Məhkəmə qərarları › İş №2(007)-473/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-473/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-473/2022 26.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Cavabdeh1 MMC-nin vəkili və nümayəndəsi Nümayəndə1 Şamiddin oğlunun, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “abunə müqaviləsi üzrə bağlanmış rabitə xəttinin və xidmətin bərpa edilməsi, nömrənin aktivləşdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “abunə müqaviləsi üzrə bağlanmış rabitə xəttinin və xidmətin bərpa edilməsi, nömrənin aktivləşdirilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən abunəçisi olduğu 070 276 99 99 saylı nömrənin aktivləşdirilməsi və Cavabdeh2 MMC-yə geri qaytarılması, Cavabdeh2 MMC tərəfindən onunla bağladığı müqavilə şərtlərinin pozulması ilə xitam verilmiş müqavilə şərtlərinə uyğun olaraq abunəçisi olduğu 070 276 99 99 saylı nömrə üzrə bağlanmış rabitə xəttinin və xidmətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, istehlakçı olaraq cavabdehlə bağladığı xx.xx.2020-ci il tarixli abunə müqaviləsi əsasında təkrar olaraq 070 *** ** ** saylı mobil nömrəsini 355 manata əldə etmiş, lakin 2021-ci ilin ortalarında nömrəsinə pul yükləyən zaman işləmədikdə məlum olmuşdur ki, cavabdeh tərəfindən ona məxsus olan həmin nömrə üzrə xidmət dayandırılmış və nömrədən istifadəsi mümkünsüzdür. Bu nömrə üzrə onun cavabdehə borcu olmamış və yoxdur. Cavabdeh şirkətlə əlaqə saxlayan və baş ofisdə olan zaman ona cavabdehin əməkdaşları şifahi olaraq məlumat vermişlər ki, 3 ay müddəti tamam olduğu və nömrə hesabına pul ödənişi etmədiyi üçün nömrəsi bağlanmışdır. Halbuki, xx.xx.2020-ci il tarixli abunə müqaviləsinin 9.3-cü maddəsinin əsasən cavabdehin öz mülahizəsi və seçimi əsasında bu Müqavilənin icrasını birtərəfli qaydada dayandıra və ona xitam verə bilmə əsasları göstərilmişdir ki, o maddədə və ümumiyyətlə müqavilədə 3 ay ərzində ödəniş etməmə əsası ilə birtərəfli qaydada rabitə xətti və xidmətin dayandırılması kimi əsas mövcud deyildir. O, ixtisasca vəkildir və həmin nömrəni artıq uzun müddətdir ki, xidmət göstərdiyi şəxslər bilsə də, nömrəsi bağlandıqdan sonra müştəriləri ilə əlaqələri itmiş, onunla əlaqə saxlaya bilməmiş, nəticədə əhəmiyyətli dərəcədə hüququ pozulmuşdur. Odur ki, cavabdeh "xxxx" şirkətinə qarşı abunə müqaviləsi üzrə bağlanmış rabitə xəttinin və xidmətin bərpa edilməsi, nömrənin aktivləşdirilməsi tələbi verməyə haqlıdır. Bağlanmış müqavilə şərtlərinə əsasən istehlakçı olaraq ona münasibətdə abunəçi kimi qanunverciliyin və müqavilə tələblərinin icra edilməməsi nəticəsində müqaviləyə birtərəfli qaydada xitam verilə bilərdi. Cavabdeh "xxxx" MMC-nin etirazına əsasən nömrə daşınması olduğu üçün Cavabdeh1a qarşı iddia tələbinin təmin edilməməsi qeyd edilmişdir. Halbuki etirazda eyni zamanda qeyd edilmişdir ki, “nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”nın 10.10-cu bəndinə əsasən nömrəsi daşınmış abunəçi ilə, alıcı operator (“Azərcell” Telekom)” MMC arasında abunə müqaviləsinə xitam verildikdə alıcı operator tərəfindən nömrənin təsis olunduğu operatora, yəni "xxxx" MMC-yə geri qaytarılmalıdır. Etirazdan sonra məhəməyə daxil edilmiş xx.xx.2020-ci il tarixli daşınma müqaviləsindən görünür ki, mübahisəli abunəçisi olduğu 070 *** ** ** saylı nömrə həmin müqavilə əsasında "xxxx" MMC-yə daşınmışdır. Lakin hazırda həmin nömrə "xxxx" MMC-yə geri qaytarılmış və 540 manata satışdadır. Cavabdeh1 MMC məhkəməyə xx.xx.2022-ci il tarixdə etiraz verərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazda bildirmişdir ki, Cavabdeh1 MMC-nin telekommunikasiya şəbəkəsinə məxsus ********* kombinasiyalı mobil nömrə xx.xx.2020-ci il tarixində Cavabdeh1 MMC və İddiaçı arasında bağlanmış müvafiq müqavilə əsasında sonuncunun istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları"nın (bundan sonra - “Qaydalar”) 6-cı maddəsinə uyğun olaraq, ********* kombinasiyalı mobil nömrə xx.xx.2020-ci il tarixində Cavabdeh1 MMC-nin telekommunikasiya şəbəkəsindən Cavabdeh2 MMC-nin şəbəkəsinə daşınmışdır. Qaydaların 6.6-cı bəndinə əsasən, daşınan nömrə üzrə abunəçi (İddiaçı) və alıcı operator (Cavabdeh2 MMC) arasında imzalanmış abunə müqaviləsi ilə nəzərdə tutulmuş hüquq və vəzifələr daşınan nömrə alıcı operatorun telekommunikasiya şəbəkəsində istifadəyə verildiyi tarixdən etibarən həyata keçirilir. Daşınan nömrə üzrə abunəçi və verici operator (Cavabdeh1 MMC) arasında qüvvədə olan abunə müqaviləsi həmin nömrənin daşınması həyata keçirildiyi tarixdən etibarən qüvvədən düşmüş hesab edilir. Qeyd edilənləri nəzərə alaraq, sözügüdən mobil nömrə Cavabdeh2 MMC-nin şəbəkəsinə daşındıqdan sonra həmin nömrədən istifadəyə dair münasibətlər İddiaçı ilə Cavabdeh2 MMC arasına bağlanan müqavilə ilə tənzimlənməlidir. Bu baxımdan, həmin nömrənin bağlanması və iddiaçının istifadəsindən çıxarılması şərtləri də həmin müqavilənin müddəalarına əsasən müəyyən edilir. Göründüyü kimi, Cavabdeh1 MMC tərəfindən İddiaçı münasibətdə hər hansı poztuntu törədilmədiyinə görə iddiaçının Cavabdeh1 MMC-yə qarsı iddia tələbini tamamilə əsassız hesab edirlər. Əlavə olaraq bildirmişdir ki, Qaydaların 10.10-cu bəndinə əsasən, nömrəsi daşınmış abunəçi ilə alıcı operator (Cavabdeh2 MMC) arasındakı abunə müqaviləsinə xitam verildikdə, alıcı operator tərəfindən nömrənin təsis olunduğu operatora (Cavabdeh1 MMC-yə) geri qaytarılmalıdır. Qaydaların bu müddəasına uyğun olaraq, ********* kombinasiyalı mobil nömrə xx.xx.2022-ci il tarixində Cavabdeh1 MMC-nin şəbəkəsinə geri qaytarılmışdır. Cavabdeh2 MMC məhkəməyə xx.xx.2022-ci il tarixdə etiraz verərək, iddia tələbinin onların hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının tələbinin əsasını təşkil edən hallar barədə dəlilləri əsassızdır. Belə ki, şirkətlərində mövcud olan elektron məlumat bazaları əsasənda araşdırma aparılmış, araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixli Abunə Müqaviləsinə əsasən fakturasız xətt (Sim-Sim) sistemində İddiaçı istifadəsinə verilmiş ********** nömrə ilə əlaqədar aparılmış əməliyyatlarda "xxxx" MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir. Abunəçi abunə müqaviləsinin bağlamasından sonra xx.xx.2021-ci il tarixində "xxxx" MMC-yə müraciət edərək istifadəsində olan "Bölgə" tarif paketini dəyişərək “Azercellim" tarif paketinə keçmişdir. "Azercellim" tarif paketi SimSim abunəçilərinin tifadəsinə aşağıdakı tariflər tətbiq edilməklə şəbəkədaxili zənglərin 1 dəqiqəsi 0,04 manat; şəbakəxarici zənglərin 1 dəqiqəsi 0,06 manat; SMS-0,05 manat; internet istifadəsi zamanı 1 MB- 0,20 manat. "Azercellim" abunəçilərinin (rominq və qısa nömrələrə etdikləri zənglər istisna olmaqla) çıxış zənglərində 60 saniyəlik hesablama intervalı tətbiq olunur. "xxxx" MMC tərəfindən təqdim edilən bir çox xidmətlərə görə tariflərin tətbiqi həm ölkə daxilində, həm də xarici və MDB-yə daxil olan bir çox ölkələrdə fəaliyyət göstərən operatorların analoji xidmətinə görə tətbiq etdikləri xidmət haqqı nəzərə alınmaqla, abunəçilərin məmnuniyyətini, həmçinin rahatlığını, tələbatı və bir çox digər amilləri də özündə əks etdirən bazar araşdırmaları, o cümlədən "xxxx" MMC-nin öz mülahizələri əsasında sərbəst olaraq formalaşdırılır. İddiaçı abunə müqaviləsini bağlayan günü, yəni xx.xx.2020-ci il tarixində gecə saat 00:29-da onlayn ödəniş edərək nömrəyə 25 manat pul köçürmüşdür. (Sim Sim) fakturasız xətt abunəçiləri üçün ödəniş kartlarının qüvvədə olma müddəti kartın istifadə olunduğu vaxtdan etibarən 180 gün təşkil edir. Fakturalı xətt abunəçiləri üçün ödəniş kartları müddətsizdir və istənilən an yüklənə bilər. Ödəniş kartlarının etibarlılıq müddəti kartın yükləndiyi gündən hesablanır. Abunəçi İddiaçı 180 gün ərzində heç bir ödəniş etmədiyi üçün xx.xx.2021-ci il tarixində nömrəsi birtərəfli olaraq bağlanmışdır. Birtərəfli bağlanması haqqında abunəçiyə xx.xx.2021-ci il tarixində, yəni bir gün əvvəl saat 07:16-də SMS göndərilib. Lakin müəyyən səbəblərdən (şəbəkəyə qoşulmaması və ya simkartın taxılmaması) nömrəyə SMS çatmayıb, Abunəçi nömrəsində xəttin birtərəfli bağlanmasma baxmayaraq yenə də ödəniş etməmiş, yenidən 180 gün keçdikdən sonra xx.xx.2022-ci il tarixində nömrə ikitərəfli bağlanaraq ləğv edilmişdir. Saat 16:37-də isə "Nömrə resurslarının ayrılması və istifadəsi Qaydalan"na əsasən nömrə ləğv olunaraq verici operatora "xxxx" MMC-yə qaytarılmışdır. Nömrənin tam iki tərəfli bağlanması ilə bağlı xx.xx.2022-ci il tarixində saat 07:08-də SMS göndərilmişdir. Fakturasız (SimSim) xətt sistemində mövcud olan tarif paketləri çərçivəsində istifadə edilmiş xidmətlərə görə hesablanan haqq dərhal hesablanaraq, nömrənin balansına yüklənmiş məbləğdən çıxılır. Fakturalı Xətt sistemində Abunəçi və "xxxx" MMC arasında hesablaşmalar "xxxx" MMC tərəfindən verilən hesab-faktura əsasında həyata keçirilir. Müvafiq olaraq da, fakturalı xətt sistemində faktura dövrünün sonunda xidmət haqları hesablanaraq hesab faktura təqdim edilir. Bundan başqa, abunəçilərinə müxtəlif güzəştli SMS, internet xidmətləri ilə də bağlı paketlər əldə etmək, müəyyən qrup və kateqoriya abunəçiləri əhatə edən çoxsaylı kampaniya, aksiya və sair tədbirlərdə də iştirak imkanı da verilmişdir. Beləliklə də, abunəçi istifadə etdiyi tarif paketinin şərtlərini əlverişsiz hesab edirsə, müvafiq paketə abunəlikdən imtina edə, digər şərtləri olan paket əldə edə və ya fakturalı/fakturasız (SimSim) xətt sisteminə keçid edə və oradakı digər tarif paketlərindən istifadə edə bilər. Abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin 8.4-cü maddəsinə əsasən "Fakturasız (SimSim) Xətt sistemində: "xxxx" tariflərində qeyd olunan yeni məbləğ yükləmə müddəti bitənə qədər nömrəyə yeni məbləğ yüklənməzsə, Abunəçinin bu Müqavilədən birtərəfli qaydada imtina etdiyi başa düşülür. Bu halda "xxxx" Abunəçinin nömrəsini onun istifadəsindən çıxarır (ləğv edir) və Müqaviləyə xitam verir. Müqaviləyə xitam verilməsi, nömrədə mövcud olan fərdi qaydada aktiv edilmiş hər hansı "xxxx" xidmətinin (və ya xidmətlərin) ləğv olunması və SİM-kartın balansında qalan, istifadə müddəti ərzində istifadə edilməmiş məbləğlərin silinməsi (sıfırlanması) ilə nəticələnir. Abunəçinin istifadə etmədiyi silinmiş (sıfırlanmış) məbləğin geri qaytarılması və ya ona görə hər hansı kompensasiya verilməsi tələblərindən "xxxx" imtina etmək hüququna malikdir və belə imtinaya görə məsuliyyət daşımır". Göstərilənləri nəzərə alaraq abunəçinin istifadəsinə verilmiş nömrə, müqavilənin şərtlərinə əməl edilmədikdə həmin müqaviləyə xitam verilməklə abunəçinin istifadəsindən çıxarılır. Hazırda yeni danışıq kartı yükləmə müddəti- müvafiq danışıq kartının nominalından asılı olaraq müəyyən edilən kartın istifadə müddəti + 180 gün kimi müəyyən edilib. Beləliklə də, abunəçi bu müddət ərzində yeni danışıq kartı yükləməklə istifadə imkanını yeni müddətə artırmış olur, eyni zamanda həmin yeni müddət bitənədək həm daha əvvəl yüklənmiş istifadə edilməmiş məbləğlərdən, həm də yeni yüklədiyi danışıq kartının məbləğindən istifadə imkanına malik olur. Abunəçilər nömrələrinin balanslarına kifayət qədər şəffaf formada, müxtəlif xidmətlər vasitəsi ilə nəzarət etmək imkanına malikdirlər. Fakturalı (SimSim) xətt sistemində isə abunəçilər hər istifadədən sonra nömrəyə daxil olan balans avto-məlumat xidməti, 2112 (balansında olan məbləğ, bu məbləğin son istifadə tarixi və abunəliyin bitməsi tarixi haqda məlumat üçün) xidməti vasitəsi (həmçinin online müştəri xidmətləri; Mobil İnternet Xidməti çərçivəsində isə balans barədə məlumat 2525 qısa relsinə BALANS sözünü yazıb göndərməklə) ilə əldə etməsi mümkündür. Abunə Müqaviləsinin müddəalarına əsasən hər hansı məlumatın, məbləğin abunəçi tərəfindən anlaşılmaması, yaxud şübhə altına alınması həmin məbləğin ödənilməməsi üçün əsas deyil- "xxxx" MMC tərəfindən təqdim etdiyi telekommunikasiya xidmətlərindən istifadə zamanı, istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə və ya xidmət göstərilməsinə dərhal məhdudiyyət qoyulacağına dair, həmçinin rominq xidmətindən istifadə zamanı müvafiq ölkədə fəaliyyət göstərən operatorlarda mövcud tariflərə dair abunəçi müraciəti olmadıqda məlumat veriləcəyi ilə bağlı öhdəlik götürülməmişdir. Abunəçilərə nömrədən zənglər həyata keçirərkən, sms sorğular göndərərkən diqqətli olmağı, müvafiq xidmətdən istifadə qaydalan və tarifləri ilə əvvəlcədən tanış olmağı, istifadə etmək istənilən xidmətin yığım qaydalarına dəqiq riayət etmək, rominqdən istifadə edərkən müvafiq cihazda şəbəkə seçilməsini qeyri-avtomatik üsulla sazlanması tövsiyə edilir. Abunəçilər "xxxx" MMC tərəfindən təqdim edilən xidmətlər, hazırda qüvvədə olan tariflər (o cümlədən rominq xidməti çərçivəsində tariflər) və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifələrindən www.azercell.com) həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin vəkili və nümayəndəsi Nümayəndə1 Şamiddin oğlu iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. O bildirdi ki, abunə müqaviləsi məsələsinin bu məsələyə aidiyyəti yoxdur. İddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci ildə müqavilə bağlanmış və iddiaçının adına nömrə rəsmişləşdirilmişdir. Abunəçi xx.xx.2020-ci ildə nömrə daşınması üçün müraciət etmiş, həmin tarixdən etibarən abunəçi ilə "xxxx" MMC arasında yeni abunəçi müqaviləsi bağlanmışdır və rabitə xidmətlərinin göstərilməsinə münasibətlər həmin müqavilə ilə tənzimlənir. Həmin tarixdən sonra yaranmış borc və ya abunəçi tərəfindən ödənilmiş məbləğlər Cavabdeh2 MMC ilə İddiaçı xanım arasında olan münasibətlər çərçivəsindədir, yəni Cavabdeh1 MMC nömrə daşınması tarixindən sonra artıq o münasibətlərdə iştirak etmir, nömrə daşınırsa Azerfonla olan münasibətlərə artıq xitam verilir. Həmin nömrə xx.xx.2020-ci il tarixdə "xxxx" Telekoma daşınmışdır. İddiaçı ilə Cavabdeh2 MMC arasında müqavilə bağlanmış və iddiaçının adına nömrə rəsmiləşdirilmişdir. Sonra 2020-ci ilin avqust ayı nömrə daşınması həyata keçirilmişdir. İddiaçı 2020-ci ilin dekabr ayında Cavabdeh2 MMC-yə yaxınlaşmış və nömrəni Cavabdeh1 MMC-dən Cavabdeh2 MMC şəbəkəsinə daşımışdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qaydalarına görə nömrə resurslarının ayrılması və istifadəsi qaydaları var. Bu dövlət reysterinə daxil edilmiş qaydalardır və icrası məcburidir. Deməli həmin qaydaların 6.6-cı bəndinə əsasən nömrəverici operatordan yəni Azerfondan alıcı operatora yəni Cavabdeh2 MMC-yə nömrə daşınanda, iddiaçı ilə Cavabdeh1 MMC arasında olan müqaviləyə xitam verilir. Deməli onda iddiaçının Cavabdeh1 MMC ilə həmin nömrə üzrə münasibətlərinə xitam verilir. Nömrə Cavabdeh2 MMC-də olur və tərəf onunla abunə müqaviləsi bağlayır. Sonra nömrənin deaktivləşdirilməsi məsələsi də Cavabdeh2 MMC-yə olan müqavilənin çərçivəsində tənzimlənməlidir. Abunəçinin borcu ola-ola daşınma edilə bilər. Əgər məhkəmə tərəfindən müqaviləyə qanunsuz xitam verilməsi müəyyən olunarsa Cavabdeh2 MMC-də qalmalıdır. Hazırda nömrə digər cavabdeh tərəfindən Cavabdeh1 MMC-yə qaytarılmışdır. Onlarla iddiaçının olan münasibətlərinə xitam verildikdən sonra o nömrəni iddiaçının razılığı əsasında sadəcə ödənişsiz əvvəlki münasibətləri nəzərə alaraq aktivləşdirə bilməzlər. İddiaçı ilə Cavabdeh1 MMC arasında yenidən müqavilə bağlanmalıdır. Burda nömrənin iddiaçının adına bərpası və rəsmiləşdirilməsi fərqli anlayışlardır. Nömrənin ada bərpası o zaman olar ki, iddiaçı ilə olan münasibətlər davam etsin. İddiaçı ilə olan münasibətlərə xitam verildiyinə görə hazırda iddiaçı istənilən digər vətəndaş kimi eyni qaydada yaxınlaşıb nömrəni onlardan ödəniş etməklə əldə edə bilər. Yəni iddiaçının Cavabdeh1 MMC əvvəl olan müqaviləsi qüvvədə olmadığına görə bu gün iddiaçının o nömrəni əldə etməsi üçün yeganə yol yenidən onu almasıdır. İddiaçı Cavabdeh2 MMC-yə müraciət etməli onla rasında məsələni həll etməlidir. Əgər abunəçi nömrəni 1-2 ay istifadə etməsə, o, həmin müddət ərzində gəlsə onun adına bərpa olunur. Əlavə olaraq qeyd etdi ki, məsələnin mahiyyəti odur ki, abunəçi 25 manat ödəmiş, 180 gün müddətə istifadə etməmiş və nömrə deaktivləşib bizə qaytarılmışdır. Hazırda nömrəni iddiaçının adına bərpa etmək üçün heç bir hüquqi əsas yoxdur. İstifadə etmək ilə bağlı 180 günün müəyyən edilməsi şərti veb saytda yazlmış, müqavilədə ybununla bağlı müddəa nəzərdə tutulmamışdır. Müqavilədə imzanın olmaması Cavabdeh1 MMC-nin nömrəni abunəçinin adına bərpa etməyinə əsas yaratmayacaq. İddiaçı ilə aralarındakı müqaviləyə xitam verilmişdir. O, ekspert rəyinə münasibətdə qeyd etdi ki, imzanın iddiaçıya aid olubolmaması iddianın mahiyyəti ilə bağlı mühüm bir həlledici rolu yoxdur. Əgər nömrə qanunsuz olaraq Cavabdeh2 MMC tərəfindən iddiaçının adından çıxarılıb, yenidən Cavabdeh1 MMC-yə qaytarılsa idi, o zaman nömrənin yenidən qaytarılmasına Cavabdeh2 MMC-nin şəbəkəsinə və orada abunəçi istifadəsinə davam etdirilməsinə razı olardılar. Hazırda ekspert rəyi əsasında bu sualın cavabı tapılmır. Nömrəni yeni müqavilə bağlamaqla iddiaçı öz adına rəsmiləşdirə bilər. Nömrənin adından çıxarılması məsələsi vebsaytda yazılıb, iddiaçı oradakı məlumatı görməli idi. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, müqaviləyə ödəniş olmadığına görə xitam verilmişdir. Bu müqavilə dövlət orqanı tərəfndən rəsmiləşdirilmiş müqavilədir. Cavabdeh2 MMC-nin imza dəyişdirməsi mümkün deyil. Adi daşınma müqaviləsidir, heç bir imza da dəyirdirilə bilməz. Cavabdeh2 MMC-nin tarifləri müqavilədə öz əksini tapa bilməz, çünki kompaniya keçirilir və tariflər 5 aylıq, 3 aylıq dəyişilir, bütün bunlarla bağlı müqavilədə qeyd oluna bilməz. Müqavilədə hətta qeyd edilmişdir ki, abunəçi ödəyə bilməyəcəksə, müqaviləyə bir tərəfli qaydada xitam verə bilər. İddiaçı bildirmişdir ki, nömrə onun mülkiyyətindədir, bu döğru deyildir. Nömrə dövlətin, Rabitə Nazirliyinin mülkiyyətindədir. Həmin nömrə Cavabdeh1 MMC-nin nömrəsidir, nömrə daşınma əməliyyatı ilə onlara gəlmiş, xx.xx.2020-ci il tarixidə müqavilə bağlanmışdır. Cavabdeh1 MMC borcla olan məlumatları göndərir və həmin məlumatda yazılır ki, borc yaranıb, ödəniş olmadığına görə ümumi məlumat verilir. Nömrə daşınmaları ilə bağlı qaydalarda qeyd edilir ki, nömrəverici operator, nömrə daşıyıcı operatora məlumat verəndən sonra, nömrə daşıyıcı operator, müqavilədə göstərdiyi müddətdə, hesab faktura üzrə borc ödənilməzsə nömrə verici operatora geri qaytarılır. Yəni borcun olub-olmamasını digər cavabdeh onlara məlumat verir, onlar da həmin nömrəni Cavabdeh1 MMC-yə qaytarmışlar. Onların müqavilə şərtində də var ki, əgər o borc ödənilmirsə, nömrə ləğv edilir, nömrə Cavabdeh1 MMC-yə qaytarılır. xx.xx.2021-ci ildə nömrə birtərəfli bağlanmış, SMS-də göndərilmişdir. Bu nömrənin daşınması olduğu üçün onlar başqa əməliyyatlar həyata keçirə bilmirlər. xx.xx.2021-ci il və xx.xx.2022-ci ildə abunəçiyə nömrənin birtərfli bağlanması ilə bağlı SMS göndərilmişdir. Onlara verilən məlumata görə abunəçinin borcu olmuş, ona görə də onlar nömrəni bağlamış və Cavabdeh1 MMC-yə göndərmiş, nömrəni bağlayarkən də abunəçiyə məlumat vermişlər. Cavabdeh1 MMC onlara məlumat verir ki, abunəçinin nə qədər borcu var. Ödənişlər Cavabdeh1 MMC-yə edilir, nömrə köçürülür, amma dəyişmir. Fakturalı olsa da simdə olsa əgər hesabda pul varsa operator nömrəni ləğv edə bilməyəcək. Onlarda hal-hazırda Cavabdeh1 MMC-dən daxil olmuş borcla bağlı elə bir sənəd yoxdur. O, ekspert rəyinə münasibətdə qeyd etdi ki, nömrə daşınma əməliyyatları tərəflərindən düzgün aparılmışdır. Ekspert rəyində qeyd edilmişdir ki, abunə müqaviləsinə müqaviləsinə iddiaçı imza atrmamışdır, hüquqi məntiqlə yanaşsalar Cavabdeh2 MMC ilə müqaviləyə iddiaçı imza atmamışdırsa, onda belə çıxır ki, abunəçi ilə heç bir münasibət yaranmamışdır. Bəs abunəçi hansı haldan onlardan nömrəni tələb edə bilər? Onlara nömrə gəlib, onlar da qanunauyğun şəkildə xidmət göstərmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. O əlavə olaraq qeyd etmişdir ki, ilk dəfə 2019-cu ilin avqust ayında həyat yoldaşı Cavabdeh1 MMC ilə müqavilə bağlamış və hesabına 350 manat pul qoyaraq ona ***-***-**-** saylı nömrəni hədiyyə etmişdir. Bir müddətdən sonra nömrənin işləmədiyini görmüş, nömrəyə pul yükləmiş, lakin nömrə yenə işləməmişdir. O, Cavabdeh1 MMC-yə müraciət etmiş və ona orada hesablarına pul qoymadıqları üçün nömrənin bağlandığını demişlər. Sonra o, 2020-ci ildə yenə həmin nömrə üçün yenidən 350 manat hesabına yükləyərək Cavabdeh1 MMC-nin Gəncə filialında müqavilə bağlamış, nömrəni almışdır və həmin nömrəni işlədirdi, lakin sonradan telefonun bağlandığını görmüş, hesaba yenidən 12 manat pul yükləmiş, nömrə yenə də işləməmişdir, sonra o, Cavabdeh1 MMC ilə əlaqə yaratmış, 3 ay ərzində ödəniş olmadığı üçün onların xətlərini bağlamışlar. O, həmişə pulu "xxxx" MMC-nin hesabına ödəmişdir. Ona Cavabdeh1 MMC tərəfindən nömrənin bağlanması ilə bağlı bildiriş gəlməmişdir. Həmçinin, müqavilədə 3 ay ərzində nömrəni istifadə etməsə, xəttin kəsiləcəyi ilə bağlı tələb olmamış və onun üzərinə öhdəlik qoyulmamışdır. O, xidmətlərdən imtina etməmiş, şərtə görə 90 gün ərzində o, xidmətdən imtina etsəydi müqaviləyə xitam verilə bilərdi. Orada birtərəfli qaydada müqaviləyə xitam verilməsi nəzərdə tutulmamışdır. O, orada müqaviləninin şərtlərini pozsaydı xitam verə bilərdilər. Nömrə onun mülkiyyətindədir, istəsə istifadə edər, istəsə etməz. Hazırda nömrə satılmamış, o nömrəyə zəng edir və nömrənin bağlı olduğu bildirilmişdir. O, həmçinin qeyd etmişdir ki, nömrəsi daşınmış abunəçi və alıcı operator Cavabdeh2 MMC ilə arasında abunə müqaviləsinə xitam verildikdə alıcı operator tərəfindən nömrəni təsis olunan operatora geri qaytarılmalıdır. Yəni, Cavabdeh1 MMC-yə özü getmiş, Cavabdeh2 MMC-yə bu nömrəni almaq istədiyini bildirmiş, Cavabdeh2 MMC Cavabdeh1 MMC-yə zəng etmiş, qaydalara və müqaviləyə baxıb nömrənin Cavabdeh1 MMC-də olduğunu və 540 manata satışa çıxarıldığını demişdir. “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”nın 10-cu bəndində göstərilir ki, alıcı operator tərəfindən nömrənin təsis olunduğu operatora həmin abunə müqaviləsinə xitam verildiyi tarixdən ən gec 30 gün ərzində geri qaytarılmalıdır. Eyni zamanda bu barədə mərkəzi baza sistem vasitəsi ilə digər aidiyyəti telekommunikasiya operatorlarına məlumat verilməlidir. Mərkəzi baza sistemi digər uyğun alıcı operatordan daxil olmuş məlumatları ən geci 2-3 gün müddətinə aidiyyəti telekommunikasiya operatoruna çatdırılmalıdır. Tərəf özü də etirazında yazmışdır ki, nömrə ona qaytarılmalıdır. Onun iki tələbi var, birincisi nömrənin aktivləşdirilməsi, ikincisi rabitə xəttinin və xidmətin bərpa edilməsi. Müqavilə şərtlərinə görə rabitə xəttinin və xidmətin bərpa edilməsi bu Cavabdeh2 MMC-yə aiddir. Amma nömrənin aktivləşdirilməsi və Cavabdeh2 MMC-yə qaytarılması olmasa mümkün deyil ki, nömrəyə xidmət bərpa olunsun. Tərəf özü də etiraf edir ki, Cavabdeh2 MMC ilə müqaviləsinə xitam verimiş və xidmət dayandırılmışdır. Xidmətin bərpa olunması üçün Cavabdeh1 MMC-nin üzərinə düşür, amma müqavilə öhdəliklərinin pozulması "xxxx" MMC-yə aiddir. Mübahisəli nömrə üzrə rabitə xətti və xidmət bərpa olunmalıdır. Çünki onlar müqavilə bağlamışlar. Onun nömrə hesabında 350 manat pul var. "xxxx" MMC ləğv olan müqaviləyə xitam verib və xidmət göstərməkdən imtina edir. xx.xx.2022-ci ildə bu nömrə Cavabdeh1 MMC-yə geri qaytarılmışdır. Tərəf özü də deyir ki, həmin tarixdə nömrə onlara qaytarılmışdır. Cavabdeh1 MMC nömrəni aktivləşdirməli və Cavabdeh2 MMC-yə göndərməlidir. Cavabdeh2 MMC də daşınma müqaviləsinə uyğun olaraq ona xidmət göstərməlidir. Amma belə bir əsas varsa o bilmir, müqavilə də balaca hərflərlə yazıldığından onu çox çətinliklə oxuyur. O, 90 gündən artıq istifadə etməsə müqaviləyə xitam verilə bilər. O, eyni zamanda bildirdi ki, həmin şərtlərlə razılaşa bilməz, onun müqaviləsində 180 gün qeyd edilməmişdir. O, Cavabdeh2 MMC ilə daşınma müqaviləsi bağlamışdır. Müqavilə tərəflərin iradə ifadəsi ilə bağlanır. İmza onun imzası çıxmadığı halda müqavilənin şərtləri də əsaslı hesab oluna bilməz. Bundan başqa Cavabdeh2 MMC-nin nümayəndəsi deyir ki, şərtlər elanlarda yazılıb, o, həmin elanları əzbər bilmək məcburiyyətində deyil. Cavabdeh2 MMC-nin hüquqşünasları onlarla bağlanan müqaviləyə həmin gün üçün tarifləri əlavə etməli və tanış olmasını bildirməli idilər. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixdə abunə müqaviləsi bağlanılmış və İddiaçı adına 070 276 9999 saylı nömrə rəsmişləşdirilmişdir. Müqavilənin 9-cu bəndinə əsasən abunəçi nömrə aktivləşdirildikdən sonra 90 təqvim günü ərzində xidmətlərdən imtina edirsə və ya müqaviləyə xitam verərsə bu halda abunəçi Cavabdeh1 xidmətlərindən imtina haqqında müvafiq bildiriş və ya müqaviləyə xitam verilməsi barədə müvafiq yazılı müraciət formasını Cavabdeh1a təqdim etdiyi tarixdə qüvvədə olan Tariflərə əsasən xidmətlərdən imtina haqqını və ya müqaviləyə xitam haqqını ödəməlidir. Cavabdeh1 abunəçi bu müqavilə üzrə hər hansı öhdəliyini tam və ya qismən yerinə yetirmədikdə öz seçimi və mülahizəsi əsasında bu müqavilənin icrasını birtərəfli qaydada dayandıra və ona xitam verə bilər. Daha sonra İddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixli abunə müqavilə bağlanılmışdır və rabitə xidmətlərinin göstərilməsinə münasibətlər həmin müqavilə ilə tənzimlənir. Həmin müqavilənin 8.4-cü bəndinə əsasən "Fakturasız (SimSim) Xətt sistemində: "xxxx" tariflərində qeyd olunan yeni məbləğ yükləmə müddəti bitənə qədər nömrəyə yeni məbləğ yüklənməzsə, Abunəçinin bu Müqavilədən birtərəfli qaydada imtina etdiyi başa düşülür. Bu halda "xxxx" MMC-nin abunəçinin nömrəsini onun istifadəsindən çıxarır (ləğv edir) və Müqaviləyə xitam verir. Həmin nömrə üçün İddiaçı tərəfindən 25 manat ödəniş edilmişdir. Məhkəmə ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 104-cü vərəqində olan İddiaçı adından fiziki şəxslər üçün nömrə daşınması barədə ərizə formasında ‘‘İddiaçı” adının altında “İmza” qrafasındakı imza- İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 104-cü vərəqində İddiaçı və Cavabdeh2 MMC-nin adlarında olan xx.xx.2020-ci il tarixli abunə müqaviləsinin arxa tərəfində “abunəçi” qrafasındakı imza- İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. xx.xx.2012-ci il tarixli “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”nın: 6.6-cı bəndinə əsasən daşınan nömrə (nömrələr) üzrə abunəçi və alıcı operator arasında imzalanmış abunə müqaviləsi ilə nəzərdə tutulmuş hüquq və vəzifələr daşınan nömrə (nömrələr) alıcı operatorun telekommunikasiya şəbəkəsində istifadəyə verildiyi tarixdən etibarən həyata keçirilir. Daşınan nömrə üzrə abunəçi və verici operator arasında qüvvədə olan abunə müqaviləsi həmin nömrənin daşınması həyata keçirildiyi tarixdən etibarən qüvvədən düşmüş hesab edilir. 10.10-cu bəndinə əsasən nömrəsi daşınmış abunəçi ilə alıcı operator arasındakı abunə müqaviləsinə xitam verildikdə, alıcı operator tərəfindən nömrənin təsis olunduğu operatora həmin abunə müqaviləsinə xitam verildiyi tarixdən ən geci 30 (otuz) gün müddətində geri qaytarılmalı və eyni zamanda bu barədə Mərkəzi baza sistemi vasitəsilə digər aidiyyəti telekommunikasiya operatorlarına məlumat verməlidir. Mərkəzi baza sistemi bu yarımbəndə uyğun alıcı operatordan daxil olmuş məlumatları ən geci 2 (iki) iş günü müddətində aidiyyəti telekommunikasiya operatorlarına çatdırmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ilk öncə ekspert rəyinə münasibətdə qeyd edir ki, fiziki şəxslər üçün nömrə daşınması barədə ərizədə olan imza İddiaçı tərəfindən imzalansa da xx.xx.2020-ci il tarixli Cavabdeh2 MMC ilə bağlanılan müqavilədə olan imza iddiaçı tərəfindən imzalanmamışdır. Məhkəmə bildirir ki, müqavilədə olan imzanın iddiaçıya məxsus olmaması bütövlükdə iddiaçının qeyd olunan nömrə ilə bağlı müraciət etməsi, onu qəbul etməsi və həmin nömrədən istifadə etməsi hallarını təkzibi kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı nömrənin daşınması barədə ərizə ilə özü bilavasitə müraciət etmiş, iddiaçı müqavilədə qeyd olunan imzanın onun olmamasından məlumatlı olmuş, buna baxmayaraq həmin nömrədən istifadə etmiş və hazırda da həmin müqavilədən irəli gələn nömrənin aktivləşdirilməsi və ona göstərilən xidmətin bərpa edilməsi tələbini məhkəmədə irəli sürmüşdür. Qeyd olunan imzanın iddiaçının olmaması halı iddiaçının iddia tələbi ilə də ziddiyyət təşkil edir. Çünki, iddiaçı imzanın onun tərəfindən icra olunmadığı müəyyən olunduqdan sonra belə xx.xx.2020-ci il tarixli müqaviləni, bu müqavilə əsasında nömrənin ona verilməsi hallarını mübahisələndirməmiş, əksinə iddiaçı mübahisəli nömrənin geri qaytarılmasını və nömrə üzrə bağlanılmış rabitə xəttinin və xitmətin bərpasını məhkəmədən xahiş etmişdir. Halbuki, imzanın iddiaçının olmaması halı iddianın rədd olunması üçün əsas olan hallardan biridir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki ekspert rəyi işin nəticəsi üçün yekun qərar verilməsinə təsir etməməlidir. Cavabdeh2 MMC ilə iddiaçı arasında nömrənin daşınması ilə bağlı müqavilə münasibətlərindən irəli gələn rabitə xidmətinin mövcud olması işin mübahisəsiz halı kimi qiymətləndirilməlidir. Belə ki, İddiaçı müqavilə şərtlərinə uyğun olaraq 070 276 99 99 saylı nömrənı adına rəsmiləşdirmiş, həmin nömrə üçün pul ödəmiş və nömrəni işlətmişdir. Nömrə üçün ödəniş 180 gün ərzində ödəniş edilmədiyindən iddiaçının nömrəsi birtərəfli olaraq bağlanmış, iddiaçıya bununla bağlı SMS göndərilmiş, lakin nömrə bağlı olduğu üçün SMS ona çatdırılmamışdır. Bundan sonra daha 180 gün keçdikdə nömrə ikitərəfli bağlanaraq ləğv edilmişdir. Nömrənin tam iki tərəfli bağlanması ilə bağlı da iddiaçıya SMS göndərilmişdir. "Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları"nın 10.10-cu bəndinə əsasən nömrə ləğv olunaraq verici operator olan "xxxx" MMC-yə qaytarılmışdır. Həmçinin, Cavabdeh2 MMC ilə bağlanan müqavilədə nömrənin bağlanma müddəti göstərilməsə də, 8.4-cü bəndində məbləğ yükləmə müddəti bitənə qədər nömrəyə yeni məbləğ yüklənməzsə, abunəçinin bu müqavilədən birtərəfli qaydada imtina etdiyi kimi başa düşülməsi qeyd edilmişdir. Buna görə də müqavilə münasibətlərinə xitam verilmişdir. Göründüyü kimi, cavabdehlər tərəfindən görülən tədbirlər qanunauyğun olaraq həyata keçirilmişdir. Məhkəmə müqavilədə 180 gün müddətin göstərilməməsi dəlilinə münasibətdə qeyd edir ki, həmin müddət abunəçinin nömrəsinə SMS vasitəsi ilə çatdırılır və Cavabdeh2 MMC tərəfindən internet saytlarında, müxtəlif reklam kompaniyalarında göstərilir və bu mobil nömrə işlədən hər kəs üçün müəyyən olunan bir faktdır. Mobil xidmət göstərən şirkətlər tərəfindən elan olunan müəyyən müddət qüvvədə olan güzəştli və sərfəli tariflərlə bağlı kompaniyaların bütün müqavilələrdə həmin tariflərin göstərilməli olması ağlabatan olmazdı. Çünki reklam xarakterli həmin tariflər müəyyən vaxt üçün nəzərdə tutulur və daim yenilənir. Bu isə minlərlə şəxslərə mobil xidmət göstərən şirkətlərlə onların xidmətindən yararlanan şəxslər arasında hər dəfə müqavilələrə dəyişiklik edilməsi deməkdir. İddiaçı qeyd olunan tariflərlə bağlı Cavabdeh2 MMC ilə əlaqə saxlayaraq və ya onun rəsmi internet saytına daxl olmaqla məlumat əldə edə bilərdi. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Cavabdeh2 MMC ilə İddiaçı arasında nömrənin daşınması üzrə aralarında yaranmış münasibətlərə xitam verilməsi zamanı hüquq pozuntusuna yol verilmədiyindən, məhkəmə araşdırılması ilə iddiaçının abunəçisisi olduğu 070 276 99 99 saylı nömrə üzrə bağlanmış rabitə xəttinin və xidmətin bərpa edilməsi üçün hər hansı əsas müəyyən edilmədiyindən və nömrə əsaslı olaraq Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 MMC-yə qaytarıldığından İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “cavabdeh "xxxx" MMC tərəfindən abunəçisi olduğu 070 276 99 99 saylı nömrənin aktivləşdirilməsi və Cavabdeh2 MMC-yə geri qaytarılması, Cavabdeh2 MMC tərəfindən onunla bağladığı müqavilə şərtlərinin pozulması ilə xitam verilmiş müqavilə şərtlərinə uyğun olaraq abunəçisi olduğu 070 276 99 99 saylı nömrə üzrə bağlanmış rabitə xəttinin və xidmətin bərpa edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci bəndinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiymətləndirilməyən iddia olduğundan 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Məhkəmə ekspertiza xərcinə münasibətdə qeyd edir ki, hazırki mübahisə üzrə Cavabdeh2 MMC tərəfindən fiziki şəxslər üçün nömrə daşınması barədə ərizədə olan imzanın İddiaçı imzası olması ilə bağlı məsələnin müqavilə imzalanan vaxtı yoxlamaq Cavabdeh2 MMC-nin vəzifəsi olduğundan, hazırda digər Cavabdeh1 MMC bu məsuliyyətdən azad olduğundan və iddia tələbi rədd edildiyindən ekspertiza xərcləri mütənasib olaraq 55 manat Cavabdeh2 MMC-dən, 55 manat isə İddiaçı tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “cavabdeh "xxxx" MMC tərəfindən abunəçisi olduğu 070 276 99 99 saylı nömrənin aktivləşdirilməsi və Cavabdeh2 MMC-yə geri qaytarılması, Cavabdeh2 MMC tərəfindən onunla bağladığı müqavilə şərtlərinin pozulması ilə xitam verilmiş müqavilə şərtlərinə uyğun olaraq abunəçisi olduğu 070 276 99 99 saylı nömrə üzrə bağlanmış rabitə xəttinin və xidmətin bərpa edilməsi” barədə iddia tələbi təmin edilməsin. İddiaçının ödəməkdən azad olunduğu 100 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Məhkəmə xətşünaslıq ekspertizasına sərf olunmuş 110,00 manat məbləğində vəsaitin 55 manatı hissəsi İddiaçı, 55 manat hissəsi isə Cavabdeh2 MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar