Məhkəmə qərarları › İş №2(007)-560/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-560/2025

15.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-560/2025 15.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aktın ləğv edilməsi və borcun silinməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Xaçmaz rayonu, İstisu qəsəbəsi, Yeni Plan ərazisində yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş xx.xx.2023-cü il tarixdə ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 1551,90 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, İstisu qəsəbəsi, Yeni plan ərazisində yerləşən fərdi yaşayış evi onun şəxsi mülkiyyətindədir. Həmin evi o, İddiaçı2 almışdır. Həmin evə dair bütün kommunal xidmətləri, o cümlədən təbii qazdan istifadə barədə müqavilə hələ İddiaçı2 adınadır. Cavabdeh tərəfindən evə təbii qazdan istifadə olunması üçün müqavilə bağlanmış, istifadə olunan qaz sərfiyyatını hesablamaq üçün qaz sayğacı quraşdırılmış və həmin sayğacın üzərinə plomb qoyulmuşdur. İstifadə etdikləri təbii qazın pulunu həmişə vaxtlı-vaxtında ödəmişlər. Onun xəbəri olmadan cavabdeh tərəfindən Xaçmaz rayonu, İstisu qəsəbəsi, Yeni plan ərazisində yerləşən fərdi evə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı Akt tərtib edilmişdir. Nəticədə isə 1551,90 manat borc yaranmışdır. Cavabdeh təşkilat tərəfindən tərtib edilmiş həmin Akta, və ona əsasən hesablanmış borca qəti etirazlarını bildirirlər. Bir daha bildirir ki, onlar tərəfindən qaz sayğacına müdaxilə olunmamış habelə təbii qazdan qeyri-qanuni istifadə edilməmişdir. Təbii qazın verilməsi və əsassız hesablanmış borcun silinməsi barədə cavabdehə etdikləri müraciətlər nəticəsiz qalmış, şifai qaydada onlara bildirmişlər ki, borcun silinməsi barədə məhkəməyə müraciət etməlidirlər. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişlər.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək bildirdi ki, evi alandan 5-6 ay sonra sayğacı adına keçirmək üçün müraciət etdi. Lakin bildirdilər ki, borc var. Ondan əvvəl də gəlib sayğacı dəyişdilər və cərimə yazıblar. Sayğac hasardan çöldə yerləşir və ona nəzarət etmək onun vəzifəsi deyil. Odur ki, iddia tələbinin təmin edilməsini və qanunsuz yazılmış borcun silinməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, evi xx.xx.2022-ci ildə İddiaçı1 satmışdır. Forma 2 arayışı almışdır, heç bir borcu qalmamışdır. Cərimə isə 7 ay sonra xx.xx.2023-cü ildə yazılmışdır. O, həmin evə yaşamamışdır.

5. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə İddiaçı2 və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, qaz sayğacına baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqlarında əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır.

9. Dəymiş ziyanın bərpasına dair 10 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. Qaz sayğacının nominal qaz sərfi 6 m3 ortagünlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 6x24x90=12960 m3. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Xaçmaz rayonu, İstisu qəsəbəsi, Yeni plan ərazisində yerləşən fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixdə “Elster GmbH” markalı, 10963936 nömrəli sayğac quraşdırılmışdır.

10. 08 oktyabr 2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı2 Xaçmaz rayonu, İstisu qəsəbəsi, Yeni plan ərazisində yerləşən fərdi yaşayış evini İddiaçı1 satmışdır.

11. Cavabdeh İddiaçı1 ünvanladığı 30 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə fərdi yaşayış evin qaz xəttinə quraşdırılan ******* zavod nömrəli, G- 4 markalı, Elster tipli sonradan ödənişli qaz sayğacı müdaxiləyə şübhəli olduğu üçün Xaçmaz xidmət sahəsinin işçiləri tərəfindən ******* nömrəli akt tərtib olunaraq xətdən açılmış və növbədənkənar Dövlət yoxlamasına göndərilmişdir. Aərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz" X1 Departamenti qaz sayğaclannın yoxlanması barədə MSK-14-2-2/3-5-3732-1 nömrəli, xx.xx.2023-cü İİ tarixli aktına əsasən ******* zavod nömrəli qaz sayğacına ümumi baxış keçirildiyi sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi, daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olduğu, sayğacın istismara yararsız olduğu, təbii qaz itkisinin yarandığı müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixli, ******* nömrəli qüsur aktı tərtib olunmuş və həmin akta əsasən itirilmiş qazın bərpası tələbi ilə 1555,20 nanat məbləğində hesabat aparılaraq abonent hesabına işlənilmişdir. Bildirir ki, abonent hesabında sayğac göstəricisi 10538 m3 olmaqla itirilmiş təbii qazın bərpası tələbilə 1551,90 manat məbləğində borc vardır. Həmin borc tam şəkildə ödənilməlidir.

12. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********72-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Xaçmaz rayonu, İstisu qəsəbəsi, Yeni plan ərazisində yerləşən fərdi yaşayış evi İddiaçı1 xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.

13. İddiaçı2 adına verilmiş **********10390 nömrəli abonentin saldosundan görünür ki, Xaçmaz rayonu, İstisu qəsəbəsi, Yeni plan ərazisində yerləşən fərdi yaşayış evinə 1551,90 manat borc hesablanmışdır.

İşin faktiki halları:

15. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqlarında əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır. Bu səbəbdən iddiaçıya 1551,90 manat borc hesablanmışdır. Hesabat müddəti 24 saat olmaqla 90 gün qəbul edilmişdir. İddiaçılar Cavabdeh tərəfindən Xaçmaz rayonu, İstisu qəsəbəsi, Yeni Plan ərazisində yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş xx.xx.2023-cü il tarixdə ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 1551,90 manat borcun silinməsi tələbi ilə məhkəmədə iddia qaldırmışlar.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın:

4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:

2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, maneənin aradan qaldırılması, mülkiyyət hüququnun təsdiq edilərək avtomobilin müvafiq sənədləşdirilməsinin görülməsinə icazə verilməsi iddia) baxılır.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə işdə iştirak etmiş iddiaçıların izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

20. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğac evdən kənarda küçədə quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən qoruması qeyri-mümkündür, müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır.

21. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla iddiaçılar mülkiyyətçi İddiaçı2 və abonent İddiaçı1 hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz zədələnmiş qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur.

22. Bundan başqa itirilmiş qaz 90 gün qəbul edilərək (6x24x90=12960 m3) iddiaçıya 1551,90 manat borc yazılmışdır. Halbuki, Cavabdeh nümayəndələri tərəfindən sayğaclara hər ay baxış keçirilir.

23. Məhkəmə iddia tələbinin “tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi” hissəsinə münasibətdə bildirir ki, xx.xx.2023-cü il tarixli akt inzibati orqan tərəfindən tərtib edilmişdir, bu səbəbdən həmin tələb mülki iddia icraatının predmeti deyil. Odur ki, sözügedən tələblə bağlı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir.

24. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1551,90 manat məbləğində borc silinməlidir.

Məhkəmə baxışının hədləri:

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmə xərcləri:

27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Nəticə:

28. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı2 məxsus **********10390 nömrəli abonent kodu üzrə hesablanmış 1551,90 manat məbləğində borc silinməlidir.

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı2 məxsus **********10390 nömrəli abonent kodu üzrə hesablanmış 1551,90 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar