Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-473/2025 04.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “renta müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştrakları ilə, İddiaçı Cavabdeh qarşı “renta müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı Cavabdeh qarşı “renta müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixində Bakı şəhəri 30 saylı notariat ofisində bağlanmış ömürlük renta müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə bağlananadək tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olmuş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,42 m2 olan 1 (bir) otaqlı mənzilin sonuncuya qaytarılmasına və onun adına yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsində mülkiyyət hüququna dair qeydiyyat aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1949-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda heç bir yerdə işləmir, təqaüdçüdür. ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Həmin mənzilin ümumi sahəsi 29.42 m2 olmaqla 1 (bir) otaqdan ibarətdir və xx.xx.2022-ci il tarixədək tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuşdur. Nəzərə çatdırır ki, təxminən 2021-ci ilin sonlarından iddiaçı özünü pis hiss etməyə başlamış və səhhətinin durumu ciddi şəkildə pozulmuşdur. Həkim müayinəsi zamanı İddiaçı bədəninin aşağı hissələrində (qadın cinsiyyət üzvlərində) xərçəng xəstəliyi aşkar olunmuşdur. Bundan sonra o, həkim nəzarətinə alınaraq öz hesabına onkoloji xəstəliyə qarşı özəl tibb müəssisələrində müalicələr almağa başlamışdır. Həmin dönəmdə İddiaçı xəstəliyinin şiddətlənməsinin və yayılmasının qarşısının alınması üçün ağır kimya terapiya müalicəsi tətbiq olunmuşdur. Onun müalicə aldığı vaxtlarda əvvəlcədən tanıdığı, onun kimi milliyətcə rus olan eyni binanın qonşu blokunda yaşayan və ixtisasca həkim olan Olqa Novikova və qızı Cavabdeh öz arzuları ilə bir qonşu kimi İddiaçı ilə maraqlanmağa və qayğı göstərməyə başlamışlar. İddiaçı qonşuluqda yaşayan Olqa Novikova və daha sonra qızı Cavabdeh onunla maraqlanmasını və qayğı göstərməsini, xeyirxahlıq, insansevərlilık və mərhəmət hissi ilə əlaqələndirmiş, tənha yaşadığından onların lazım olduqda evinə gəlib-getməkdə, qulluq göstərməkdə imtina etməmişdir. Həmin şəxslər İddiaçı müalicə alıb tam sağalması üçün mənəvi dəstəy olacaqlarını, hər zaman qulluq göstərəcəklərini və hər cür maddi və qeyri-maddi köməklik göstərməyə hazır olduqlarını bildirmişlər. Bir müddət sonra münasibətləri davamlı hala gəldikdə Cavabdeh göstərdiyi yardımları təminat altına alması həmin qulluqların daimi, davamlı olacağı təsəvvürünün yaradılması və əmin etmək üçün İddiaçı müqavilə bağlamağı təklif etmişdir. Məlumat üçün bildirir ki, onkoloji xəstəliklər zamanı tətbiq olunan ağır kimya terapiya müalicəsi sonrası xərçəng xəstələrinin fizioloji və psixoloji durumlarında mənfiyə doğru müəyyən dəyişikliklər baş verir. İddiaçının qoca və yaşlı, tənha bır qadın olduğunu nəzərə aldıqda bunu aydın görmək mümkündür. Həmin vaxt İddiaçı xəstəliyi ilə mübarizə və yalnız sağalması maraqlı olduğundan Cavabdeh onun etibarını və güvənini qazandığından sonuncuya etibar etmiş və müqavilə bağlamağa razı olmuşdur. Beləliklə, Cavabdeh İddiaçı ağır vəziyyətə düşməsindən istifadə edərək tərəflər arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 30 saylı Notariat Ofisində ömürlük renta müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4-cü bəndinə görə İddiaçı - Renta alan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 29,42 m2, yaşayış sahəsi 16,22 m2 olan 1 (bir) otaqlı mülkiyyətində olan mənzilini Renta ödəyicisi - Cavabdeh mülkiyyətinə pulsuz verir. Renta müqaviləsi üzrə renta ödəyicisinin öhdəlikləri aşağıdakı kimi müəyyən edilir: - renta alana qulluq etmək, müalicə etdirmək, bununla bağlı qida məhsulları və zəruri dərmanlarla təmin etmək; mənzilin istifadəsinə görə bütün kommunal və digər xərcləri ödəmək; renta alan öldükdə onun dəfnini təşkil etmək və dəfn xərclərini ödəmək. Müqavilənin 10-cu bəndinə əsasən renta alan renta ödəyicisinin öhdəliyinin təminatından ötrü özgəninkiləşdirilən əmlaka girov hüququ əldə etmişdir. Müqavilə bağlandıqdan sonra renta ödəyicisi bir müddət renta alanın müalicə xərclərinin, dərman preparatları və ərzaq məhsulları ilə təmin olunmasında üzərinə düşən xərcləri ödəmiş qayğı və qulluq göstərmiş, öhdəliklərini könüllü icra etmişdir. Lakin sonra, təxminən 2023-cü ilin yay aylarında İddiaçı ağ ciyərlərində problem yaranmış və nəfəs almaqda çətinlik çəkməyə başlamışdır. O, nəfəs almaqda çətinlik çəkdiyini, hətta boğulma dərəcəsinə kimi çatması barədə renta ödəyicisinə bildirdikdə, o renta alana “Bakı şəhərində yay aylarında havanın həddən artıq isti keçməsi ilə əlaqələndirmiş, hətta özünün də nisbətən cavan olmağına baxmayaraq yayı ağır keçirdiyini, buna görə ciddi narahat olmamağını, bir müddət sonra keçib gedəcəyini'' söyləmişdir. Beləliklə, İddiaçı tibbi yardım almasının qarşısını almış və Cavabdeh üzərinə düşən öhdəliyin icrasından qəsdən yayınmışdır. İddiaçı 2023-cü ilin sentyabr-oktyabr aylarında hərəkət edə bilməsi üçün özünü hazır hiss etdikdən sonra həkimə müraciət edərək müayinələrdən keçmişdir. Müayinə zamanı xərçəng xəstəliyi bu dəfə onun ağ ciyərlərində aşkar olunmuşdur. Həkimlərin tövsiyəsi ilə onun yenidən stasionar qaydada tibb müəssisəsinə yatırılması məsləhət görülmüşdür. Həmin vaxt Cavabdeh bu barədə bildirdikdə, sonuncu sadəcə ona pul verməklə kifayətlənmiş və digər heç bir qulluq göstərməmişdir. Bu dəfə o, ağ ciyərlərinə görə yenidən kimya terapiya və Milli Onkologiya Mərkəzində şüa terapiyası alıb özünü nisbətən yaxşı hiss etdikdən sonra yaşadığı mənzilə qayıtmışdır. Bundan sonra Cavabdeh İddiaçı ilə əvvəlki kimi maraqlanmadığını, bank kartı verərək bildirmişdir ki, ona həmin kart vasitəsilə pul yükləyəcək ki, xərclərini qarşılaya bilsin. Daha sonra cari ilin mart ayında qeyd olunan məsələ ilə bağlı İddiaçı Cavabdeh qulluq göstərməklə bağlı onun öhdəliklərinin hər ay karta 250 (iki yüz əlli) manat pul yükləməsi ilə bitməsindən ibarət olmadığını şifahi bildirdikdə o, İddiaçı qulluq xərclərini çatdırmadığını və artıq bezdiyini, bu işdə öz vəsaitindən də istifadə etməsinin önəmini vurğulamışdır. İddiaçı onun bu davranışlarından sonra başa düşmüşdür ki, renta ödəyicisi və onun anası ilk əvvəl onun etibarını qazanaraq müqavilə bağlamasını təşviq edərkən, onlar bu əməllərini heç də insansevərlilik, mərhəmət və sonunda xeyirxahlıq məqsədi ilə deyil, sadəcə xəstəlik səbəbindən ağır vəziyyətə düşməsindən, eyni zamanda yaşlı və tənha qadın olduğu üçün bu cür ağır onkoloji xəstəliklər nəticəsində çox tez bir zamanda həyatını itirəcəyini güman edib bu halından istifadə edərək sonunda mənzilini ələ keçirmək üçün etdikləri aydın olmuşdur. Buna görə də iddiaçı əqdin məhkəmədə etibarsız hesab edilməsi faktına nail olmaq niyyətindədir. Bununla bağlı renta ödəyicisinin rəsmi qeydə alınmış ünvanına müqavilənin xitamını nəzərdə tutan yazılı şəkildə təklif əks etdirən məlumatlandırma məktubu göndərilmiş ki, öz aralarında razılığa gəlinsinlər və cavabdehin bununla bağlı iradə ifadəsi alındıqdan sonra məhkəməyə müraciət edilmişdir.
Tərəflərin izahatları:
3. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdi ki, onkoloji xəstəlikdən əziyyət çəkir. Kommunal xərcləri xx.xx.2022-ci ildən 2024-cü ilin mart ayına qədər cavabdeh ödəyib. Sonradan münasibətləri pozuldu və ödənişlər dayandı. 2023-cü ilin yay aylarına qədər müqavilənin tam şərtlərinə əməl edib. Müqavilə bağlanana kimi ona telefon hədiyyə edib. Dərmanlarını da cavabdeh mart ayına qədər almışdır. Cavabdeh ona 2023-cü ilin mart, aprel ayında bank kartı vermişdir. Cavabdeh ancaq kartına pul göndərəndə sağlamlığı ilə maraqlanırdı. Sonrakı vaxtlarda artıq onun hal-əhvalını soruşmurdu. Onun evinə Dost Mərkəzindən qadın gəlirdi, onun evini təmizləyirdi və ərzaq alırdı. Ondan müalicəyə görə pul istədilər. Cavabdehlə mübahisələri ordan başladı. Evinin təmiri belə və digər xərclər müqavilədə qeyd olunmuşdur. Ona ancaq sup gətirirdilər. Lazer terapiya üçün 900 manat xərcləyiblər. Ərzaq ilk vaxtlar gətirirdilər. Onlar ona müalicəni etməyi, ərzaq, dərman almağı öhdələrinə götürüblər. Hətta pəncərəsi hava buraxırdı onu özü düzəltdirib. O, notariusa Talıbov Ramillə getməmişdir, onu tanımır. Notarius onunla rusca danışırdı. Bəli o, pişik saxlayır. Pişiyin yeməyini Dost Xidmətindən gələn Mehparə xanım alır. Əvvəl də Dost Xidmətindən gələn xanım alırdı.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirdi ki, Alisa xanım onkoloji xəstəlikdən əziyyət çəkir. Cavabdehlə renta müqaviləsi bağlanıb. Qonşuluqdakı blokda yaşayırlar. Heç vaxt birlikdə yaşamayıblar. Müqavilənin şərtlərinə əsasən renta alana qulluq etmək, qida məhsulları, dərman almaq, kommunal xərcləri ödəmək, renta alan öldükdə onun dəfnini təşkil etmək müqavilənin şərtləridir. İddiaçı göz əməliyyatı keçirib və ödənişini də özü edib cavabdehin heç xəbəri də olmayıb. İddiaçının 70-dən çox yaşı var. O, 2 dəfə onkoloji əməliyyat keçirib. Cavabdeh 2023-cü ildən lazımi dərman yardımı edib, amma 2023-cü ildən sonra heç nə etməyib. Cavabdehin iddiaçıya göstərdiyi ev çox pis vəziyyətdə idi. Müvəkkili deyir ki, cavabdeh öz öhdəliklərini yerinə yetirməyib, ona görə də aralarında mübahisə başlanmışdır. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir. O, iş adamıdır. Bütün günü onun yanında qala bilməz. İddiaçıda sözügedən xəstəliyin aşkar olunmasında anasının rolu olub, çünki anası həkimdi. O, öz hesabına iddiaçını həkimə aparmışdır. İddiaçının pensiya məbləği aşağı idi. Heçnəyə gücü çatmırdı. Təmənnasız ona kömək edirdik tək kimsəsiz olduğu üçün. İddiaçı tanışlığa əsasən deyib ki, siz mənə baxın mən isə evi bunun əvəzində adınıza keçirəcəyəm. İddiaçının kartına 250, 300, 340, 350 manat pul göndərir. Bazarlığını edir. Arasında heç bir mübahisə olmayıb. Əvvəl münasibətləri çox yaxşı olub. Üzərinə düşən öhdəliklərini yerinə yetirir. Dekabr ayına qədər iddiaçıya aid olan bütün xərcləri ödəyib. Kommunal xərcləri, şüa terapiya nəticəsində əmələ gələn xəstəliklə bağlı ödənişləri tam ödəyib. Hətta iddiaçıya telefon və digər hədiyyələr də almışdır. Onlarla bağlı ödəniş qəbzləri mövcuddur. Bağ evi almaq istəyiblər ki, geniş olsun Alisa xanım da onlarla yaşasın, lakin Alisa xanım istəmədi. Dedik baxıcı tutaq gəlsin baxsın onu da istəmədi ki, ancaq siz gəlin baxın. Onun iynələrini dərmanlarını ya anası ya da xüsusi tibb bacısı edirdi. Alisanın iynələrinin vurulması üçün əlavə ödəniş edərək tibb bacısı çağırirdı. O, bütün gün onun yanında qalıb yaşaya bilməz, çünki işləyir. Anası Alisanın qonşuluğunda yaşayır və münasibət soyuyana qədər daha doğrusu Alisa evə buraxana qədər ona daim qulluq edib.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 bildirdi ki, iddia tələbini qəbul etmirlər. İddiaçı da sözügedən xəstəliyin aşkar olunmasında cavabdehin anası rol oynayıb. Cavabdeh öz hesabına iddiaçını həkimə aparıb, onda müəyyən olundu ki, onkoloji xəstəliyi var. İddiaçının pensiyası azdı. Heç nəyə maddi imkanı çatmırdı. İddiaçı özü təkilf edib ki, “siz mənə baxın, mən isə evi bunun əvəzində adınıza keçirəcəyəm”. Cavabdeh iş adamıdır. O, 24 saat onun yanında qala bilməz. İddiaçının kartına 250, 300, 340, 350 manat pul göndərib. Bazarlığını edib. Onların arasında heç bir mübahisə olmayıb. İddiaçı məhkəməyə müraciət etməmiş cavabdehə təklif edib ki, 9000 manat versin müqavilən ləğv eləsinlər. Bu da onu göstərir ki, kimsə iddiaçını başa salıb. Alisa təqaüdçüdür. Onda bu qədər məbləğ yoxdur, özü də xəstədir. Müqavilə bağlanandan sonra mənzil cavabdeh tərəfindən iki dəfə sığortalanıb. İddiaçı tərəf iddia müddətini ötürüb. Belə ki, 1 il ərzində əqdin etibarsızlığı tələb oluna bilərdi. Cavabdeh qeyd etdiyi kimi iş adamıdır. O, 30 kvadrat metr sahəsi olan ev üçün bu qədər əsməz. Cavabdeh Alisa xanımın 4 kurs müalicəsinin pulunu verib. Bazarlığını edib, dərmanlarını alıb, həkimə aparıb. Bilmir ki, indi niyə Alisa xanım bu iddianı qaldırıb. Münasibətləri çox yaxşı olub. İddiaçı özü cavabdehlə münasibətləri kəsmişdir. O, cavabdehə desəydi, əməliyyat xərclərini ödəyərdi. Evlə bağlı onu deyə bilər ki, ev qətiyyən şəraitsiz halda deyil. Bunu sübut edəcək fotoşəkilləri də məhkəməyə təqdim etmişdir. İddiaçı onunla əlaqəni kəsdi, amma buna baxmayaraq cavabdeh onunla maraqlanırdı. İddiaçı istəyirdi ki, cavabdeh onunla şəxsən maraqlansın. Amma o, iş qadını olduğu üçün buna vaxtı yox idi. O deyib ki, Alisa xanıma köməkçi tutsun. Amma o, razı olmamışdı.
7. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, o, iddiaçını çoxdan tanıyırdı, bilirdi ki, onun heç kimi yoxdur, yalnız iki rəfiqəsi var. Sonradan məlumatı olub ki, şəkər xəstəsi olub. Onu əməliyyat etdilər. Ona kömək lazım olanda edirdilər. O, da həkimdir. Onu “Kimya-terapiya” edirdilər. Bütün bunlar müqavilə bağlanmazdan əvvəl olub. Bir gün ona yığdı ki, pisdir və halı yoxdur. Ona dedi ki, kömək et. Bu mənzili özü ilə aparan deyil və ona kömək etsinlər əvəzində evi onlara verəcək. Lazer terapiyaya 1200 manat xərcləmişlər. Onun şişləri var idi, o da ciyərləri rentgen çəkiləndə görmüşdür. Qadın pis vəziyyətdə idi və onlar ona həmişə kömək edirdilər. Bir çox dərmanları qızı Türkiyədən sifariş verirdi. 2 il ona qarşı çox yaxşı olmuşlar, münasibətləri də çox normal idi. 1 aylıq maddi vəziyyətləri pisləşən kimi Alisa xanımın da onlara qarşı münasibəti dəyişdi. Qızı qonşu ilə birlikdə renta müqaviləsinin ləğv olunması üçün getdi, amma Alisa xanım imtina etdi. Şəkər olsa da ona tort da almışdılar. Hər bayram hədiyyələr almışlar. Pəncərəsinə jalüz, ayağına çəkmə belə almışlar. Onda şiş olmasını o, təyin etmiş və təklif etmişdi ki, Milli Onkologiya Mərkəzində müalicə alsın. 2 il aralarında problem olmayıb, 2 ildən sonra pula görə aralarında problem oldu. Qızının bankdakı vəsaiti dondurulmuşdur. Üzüyü satıb 350 manat vermişlər, ərzaqlar alınırdı. Renta müqaviləsi ləğv olunmadı. Onun tərəfdən heç bir təzyiq olunmayıb. Lazer terapiya “Milli Onkologiya Mərkəzi”ndə olunmuşdur. Bu xanım onkoloji xəstədir və ciyərlərində onkologiya aşkar olunmuşdur. İnyeksiya və dərmanlara görə ondan pul götürməmişlər. Ona təyin olunan bütün dərmanları almışlar. Alisa xanımın kimya terapiyasına o getmişdir. Kimya terapiyasına təyin olunan dərman çox baha idi və 1 kurs müalicəsi 250 manat idi. Qızının yanvar ayında biraz maddi çətinlikləri oldu və o, bunu iddiaçıya deyəndə ona qışqırdı. O, pis oldu və ağladı.
8. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Hər ikisi onun qonşusudur. Hər ikisini tanıyır. Cavabdeh tərəfindən iddiaçıya qarşı heç bir pis rəftar edilməmişdir. Maddi və mənəvi köməklər göstərilib. O, özü də iddiaçının evinə təmizliyə getmişdir. Müalicəsinə 2000 manat verilib, qızıl üzüyünü satıb ona pul şəklində verib, ərzaq alınıb. Ona yemək bişirib aparırdılar. Hətta qızının vasitəsilə də dəfələrlə yemək göndərilib. Cavabdeh çox yaxşı, zəhmətkeş və qayğıkeş insandır. İddiaçıya hədiyyələr də verirdi. O, iddiaçının evinə xüsusi tibb bacısının gəldiyini də görmüşdür. Onu cavabdeh iddiaçının iynələrinin vurulması üçün ödəniş edərək çağırirdı. 3 ildir ki, cavabdehin yaşadığı blokda yaşayır. İddiaçı müalicə alanda 2 dəfə onun evinə təmizliyə getmişdir. Hətta ona dəfələrlə dərman, ərzaq veriblər ki, onun evinə aparsın. X9 getdilər, qızılları satdılar, cavabdehlə gəldilər və pulları iddiaçıya verdi. O, pulları isə müalicəyə, dərmana və ərzağa xərclədilər. 2000 manat “kimya” terapiyaya ayrılmışdır.
9. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, iddiaçı və cavabdehi tanıyır, qonşusudur. Alisa xanım xəstələnəndə ona kömək lazım idi. Bu köməyi o, cavabdehdən istədi və onsuz öncədən də ona kömək edirdilər. Cavabdehin anası Alisanı həkimlərə aparırdı. Ona kömək olurdular, qayğı göstərirdilər. Ona ərzaq alınırdı. Ona iynə vurulması üçün xüsusi tibb bacısı da dəvət olunmuşdur. Onkoloji müalicə alanda, iddiaçının da orada müalicə aldığını görmüşdür. Hətta cavabdeh bağda olanda iddiaçının halı pisləşmişdi, onda da o, gedib ona tez-tez baxırdı. Halı pisləşəndə təcili tibbi yardım çağırırdı.
10. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, o, iddiaçını 20 ildir ki tanıyır. Onun qohumu X2 Alisanın rəfiqəsi idi. Hazırda Svetlana rəhmətə gedib. Əvvəl Alisa ilə şəhərə gedirdilər, bir-birinə gedib-gəlirdilər, əlaqələri çox yaxşı idi. İndi hər iksi qocalmışlar, artıq ancaq telefonla əlaqə saxlaya bilirlər. Diaqnoz qoyulanda o bildi. Rəfiqəsi Rəna aparmışdı həkimə. Renta müqaviləsi bağlamasından məlumatı olub. Cavabdehlə münasibətləri soyuq idi. Cavabdeh ona “qrelka sapojki” və “pijama” almışdır. O, bunları görməmişdir, iddiaçı bunları ona telefonda bildirib. Cavabdeh ona baxmırdı, ona qarşı qayğıkeş olmayıb. Cavabdehlə ilk bir il münasibətləri yaxşı olub, sonradan isə pozulub. İddiaçı kimya terapiya alırdı və cavabdeh kimyanın pulunu Alisadan öz təqaüdündən qoymasını tələb edib. 2 ildir ki, gediş-gəlişləri yoxdur, ancaq telefonla danışırlar. Cavabdeh gəlib-gedəndə görməmişdir. Alisa bir dəfə balıq istədi, Tahir almışdı. Sonucu dəfə iddiaçının evində iki il öncə olmuşdur. Dost xidmətindən Mehparə adlı xanım gəlirdi evi yığmağa. İddiaçı renta müqaviləsini bağlayanda onunla məsləhətləşib və o, çox sevinmişdir. O vaxt vəziyyəti yaxşı olub və ona görə baxıcıdan imtina edib. Rəna ilə münasibəti yaxşıdır, sadəcə o, da yaşlıdır görüşə bilmirlər. Amma bayramlarda ad günlərdə gəlir. Dost Xidmətindən gələn qadının hansı pulla ərzaq aldığını bilmir. Mobil telefon verilməsini bilmir. Cavabdeh hər ay onu kartına pul köçürüb. Tahir adlı şahidi tanıyır. İddiaçı ilə Tahir çoxdanki tanışdılar.
11. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Alisanı Sveta vasitəsi ilə tanımışdır. Həm də qonşudur. Alisa ilə Svetlana renta müqaviləsi bağlayıb. Onun maşını ilə “Neftçilər” metrosu yaxınlığında yerləşən notariat ofisinə getmişlər. Təxminən 2022-ci ilin dekabr ayı idi. Notariusun adı Əli bəy idi. Sonra evə bir yerdə qayıtdılar. Tərəflərin münasibətləri yaxşı idi. O, Svetlana ilə birlikdə iddiaçının evinə təxminən 15-20 dəfə ərzaq aparmışdır. Qapını iddiaçı özü açıb. Ərzaqları saat 18:00-dan sonra gətirmişdir, çünki səhər saatlarında işdə olurdu. Notariusun yanına o, da girmişdir. Notarius iddiaçıya rus dilində hər şeyi izah etdi. Cavabdeh işdə olanda ərzaqları o, aparmışdır. İddiaçıya 10 gündən bir ərzaq alınıb aparılırdı. Hər şey alınırdı, hətta pişik yeməyi belə. Ərzaqları cavabdehlə birlikdə qaldırdılar ağır olduğundan.
12. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, İddiaçı xanımı 25 ildən yuxarıdır ki, tanıyır və hər zaman gediş-gəlişləri olub, çətinliyi olduqda imkanı daxilində yardım əli uzatmışdır. Pandemiya dövründə bir tərəfdən qapanmalar, digər tərəfdən bəzi şəxsi çətinliklər səbəbindən və əlavə olaraq Türkiyədə təhsil alan qızının oradakı bəzi problemləri ilə əlaqədar Alisa xanımla əlaqələrində fasilələr yarandı. Sonra isə əlaqə nömrəsinə zəng çatmayanda narahat olub ötən ilin yanvarında evinə gəlmişdir. Həmin gün yanında bir yaşlı xanım da var idi. Alisa ona yeni nömrəsini verdi, xahiş etdi ki, onunla əlaqə saxlasın. O, bir gün sonra əlaqə saxlayıb vəziyyəti öyrənəndə ona bildirdi ki, bunlarla müqavilə bağlamışdır, amma razı deyil, ona olan münasibətdən, tək olduğu üçün qorxur. Razılaşması anası ilə olub, amma qızı onunla notariusa gedib müqavilə bağlayıb, lakin qızını gec-gec görür. Bildirdi ki, mənzilinin sənədləri Notariat ofisində qalıb, onları oradan götürməyə köməklik göstərsin. İzah elədi ki, insandı, əziyyəti varsa, nəzərə al, lakin bildirdi ki, notariusda heç bir sənəd qala bilməz, çox güman ki, əks tərəf öz adına keçirib. Alisa xanım onun sözləri ilə razılaşmadı, bildirdi ki, o, onlara hədiyyə etməmişdir ki, sağlığında sənədini öz adlarına keçirsinlər. Ancaq zamanla gördü, gərginlik artır və bu qadına dayaq yoxdur, heç bir çətinliyi ilə maraqlanmaq istəmirlər və Alisa xanımın sözlərində həqiqət var. Cavabdehin anası tərəfindən gah pensiya kartına görə təzyiq göstərilib, gah qayğı, dəstək əvəzinə xəstəliyinin ağrılı-zülümlü olmağı ilə bağlı psixoloji təsirlər edilib. Öhdəliyi olan xırda təmir işlərini belə başdan edib, məcbur olub özü təmir-bərpa işlərinin təşkilini həyata keçirmiş, pəncərə, soyuducu və digər təmir işləri. İnternet və TV xidmətlərinin ödənişlərindən də yayınıb, onu da Alisa xanımın üzərinə qoyublar ki, bu sizin əyləncə maraqlarınız olduğu üçün ödənişi də siz etməlisiniz. Yalnız dərman pulu göndərilib. Ötən ilin mart ayından bu günə kimi həftədə 2-3 dəfə olmaqla Alisanın bütün yemək ehtiyaclarını evində ailəsi hazırlayır. Ehtiyac olduqca bütün xəstəxanalara və həkim qəbullarına da özü aparır. Əlavə olaraq tibbi ləvazimat ehtiyacları ilə də təmin etmişdir. Alisa xanım əməliyyat olunanda 3 gün xəstəxanada özü və ailəsi qulluğunda durub. Əlavə olaraq bildirir ki, Alisa xanımı narahat edən məsələ ondan ibarətdir ki, bağlanan renta müqaviləsi ona tərcümə edilməyib və tam izah olunmayıb, onun inamından və xəstəliyi ilə bağlı vəziyyətindən istifadə ediblər və çıxarışını ələ keçiriblər, halbuki, özü də əlavə edir ki, nə qədər həyatdadır, sənədi onun adında olmalı idi. Sonradan ona qarşı yaranan soyuq münasibət və baş verən hadisələr onun üçün gözlənilməz olub və onlara güvəndiyinə görə peşmançılıq hissini yaşayıb. Həmçinin müqavilədə əks olunan bəndlərin son 1 ildə onun şahidliyi ilə tam yerinə yetirilmədiyi də göz qabağındadır. Cavabdehi görüb, Alisa xanıma yemək gətirmişdi. xx.xx.2025-ci ildə iddiaçı ona öz razılığı ilə vəsiyyətnamə verib. İddiaçının qapısı axşamlar döyülürdü, onu qorxudurdular. Hazırda hüquqi varisi odur. Son 1 ildə evdə pozulan əşyaları o, düzəltmişdir. O, iddiaçı ilə yanvar ayında əlaqə saxlaya bildi, çünki telefonunda onun nömrəsi silinmişdir. O, olmayanda iddiaçı ilə ailə üzvləri maraqlanıb. Blokda kamera var, amma o, yenisini quraşdıracaq. Mart ayından noyabr ayınadək ona qulluq etmişdir. O, onun yanına gedir, ona qulluq edir. Kamera üzbəüz olan qonşunun kamerasıdır.
İş materialları:
13. Renta alan İddiaçı ilə renta ödəyicisi Cavabdeh arasında bağlanmış Bakı şəhər 30 saylı Notariat Ofisində təsdiqlənmiş xx.xx.2022-ci il tarixli 4Ə-14 reyestr nömrəli renta müqaviləsindən görünür ki, renta alan ünvan 1 ünvanında yerləşən əmlakını ömürlük renta üçün renta ödəyicisinin mülkiyyətinə pulsuz verir. Həmin müqavilənin 4-cü bəndinə görə renta alana qulluq etmək, müalicə etdirmək, bununla bağlı qida məhsulları və zəruri dərmanlarla təmin etmək; mənzilin istifadəsinə görə bütün kommunal və digər xərcləri ödəmək; renta alan öldükdə onun dəfnini təşkil etmək və dəfn xərclərini ödəmək renta ödəyicisinin öhdəlikləridir. Müqavilənin 8-ci bəndinə əsasən renta müqaviləsi təsdiq olunduqdan sonra renta alan daşınmaz əmlaka aid sənədləri renta ödəyicisinə verməyə borcludur. Müqavilənin 19-cu bəndinə əsasən müqavilənin tərəfləri notariusun iştirakı ilə fəaliyyət qabiliyyətindən məhrum olmadıqlarını, imzaladıqları müqavilənin mahiyyətini dərk etməyə mane ola bilən xəstəliklər keçirmədiklərini, habelə həmin müqaviləni bağlamaq üçün onlara kənar təsirlərin olmadıqlarını bildirirlər.
14. İddiaçı vəkili və nümayəndəsi tərəfindən Cavabdeh ünvanlanan bildirişdən görünür ki, müqaviləyə xitam verilməsini istəyir və münasibət bildirilməsi tələb edilir. Əks halda müqavilənin xitamı ilə bağlı məhkəməyə müraciət olunacaqdır.
15. Cavabdeh bildirişə yazdığı cavab məktubundan görünür ki, məlumat üçün bildirmək istəyir ki, 2022-ci ildə bağlanmış renta müqaviləsinin № 4Ə-14 reyestrdə qüvvəyə minməsindən indiyə qədər o, Cavabdeh, müqaviləyə əsasən İddiaçı bütün müalicə xərclərini, o cümlədən kimyaterapiyanı ödədi, lazımi dərman vasitələri və qida məhsulları ilə təmin etdi. Qeyd etmək lazımdır ki, təmin edilən qidalar birinci dərəcəli ehtiyac məhsulları olmamışdır. Yalnız ərzaq xərcləri ayda 300-350 manat təşkil etmişdir. Müalicə dövründə dərmanların aylıq xərcləri isə 450-600 AZN aralığında olmuşdur. Hər bir kimyaterapiyanın qiyməti 250-300 AZN olub və Onkoloji Mərkəzin həkimi İlahə Hacıyevaya (kimyaterapiya həkimi) şəxsən ödənilmişdir. Bununla yanaşı, onkoloji mərkəzdə göstərilən bütün tibbi yardımları və kommunal xidmətlər (işıq, su xərcləri) üçün ödənişləri də o, etmiş, baxmayaraq ki, həmin yaşayış sahəsindən istifadə etməmişdir. Bundan başqa, o, İddiaçı üçün bank hesabı açaraq, hər ay həmin hesaba pul köçürmələri etmişdir. Sonuncu ödəniş xx.xx.2024-cü il tarixində edilmişdir ki, bunu bank hesabı üzrə çıxarışlarla təsdiq etmək mümkündür. Həmçinin qeyd etmək istərdi ki, İddiaçı ilk olaraq onların yardımına müraciət etmiş və müqavilə bağlanana qədər bu yardımlar qarşılıqsız şəkildə göstərilmişdir. O, öz arzusu ilə müqavilə bağlamağı təklif etmiş və onkoloji xəstəliyinin tam müalicəsi üçün yardımlar almaq məqsədilə müqavilə imzalamışdır. Həmin renta müqaviləsi bağlanarkən ona heç bir təzyiq göstərilməmişdir. Məhkəmə qaydasında bundan əlavə qeyd etmək istəyir ki, bu vətəndaşa etdikləri bütün köməklərlə yanaşı, onlar ona dəfələrlə daimi qalan və ya qalmayan baxıcı tutmağı təklif etmişlər ki, həmin baxıcı daim ona nəzarət edərək yemək bişirməyə və təmizlik işlərini yerinə yetirməyə kömək etsin. Lakin İddiaçı bu təklifi qəbul etməmişdir. Əgər iddiaçı tərəf göstərdikləri iki illik yardımlardan narazıdırsa (buraya ayrıca tibb bacısının göstərdiyi xidmətlər də daxildir, tibb bacısı ayrıca işə götürülmüş və iynə vurmuşdur, həmçinin anası Novikova Olqanın (ixtisasca həkim) verdiyi yardımlar da daxildir, o, qonşuluqda yaşadığından gecə və gündüz vaxtı ona yardım göstərmiş, ilk tibbi yardım, digər tibbi, fiziki və maddi dəstəyi göstərmişdir, yeməkləri ayrıca bişirmiş, təmizlik işlərini görmüşdür), bu tərəf kommunal xərclər, dərmanlar, müalicə, ərzaq, hədiyyələr daxil olmaqla, onların iki il ərzində çəkdikləri, bütün xərcləri geri ödəməyə hazırdırsa, o, müqavilənin ləğvinə etiraz etməyəcəkdir. Yuxanda qeyd edilənləri nəzərə alaraq, bildirmək istəyir ki, bu formada irəli sürülən şikayətləri qəbul etmir və hər hansı bir iddia ilə bağlı məhkəməyə müraciət edilməsini tələb edir. O, tələb edir ki, məhkəmə qaydasında sübut edilsin ki, o bu müqavilənin hər hansı bir bəndini yerinə yetirməmişdir.
16. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.
17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.1997-ci ildə İddiaçı, xx.xx.2022-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir.
18. 3 saylı DOST Mərkəzinin 05 mart 2025-ci il tarixli məktubundan görünür ki, halhazırda İddiaçı Mərkəz tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada evdə (səyyar) sosial xidmətlər göstərilir.
İşin faktiki halları:
19. Məhkəmə iclasında müəyyən edildi ki, renta alan İddiaçı ilə renta ödəyicisi Cavabdeh arasında bağlanmış Bakı şəhər 30 saylı Notariat Ofisində təsdiqlənmiş xx.xx.2022-ci il tarixli 4Ə-14 reyestr nömrəli renta müqaviləsinə əsasən renta alan ünvan 1 ünvanında yerləşən əmlakını ömürlük renta üçün renta ödəyicisinin mülkiyyətinə pulsuz verir. Həmin müqavilənin 4-cü bəndinə əsasən:- renta alana qulluq etmək, müalicə etdirmək, bununla bağlı qida məhsulları və zəruri dərmanlarla təmin etmək; mənzilin istifadəsinə görə bütün kommunal və digər xərcləri ödəmək; renta alan öldükdə onun dəfnini təşkil etmək və dəfn xərclərini ödəmək renta ödəyicisinin öhdəlikləridir. Müqavilənin 8-ci bəndinə əsasən:- renta müqaviləsi təsdiq olunduqdan sonra renta alan daşınmaz əmlaka aid sənədləri renta ödəyicisinə verməyə borcludur. Müqavilənin 19-cu bəndinə əsasən:- müqavilənin tərəfləri notariusun iştirakı ilə fəaliyyət qabiliyyətindən məhrum olmadıqlarını, imzaladıqları müqavilənin mahiyyətini dərk etməyə mane olan bilən xəstəliklər keçirmədiklərini, habelə həmin müqaviləni bağlamaq üçün onlara kənar təsirlərin olmadıqlarını bildirirlər. Hazırda iddiaçı xx.xx.2022-cı il tarixində Bakı şəhəri 30 saylı notariat ofisində bağlanmış ömürlük renta müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə bağlananadək tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olmuş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,42 m2 olan 1 (bir) otaqlı mənzilin sonuncuya qaytarılmasına və onun adına yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Publik hüquqi şəxsində mülkiyyət hüququna dair qeydiyyat aparılmasını xahiş edir.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
864-cü maddəsinə əsasən renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür. Renta müqaviləsinə görə rentanı müddətsiz ödəmək (daimi renta) və ya renta alanın ömrü boyu ödəmək (ömürlük renta) vəzifəsinin müəyyənləşdirilməsinə yol verilir. 879-cu maddəsinə əsasən renta ödəyicisi ömürlük renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduqda renta alan renta ödəyicisindən rentanı satın almağı və ya müqaviləni ləğv etməyi və zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər ömürlük renta ödənilməsi üçün mənzil, yaşayış evi və ya başqa əmlak pulsuz özgəninkiləşdirilmişdirsə, renta ödəyicisi müqaviləni əhəmiyyətli dərəcədə pozduqda renta alan həmin əmlakın qaytarılmasını və onun dəyərinin rentanın satınalma qiyməti ilə əvəzləşdirilməsini tələb edə bilər.
21.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:
2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:
Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.
23. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli Qərarları:
İddia və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı ifadə etdiyi hüquqi mövqeyinə əsasən, tələb hüququna xas olan iddia müddətindən fərqli olaraq kəsici müddət əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olduğu halda, kəsici müddət subyektiv hüququn mövcudluğu ilə şərtlənir, həmin müddətin bitməsi hüququn özünün xitamı ilə nəticələnir. İddia müddətinin axımı dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. İddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia ərizəsi rədd edilməlidir.
25. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıbyaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir.
26. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.
27. Göründüyü kimi tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə Plenum Qərarında qeyd olunan zəruri hallara riayət olunmaqla bağlanmışdır. Belə ki, qanunda nəzərdə tutulmuş formaya uyğun notarial qaydada təsdiq olunmaqla bağlanmışdır. Digər hal gərəkli razılığın verilmiş olmasıdır, hansıki tərəflər öz iradə ifadələri ilə notariat ofisində İddiaçı - Renta alan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 29,42 m2, yaşayış sahəsi 16,22 m2 olan 1 (bir) otaqlı mülkiyyətində olan mənzilini Renta ödəyicisi - Cavabdeh mülkiyyətinə pulsuz verməsi və əvəzində renta ödəyicisi renta alana qulluq etmək, müalicə etdirmək, bununla bağlı qida məhsulları və zəruri dərmanlarla təmin etmək; mənzilin istifadəsinə görə bütün kommunal və digər xərcləri ödəmək; renta alan öldükdə onun dəfnini təşkil etmək və dəfn xərclərini ödəmək öhdəliklərini götürməsi barədə renta müqaviləsi bağlamışlar. Plenum Qərarında qeyd olunan müqavilənin etibarlılıq şərtlərindən biri də əqdi bağlayan şəxslərin anlaqlı olmasıdır. Məhkəmə araşdırması zamanı tərəflərin müqavilə bağlayan zaman anlaqsız olmasına şübhə doğuran, yaxud sübut edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır.
28. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli renta müqaviləsinin etibarsız hesab edilməsinə əsaslar mövcud deyildir.
29. Həmçinin göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Mülki Məcəllənin 354.2-ci maddəsinin dispozisiyasında əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtdan qanunvericinin müəyyən etdiyi bir illik müddət ötürülmüş hesab edilir. Belə ki, müqavilə xx.xx.2022-ci il tarixdə bağlanmış, iddiaçı isə 28 oktyabr 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki, iddiaçı tərəfindən “xx.xx.2022-ci il tarixli renta müqaviləsinin etibarsız hesab edilməsi üçün müəyyən edilmiş 1 illik iddia müddəti ötürülmüşdür.
Məhkəmə baxışının hədləri:
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmə xərcləri:
31. İddia tələbi rədd edildiyindən məhkəmə xərclərinə aid olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə:
32. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “renta müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair iddiası rədd edilməlidir.
33. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddiaçı Cavabdeh qarşı “renta müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova