Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-529/2020 12.03.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik Komissiyasının nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 22 sentyabr 1988-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X2nun psixi və kəmağıllıq vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 22.09.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2 uşaqlıqdan müddətsiz 1-ci qrup əlildir və psixi xəstə kimi qeydiyyatdadır və dəfələrlə ruhi-əsəb dispanserində stasionar şəraitdə müalicə olunmuşdur. X2 əmək qabiliyyətsizdir və daim kənar şəxsin köməyinə və qulluğuna ehtiyacı vardır. Onda psixi pozuntu və kəmağıllıq əlamətləri aşkar olunur. X2 özü-özünü müstəqil idarə etmək iqtidarına malik deyil, etdikləri hərəkətlərin mənasını dərk etmir. Bundan sonra X2 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlaya bilmədiyindən müstəqil şəkildə öz hüquqlarını həyata keçirmək iqtidarında deyil. Ona görə də hesab edirəm ki, 22.09.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş oğlum X4 uşaqlıqdan müddətsiz İ qrup əlil olduğundan və faktiki olaraq fəaliyyət qabiliyyəti olmadığından onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyənləşdirilməsinə zərurət vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik Komissiyasının nümayəndəsi X10 ərizə üzrə hər hansı qətnamə qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xİİİ-ЖГ 396442 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 22 sentyabr 1988 tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası Ərizəçidır. - Azərbaycan Respublikası ƏƏSMN 2 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışdan görünür ki, X4 müddətsiz birinci qrup əlildir. - Bakı şəhər Baş Səhiyyə İdarəsi 26 saylı şəhər poliklinikası tərəfindən verilmiş 10 dekabr 2019-cu il tarixli arayışdan görünür ki, 22 sentyabr 1988 tarixli X4 2004-cü il tarixdən “debillik dərəcəsində oliqofreniya” diaqnozu ilə poliklinikanın ruhi-əsəb xəstəlikləri kabinetində qeydiyyatdadır və İ qrup əlildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının 25 yanvar 2020-ci il tarixli 150 nömrəli rəyindən görünür ki, X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onalrı şüurlu idarə etmək iqtidarında deyildir. X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinəkifayət qədər əsaslar vardır. Buna görə də X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 22 sentyabr 1988 tarixdə doğulmuş X11 “debillik dərəcəsində oliqofreniya” diaqnozu ilə xəstədir, hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar olması barədə 25 yanvar 2020-ci il tarixli 150 nömrəli rəy verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan anası Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən, X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 22 sentyabr 1988-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Hazırkı qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 22 sentyabr 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-529/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-529/2020
12.03.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver