Məhkəmə qərarları › İş №2(007)-585/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-585/2022

05.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-585/2022 05.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh1 vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 52 saylı Notariat ofisinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Əlibala qızına qarşı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Xaçmaz rayon 1 saylı notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “etibarnamənin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyətə dair aparılmış qeydin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 52 saylı Notariat ofisi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Əlibala qızına qarşı “etibarnamənin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyətə dair aparılmış qeydin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 52 saylı Notarial ofisində xx.xx.2020-ci il tarixdə, 7E-5118 nömrəli reyestrlə təsdiq edilmiş etibarnamənin və həmin etibarnaməyə əsasən Xaçmaz rayon 1 saylı notariat kontorunda cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 Əlibala qızı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış, reyestrdə 40/1340 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 66 saylı evin 2 saylı mənzilinin Cavabdeh4 Əlibala qızının adına aparılmış mülkiyyət hüququna dair qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, anası X1 özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 66 saylı evin 2 saylı mənzilini 2010-cu ildə ona bağışlamışdır. Buna dair ona Daşınmaz Əmlakın Dövlət Resyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli çıxarış verilmişdir. İndiyədək də mənzil onun istifadəsindədir. Cavabdeh2 onun həyat yoldaşıdır. Digər cavabdehləri isə tanımır və ümumiyyətlə onları görməmişdir. Bir aydan az müddətdir xəbər tutmuşdur ki, Cavabdeh2 adı çəkilən mənzilə dair reyestrdən çıxarışın əslini mənzildən oğurlamış və onu aldatmaq məqsədilə yerinə rəngli kserosurətini qoymşdur. Çıxarışın itməsi barədə 4 saylı “ASAN xidmət” mərkəzinə müraciət etdikdə məlum olmuşdur ki, mənzilə dair Xaçmaz rayon 1 saylı notariat ofisində cavabdehlər Cavabdeh3 və Cavabdeh4 Əlibala qızı arasında xx.xx.2021-ci il tarixdə, reystrdə 4Ə/1340 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsi bağlanmışdır. Orada müqavilə tərəfi olaraq satıcı qismində onun adından tanımadığı, bir dəfə də üzünü görmədiyi və buna dair heç bir etibarnamə vermədiyi Cavabdeh3 olmuşdur. Orada o, guya onun adından verilmiş cavabdeh Bakı şəhəri 52 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə, 7E-5118 nömrəli reyestrlə təsdiq edilmiş etibarnamədən istifadə etmişdir. Halbuki, o, nəinki Cavabdeh3, ümumiyyətlə heç kimə etibarnamə verməmiş və həmin notariat ofisində də bu vaxtadək olmamışdır. Onun adından verilmiş etibarnamə də, bağlanmış alqı-satqı müqaviləsi də saxtadır, buna onun iradə ifadəsi olmamışdır. Etibarnamənin üzərindəki imzadan və xəttdən görünür ki, onlar ona məxsus deyil. Oradakı imza onun imzasına oxşatmaq istəsələr də, bunu edə bilməmiş, soyadını, adı və ata adının yazılışında isə beş orfoqrafiq səhvə yol vermişdirlər. Halbuki, o, Azərbaycan dili və Ədəbiyyat müəlliməsi olaraq həm xətti fərqlidir, həm də həmin səhvlərə yol verməyi mümiikün deyil. Həmçinin, daha əvvəl əri Xaçmaz rayonunda işləməyə getdiyi dövrdə kimlərəsə borclu olduğu barədə ona bildirmiş və hətta bir neçə dəfə onlara qaytarmaq üçün ondan pul almışdır. Onun adından çıxış etsə də satıcı da, alıcı da onun ərinin borclu olduğu şəxslərdirlər. Pulu onlara qaytara bilmədiyi səbəbindən dələduzluq əməllərinin təşkilatçısı onun əri Cavabdeh2 olmuş, digər cavahdehlər isə həmin cinayətin icraçısı və köməkçiləri olmuşdurlar. Cavabdehlərin köməkləri olmasaydı, onun əri tək bu cinayət əməllərini təşkil edə bilməzdi. Onun əvəzinə satıcı kimi iştirak edən Cavabdeh3 anlaqlı şəkildə qanunsuz etibanamədən istifadə edərək onun mənzilini satmışdır. Alıcı qismində iştirak edən Cavabdeh4 Əlibala qızının isə həmin ciyanətin icraçısı olması onun mənzilə daxil olmadan, içini görmədən, müqavilədə mənzilin dəyərinin onun likvid dəyərindən xeyli aşağı göstərilməsindən, müqavilənin Xaçmaz şəhərində bağlanmasından açıq-aydın görünür. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. O, həmçinin qeyd etdi ki, iş üzrə keçirilmiş xətşünasılıq ekspertizası üzrə verilmiş ekspert rəyi ilə razıdırlar. Alqı-satqı etibarnaməyə əsasən aparılmış, amma iddiaçı notariusa ümumiyyətlə getməmiş və iddiaçı nəinki həyat yoldaşına, ümumiyyətlə heç kəsə etibarnamə verməmişdir. Etibarnamədəki imza da iddiaçıya aid deyil və ad, soyad və ata adı yazılışlarında da hərf səhvləri var. Halbuki, iddiaçı özü dil ədəbiyyat müəllimidir, mümkün deyil ki öz ad və soyadında səhvlər buraxsın. Etibarnamə 52 saylı notariusda verilmiş, alq-satqı Xaçmaz rayonunda olmuşdur. Onlar Xaçmazı ona görə cavabdeh qismində qoymamışdır ki, Xaçmaz 52 saylı notariusun etibarnaməsinə baxmış və hərəkət etmişdir. İddiaçının mülkiyyətində olan mənzil alqı-satqıdan sonra cavabdehin adına dövlət reyestrindən keçmişdir. İddiaçının ərinin borcu olmuş, iddiaçının ərinin borcu olmasından məlumatı olmuş, hətta bir neçə dəfə onun borclarını qaytarmışdır. İddiaçının əri Natiq bu etibarnaməni saxtalaşdırmış və özü də həmin Xaçmazdakı alqı-satqıda iştirak etmişdir. İddiaçı evi alan adamlardan heç kimi tanımır. Etibarnamə verilən şəxs Xaçmazda yaşayır. Göründüyü kimi, alqı-satqı müqaviləsi pərdələnmiş müqavilədir, mənzilin alıcısı heç o mənzili görməmiş və mənzilin satılması likvid dəyərindən də aşağı göstərilmişdir. Mənzili 34000 manata alqı-satqı etmişlər, lakin heç Nizami rayon ərazisində o qiymətə mənzil yoxdur. Bundan başqa mənzili alan adam mənzilə gəlib baxmamışdır. Mənzil hal-hazırda iddiaçının istifadəsindədir və həmişə də belə olmuşdur. Bu məsələlərin kökündə etibarnamə durur və həmin etibarnamədən iddiaçının xəbəri olmamışdır. Cavabdeh3 etibarnamə verilmiş, mənzil də Əzizəyə satılmışdır. Etibarnamə verilən şəxs Xaçmazda yaşayır. İddiaçı ilk dəfə evin çıxarışını evdə axtarıb tapa bilməmiş, sonra evdən sürətini tapmışdır və bununla bağlı ona müraciət ediləndə o, aparıb çıxarışı yoxlatmalarını, əsli olub-olmadığını müyyən etmələrini demiş, onlar da “ASAN xidmət” mərkəzində yoxladan zaman evlə bağlı alqı-satqı olduğu müəyyən olunmuşdur. Mənzili alan adamlar Natiqi sıxışdırırlar. Bu məsələləri edən iddiaçının həyat yoldaşı Natiq məhkəməyə gələcəyini və etibarnamənin saxtalaşdırdığını məhkəmədə etiraf edəcəyini, bunlarla bağlı başına iş gəldiyini onlara bildirmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil1 iddianı qəbul etmədiklərini, hər bir əməliyyatda çıxarışın əslinin təqdim edildiyini, ***-***-**-** nömrənin yoxlanılıb kimə məxsus olmasını aydınlaşdırmaq lazım olduğunu, etibarnamə veriləndə şəkil çəkilmədiyini, bu hal alqı-satqı olanda edildiyini, imza iddiaçının olmasa da notariusun bu işlə bağlı heç bir qərəzi və çıxarı olmadığını bildirdi. O, həmçinin qeyd etdi ki, etibarnamə verilərkən bütün sənədlər, yəni çıxarışın və şəxsiyyət vəsiqəsinin əsli təqdim edildiyindən notarius üçün heç bir şübhə yaşanmamışdır. Əgər etibarnamə verilibsə, ya iddiaçı gedib etibarnaməni özü vermiş, ya da ona oxşar şəxs orada iştirak etmişdir. Bu şəxs də ididaçıya oxşar şəxs olduğu üçün Elnurənin bacısı ola bilərdi. Elnurənin Natiqin borcundan xəbəri olmuşdur. Bunu Natiq də demişdir. Yoxsa, şəxsiyyət vəsiqəsinin və çıxarışın əsli Natiqdə nə gəzirdi. Həmçinin, çıxarışın uzun müddət evdə olmaması və bunun da iddiaçının anlamaması ağlabatan deyil. Bu da iddiaçının etibarnamə verilməsindən məlumatlı olmasına düşünməyə səbəb olur. Ola bilsin ki, iddiaçı notariat orqanına getsin, lakin yuxarı çıxmasın. Həmçinin onu da bildirdi ki, etibarnamə iddiaçının özü tərəfindən verilmiş olsa da, yəni etibarnamə əsaslı sənəd olsa da, alqıösatqı müqaviləsinə dair əqdin etibarsızlığı üçün əsas mövcuddur. Çünki, digər cavabdehlər əqdi bağlayarkən məqsədləri başqa əqdi pərdələmək olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Əlibala qızı, iş üzrə müstəqil tələb irəli sürməyən 3cü şəxslər Xaçmaz rayon 1 saylı notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin cavabdehlərin və 3-cü şəxlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh Natiqlə 2005-ci ildə nikaha daxil olmuş, mübahisəli ev nikahdan əvvəl alınmış, lakin nikah dövründə, yəni 2010-cu il tarixdə anası ona evi bağışlamışdır. O, 2009-cu ildən Natiq ilə birgə anasının evində yaşayırdı. O, yoldaşına etibarnamə verməmiş, notariusa sonradan getmiş, yoldaşı evdən evin çıxarışı və onun şəxsiyyət vəsiqəsini götürərək, onun yerinə bir nəfər qadın təyin edərək etibarnamə çıxarmışdır. Notarius Elçin müəllim demişdir ki, onları da aldatmışlar. Evdən çıxarışı götürdükdən sonra Natiq o şübhələnməsin deyə, yerinə rəngli sürətini qoymuşdur. O, sənədləri çamadanda saxlayırdı, bütün sənədlər eyni yerdə idi, çamadanın açarı yox idi və həmin sənədlərin orada olmasını Natiq bilirdi. Onlar arasında münasibət 2020-ci ilin fevral ayından pozulmuş, Natiq dəfələrlə ona demişdir ki, ev bankdadır və bununla bağlı qızının telefonuna da mesajlar yazmışdır. Belə ki, bunlar bankdan pul götürmüş və Natiqə SMS gəlmişdir ki, ev əldən gedir. Lakin, həmin mübahisəli ev bankda deyildir. Evin açarı ondadır və kirayə vermişdir. Həmin evdə 05 may 2021-ci ildən 3 nəfərdən ibarət ailə yaşayır, lakin bununla bağlı kirayə müqaviləsi yoxdur. Ev onun istifadəsindədir və arada bir həmin evə gedib-gəlir. Onun bu hadisədən noyabr ayında xəbəri olmuşdur. Yoldaşı ona dediyinə görə o, aşağıda dayanmış, onun yerinə təyin olunmuş qadın üstə qalxmışdır. O, həmin qızı tanımır, yoldaşı da o qadının kim olduğunu demir. O, ailənin tək qızıdır. Onun Arzu adında ögey bacısı var, onunla bu işin əlaqəsi yoxdur, onların evinə gəlibgetməmişdir. Ögey bacısı ona oxşamır. Natiqin onunla əlaqəsini də bilmir. Natiqin dediyinə görə o, Azaddan pul götürmüşdür. Onun etirafı ilə bağlı səs yazısı mövcuddur. Onun daimi istifadəsində olan ***-***-**-** nömrə Natiqin adınadır, adında olan ***-***-**-** nömrəni qızı işlədir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 idianı qəbul etmədiyini bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, Elnurə yalan danışır. Onun 70000 manat borcu olmuş və pandemiya düşən zaman işi alınmamış və müflis olmuşdur. O, Azad müəllimdən 25000 manat borc almış və Azad müəllimin bir il olar ki, borcunu qaytara bilməmişdir. Onun aliment və başqa borcu da olduğundan Azad müəllimin pulunu verə bilməmiş və bu vəziyyət yaranmışdır. O, borcuna görə belə etmişdir. Borclarla bağlı vəziyyətini Elnurəyə demiş, o da öz vəsiqəsini götürüb notariusa getmişlər. Həmin vaxt Elnurə onun vəziyyətini başa düşmüşdür. Elnurə ilə o notariusa getmiş, orada onluq bir iş olmadığı üçün yuxarı qalxmamış, Elnurə özü qalxıb etibarnaməni vermişdir. Göründüyü kimi, etibarnamə onun və Elnurənin razılığı ilə verilmiş və Elnurənin evin satılmasından xəbəri olmuşdur. Lakin, evin satılması ilə bağlı o, qayınanası ilə məsləhətləşməmişdir. Elnurə evi banka qoymaq üçün ona 1 illik etibarnamə vermiş, o da həmin etibarnaməyə əsasən, 3 illik müddətə alqı-satqı üçün Azad müəllimə etibarnamə vermişdir. O fikirləşmişdir ki, Azad müəllimin pulunu verdikdən sonra etibarnaməni ləğv etdirəcəkdir. O, ilk vaxtlar borcunu ödəyə biləcəyini düşünmüş, lakin sonradan bacarmadığı üçün belə bir hərəkət etmişdir. Elnurə ondan qabaq evi satmaq istəyirdi ki, maşın alsın. Onlar 2021-ci ilin avqustun 24-25-ə kimi bir yerdə olmuş, bir evdə yaşamışlar. Onlar ayrıldıqdan sonra da bir yerdə qalırdılar. Daha sonra iddiaçı mart ayında alimentə görə onu məhkəməyə vermiş, o da məhkəmədə alimentin tutulmasına razılıq vermişdir. O, evin Elnurənin adından çıxıb başqasının adına keçməsinə avqust ayında razılıq vermişdir. Bu məsələlərdən sonra bir neçə dəfə söhbət etmək üçün Elnurəgilə getmiş, lakin ona qapını açmamışlar. O, həmçinin qeyd etmişdir ki, arada Elnurə ilə telefonla danışanda onu yumşaltmaq üçün Elnurəyə məcbur olub yerinə başqasını apardığını demiş, lakin heç kəsi Elnurənin yerinə notariusa aparmamışdır. O, Elnurənin ögey bacısı olub-olmamasını bilmir, amma qayınanası qardaşı qızını götürüb saxlayırdı. Həmin qızın Elnurə ilə aralarında yəqin ki 2-3 yaş fərq var, deyəsən o rayonda yaşayır, onun haqqında dəqiq məlumatı yoxdur. O xanımla Elnurənin ona görə oxşarlığı yoxdur. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh3 iddianı qəbul etmədiyini bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, Elnurəni görməmiş, pandemiya olduğu üçün o, sadəcə şəxsiyyət vəsiqəsini göndərmiş, etibarnaməni ona çıxarışla birlikdə göndərmişlər. O, bir il sonra alqı-satqı olanda notariusa getmişdir. Ona verilən etibarnamədə Elnurə imza çəkmişdir. Orada etibarnamə verilərkən notarius tərəfindən yoxlanılır, buna görə də etibarnamənin Elnurənin verməsinə əmindir. Etibarnamə verilən ərəfədə Natiq Elnurəyə zəng etmiş, o da bir dəfə Elnurə ilə telefonda danışmış və ona borc ödənməsə evin əldən çıxa biləcəyini demiş, Elnurə də hər şeydən xəbəri olduğunu bildirmişdir. O, həmin vaxt nömrəyə diqqət etməmişdir. Natiq biznes qurmaq istədiyi üçün küllü miqdarda pul götürmüşdür, iş nəticəsində əldə olan qazancla borcunu qaytaracaqdı, sonra pandemiya düşdüyündən Natiqin işləri və borcu qaytarması alınmamışdır. Natiqin ona 23400 manat borcu var. Onun şəxsi təsərüfatı var idi və ona pul lazım olmuşdur. O da Natiqə evi girova qoymasını, pulunu verməsini demişdir. Sonra Natiqə qızına ev almaq isətəyən bir adam olduğunu bildirmişdir. Həmin vaxt Əzizənin atası Əlibaba müəllim qızına Xaçmaz rezidentdən ev almaq istəyirdi. O da Natiqə bu adamın 34000 manat ödəməli olduğunu, Əlibaba müəllimin 34000 manat əvəzinə 25000 manat pulu ona verməsini, Natiqin də 3 il ərzində bu pulu 960 manat olaraq Əlibaba müəllimə ödəməsini demiş, Natiq də bununla razılaşmışdır. Həmin 25000 manat puldan 23500 manatla öz borcunu bağlamış və yerdə qalan 1500 manat pulu Elnurənin kartına göndərmişdir. Həmin kartın kodu ona verilmişdir ki, o, pulu həmin karta göndərsin. Karta pul vurandan sonra Natiqə bildirmiş, o da karta pul çatdığını demişdir. Həmin pulun karta köçməsi ilə əlaqədar qəbz də vardır. Buradan da görünür ki, Elnurənin borc haqqında məlumatı olmuş, lakin evin sənədləşməsi haqqında onun xəbəri olmamışdır. Evi kreditə 2021-ci ilin iyul-avqust ayında götürmüş və o vaxta kimi bank axtarmışlar. Natiq uşaqların şəhadətnamələrini gətirib özü alqı-satqıda iştirak emişdir ki, bu evin satılmasına Elnurənin həyat yoldaşı kimi Natiq etiraz etmir. Natiqlə danışmışlar ki, onun Əzizənin atası Əlibabadan aldığı 25000 manat pulu onun əvəzindən Natiq 3 illiyinə ödəyəcək. Həmin ödənişdən birinci ay 115 manat, ikinci ay da müəyyən məbləğ kəsir gəlmiş, sonrakı aylar isə Natiq pulu ödəməmişdir. Natiqə ödəmə səbəbin soruşanda alimentə verdiyi üçün ödəyə bilmədiyini demişdir. Daha sonra isə Natiq xəstə olmuş işə çıxa bilməmişdir. Halhazırda 960 manatı o özü ödəyir. Ev satılmamış, sadəcə Əzizənin adına keçmiş, Əzizənin atası 25000 manat verdiyi üçün qarantiya istəmiş, onlar da evi onun adına keçirtmişlər. Müqavilə borc müqaviləsi olmamış, sadəcə Natiq onu pulu qısa bir müddətdə qaytara bilmədiyinə görə bu üsula əl atmışlar. Onun həmin evdə gözü yoxdur, mənzili özgəniləşdirmək fikirləri də olmamışdır. Natiq pulu ödəsə, evi qaytaracaqlar. Ona məhkəmədən məktub gələndə Natiqlə əlaqə saxlayaraq bunun nə məsələ olduğunu soruşmuş, Natiq ona birinci ***-***-**-** nömrənin 070 ilə olana SMS-də həll edəcəyini, sonra ikinci SMS-də aralarında problem olduğunu və həll etdiklərini demişdir. Natiq SMSdə həmçinin ona imza atması üçün başqa adamı apardığını bildirmişdir. Hal-hazırda Cavabdeh4 Əlibala qızı da pulu tələb edir, o, pulu hardan alıb verəcək. O, notarius bu etbarnaməni veribsə bu etibarnamə təmiz etibarnamə olar deyə düşünüb hərəkət etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh4 Əlibala qızı iddianı qəbul etmədiyini bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Ekspert rəyinə etiraz etmədiyini və Cavabdeh3 izahatında qeyd etdiklərini təsdiq etdiyini bildirmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh4 Əlibala qızının nümayəndəsi X5 iddianı qəbul etmədiyini bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. O, digər Cavabdeh3 izahatında qeyd etdiklərini təsdiq etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı və Cavabdeh2 xx.xx.2005-ci tarixdə Şabran rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-782/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismin təmin edilmiş, Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2005-ci il tarixli, Şabran rayon Qeydiyyat şobəsində bağlanılmış və 12 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Eyni zamanda həmin məhkəmənin xx.xx.2021-ci il tarixli 2(007)-193\2021 saylı qətnaməsi ilə xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh2 birgə nikahdan dünyaya gəlmiş xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun aylıq gəlirinin 1\3 hissəsi qədər alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Resyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 66 saylı evin 2 saylı mənzili xüsusi mülkiyyət üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. İddiaçı adından Cavabdeh3 xx.xx.2020-ci il tarixdə, 7E-5118 nömrəli reyestrlə təsdiq edilmiş etibarnamə verilmiş və həmin etibarnamə əsasında Cavabdeh3 İddiaçı adından xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 66 saylı evin 2 saylı mənzilini Cavabdeh4 Əlibala qızına 34000 manat məbləğində satmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixində mənzil Cavabdeh4 Əlibala qızının adına qeydiyyatdan keçmişdir. Hazırda iddiaçı məhkəmədən qeyd olunan etibarnamə və alqı-satqı müqaviləsini mübahisələndirərək onların etirarsız hesab edilməsini və mülkiyyətə dair aparılmış qeydin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə qərardadına əsasən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/863 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 123-cü vərəqində olan xx.xx.2020-ci il tarixli AR-İİ106965 nömrəli, 7E-5118 nömrəsi ilə qeydiyyatdan keçmiş etibarnamədə “İmza:” qrafasındakı imza və həmin etibarnamənin qeydiyyatdan keçdiyi reyestr jurnalının 90-cı vərəqində “İddiaçı” yazıları qarşısında "Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza- İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” qərarında formalaşdırdığı mövqeyə görə əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Məhkəmə ilk öncə iddia tələbinin “Bakı şəhəri 52 saylı Notarial ofisində xx.xx.2020-ci il tarixdə, 7E-5118 nömrəli reyestrlə təsdiq edilmiş etibarnamənin və həmin etibarnaməyə əsasən Xaçmaz rayon 1 saylı notariat kontorunda cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 Əlibala qızı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış, reyestrdə 40/1340 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, mübahisəli əmlakın alqı-satqı müqaviləsi əslində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında mövcud olan borc münasibətlərini pərdələmək məqsədi ilə bağlanılmışdır ki, bu da Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə əhəmiyyətsiz olan əqddir. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. İddiaçını təmsil edən Cavabdeh3 ilə Cavabdeh4 Əlibala qızı arasında alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllədə əksini tapmış həmin əqdin etibarsızlığına səbəb ola biləcək hallar mövcud olmuşdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 niyyəti onlar arasında mövcud olan borc münasibətlərini, Cavabdeh3 ilə Cavabdeh4 Əlibala qızının niyyəti isə onlar arasında olan pul münasibətlərinin təminatı kimi mübahisəli mənzilə dair girov müqaviləsini formal olaraq bağlanılmış alqı-satqı müqaviləsi ilə pərdələmək olmuşdur. Buna görə də Cavabdeh2 İddiaçı adından Cavabdeh3 etibarnamə verilməsinə şərait yaratmış, Cavabdeh3 da bu etibarnamə əsasında İddiaçı adından çıxış edərək həmin mənzili Cavabdeh2 ona olan borcunu ödəməsinin təminatı qismində girov qoymaq niyyəti ilə Cavabdeh4 Əlibala qızına formal olaraq satılmışdır. Cavabdeh3 və Cavabdeh4 Əlibala qızı məhkəmə iclasında izahatlarında evin pulunun Cavabdeh2 tərəfindən ödənildiyi təqdirdə evi yenidən geri götürə biləcəklərini, həmçinin Cavabdeh4 Əlibala qızının nümayəndəsi X4 mübahisəli mənzil üçün Cavabdeh2 34000 manat məbləği 3 il ərzində 960 manat olaraq ödəməsi ilə bağlı Cavabdeh2 ilə aralarında razılaşdıqlarını, X2 əvvəlcədən başqa mənzilin alınması üçün 25000 manat pulu Cavabdeh3 verdiyini və bu borcdan da Cavabdeh2 23500 manat borcunu çıxıb yerdə qalan 1500 manat pulu isə iddiaçının hesabına ödənilməsini qeyd etmişdir. Məhkəmə iclasında bildirilən izahatlar məhkəmədə xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinin açıq-aşkar formal olaraq borc və girov müqaviləsinin pərdələnməsi məqsədi ilə bağlanması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunan alqı-satqı müqaviləsi yalan əqd kimi qiymətləndirilməli və həmin əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq etibarsız hesab olunmalıdır. İddiaçı tərəfindən etibarsız hesab edilməsi tələb olunan alqı-satqı müqaviləsinin bağlanılmasından mülkiyyətçi İddiaçı məlumatlı olması isə iş materialları ilə tam təsdiq olunmamışdır. İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizası üzrə ekspert rəyi ilə müəyyən olunmuşdur ki, həmin etibarnamədə qeyd olunan imza İddiaçı tərəfindən icra edilməmişdir. Bu isə xx.xx.2020-ci il tarixli etibarnamənin etibarsız sayılması üçün əsas hesab edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, həm iddiaçı, həm də iddiaçının adından mübahisəli əmlaka dair etibarnamə verilmiş Cavabdeh3 öz izahatlarında digər cavabdeh Natiqin Nuhbalayevin etibarnaməyə imza atması üçün notariusa başqa adamı aparmasını təsdiq etmişlər. İş üzrə cavabdeh Bakı şəhəri 52 saylı Notarial ofisinin nümayəndəsi tərəfindən isə məhkəməyə təqdim edilmiş İddiaçı və onun ögey bacısı X7 şəkillərindən onların xarici görünüşlərinin oxşarlığı, etibarnamə verilərkən İddiaçı şəxsiyyət vəsiqəsinin və mübahisəli mənzilə dair mülkiyyət hüququnun təsdiqinə dair çıxarışın əsllərinin notariusa təqdim olunması faktları özlüyündə notarius tərəfindən etibarnamənin təsdiq edilməsi üçün onda əminlik yaratması məhkəmə tərəfindən ağlabatan və qaçınılmaz hallar kimi qiymətləndirilməsinə ehtimal verir. Qeyd olunan hallar isə notarius tərəfindən İddiaçı tərəfindən Cavabdeh3 verilmiş etibarnamənin təsdiq edilməsinə şərait yaratması ehtimalını yaradır. Digər tərəfdən məhkəmə xüsusi ilə vurgulayır ki, mübahisələndirilən etibarnamə bilavasitə İddiaçı tərəfindən Cavabdeh3 verilmiş olsaydı belə bu mübahisəli əmlaka dair bağlanılmış xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinin etibarlı əqd olmasına zəmin yaratmazdı. Yəni alqı-satqı müqaviləsi özlüyündə əhəmiyyətsiz puç əqd olduğundan etibarnamənin etibarsız sayılıbsayılmamasından asılı olmayaraq həmin müqavilə heç bir hüquqi nəticə yaratmamışdır. Məhkəmə həmçinin iddia tələbinin “Daşınmaz Əmlakın dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 66 saylı evin 2 saylı mənzilinin Cavabdeh4 Əlibala qızının adına aparılmış mülkiyyət hüququna dair qeydin ləğv edilməsi” hissəsi ilə bağlı bildirir ki, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 Əlibala qızı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən və qeyd olunan mülkiyyət hüququna dair qeyd həmin alqı-satqı müqaviləsi əsasında verildiyindən iddia tələbi həmin hissədə də təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, Bakı şəhəri 52 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixdə, 7E-5118 nömrəli reyestrlə təsdiq edilmiş etibarnamə və həmin etibarnaməyə əsasən Xaçmaz rayon 1 saylı notariat kontorunda cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 Əlibala qızı arasında xx.xx.2021-ci il tarixdə bağlanılmış, reyestrdə 40/1340 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin əqd əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 66 saylı evin 2 saylı mənzilinin Cavabdeh4 Əlibala qızının adına aparılmış mülkiyyət hüququna dair qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilməli, məhkəmə-xətşünaslıq ekspertizasına sərf olunmuş 126 manat Cavabdeh2 aid edilməlidir. Məhkəmə həmçinin bildirir ki, Cavabdeh3 Cavabdeh2 ona olan borc məbləğinin qaytarılması üçün ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri 52 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixdə, 7E-5118 nömrəli reyestrlə təsdiq edilmiş etibarnamə, həmin etibarnaməyə əsasən Xaçmaz rayon 1 saylı notariat kontorunda cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 Əlibala qızı arasında xx.xx.2021-ci il tarixdə bağlanılmış, reyestrdə 40/1340 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və həmin əqd əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 66 saylı evin 2 saylı mənzilinin Cavabdeh4 Əlibala qızının adına aparılmış mülkiyyət hüququna dair qeydi ləğv edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçıya aid edilsin. Məhkəmə xətşünaslıq ekspertizasına sərf olunmuş 126,00 manat məbləğində vəsait Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar