxxx" İdman kompleksinin ərazisində köhnədən olan hasarın daxilində təqribən 400-500 km olan sahənin içərisində tikintisi başa çatmış 3 mərətəbəli binaya bitişik 13 metr enində, 20 metr uzunluğunda 2-ci binanın 3-cü mərtəbəsi üzrə aparılan tikinti işlərinin tamamlanması aşkar edilmişdir. Həmin aktda həmçinin özünü iş icraçısı kimi təqdim edən Cavabdeh tikilinin mühafizə zonası daxilində olduğu üçün xəbərdarlıq edildiyi, Cavabdeh tərəfindən isə həmin tikilinin 2022-ci il dekabr ayının 31-də yandığı və həmin binanın yenidən bərpa edildiyini bildirdiyi qeyd edilmişdir.
6. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Nizami Rayon İcra Hakimiyyətinin Başçısı cənab E.Əzizova ünvanlandırdığı xx.xx.2002-ci il tarixli, 7-1133/7 nömrəli məkubundan müəyyən olunur ki, Bakı şəhərində aparılan təmizlik və abadlıq işlərini davam etdirməklə, Nizami rayonu Ə.Vəliyev küçəsindəki 2433-cü məhəllədə istifadəsiz qalmış mini futbol meydançasını yeniyetmə və gənclərin istifadəsinə verilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunmuş eskiz layihəsini razılaşdıraraq, yenidənqurma işlərinin aparılmasına etiraz etməmiş və sənədləşdirilmənin rayon icra hakimiyyətində aparılması Nizami Rayon İcra Hakimiyyətinin Başçısı cənab E.Əzizova tapşırılmışdır.
7. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 234 nömrəli sərəncamından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının razılıq məktubuna əsasən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihə əsasında müvafiq qaydada öz vəsaiti hesabına "xxxx" firmasına Ə.Vəliyev küçəsindəki 2433-cü məhəllədə yerləşən mini futbol meydançasında yenidənqurma və bərpa işlərinin aparılmasına icazə verilməsi, "xxxx" firmasının rəhbərliyinə ətrafın sanitar vəziyyətinə nəzarət edilməsinin tapşırılması və sərəncamın surətlərinin məlumat üçün 25-ci Polis bölməsinə, RİHBA-nın Təsərrüfat şöbəsinə, icra üçün "xxxx" firmasına göndərilməsi qərara alınmışdır.
8. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən təsdiq edilmiş ünvan 6 ünvanında yerləşən "xxxx" kiçik müəssisəsinə məxsus xx.xx.2004-cü il tarixli qeyri-yaşayış binasının texniki pasportuna daxil olan A-tikintisinin planının surətindən görünür ki, qeyriyaşayış obyekti (mehmanxananın) 3 mərtəbəli planı nəzərdə tutularaq təsdiq edilmişdir.
9. Bakı şəhər Nizami rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli aktının surətindən görünür ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmurları ünvan 7 ünvanında yerləşən "xxxx" idman kompleksində olmuşlar və həmin ünvanda Cavabdeh tərəfindən heç bir tikinti işlərinin aparılmadığını müəyyən etmişlər.
10. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatının "xxxx" kiçik müəssisəsinin direktoru Telman Abdullayevə ünvanlandırdığı xx.xx.2016-cı il tarixli, 8- 03/214 nömrəli məktubundan görünür ki, həmin məktubda Nizami rayonu, Ə.Vəliyev küçəsi, 2433-cü məhəllədə yerləşən idman kompleksinin mövcud vəziyyətdə təqdim edilmiş memarlıq-planlaşdırma həlli layihəsi Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2016-cı il tarixli, 18/03-8/1215 nömrəli məktubu ilə razılaşdırıldığı və sənədləşdirmə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti idarəsi ilə razılaşdırılmaqla mövcud qanunvericiliyə uyğun başa çatdırıldıqdan sonra tikinti işlərinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun aparılmalı olduğu qeyd edilmişdir.
11. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin 25 may 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən müəyyən olunur ki, ünvan 8 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus idman kompleksinin hostelində xx.xx.2022-ci il tarixində yanğın hadisəsi baş vermişdir və baş vermiş yanğın hadisəsi ilə əlaqədar Saran Yağmurun əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
12. "xxxx" Kiçik müəssisəsinin direktoru Telman Abdullayev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 08/A nömrəli əmrin surətindən görünür ki, Cavabdeh "xxxx" kiçik müəssisəsinin idman kompleksinə direktor vəzifəsinə keçirilmişdir.
13. İş materiallarına tikilinin fotoşəkilləri əlavə edilmişdir.
14. “Azemis” Elektron məhkəmə informasiya sistemindən əldə edilən sorğu məlumatından görünür ki, Cavabdeh "xxxx" kiçik müəssisəsində direktor müavini vəzifəsində işləyir.
15. xx.xx.2023-cü il tarixli mədaxil qəbzin surətindən görünür ki, iddiaçı X5 X6 tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, tikili köhnə tikili olduğu üçün rəhbərliklə məsləhətləşmişlər ki, 1 və 2-ci mərtəbənin deyil 3-cü mərtəbənin sökülməsi tələbini qoysunlar. Belə ki, tikinti işlərinin aparılması X5 X6 və Azərbaycan Respublikası Energetika Nazirliyindən icazə alınmalı idi. Hazırkı iddia tələbi ilə müraciət etmələrinin səbəbi binanın 3-cü mərtəbəsində tikinti işlərinin aparılmasının aşkar edilməsi ilə bağlı olmuşdur. İddia tələbi ilə məhkəməyə müraciət edilən vaxt binada aparılan tikinti işləri tamamlanmışdır.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. O izahatında bildirmişdir ki, hazırkı iddia tələbi "xxxx" kiçik müəssisəsinə qarşı yönəlməli olduğu halda, Cavabdeh qarşı yönəldilmişdir. Cavabdeh müəssisənin işcisidir. Əlavə olaraq bildirmişdir ki, bina əvvəlcədən 3 mərtəbədən ibarət olmuşdur, 3-cü mərtəbə sonrada tikilməmişdir. 31 dekabr 2022-ci il tarixdə binada yanğın baş vermiş və nəticədə binaya xeyli ziyan dəymişdir. Bu səbəbdən binada təmir-bərpa işləri aparılmışdır. Hazırda binada tikinti işləri aparılmır. İcra məmuru gəlib tikinti işlərinin aparılmadığını görmüşdür, bununla bağlı icra məmuru tərəfindən tərtib edilmiş akt da var.
İşin faktiki halı :
18. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, hazırki mübahisəli tikili "xxxx" kiçik müəssisəsinə məxsus olub, tikiliyə mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur, tikilinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 234 nömrəli sərəncamı ilə "xxxx" firmasına Ə.Vəliyev küçəsindəki 2433-cü məhəllədə yerləşən mini futbol meydançasında yenidənqurma və bərpa işlərinin aparılmasına icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən təsdiq edilmiş ünvan 6 ünvanında yerləşən "xxxx" kiçik müəssisəsinə məxsus xx.xx.2004-cü il tarixli qeyri-yaşayış binasının texniki pasportuna daxil olan A-tikintisinin planının surətindən görünür ki, qeyriyaşayış obyektinin (mehmanxananın) 3 mərtəbəli planı nəzərdə tutularaq təsdiq edilmişdir. 31 dekabr 2022-ci il tarixində, ünvan 6 ünvanında yerləşən, "xxxx" MMC-yə məxsus idman kompleksinin hostelində yanğın hadisəsi baş vermişdir, yanğın nəticəsində "xxxx" kiçik müəssisəsinə xeyli ziyan dəymiş və yanğından sonra həmin bina ilə bağlı "xxxx" MMC tərəfindən təmir-bərpa işləri aparılmışdır.
Məhkəmə baxışının hədləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
20. Azərbaycan Respublikası Konstitusiyasının :
M a d d ə 6 8 . Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ
İ. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi :
52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
22. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin :
5.2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 46.1. Dövlət mülkiyyətində olan torpaqlara dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar daxildir. 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
111. 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
23. “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 saylı qərarının :
4.1. İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası_boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. 6.1. “Mühafizə Zonası”nda Energetika Nazirliyinin və X2 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır : bina və qurğuların tikintisi.
Məhkəmənin mövqeyi :
24. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi rədd edilməlidir.
25. İddiaçı X5 X6 Cavabdeh qarşı ünvan 1 ünvanında tamamlanmamış tikilinin 3-cü mərtəbəsində 13 x 20 metrlik sahədə inşa edilmiş tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və “tikilinin sökülərək “Mühafizə Zonası”ndan çıxarılması” tələbini irəli sürmüşdür.
26. İddiaçı cavabdehə qarşı olan hazırki iddia tələbini mühafizə zonasında yerləşən tikilinin 3-cü mərtəbəsində iddiaçı və Azərbaycan Respublikası Energetika Nazirliyindən icazə alınmadan özbaşına tikinti-quraşdırma işlərinin aparılması ilə, cavabdeh isə iddia tələbinə qarşı etirazını iddianın iddia tələbinə cavab verməli olmayan şəxsə qarşı yönəldilməsi və tikilidə yeni tikinti işləri deyil, baş vermiş yanğınla əlaqədar bütün binada təmir işlərinin aparılması, tikilinin 3-cü mərtəbəsinin bina tikilən vaxtdan mövcud olması ilə əsaslnadırmışdır.
27. Məhkəmə ilk olaraq onu qeyd edir ki, hazırki iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəlmişdir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi tikili "xxxx" kiçik müəssisinə məxsusdur və iddiaçının cavabdeh qismində cəlb etdiyi Cavabdeh "xxxx" kiçik müəssisənin direktor müavini, idman kompleksinin direktorudur.
28. Mülki qanunvericiliyə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Mülki Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir (MM 52 m).
29. Məhkəmə həmçinin qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinin dispozisiya şərtlərinə görə, hər hansı tikilinin özbaşına tikili hesab olunması bu tikilinin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsi torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) və onun hüquqi nəticələrindən bəhs edir. Həmin maddənin birinci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur.
31. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 234 nömrəli sərəncamı ilə "xxxx" firmasına öz vəsaiti hesabına Bakı şəhər İcra Hakimiyyəti Başçısının razılıq məktubuna əsasən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihə əsasında müvafiq qaydada Ə.Vəliyev küçəsindəki 2433-cü məhəllədə yerləşən mini futbol meydançasında yenidənqurma və bərpa işlərinin aparılmasına icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən təsdiq edilmiş ünvan 6 ünvanında yerləşən "xxxx" kiçik müəssisəsinə məxsus xx.xx.2004-cü il tarixli qeyri-yaşayış binasının texniki pasportuna daxil olan Atikintisinin planının surətindən görünür ki, qeyri-yaşayış obyektinin (mehmanxananın) 3 mərtəbəli planı nəzərdə tutularaq təsdiq edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin 25 may 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən müəyyən olunmuşdur ki, ünvan 8 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus idman kompleksinin hostelində xx.xx.2022-ci il tarixində yanğın hadisəsi baş vermişdir.
32. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən məhkəmədən iddiaçıdan və Azərbaycan Respublikası Energetika Nazirliyindən icazə alınmadığı üçün qanunsuz hesab etdiyi tikilinin üçüncü mərtəbəsinin sökülməsi tələbini irəli sürmüşdür. İddiaçı öz tələbini əsaslandırarkən iddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasının 15 metrlik məsafəsində yerləşən torpaq sahəsinin faktiki olaraq cavabdeh tərəfindən zəbt edilərək tikilinin 3-cü mərtəbəsində özbaşına tikintiquraşdırma işlərinin aparıldığını, bunun da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaratdığını bildirmişdir. Lakin iddiaçı tikilinin 3-cü mərtəbəsinin sonradan tikildiyini, tikilinin üçüncü mərtəbəsinin neft boru kəmərinə qulluq edilməsinə, onun istismar edilməsinə hansı maneçilik yaratdığını, insanların həyatı üçün təhlükəsinin nədən ibarət olduğunu sübuta yetirə bilməmişdir.
33. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının nümayəndəsinin tikilinin iddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasının 15 metrlik məsafəsində yerləşməsini qeyd etməsi ilə bağlı işin halının cavabdehin nümayəndəsi tərəfindən iclasda mübahisələndirilmədiyindən məhkəmə tərəfindən bununla bağlı müvafiq ekspertiza təyin edilməmişdir.
34. Məhkəmə qeyd edir ki, tikilinin 3-cü mərtəbəsinin mühafizə zonasının hüdudlarında yerləşməsi əsası ilə iddianın təmin edilməsi cavabdehin Konstitusiya ilə təsbit olunmuş hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, cavabdehə mübahisəli ərazidə tikinti və yenidənqurma işləri aparılmasına icazə 2002-ci il tarixdə verilmiş, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsindən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmişdir. İddiaçının nümayəndəsi də izahatında tikilinin köhnə tikili olduğundan bütün tikilinin sökülməsini istəmədiklərini bildirmişdir.
35. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən qeyd edilməlidir ki, iddiaçı tərəfindən tikilinin 3-cü mərtəbəsinin sökülməsi tələbinin irəli sürülməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
36. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012- ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.
37. Oxşar mövqe Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervsog Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.
38. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, ünvan 9 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus idman kompleksinin mehmanxanası 3 mərtəbədən ibarət olmuşdur. 2022-ci il dekabr ayının 31-də baş vermiş yanğın nəticəsində mehmanxanaya xeyli ziyan dəymiş və dəymiş ziyanın aradan qaldırılması ilə bağlı "xxxx" MMC tərəfindən mehmanxanada təmir-bərpa işləri aparılmışdır. Tikilinin 3 mərtəbədən ibarət olması iddiaçının nümayəndəsi tərəfindən mübahisələndirilməmişdir. O izahatında qeyd etmişdir ki, tikilidə yanğın baş verməsinin onlara aidiyyəti yoxdur. Onlar tikiliyə baxış keçirərkən 3-cü mərtəbədə tikinti işləri aşkar etmişlər. Tikili köhnə tikili olduğundan bütün binanın sökülməsi ilə bağlı tələb irəli sürməmişlər.
39. Belə olduğu halda məhkəmə hesab edir ki, ünvan 6 ünvanında yerləşən qeyriyaşayış obyektinin üçüncü mərtəbəsinin qeyri-qanuni tikili hesab edilməsinə dair iddiaçının iddiası təmamilə əsassızdır.
40. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
42. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki ola bilsin ki, cavabdeh tərəfindən tikilidə təmir yaxud bərpa işləri aparılsın. Lakin bu hal iddiaçıya əsas vermir ki, o, tikilinin 3-cü mərtəbəsinin sökülməsini tələb etsin. Üstəlik iddiaçı tərəf həqiqətən insanların həyat və sağlamlığı üçün də “narahat” olduğuna görə bu cür iddia irəli sürübsə, ən azından bugünədək neft kəmərinin mühafizə zonasında hansısa tikilinin mərtəbəsinin sökülməsinə nail olmalarına dair məhkəməyə sübut da təqdim edə bilərdi, ancaq etməyib. Belə bir vəziyyətdə cavabdehə qarşı bu formada iddia irəli sürməsi isə hüququn ali məqsədinə xidmət etmir. Yəni, hüququn ali məqsədi ədaləti təmin etməkdir. İddiaçının arzuladığı formada məhkəmə aktının çıxarılması isə açıq-aşkar hüququn ali məqsədinə xidmət etməzdi.
Nəticə :
43. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddiaçı X5 X3 Cavabdeh tərəfindən ünvan 1 ünvanında tamamlanmamış tikilinin 3-cü mərtəbəsində 13 x 20 metrlik sahədə inşa edilmiş tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin sökülərək “Mühafizə Zonası” ndan çıxarılmasına sair iddia tələbi rədd edilməlidir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddiaçı X5 X3 Cavabdeh qarşı “tikilinin sökülərək “Mühafizə Zonası”ndan çıxarılması” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva