Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-569/2023 22.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı idia tələbini onunla əsaslandırdı ki, 1998-ci il tarixdən Rizvan Teymurov küçəsi 63 saylı evin 131 saylı mənzilində yaşayır. Laçın rayonundan olan məcburi köçkün ailəsidir. Həyat yoldaşı X2 2012-ci ildə vəfat edib.”Azəriqaz” İB-nin Bakı Regional Qaz Satışı Departamenti yaşadıqları mənzillərə qazın verilməsini 2021-ci ilin noyabr ayından dayandırıb.Həmin vaxt qazın kəsilməsi səbəbini öyrənmək üçün "xxxx" İB-nin Bakı RQSD-nə müraciət etmiişlər. Bildiriblər ki, mənzilə qazın verilməsini 4 il əvvəl yazdıqları cəriməni ödənilməməsidir.Onlara verilən sənədlərlə tanış olduqda bilmişlər 2018-ci ilin mart ayında “Azəriqaz" İB-nin Bakı RQSD əməkdaşları 58/0889 saylı akt tərtib ediblər və aktda göstəriblər ki, sayğacın qayka birləşməsinə vurulan plomb yoxdur və guya onlar akta imza etməkdən imtina etmişlər.Bildirir ki, yaşadığı mənzildə qazdan istifadə barədə əvvəlki illərdə bağlanan müqavilələrdə paylayıcı Nizami rayon Qaz İstismar İdarəsi olub.2017-ci ildə verilən yeni müqavilədə isə paylayıcının “Azəriqaz" İB-nin Bakı RQSD olduğu göstərilib. Mənzildə qazdan istifadə smart kartı ilə aparılıb. Belə hesab edir ki, Bakı RQS Departarrentinin müəyyən etdiyi cərimənin heç bir hüquqi əsası yoxdur. Ona görə ki, ümumi yaşayış binalarının pilləkən qovşağında quraşdırılan sayğaca istehlakçı nəzarət edə bilməz və buna borclu deyil. Yiv birləşməsindəki simi, yol keçən uşaq da, sayğacı oğurlamaq istəyən oğru da, digər bir adam da qıra bilər.Pilləkən qovşağında əlavə xətt qoşmaq və ya digər müdaxilə şansı yoxdur.Akt xx.xx.2018-ci il tarixdə yazıldığı halda departament sədri həmin aktı xx.xx.2018-ci il tarixdə, yəni baxış keçirilməzdən və akt yazılmazdan əvvəl təsdiq edib.Aktı əsas götürərək və 3 ay üçün 1728 kub.m qaz israfı müəyyən edərək, 345 manat 60 qəpik məbləğində cərimə yazıblar. Hesabladıqları qaz sərfi isə, onların 3 aylıq deyil, 3 illik qaz sərfiyyatından da çoxdur.2021-ci ilin noyabr ayında "xxxx" İB-nin Bakı RQSD-nə rəsmi ərizə ilə müraciət etmiş və bildirmişdir ki, onların sayğaca hec bir müdaxilələri olmayıb. Xahiş etmişdir ki, qazın verilməsini bərpa etsinlər və yazdıqları əsassız cəriməni silsinlər. Departament isə, məsələni aydınlaşdırmadan, öz cavab məktubunda istehlakçının vəzifəsi olmayan, “Ölçmə vasitələrinə tələblər" barədə 9.2 maddəsini əsas kimi göstərərək sələflərinin yanlış əməllərinə haqq qazandırıb. 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar ayları ərzində, "xxxx" İB və SOCAR-in Email ünvanlarına ərizələr göndərmişdir. Ancaq nə qaz vəriblər, nə də ərizələrə cavab.Departament yazdıqları əsassız cəriməni istehlak borcu kimi istehlakçı hesabına daxil etməklə, cərimə müəyyən edərkən əvvəlki ayların orta aylıq günlərindəki qaz sərflərinin nəzərə almamaqla və qazın verilməsini dayandırarkən istehlakçının iştirakını təmin etməməklə istehlakçı hüquqlarını pozub.Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmədən xahiş edir ki, yaşadığı Bakı şəhəri,Nizami rayonu Rizvan Teymurov küçəsindəki 63 saylı evin 131 saylı mənzilinə qazın verilməsinin bərpa edilməsi və əsassız hesablanmış 345 manat borcun **********01310 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilsə də məhkəməyə gəlməmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı satqısı barədə bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən “Paylayıcı” adlanacaq Nizami QİS “İstehlakçı” adlanacaq İddiaçı məxsus Bakı şəhəri Nizami rayonu Rizvan Teymurov küçəsindəki 63 saylı evin 131 saylı mənzilini(abonent nömrəsi **********01310) keyfiyyətli qazla təmin etməli, “İstehlakçı” isə sərf etdiyi qazın dəyərini vaxtlıvaxtında ödəməlidir. "xxxx"İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli 58/0889 saylı aktda qeyd olunur ki,həmin mənzil üzrə quraşdırılmış sayğaca baxış keçirilərkən müəyyən edilmişdir ki,“sayğacın qayka birləşməsinə vurulan plomb yoxdur” Həmin tarixdə "xxxx"İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən sayğacda mövcud olunan nasazlıqla əlaqədar istehlakçıya 1728 m 2 sərfiyyat hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İstehlakçı hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilələrin şərtləri pozularkən istehlakçıların hüquqları: 1.İcraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. 2.İşlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var.
3. İcraçı müqavilənin şərtlərindən kənara çıxaraq, işi (xidməti) pisləşdirmişsə, yaxud işdə (xidmətdə) başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq, göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya işin (xidmətin) qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud işin (xidmətin) haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ var. 4.İstehlakçının materiallarından görülmüş işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli kənaraçıxma və ya digər mühüm qüsurlar aşkar edilərsə, istehlakçının istəyinə uyğun olaraq, bu işlərin icraçının eyni cinsli və keyfiyyətli materialından hazırlanmasını, yaxud müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. İşin hallarından görünür ki,"xxxx"İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli 58/0889 saylı aktla Bakı şəhəri Nizami rayonu Rizvan Teymurov küçəsindəki 63 saylı evin 131 saylı mənzil üzrə quraşdırılmış sayğaca baxış keçirilərkən müəyyən edilmişdir ki,“sayğacın qayka birləşməsinə vurulan plomb yoxdur” Bununla əlaqədar həmin tarixdə "xxxx"İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən sayğacda mövcud olunan nasazlıqla əlaqədar istehlakçıya 1728 m 2 sərfiyyat hesablanmışdır. Lakin "xxxx"İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli 58/0889 saylı aktla plombun istehlakçının təqsirli hərəkətləri nəticəsində qırılıb-qırılmaması aşkar edilməmiş,bununla əlaqədar müvafiq araşdırma aparmadan və istehlakçının təqsiri sübut edilmədən istehlakçıya məxsus mənzilə qazın verilməsi dayandırılmışdır. Halbuki, Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı satqısı barədə bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə mənzilin qazla təmin olunmasının dayandırılmasını əsas ola biləcək hallar göstərilməmişdir. Göründüyü kimi cavabdehin qanunazidd hərəkətləri nəticəsində iddiaçıya ziyan dəymiş,onun istehlakçı hüquqları pozulmuşdur. Ona görə də iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri Nizami rayonu Rizvan Teymurov küçəsindəki 63 saylı evin 131 saylı mənzilinə(abonent nömrəsi **********01310) qaz verilməsi bərpa olunsun. Həmin abonent kodu üzrə hesablanmış 345 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fikrət Mirzəyev