Məhkəmə qərarları › İş №2(007)-471/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-471/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-471/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Fikrət Xasay oğlu Mirzəyevin sədrliyi Qurbanov Ramil Firudin oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh ilə İddiaçı arasında cavabdehin övladları Haqverdiyeva Nərgiz Əziz qızının və Haqverdiyev Kamil Əziz oğlunun təhsil almaları məqsədi ilə 2019-2020-ci tədris ili üçün 13.09.2019-cu il tarixdə tam orta təhsil xidməti haqqında müqavilələr bağlanmışdır. Bağlanmış müqavilələr əsasında cavabdeh müqavilələrin 2.2-ci maddəsi ilə müəyyən edilmiş ümumilikdə illik 9000 (doqquz min) manat (4500 AZN+4500 AZN) məbləğində təhsil haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəfindən imzalanmış müqavilələr üzrə götürülmüş öhdəliklər icra edilməmişdir.Tərəflər arasında yaranmış bu mübahisəni məhkəmədənkənar pretenziya qaydasında dəfələrlə həll etməyə çalışsalar da, lakin bu heç bir nəticə verməmişdir. Belə ki, cavabdehlə təhsil haqqının ödənilməsi ilə əlaqədar uzun müddət şifahi və yazılı şəkildə danışıqlar aparıldıqdan sonra bu danışıqlar heç bir nəticə vermədiyindən cavabdehə birinci dəfə bildiriş göndərilərək ölkədə yaranmış vəziyyətlə əlaqədar olaraq təhsil haqqı məbləğinə güzəşt edildiyi bildirilmiş və güzəşt məbləği çıxıldıqdan sonra qalıq məbləği ödəməsi üçün imkan yaradılmışdır.Lakin, cavabdeh tərəfindən bundan sonra da öhdəliyin icrası istiqamətində hər hansı bir tədbir görülməmişdir.Daha sonra cavabdehə ikinci dəfə bildiriş göndərilərək təhsil haqqı məbləğinin və tərəflər arasında imzalanmış müqavilələrə əsasən gecikdirilmiş təhsil haqqı məbləğinə görə hesablanmış cərimə məbləğinin müəyyən edilmiş müddət ərzində ödənilməsi xahiş edilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən öhdəlik yenə də icra edilməmiş qalmışdır.Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Cavabdeh 2019-2020-ci tədris ilinə görə müqavilələr ilə müəyyən edilmiş 9000 (doqquz min) manat məbləğindəki vəsaiti tam şəkildə müqavilələrin digər tərəfi olan və cavabdehin övladına tam orta təhsil xidməti göstərən iddiaçı Məktəbə ödəməli olduğu həmin vəsaiti bu günədək ödəməmişdir. Bu günkü gündə cavabdehin iddiaçı Məktəb qarşısında ödənilməmiş 5000 (beş min) manat (2500 AZN + 2500 AZN) məbləğində təhsil haqqı borcu vardır. Tərəflər arasında imzalanmış Tam orta təhsil xidməti haqqında Müqavilələrin 2.2.3-cü maddəsinə əsasən “Şagird təhsil haqqını 2019-2020-ci dərs ilinin hər ayının sonunda mütləq ödəməlidir, bu tarixə qədər şagird təhsil haqqını ödəmədikdə, gecikdirilmiş hər gün üçün təhsil haqqının ümumi məbləğinin 0.3% həcmində dəbbə pulu (peniya) ödəyir”. Cavabdeh tərəfindən təhsil haqqı ödənişi ilə bağlı öhdəlik icra edilmədiyindən iddiaçı Məktəb tərəflər arasında imzalanmış Müqavilələrin 2.2.3-cü maddəsini rəhbər tutaraq 30.07.2020-ci il tarixinədək cavabdehə ümumilikdə 2940 (iki min doqquz yüz qırx) manat məbləğində cərimə hesablamışdır. Beləliklə də, cavabdehin iddiaçı qarşısında bu günki gündə ödənilməmiş 5000 (beş min) manat məbləğində təhsil haqqı borcu və təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 2940 (iki min doqquz yüz qırx) manat məbləğində cərimə, ümumilikdə 7940 (yeddi min doqquz yüz qırx) manat məbləğində borcu vardır. Qeyd olunanlara əsasən Cavabdeh İddiaçı xeyrinə 5000 (beş min) manat məbləğində təhsil haqqı borcunun, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 2940 (iki min doqquz yüz qırx) manat məbləğində cərimənin, ümumilikdə 7940 (yeddi min doqquz yüz qırx) manat məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş və izahat verərək göstərmişdir ki,İddiaçı MMC həyat yoldaşına qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlardan İddiaçı MMC-nin xeyrinə 2500+2300 manat təhsil haqqı borcunun, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanan 4800 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı ASC iddia tələbini onunla əsaslandırıb ki, cavabdehlə iddiaçı arasında cavabdehin övladları Haqverdiyev Kamil Əziz oğlu və Haqverdiyeva Nərgiz Əziz qızın təhsil almaq məqsədi ilə 2019- 2020-ci tədris ili üçün 13 sentyabr 2019-cu il tarixdə tam orta təhsil xidməti haqqında müqavilə bağlanıb, bağlanan müqavilə əsasında cavabdeh müqavilənin 2.2-ci maddəsi ilə müəyyən edilən illik 9000 manat məbləğindəki təhsil haqqının iddiaçıya ödəməyi öhdəsinə götürüb. Lakin cavabdeh tərəfindən imzalanan müqavilə üzrə götürülən öhdəliklər icra edilməyib.Aşağıda göstərilən əsaslara görə iddianın əsassız olmasını bildirir. İddia ərizəsindən də görünür ki, iddiaçı öz iddia ərizəsini ümumi hallarla əsaslandırıb, işin əsas hallarını məhkəmə araşdırmasından yayındırmaq üçün hansı aylar üzrə təhsil haqqının ödənilməməsini göstərməyib. Belə ki, onun həyat yoldaşı İddiaçıi ilə “Tam orta təhsil xidməti haqqında” 13 sentyabr 2019-cu il tarixli müqavilə imzalamış, həmin müqaviləyə əsasən övladları Haqverdiyev Kamil Əziz oğlu və Haqverdiyeva Nərgiz Əziz qizi həmin məktəbdə təhsil almağa başlayıb. Həmin müqavilələrin 2.2.1-ci maddəsinə əsasən o, cəmi 9000 manat məbləğində təhsil haqqını və vergi ödənişlərini nəğd, köçürmə yolu ilə, bir dəfəyə, hissə-hissə və ya hər ay ödəməyi öhdəsinə götürmüşdür. Yəni həmin müqavilənin bu bəndinə əsasən onun həmin ödəniş üsullarından biri üzrə ödəniş etmək hüququ olduğuna görə o, 4000 (2000+2000 hər uşağa) manat məbləğində ödəniş etmişdir. Sözügedən müqavilə 9 aylıq tədris ilini əhatə etdiyinə və 9 ay qüvvədə olduğuna görə o, həmin təhsil haqqını övladlarına verilən təhsilin müqabilində bir hissəsin ödəmişdir. İddiaçı qeyd edilən müqaviləyə əsasən övladlarına 2019-cu ilin sentyabr ayından 2020-ci ilin fevral ayınadək, yəni 5 ay müdətinə təhsil vermiş, bu beş ay təhsil haqqı olaraq iddiaçıya 4000 AZN məbləğində pul vəsaiti ödənilmiş, 500 manat məbləğində borcu qalmışdır. Dünyada yayılan pandemiya səbəbindən Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə” 02 mart 2020-ci il tarixi Sərəncamına əsasən 2020-ci ilin martın 3-dən etibarən tədris prosesi dayandırılıb, həmin tarixdən məktəb təhsil xidməti göstərməyib, uşaqlar məktəbə getməyiblər. O, mart ayına qədər təhsil haqqı ödənişi üçün yaranan 500 manat borcu ödəmək istədikdə isə iddiaçı 500 manat məbləğində pulu qəbul etməyib, təhsil vermədiyi ay üçün bütün məbləği tələb edib. Övladlarının məktəbə getməməsinə, məktəbin onlara təhsil xidməti göstərməməsinə görə o da mart, aprel, may və iyun ayları üçün təhsil haqqını ödəməmişdir. 12 iyun 2020-ci il tarixdən tədris ili başa çatıb, həmin müqavilə 14 iyun 2020-ci il tarixdən qüvvədən düşüb. “Tam orta təhsil xidməti haqqında” 13 sentyabr 2019-cu il tarixli müqavilənin 2.1.6-cı bəndinə əsasən dərsləri tam həcmdə və ardıcıl keçirmək iddiaçının vəzifəsidir. Həmin müqavilənin 2.1.4-cü maddəsinə əsasən ev tapşırıqlarını məktəbdə keyfiyyətlə yerinə yetirilməsini təmin etmək Məktəbin vəzifəsidir.Lakin məktəb fevral ayından sonra dərsləri keçməmiş, ev tapşırıqlarını məktəbdə keyfiyyətlə yerinə yetirilməsini təmin etməmiş, həmin tarixdən başlayaraq heç bir təhsil xidməti göstərməmişdir. Beləliklə də Nazirlər Kabinetinin yuxarıda adını çəkdiyi qərarına əsasən iddiaçının öz vəzifəsini yerinə yetirə bilməməsi, dərslər tam həcmdə və ardıcıl keçirmədiyinə və ev tapşırıqlarını məktəbdə keyfiyyətlə yerinə yetirilməsini təmin etmədiyinə görə onun ona kompensasiya ödəmək vəzifəsini istisna etdiyi kimi, iddiaçının keçmədiyi dərslərə görə ondan təhsil haqqını tələb etmək hüququnu da istisna edir. Lakin iddiaçı mart ayından başlayaraq övladlarına müqavilədə nəzərdə tutulan qaydada dərsləri tam həcmdə və ardıcıl keçməməsinə baxmayaraq, həmin aylar üçün ondan təhsil haqqını tələb edir, təhsil haqqı ödənişinin dayandırılmasını tələb etdikdə isə məktəb təhsil vermədiyi hər ay üçün cəmi 140 manat, ümumilkdə isə 280+280 manat məbləğində güzəşt ediləcəyini bildirib. Halbuki, müqavilənin özündə də təhsil haqqının aylar üzrə verilməsi, yəni bu haqqın yalnız göstərilən təhsil xidmətinin dəyəri olması öz əksini tapmışdır. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi “Tam orta təhsil xidməti haqqında” 13 sentyabr 2019-cu il tarixli müqavilə tərəflərdən birinin öhdəliyinin icra etməsini digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirilib. Yəni, həmin müqaviləyə əsasən İddiaçı MMC övladlarına təhsil verməyi,o da həmin təhsilin haqqı üçün pul vəsaiti ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçının ondan təhsil haqqı borcuna görə hesablanan 2020+2120 manat məbləğində cərimə məbləği tələb etməsinə münasibətdə isə bildirmək istəyir ki, o, təhsil haqqını gecikdirməmişdir, öz öhdəliyini pozmamışdır. İddiaçı öz öhdəliyini yerinə yetirməyib, övladlarına mart, aprel, may və iyun ayları üzrə təhsil vermədiyinə görə həmin aylar üçün təhsil haqqı ödəməmilməmişdir.Ona görə də həmin aylar üçün ödənilməyən təhsil haqqına cərimə hesablana bilməz. Qeyd edilənlərdən əlavə məhkəmənin nəzərinə çatdırır ki, dövlət tərəfindən sahibkarlara dəymiş ziyanın aradan qaldırılması çərçivəsində görülmüş tədbirlər nəticəsində İddiaçı MMC-yə maliyyə dəstəyi edilib, məktəbə dəymiş zərər dövlət tərəfindən qarşılanıb. Buna baxmayaraq məktəb ölkədə Covid-19 virusunun yayılmasından da öz xeyrlərinə istifadə etməyə çalışıb, heç bir xidmət göstərmədiyi və bunun üçün dövlətdən maliyyə dəstəyi aldığı halda, onlardan də göstərdiyi xidmətin haqqını tələb edir. Onun iddia ərizəsinə etirazının əsasını təsdiq edən sübutlar hamıya bəlli olan hal olduğuna görə o, bu halı sübut etməyə məcbur deyil, iddianın hüquqi əsasını isə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə” 02 mart 2020-ci il tarixi Sərəncamı təşkil edir. Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki,iddia təmin olunmasın. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı ilə şagird Haqverdiyeva Nərgiz Əziz qızının anası Cavabdeh arasında bağlanmış,”Tam təhsil nxidməti haqqında”24 saylı 13.09.2019-cu il tarixli müqavilənin məzmunundan görünür ki, məktəb və valideyn qarşılıqlı razılaşma əsasında orta təhsil xidmətinin göstərilməsi əsasında razılıq əldə etmişlər. Müqvilənin 2.2.1-ci maddəsinə əsasən 1 illik təhsil haqqı 5000 AZN(nəqliyyat vasitəsindən istifadə etdikdə 5900 AZN)müəyyən olunmuşdur. İddiaçı ilə şagird Haqverdiyeva Kamil Əziz oğlunun anası Cavabdeh arasında bağlanmış,”Tam təhsil nxidməti haqqında”24 saylı 13.09.2019-cu il tarixli müqavilənin məzmunundan görünür ki, məktəb və valideyn qarşılıqlı razılaşma əsasında orta təhsil xidmətinin göstərilməsi əsasında razılıq əldə etmişlər. Müqvilənin 2.2.1-ci maddəsinə əsasən 1 illik təhsil haqqı 5000 AZN(nəqliyyat vasitəsindən istifadə etdikdə 5900 AZN)müəyyən olunmuşdur. 30.07.2020-ci il tarixli maliyyə arayışlarından görünür ki,Cavabdeh hər iki müqavilə üzrə 500 AZN güzəşt edildikdən sonra,15.11.2019-cu il tarixdə ayrı-ayrılıqda hər müqaviləyə görə 2000 manat ödəniş olmuşdur.Hər müqavilə üzrə əsas borc 2500 AZN,iki müqaviləyə görə cərəmə üzrə 3970 AZN,ümumilikdə iki müqavilə üzrə 7940 (yeddi min doqquz yüz qırx) manat təşkil edir. Cavabdehə ünvanlanmış 13.08.2020-ci il tarixli bildirişdən görünür ki,mübahisənin məhkəmədənkənar pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nzairliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/2008 saylı 08 may 2021-ci il tarixli ekspert rəyindən görünür ki,Cavabdeh İddiaçı MMCyə borcu övladları Haqverdiyeva Nərgiz Əziz qızının və Haqverdiyeva Kamil Əziz oğlunun təhsil almaları məqsədi ilə 2019-2020-ci tədris ili üçün 13.09.2019-cu il tarixdə bağlanmış müqavilələr üzrə 5000,0 manat əsas borc və 1320,manat dəbbə pulu təşkil edir. Pandemiya dövründə iddiaçı tərəfindən təhsilin tam dayandırılması istisna olmaqla dərslərin onlayn qaydada keçirilməsinə dəlalət edən çoxsaylı sübutlar əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrinə görə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olunmuşdur ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətlə Cavabdeh arasında cavabdehin övladları Haqverdiyeva Nərgiz Əziz qızının və Haqverdiyev Kamil Əziz oğlunun təhsil almaları məqsədi ilə 2019-2020-ci tədris ili üçün 13.09.2019-cu il tarixdə tam orta təhsil xidməti haqqında müqavilələr bağlanmışdır. Bağlanmış müqavilələr əsasında iddiaçı şagirdlərə müvafiq təhsil xidmət göstərmək, cavabdeh müqavilələrin 2.2-ci maddəsi ilə müəyyən edilmiş ümumilikdə illik 9000 (doqquz min) manat (4500 AZN+4500 AZN) məbləğində təhsil haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşlər. Ölkədə “Kovid-19”pandemiyası ilə əlaqədar təhsil sistemində bir müddət tam dayanma olmuş,daha sonra dərslər onlayn qaydada davam etdirilmişdir. Baş vermiş pandemiya ilə əlaqədar məktəb tərəfindən cavabdehə ödəniş haqqında güzəştlər olunmasına baxmayraq cavabdeh bir-neçə ay müddətində təhsil haqqını ödəməkdən imtina etmişdir.Nəticədə cavabdehin təhsil haqqına görə hər iki müqavilə üzrə 5000 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərərflər arasında bağlanmış müqavilələrin 2.1.12-ci bəndindən göründüyü kimi iddiaçı baş verən fors major hallara görə məsuliyyət daşımır.Məhkəmə hesab edir ki,respublikada baş verən və uzun müddət davam edən “Kovid-19”pandemiyası fors major hal kimi qiymətləndirilməlidir.İddiaçı fors major hallara görə məsuliyyət daşımadığı üçün,cavabdehin həmin halı əsas tutaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etməsinin hüquqi əsası yoxdur. Qeyd olunanlara əsasən məhkəmə 5000 manat əsas borcun ödənilməsi hissəsində iddianı əsaslı hesab edir. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 2940 manat(ekspert rəyi ilə bu məbləğ 1320 manat təşkil edir) manat cərimə borcu tənasübsüz surətdə yüksək olduğu üçün, cərimənin məbləği azadılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, dəbbə pulu azaldılmalı və 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinəmünasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə,məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymət verərək hesab edir ki,iddia qismən təmin edilməli, Cavabdeh 5000 manat təhsil haqqı,100 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı,qalan hissədə iddia təmin olunmamalıdır. Cavabdeh 100 manat ekspertiza təhqiqatının dəyəri alınaraq Azərbaycan Respublikası Ədliyyə Nzairliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 5000 manat təhsil haqqı,100 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun Qalan hissədə iddia təmin olunmasın. Cavabdeh 100 manat ekspertiza təhqiqatının dəyəri alınaraq Azərbaycan Respublikası Ədliyyə Nzairliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar