Məhkəmə qərarları › İş №2(007)-58/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-58/2024

06.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-58/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “mənzilin naturada bölünməsi, ümumi paylı mülkiyyətdən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin naturada bölünməsi, ümumi paylı mülkiyyətdən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 60 ünvanında yerləşən 85 nömrəli mənzilin naturada bölünməsi, ümumi paylı mülkiyyətdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X8 xx.xx.2017-ci il tarixdə rəhmətə getmişdir. Onun 4 övladı qanun üzrə birinci növbəli vərəsələrdir. Onun ölümü ilə əlaqədar 75 saylı vərəsəlik işi açılmış və mərhumun vərəsəsi qanun üzrə birinci növbəli vərəsələri 4 övladı müəyyənləşdirilmişdir. Vərəsələr oğlu X8, oğlu Cavabdeh, qızları X6 və X13. 07 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri, 30 saylı notariat kontoru tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və hər biri miras əmlakdan ¼hissədə pay almışlar. Miras əmlak ünvan 1 ünvanda yerləşməklə ümumi sahəsi 60 m2-dir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışlar. Həmin çıxarışda hər birinin payı ¼ hissə olmaqla göstərilmişdir. İki bacısı X6 və X12 notariat qaydasında onun xeyrinə paylarından imtina etmişlər. Bunun əsasında o, ¾ hissə və qardaşı Cavabdeh ¼ hissə olmaqla miras paylarına görə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışlar. 2017-ci il tarixdən onların paylarının müəyyən olunmasına baxmayaraq mənzildə qardaşı Cavabdeh yaşayır. Onun mənzildən istifadə etməyinə imkan vermir. Xeyli müddət keçməsinə baxmayaraq o, mülkiyyətindən faktiki olaraq məhrum olmuşdur. Belə ki, o, nə həmin mənzildə yaşaya bilir, nə də ona məxsus paydan sərbəst istifadə edə bilir. Səbəb isə odur ki, cavabdeh həmin mənzildə öz ailəsi ilə birgə yaşayır. Ona gorə də mübahisədə adı keçən mənzilin paylara uyğun naturada bölünməsini hər kəsin öz payından sərbəst olaraq istifadə etməsini istəyir. Mənzildə ona çatan hissədən cavabdehlərin çıxarılması, hər kəsin öz paylı mülkiyyətindən istifadə etməsinə şərait yaradılmalıdır. O, məcbur olub xx.xx.2023-cü il tarixdə Cavabdeh təklif (pretenziya) göndərdi. Həmin pretenziyada ona könüllü icra etməsi üçün təkliflərini bildirdi və əlaqə saxlaması üçün 10 gün müddət verdi. Həmin təklifdə mənzildə ona çatan hissənin boşaldılması, boşaldılan zaman ona aid hissənin zərər görməməsi üçün bütün tədbirlərin görülməsini və hər birinin öz paylı mülkiyyətindən istifadə etməsinə şərait yaradılmasını xahiş etmişdir. Lakin cavabdeh təklifinə cavab verməmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir. Bu gün atadan qalan mənzildən söhbət gedir. İki bacısı öz paylarını qardaşı Teymura veriblər. Bacılarının hər ikisinin də özlərinin evləri var. Bacılarının nə marağı var ki, onun evində qalsınlar. Onlar ailədə 5 nəfərdirlər, bir də körpə nəvəsi var. Onların bir otaqda qalmaları mümkün deyil. Atası sağ olanda torpağı vəsiyyət edib. 1978-ci ildən bəri o, həmin torpaqda əziyyət çəkmişdir. Qardaşına deyib ki, əmlakların yarısı sənindir, yarısı onun. Onun başqa yaşayacaq yeri yoxdur. Torpağın satılmasına razıdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 bildirdi ki, iddia tələbini qəbul etmirlər. Cavabdeh atasına baxmış, dəfni ilə məşğul olmuş, amma bugünkü gün iddiaçı ¼ payla sıxışdırıb çıxarılmaq istəyir və bu bir haqsızlıqdır. İddiaçı Rusiyada yaşayır, bir evdə iki ailənin yaşaması mümkün deyil. Tərəflər arasında danışıq olub, Teymur qardaşına deyib evin yarı pulunu ver, Hamlet də deyib başqa yerdə torpağı var satıb verəcək, amma sonra həmin torpaq satılmamışdır. Həmin torpaqda 8 sotun sənədi var, amma orada 4 sotun sənədi yoxdur, həmin 4 sotu da sənədləşdirib satmaq istəyirlər. Cavabdeh hər zaman barışığa razıdır. Hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********52-05101-093059 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 60 saylı evin, 85 saylı mənzili X2 xüsusi mülkiyyətindədir. Mənzil onun adına xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə ¼ hissədə pay haqqı ilə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********52-05101-093059 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 60 saylı evin, 85 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə ¾ hissədə pay haqqı ilə qeydiyyata alınmışdır. - 07.10.2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X3 vərəsələri Cavabdeh, X6, X12 və İddiaçıdur və onların hər biri miras əmlakdan ¼ hissədə pay almalıdır. Miras əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 60 kv.m, yaşayış sahəsi 46.5 kv.m olan 3 otaqlı mənzildən ibarətdir. - İddiaçı Cavabdeh ünvanlandığı pretenziyadan görünür ki, İddiaçı mənzildə ona çatan hissənin boşaldılması, boşaldılan zaman ona aid hissənin zərər görməməsi üçün bütün tədbirlərin görülməsini və hər birinin öz paylı mülkiyyətindən istifadə etməsinə şərait yaradılmasını Cavabdeh 10 gün müddətində görülməsini xahiş etmişdir. Əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. - “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 86 kv.m olan fərdi yaşayış evini X4 bağışlamışdır. - 03 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, X8 xx.xx.2017-ci il tarixdə vəfat edib və vəfat edən günədək aşağıda adları qeyd olunan ailə tərkibi ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 60 saylı evin, 85 saylı mənzilində qeydiyyatda olublar: X8, Cavabdeh, X9, X10, X11, X16, X14, X15. - AZ-İ seriyalı, 844304 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 07 fevral 2017-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 14 fevral 2017-ci il tarixdə 74 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2956 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 60 ünvanında yerləşən 85 nömrəli mənzilin paylar üzrə naturada bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01,89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X7 Metodlarının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. - 27.12.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 130 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, X8 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Ondan qalmış miras əmlak Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 60 saylı evin, 85 saylı mənzilinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********52-05101-093059 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 60 saylı evin, 85 saylı mənzili ¾ hissədə pay haqqı ilə İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 60 saylı evin, 85 saylı mənzilinin ¼ hissədə pay haqqı isə Cavabdeh mülkiyyətindədir. Cavabdeh ailəsi ilə bir yerdə qeyd olunan mənzildə yaşayır. İki ailənin mənzildə yaşaması mümkün olmadığından iddiaçı mənzilin naturada bölünməsini və ümumi paylı mülkiyyətdən istifadə qaydalarının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi əsaslı deyil və təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2956 nömrəli ekspert rəyinə əsasən mənzilin faktiki vəziyyətini, həmçinin tədqiq olunan mənzilin 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşməsini, bölgü aparılacağı təqdirdə bölünmüş sahələrə ayrıayrılıqda giriş-çıxışların açılmasının mümkünsüzlüyünü nəzərə alaraq həmin mənzilin paylar üzrə naturada bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X7 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Göründüyü kimi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 60 saylı evin, 85 saylı mənzilinin naturada bölgüsü mümkün deyildir. Naturada bölgü mümkün olmadığı üçün ümumi paylı mülkiyyətdən istifadə qaydalarının müəyyən edilməsi də mümkün deyildir. Belə olan halda qanunveriliyin tələbinə əsasən əmlakın naturada bölünməsi mümkün olmadığı halda, iddiaçı öz payının dəyərini cavabdeh tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin məhkəmə tərəflərə izah etməyi zəruri hesab edir ki, cavabdehin kompensasiya vermək imkanı olmadıqda və ya o, kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutularaq X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 60 ünvanında yerləşən 85 nömrəli mənzilin naturada bölünməsi, ümumi paylı mülkiyyətdən istifadə qaydalarının müəyyən edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 60 ünvanında yerləşən 85 nömrəli mənzilin naturada bölünməsi, ümumi paylı mülkiyyətdən istifadə qaydalarının müəyyən edilməsi barədə iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutularaq X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar