Məhkəmə qərarları › İş №2(007)-503/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-503/2024

15.03.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-503/2024 15.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı Heydər Əliyev adına X8 nümayəndəsi X1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Heydər Əliyev adına X8 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Heydər Əliyev adına X12 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Babək prospekti, 43 “A” ünvanında quraşdırılmış dəmir darvazanın, inşa edilmiş 20 x 1.20 metr ölçüdə əlavə hasarın, 2.50 x 3 x 10 metr ölçüdə olan tikilinin, sement beton tökülməklə hündürlüyü 3.80 metr olan 5 ədəd tumbaların və 25 x 15 x 8 metr ölçüdə 2 mərtəbəli qeyri-yaşayış obyektinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və həmin tikililərin sökülərək “Mühafizə Zonası”ndan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Nizami rayonu, Babək prospekti 43A ünvanında Heydər Əliyev adına X10 məxsus Dş-500 mm neft boru kəmərinin “Mühafizə Zonası”nın 13 metrliyində torpaq zəbt edilməklə dəmir darvazanın quraşdırılması, köhnədən inşa edilmiş hasarın üzərində mişar daşından 20x1.20 metr ölçüdə əlavə hasarın, 14 metrliyində 2.50 metr dərinlikdə torpaq qazılmaqla mişar daşından 3 x 1 0 metr ölçüdə tikilinin, 22 metrliyində sement-beton tökülməklə hündürlüyü 3.80 metr olan 5 ədəd tumbaların və mişar daşından 25x15x8 metr ölçüdə 2 mərtəbəli qeyri-yaşayış obyektinin inşa olunması aşkar edilmişdir. Bundan başqa həmin ərazidən Dş-500 mm neft boru kəmərinə paralel zavoda məxsus Dş-400 mm, Dş-300 mm və Dş-250 mm (2 ədəd) neft boru kəmərləri keçir. Azərbaycan Respublikasının Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, Heydər Əliyev adına X12 Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin “Mühafizə Zonası”nda yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün neft boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, neft boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə neft boru kəmərləri ətrafında “Mühafizə Zonası” müəyyən olunmuşdur. “Mühafizə Zonalası”nın müəyyən edilməsi bir neçə amilə bağlıdır. İlk olaraq, neft boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyəti obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, “Mühafizə Zonası”nın mövcudluğu olduqca zəruridir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı Heydər Əliyev adına X12 Cavabdeh qarşı “Qanunsuz tikilinin sökülərək “mühafizə zonasından çıxarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 43A ünvanında quraşdırılmış dəmir darvazanın, inşa edilmiş 20x1.20 metr ölçüdə əlavə hasarın, 2.50x3x10 metr olan tikilinin, sement-beton tökülməklə hündürlüyü 3.80 metr olan 5 ədəd tumbaların və 25x15x8 metr ölçüdə 2 mərtəbəli qeyri-yaşayış obyektinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikililərin sökülərək “Mühafizə Zonası”ndan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Heydər Əliyev adına X12 iddiasında ona əsaslanmışdır ki, guya Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 43A ünvanında Heydər Əliyev adına X10 məxsus Dş-500 mm neft boru kəmərinin “Mühafizə Zonası”nın 13 metrliyində torpaq zəbt etməklə dəmir darvazanın quraşdırılması, köhnədən inşa edilmiş hasarın üzərində mişar daşından 20x1.20 metr ölçüdə əlavə hasarın, 14 metrliyində 2.50 metr dərinlikdə torpaq qazmaqla mişar daşından 3x10 metr ölçüdə tikilinin, 22 metrliyində sement-beton tökülməklə hündürlüyü 3.80 metr olan 5 ədəd tumbaların və mişar daşından 25x15x8 metr ölçüdə 2 mərtəbəli qeyri-yaşayış obyektinin inşa olunması aşkar edilmişdir. Bundan başqa da həmin ərazidən Dş-500 mm neft boru kəmərinə paralel zavoda məxsus Dş-400 mm, Dş-300 mm və Dş-250 mm (2 ədəd) neft boru kəmərləri keçir. Bundan əlavə olaraq guya cavabdeh iddiaçıya məxsus neft boru kəmərinin “Mühafizə Zonası”nda yerləşən torpaq sahəsi faktiki olaraq zəbt etmişdir və buda iddiaçının boru kəmərinə qulluq edilməsinə və istismar edilməsinə maneəçilik yaradır. Qeyd edilənlər isə iddia ərizəsində Azərbaycan Respublikası MM-nin 180-ci və Torpaq məcəlləsinin 111-ci və s. maddələri ilə əsaslandırılmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi tam əsassızdır və rədd edilməlidir. İddiaçının əsaslarından biri ondan ibarətdir ki, guya Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 43A ünvanında Heydər Əliyev adına X10 məxsus Dş-500 mm neft boru kəmərinin “Mühafizə Zonası”nın 13 metrliyində torpaq zəbt etməklə dəmir darvazanın quraşdırılması, köhnədən inşa edilmiş hasarın üzərində mişar daşından 20x1.20 metr ölçüdə əlavə hasarın, 14 metrliyində 2.50 metr dərinlikdə torpaq qazmaqla mişar daşından 3x10 metr ölçüdə tikilinin, 22 metrliyində sement-beton tökülməklə hündürlüyü 3.80 metr olan 5 ədəd tumbaların və mişar daşından 25x15x8 metr ölçüdə 2 mərtəbəli qeyri-yaşayış obyektinin inşa olunması aşkar edilmişdir. Bu əsasa cavab olaraq bildirmək istəyir ki, cavabdeh mübahisəli qeyri-yaşayış sahəsinin xx.xx.2023-cü il tarixli İlkin alqı-satqı müqaviləsi əsasında dəyərini ödəməklə X2 almışdır. Alqı-satqı müqaviləsi bağlanan zamanda mübahisəli qeyri-yaşayış sahəsi X7 və digər payçıların xüsusi mülkiyyətində olmuş və torpaq sahəsi də zəbt edilməmiş və dövlət torpağı olaraq istifadəsində olmuşdur. Cavabdeh isə iddiaçının bildirdiyi kimi qeyd edilən tikililəri tikməmiş, yalnız mövcud olan tikilini bərpa etmiş, köhnə tikili olduğundan restavrasiya edilərək bərpa edilmişdir. Yəni köhnə suvaqlar təzələnmiş, çat yerləri düzəldilmiş, qəzalı yerləri bərpa edilmiş və möhkəmləndirilmişdir. Eyni zamanda da dam örtüyü köhnə olduğundan yenilənmişdir. Bütün bu işlərdə aidiyyatı orqanlara şifahi olaraq müraciət edilərək edilmişdir və xəbərləri mövcuddur. Bu səbəbdən də cavabdehin yeni tikinti tikməməsi və hətta özbaşına tikinti tikməsi mövcud olmaması səbəbindən də iddiaçının iddiası rədd edilməlidir. İddiaçının əsaslarından biri ondan ibarətdir ki, guya cavabdeh iddiaçıya məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt edərək qanunsuz tikinti aparmışdır. Buna cavab olaraq bildirir ki, birincisi iddiaçı cavabdehin istifadəsində olan torpağın sahəsinin ona aid olmasını təsdiq edən sənəd təqdim etməmişdir. Bundan əlavə olaraq cavabdeh istifadədə olan və xüsusi mülkiyyətdə olmaqla X2 mövcud tikili alındığından iddiaçının iddiası tamamilə əsassızdır. Hər hansı torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməmişdir. Qanuni olaraq istifadədə olan torpaq sahəsi bir şəxsdən digər şəxsin istifadəsinə keçmişdir. Bu əsasla da iddia təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı Heydər Əliyev adına X8 nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 nömrəli Qərarına əsasən, həmçinin qeyd olunan tikili qanunsuz olduğundan sökülməlidir. Onlar tikilinin sahibini müəyyənləşdirən zaman Cavabdeh olduğunu müəyyən etmişlər ona görə cavabdeh kimi onu qoymuşlar. Çıxarışı daha sonra əldə etmişlər. Bu səbəbdən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil bildirdi ki, iddia tələbini qəbul etmirlər. Belə ki, qeyd olunan torpaq zəbt olunmayıb əksinə X3 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmaqla qeyri-yaşayış binası paylı mülkiyyətlə onun mülkiyyətinə verilmişdir. Bunu təsdiq edən çıxarışı məhkəmənin hazırlıq iclasında iddia ərizəsinə etiraza qoşma kimi əlavə etdiyini bildirdi. Cavabdeh da tam qanuni olaraq xx.xx.2023-cü il tarixində notarial qaydada təsdiq olunmuş ilkin alqı-satqı müqaviləsi ilə qeyd olunan qeyri-yaşayış binasını əldə etmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 30 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, Heydər Əliyev adına X12 məhkəmə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. - Arayışdan görünür ki, inventar № 3000084, Dş-250 mm -2 ədəd, Dş-300 mm -1 ədəd, inventar № 3001425, Dş-250 mm, inventar № 3001253, Dş-400 mm və Dş-300 mm neft boru kəmərləri Heydər Əliyev adına X8 balansındadır. - 11.09.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, 11 sentyabr 2023-cü il tarixdə saat təxminən 1740 radələrində «SOCAR»ın Təhlükəsizlik İdarəsinin 30 nömrəli komandasının işçiləri ilə birlikdə H.Əliyev adına NEZ-in istehsalat sahələrində və eləcə də ona aid olan neft məhsulları nəql olunan boru kəmərləri keçən ərazilərə növbəti dəfə baxış (monitorinq) keçirilmişdir. Aparılan baxış zamanı Nizami rayonu, Babək prospekti 43A ünvanında yerləşən «AUDİ» avtosalonun arxa tərəfində, 47 nömrəli polis postun ərazisində, neft məhsulları nəql olunan boru kəmərlərinin mühafizə zonasında, boru kəmərlərindən təxminən 5-10 metr aralıda, əvvəllər mövcud olan, 11 mişar daşı hündürlüyündə və 10 metr uzunluğunda hasarın üzərinə əlavə olaraq 6 mişar daşı hündürlüyündə hörgü apardığını, eyni zamanda hasarın daxilində əvvəllər mövcud olmuş və avtosalon kimi fəaliyyət göstərmiş obyektin həyətyanı sahəsində 25 metr uzunluğunda və 12 metr enində özülün (fundament) qazıldığı və dəmir armaturlardan hazırlanmış karkasın özülün içinə yığılması və mişar daşından istifadə etməklə tikinti işlərinin aparıldığı faktı aşkar edildi. Aparılan ilkin araşdırma zamanı qeyd olunan tikintini aparan şəxs Cavabdeh Nazım oğlu, ((070) 273-93-72) olduğu müəyyən olundu və vətəndaşa, aparılan tikintinin mühafizə zonasına düşdüyü və qeyri-qanuni tikinti işlərinin aparılmasının yolverilməz olduğu nəzərinə çatdırılmaqla şifahi xəbərdarlıqlar edildi. Lakin tikinti sahibi vətəndaş N.N Hümbətli daşınmaz əmlakın reyestr nömrəsi **********01-06301 olan çıxarışı təqdim edərək aparılan tikinti işlərinin qanunauyğun olduğunu, həmçinin tikinti işlərini davam etdirəcəyini qeyd etdi. - 12 yanvar 2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, X7 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 43A ünvanında yerləşən, sahəsi 548.3 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh satmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********01-06301 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 43A ünvanında yerləşən, sahəsi 548.3 kv.m olan qeyri-yaşayış sahəsi X3 xüsusi mülkiyyətindədir. Qeyri-yaşayış sahəsi onun adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə 548.3 kv.m pay haqqı ilə qeydiyyata alınmışdır. - Məhkəmə iclasında müəyyən edildi ki, 12 yanvar 2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsi ilə X7 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 43A ünvanında yerləşən, sahəsi 548.3 m2 olan qeyri-yaşayış sahəsini Cavabdeh satmışdır. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 43A ünvanında yerləşən, sahəsi 548.3 m2 olan qeyri-yaşayış sahəsi X3 xüsusi mülkiyyətindədir. Qeyri-yaşayış sahəsi onun adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə 548.3 m2 pay haqqı ilə qeydiyyata alınmışdır. Hazırda iddiaçı Cavabdeh tərəfindən Bakı şəhəri, Babək prospekti, 43A ünvanında quraşdırılmış dəmir darvazanın, inşa edilmiş 20x1.20 metr ölçüdə əlavə hasarın, 2.50x3x10 metr ölçüdə olan tikilinin, sement beton tökülməklə hündürlüyü 3.80 metr olan 5 ədəd tumbaların və 25x15x8 metr ölçüdə 2 mərtəbəli qeyri-yaşayış obyektinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və həmin tikililərin sökülərək “Mühafizə Zonası”ndan çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı Konstitusiyanın 12-ci maddəsində öz əksini tapmış dövlətin ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. 468.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın. İşin mübahisəsiz halına görə, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 43A ünvanında yerləşən, sahəsi 548.3 m2 olan qeyri-yaşayış binası 12 yanvar 2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satılmışdır. Göründüyü kimi Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 43A ünvanında yerləşən qeyri-yaşayış binasına ağlabatan və “qanuni gözləntisi” var. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə uyğun olaraq, mübahisə obyektinə dair hüquqi sənədə əsasən, yəni 12 yanvar 2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsi ilə Cavabdeh qanuni “gözlənti” hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İV hissəsinə, 35-ci maddəsinin Vİ hissəsinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 27 may 2010-cu il tarixli Qərar, № 18768/05, § 103). İddiaçı ona məxsus neft boru kəmərinin “Mühafizə Zonası”nda yerləşən torpaq sahəsinin faktiki olaraq cavabdeh tərəfindən zəbt edilərək tikinti işləri aparıldığını bildirərək hazırki iddia tələbini irəli sürmüş, hüquqi mövqeyini Mülki Məcəllənin 180-ci maddəsi ilə əsaslandırmışdır. Cavabdeh isə qeyri-yaşayış binasını alqı-satqı müqaviləsi əsasında aldğını, özünün hər hansı əlavə tikinti işlər aparmadığını, sadəcə yenidənqurma (təmir) işləri gördüyünü göstərib, iddiaya etiraz etmişdir. Özbaşına tikintinin anlayışını və onun nəticələrini müəyyən edən Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, aydın olur ki, iddiaçının iddia etdiyi kimi cavabdeh tərəfindən özbaşına tikili tikmək kimi hal müəyyən olunmadı. Qeyd olunan qeyri-yaşayış binası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2019-cu il tarixdə X3 adına qeydiyyata alınmışdır. Bundan başqa hazırki mübahisə üzrə qiymət verilməli olan hal, tikilinin cavabdeh tərəfindən həyata keçirilib-keçirilmədiyi və iddiaçının mənafelərinə toxunubtoxunmamasıdır. Bu çərçivədə ilk olaraq qeyd olunmalıdır ki, darvazanın quraşdırılması, köhnədən inşa edilmiş hasarın üzərində mişar daşından 20x1.20 metr ölçüdə əlavə hasarın, 14 metrliyində 2.50 metr dərinlikdə torpaq qazılmaqla mişar daşından 3 x 1 0 metr ölçüdə tikilinin, 22 metrliyində sement-beton tökülməklə hündürlüyü 3.80 metr olan 5 ədəd tumbaların və mişar daşından 25x15x8 metr ölçüdə 2 mərtəbəli qeyri-yaşayış obyektinin inşa edilməsi məhz Cavabdeh tərəfindən həyata keçirilmiş olduğu işin araşdırılan halları ilə müəyyən edilməmişdir. Belə ki, iddiasının əsası kimi istinad etdiyi halı sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşsə də o, istinad etdiyi həmin halı biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir, hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən onun həmin dəlillərini əsaslı hesab etmək mümkün deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bundan başqa göründüyü kimi iddia ərizəsində X7 cavabdeh kimi cəlb olunmamışdir və iddia tələbi yalnız Cavabdeh qarşı qaldırılmışdır. Halbuki, hazırda X7 ilə Cavabdeh arasında yalnız 12 yanvar 2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Belə olan halda iş materiallarına əlavə olmuş çıxarışdan görünür ki, hələ qeyri-yaşayış obyektinin faktiki mülkiyyətçi X5r. Məhkəmə iclasında bu hal iddiaçının nümayəndəsinin nəzərinə çatdırılsa da, həmçinin məhkəmənin birinci hazırlıq iclasında xx.xx.2024-cü il tarixdə cavabdehin vəkili və nümayəndəsi etiraz ərizəsinə qoşma olaraq X6 verilmiş çıxarışı əlavə etmişdir. Bundan başqa iş materiallarına əlavə olunmuş aktlardan görünür ki, “tikinti sahibi vətəndaş N.N Hümbətli daşınmaz əmlakın reyestr nömrəsi **********01-06301 olan çıxarışı təqdim edərək aparılan tikinti işlərinin qanunauyğun olduğunu, həmçinin tikinti işlərini davam etdirəcəyini qeyd etdi.” qeyd olunmuşdur. Qeyd olunanlara baxmayaraq iddiaçının nümayəndəsi çıxarışı yeni əldə etdiyini əsas gətirərək yalnız məhkəmə baxışında cavbdehin əsl cavabdehlə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin aşağıda qeyd olunan normasına əsasən iddiaçının nümayəndəsinin vəsatətini təmin etməmişdir. Mülki Prosessual Məcəllənin 167.1.1-ci maddəsinə əsasən məhkəmə işi məhkəmədə baxılmağa hazırlamaq üçün işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verir, onların iştirakı ilə işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilir; tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir; birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir. Göründüyü kimi cvabdehin əsl cavabdehlə əvəz olunması məhkəmənin hazırlıq iclasında həll olunan məsələdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İdida tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Heydər Əliyev adına X8 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Heydər Əliyev adına X8 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar