Məhkəmə qərarları › İş №2(007)-587/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-587/2022

20.07.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-587/2022 20.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 09 may 1939-cu ildə anadan olmuş anası X2 xx.xx.2021-ci il tarixində vəziyyəti kəskin pisləşməsi səbəbilə “Medistyle” hospitalının reanimasiya şöbəsində “Sol orta beyin arteriyası hövzəsində geniş əsaslı işemik insult” diaqnozu ilə komatoz vəziyyətdə stasionar müalicə almışdır. Lakin xx.xx.2021-ci il tarixində anasının vəziyyəti yenidən pislənmiş, təkrar “İşemik insult” diaqnozu ilə “Real” hospitalında stasionar müalicə almışdır. Hal-hazırda aparılan bütün müalicə tədbirlərinə baxmayaraq anasının vəziyyəti ağır olaraq qalır, danışmır, zondla qidalanır, sidik-nəcis ifrazı qeyri-iradidir, ətrafda baş verən heç bir hadisəyə, heç bir səsə, heç bir görüntüyə reaksiya vermir, özü hərəkət edə, həmçinin hərəkətlərinin mənasını dərk edə, onları idarə edə bilmir. Xüsusi olaraq qeyd edir ki, Bakı şəhəri Səhiyyə İdarəsi 26 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 400 nömrəli arayışına əsasən anasının kənar şəxsin yardımına ehtiyacı var. Buna görə də, anası X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun üzərində qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, anası X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 verdiyi izahatında ərizənin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, 05516269 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 09 may 1939-cu il tarixdə Rusiya Federasiyası, Maxaçqala şəhərində anadan olmuşdur. - 12 saylı MKİS-in xx.xx.2021-ci il tarixli, 2031 saylı arayışından görünür ki, X5 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 148 saylı evin 177 saylı mənzilində qonşuların aktına əsasən qeydiyyatsız yaşayır. - 12 saylı MKİS-in xx.xx.2021-ci il tarixli, 2127 saylı arayışından görünür ki, Ərizəçi Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 148 saylı evin 177 saylı mənzilində qeydiyyatsız yaşayır. - İV-ЖГ seriyalı 466895 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci ildə doğulmuşdur, atası X6, anası X4. - Bakı Baş Səhiyyə İdarəsi 26 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli, 400 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 148, mənzil 177-də yaşayan 1939-cu il təvəllüdlü X5 həqiqətən xx.xx.2021-ci il tarixində vəziyyəti kəskin pisləşməsi səbəbilə “Medistyle” hospitalının reanimasiya şöbəsində “Sol orta beyin arteriyası hövzəsində geniş əsaslı işemik insult” diaqnozu ilə komatoz vəziyyətdə stasionar müalicə almış, huşu cüzi yaxşılaşanda ailə üzvlərinin təkidi ilə evə aparılmışdır. xx.xx.2021-ci il tarixində xəstənin vəziyyəti yenidən pislənmiş, təkrar “İşemik insult” diaqnozu ilə “Real” hospitalında stasionar müalicə almışdır. Hal-hazırda aparılan bütün müalicə tədbirlərinə baxmayaraq xəstənin vəziyyəti ağır olaraq qalır, danışmır, zondla qidalanır, sidik-nəcis ifrazı qeyri-iradidir. Xəstənin daima kənar şəxsin yardımına ehtiyacı var. - xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 27 may 2022-ci il tarixli, 1370 saylı rəyindən görünür ki, 09 may 1939-cu il tarixdə Rusiya Federasiyası, Maxaçqala şəhərində anadan olmuş X3 damar mənşəli (işemik insultdan sonrakı) dərin demensiya (ağıl zəifliyi) müəyyən edilir. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarına malik deyil. X1 müəyyən edilən damar mənşəli (işemik insultdan sonrakı) dərin demensiya (ağıl zəifliyi) ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 09 may 1939-cu il təvəllüdlü anası X5 “Damar mənşəli (işemik insultdan sonrakı) dərin demensiya (ağıl zəifliyi)” diaqnozu ilə xəstədir, hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar olması barədə 27 may 2022-ci il tarixli 1370 saylı rəy verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 320.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla belə qənaətə gəlir ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə, onunla birlikdə yaşayan qızı Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən, X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla bağlı məhkəmə hesab edir ki, hazırkı qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 09 may 1939-cu il tarixdə Rusiya Federasiyası, Maxaçkala şəhərində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09 may 1939-cu il tarixdə Rusiya Federasiyası, Maxaçkala şəhərində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar