Məhkəmə qərarları › İş №2(007)-590/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-590/2024

15.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-590/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “vəsiyyətnamənin etibarsız hesab edilməsi”) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 (qanuni nümayndə Qanuni nümayəndə1) cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Qanuni nümayəndə1 cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 noyabr 2023-cü ildə vəfat etmiş İddiaçı2 Məhəmməd oğlunun bütün əmlakına X16 vəsiyyət etməsinə dair Bakı şəhəri 15 saylı Notariat Ofisi tərəfindən 21 aprel 2019-cu il tarixdə tərtib edilib vəsiyyət edənin əvəzinə şahidlərə və ya məlum olmayan şəxsə imza etdirilərək reyestrdə 2V-153 nömrəsi ilə qeyd edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı Qanuni nümayəndə1 ərizə verərək onun İddiaçı2 və İddiaçı1 ilə əvəz edilməsini xahiş etmişdir.

3. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək 03 noyabr 2022-ci ildə vəfat etmiş İddiaçı2 Məhəmməd oğlunun bütün əmlakına X16 vəsiyyət etməsinə dair Bakı şəhəri 15 saylı Notariat Ofisi tərəfindən 21 aprel 2019-cu il tarixdə tərtib edilib vəsiyyət edənin əvəzinə şahidlərə və ya məlum olmayan şəxsə imza etdirilərək reyestrdə 2V-153 nömrəsi ilə qeyd edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X19 onun mərhum həyat yoldaşı X18 anadan ayrı ögey bacısıdır. O, mərhum həyat yoldaşı X23 ilə 04 sentyabr 2012-ci ildə rəsmi nikaha daxil olmuş, onların həmin nikahdan 08 iyun 2013-cü ildə İddiaçı2 və 16 iyun 2015-ci ildə İddiaçı1 adında iki övladı anadan olmuşdur. Həyat yoldaşı X23 18 iyun 2022-ci ildə vəfat etmişdir və həyat yoldaşının atası İddiaçı2 Məhəmməd oğlu 03 noyabr 2022-ci ildə vəfat etmişdir. Bu vəziyyətdə o və övladları mərhum həyat yoldaşı X18 atası İddiaçı2 Məhəmməd oğlunun transmissiya qaydasında vərəsəsi olduqları üçün onun müraciəti əsasında vəkil tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 03 noyabr 2023-cü ildə vəfat etmiş İddiaçı2 Məhəmməd oğlunun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində daşınmaz əmlakın qeydiyyatda olub-olmaması barədə sorğu verilmişdir və verilən 12 aprel 2023-cü il tarixli cavabla Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 10 saylı evin 6 saylı mənzilin İddiaçı2 Məhəmməd oğlunun adına qeydiyyatdan keçdiyi məlum olmuşdur. Bu məlumatı əldə etdikdən sonra o, 2023-cü ilin aprel ayının axırlarında Bakı şəhəri 9 saylı notariat ofisinə vərəsəliklə bağlı müraciət etmiş və orada vərəsəlik işi açıldığı zaman İddiaçı2 Məhəmməd oğlu tərəfindən 21 aprel 2019-cu ildə Bakı şəhəri 15 saylı notariat ofisində vəsiyyətnamə verildiyi məlum olmuşdur. Bundan sonra Bakı şəhəri 9 saylı notariat ofisinin sorğusu əsasında həmin vəsiyyətnamənin surəti Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən 30 may 2023-cü il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisinə göndərilmişdir. Həmin gün o, vəsiyyətnamənin məzmunu ilə tanış olmuş, vəsiyyətnamənin məzmunundan İddiaçı2 Məhəmməd oğlunun həmin vəsiyyətnamə ilə bütün əmlakını X16 vəsiyyət etdiyi, onun xahişi ilə şahidlər X6 və X8 iştirakı ilə vəsiyyətnamənin texniki vasitələrdən istifadə edilərək şahidlər tərəfindən imzalandığı, eyni zamanda vəsiyyət edən iflic olduğu üçün onun tapşırığı ilə vəsiyyətnamənin də vəsiyyət edənin əvəzinə həmin şahidlər tərəfindən imzalandığı ona məlum olmuşdur. Bildirirəm ki, mərhum İddiaçı2 Məhəmməd oğlu həmin tarixdə, nəinki vəsiyyətnaməni imzalamaq vəziyyətində olmamışdır, eyni zamanda iradəsini ifadə etmək vəziyyətində olmamışdır. Həyat yoldaşının ögey anası bu vəziyyətdən sui-istifadə edərək yaxınları olan iki şəxsin şahidliyi ilə doğma qızı olan X13 adına həmin vəsiyyətnaməni texniki vasitələrdən istifadə etməklə yazdıraraq şahid kimi həmin şəxslərə imza etdirmişdir, eyni zamanda vəsiyyətnaməni də vəsiyyət edənin əvəzinə həmin şahidlərə imza etdirmişdir. Lakin vəsiyyət edənin əvəzinə edilmiş imza şahidlərin imzasına uyğun gəlmir və imzanın kimə məxsus olduğu məlum deyildir. Bununla da həmin vəsiyyətnamə mərhum İddiaçı2 Məhəmməd oğlunun iradəsini ifadə etmədiyi və onun əvəzində şahidlər tərəfindən və ya məlum olmayan şəxs tərəfindən imzalandığı üçün etibarsız hesab edilməlidir.

Cavabdehin etirazı:

5. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, icraatda iddiaçı X3 cavabdehlər Bakı şəhəri 15 saylı notariat ofisinə və Əsədova (Həsənova) Nərmin Əli qızına “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş vardır. Həmin iş üzrə məhkəmə hazırlıq iclası 02 mart 2024-cü il tarixə təyin edilmişdir. Hesab edir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. İlk növbədə qeyd edir ki, iddiaçının hazırki iddia tələbindəki irəli sürməyə subyektiv hüququnun olması müəyyən edilməmişdir. Belə ki, iddia ərizəsinə iddiaçının nə İddiaçı2 Məmməd oğlunun, nə də X18 hüquqi varisi olmasına və ya maraqlarına toxunan şəxs olmasına dair heç bir sübut, sənəd təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edildiyi kimi subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin mövqeyinə uyğun olaraq, ilk növbədə, iddiaçı X3 hazırki iş üzrə iddiaçı qismində çıxış edə bilməsi üçün subyektiv hüquqa malik olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməli idi. Lakin həmin sübutlar məhkəməyə təqdim edilməmiş, iddiaçının hazırki işə aidiyyəti müəyyən edilməmişdir. Belə olan halda, iddiaçının tələb etmək hüququ istisna edilir. Hazırki mərhələdə iddiaçının sözügedən vəsiyyətnaməni mübahisələndirməsinə subyektiv hüququ öz təsdiqini tapmır. Əgər belə sübutlar, sənədlər mövcud deyilsə və ya onlar təqdim edilməyibsə, hesab edir ki, hazırki mərhələdə iddia mümkünsüz hesab edilməlidir. Digər tərəfdən, iddia tələblərinin mahiyyəti və məzmunu tamamilə absurddur. Belə ki, işin faktiki hallarına görə, iddiaçının həyat yoldaşı, eyni zamanda, cavabdehin ata bir, ana ayrı qardaşı X23 22 iyun 2022-ci il tarixdə rəhmətə getmişdir. İddiaçının həyat yoldaşının və cavabdehin atası, İddiaçı2 Məmməd oğlu isə 01 noyabr 2022-ci il tarixdə, yəni bir neçə ay sonra rəhmətə getmişdir. Lakin bundan xeyli əvvəl, hələ 21 aprel 2019-cu il tarixdə İddiaçı2 Məmməd oğlu vəsiyyətnamə verərək, əmlakı olan ünvan 1 ünvanında yerləşən yaşayış evini qızı Əsədova (indiki Həsənova) Nərmin Əli qızına vəsiyyət etmişdir. Belə ki, cavabdeh dünyaya gəldiyi gündən bugünədək həmin yaşayış evində yaşayır, qeydiyyatdadır və onun faktiki sahibi və istifadəçisidir. Cavabdehin hər iki qardaşı, X23 və X24 evləndikdən sonra həmin evi tərk etmiş və başqa evdə yaşamışlar. Qardaşlar evləndikdən sonra ataları və atasının ikinci ailəsi ilə əlaqəsi demək olar kəsilmiş, onlar ataları ilə maraqlanmamış, onunla əlaqə saxlamamışlar. İddiaçı2 Məmməd oğluna vəfat etdiyi vaxta qədər Cavabdeh2 və onun anası, İddiaçı2 Məmməd oğluna qulluq etmiş, onun yanında olmuş, qayğısına qalmışlar. Odur ki, İddiaçı2 Məmməd oğlu öz iradəsi ilə notarial qaydada vəsiyyətnamə verməyə razılıq vermişdir. Odur ki, atasının onun qayğısını çəkən qızına vəsiyyətnaməni verməsi şübhə doğurmur və məntiqə tamamilə uyğundur. Bundan əlavə, iddiaçı vəsiyyətnamənin etibarsızlığına əsas kimi göstərmişdir ki, "X13 adına həmin vəsiyyətnamə texniki vasitələrdən istifadə edilməklə yazdırılaraq şahid kimi həmin şəxslərə imza etdirilmişdir, eyni zamanda vəsiyyətnaməni də vəsiyyət edənin əvəzinə həmin şahidlərə imza etdirilmişdir". Bununla bağlı qeyd edir ki, vəsiyyətnamənin texniki vasitələrdən istifadə edilməklə tərtib edilməsi qüvvədə olan qanunvericiliyə əsasən yolveriləndir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1188-ci maddəsinin tələblərinə əsasən, vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitələrin köməyi ilə ifadə edilə bilər. Bu zaman vəsiyyətnamə 2 şahidin iştirakı ilə tərtib edilməli və imzalanmalıdır. Sözügedən vəsiyyətnamə də qanuna uyğun olaraq hər iki şahidin iştirakı ilə tərtib edilmiş və imzalanmışdır. Həmin şəxslərin özləri ilə bağlı tələblər də gözlənilmiş, şahid qismində iştirak edən şəxslər vəsiyyətin şahidi olmaq qabiliyyətinə malik şəxslər olmuşlar və tam obyektiv olaraq şahidlik etmişlər. Göründüyü kimi, notarius tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş formada və şahidlərin iştirakı ilə vəsiyyətnamə tərtib edilmiş və imzalanmışdır. Bununla bağlı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bundan əlavə, qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1182-ci maddəsinin tələblərinə əsasən, əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. Göründüyü kimi, qüvvədə olan qanunvericilik vəsiyyətnamənin başqa şəxs tərəfindən imzalanması imkanını da nəzərdə tutur. Odur ki, bu hal da vəsiyyətnamənin etibarsızlığı üçün əsas ola bilməz. Sözügedən vəsiyyətnamə onu tərtib edən şəxs tərəfindən imzalana bilmədiyi üçün onun iradəsi ilə hər iki vəsiyyət şahidləri tərəfindən imzalanmışdır ki, bu hal da qanunvericiliyə tamamailə uyğundur. Vəsiyyətnamənin sözügedən şahidlər tərəfindən deyil, başqa şəxslər tərəfindən imzalanması ehtimalı da tamamilə absurddur. Bunu təsdiq edən heç bir sübut da məhkəməyə təqdim edilməmişdir. Həmin imzalar şahidlərə məxsusdur, şahidlər özləri də bunu sübut edə bilərlər. Göründüyü kimi, iddia ərizəsində qeyd edilən əsaslar tamamilə absurddur, heç bir sübuti əhəmiyyətə malik deyil. Belə olan halda hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. İddiaçı X3 cavabdehlər Bakı şəhəri 15 saylı notariat ofisinə və Əsədova (Həsənova) Nərmin Əli qızına “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 elektron kabinet vasitəsilə ərizə verərək bildirmişdir ki, icraatda olan iş üzrə iddia tələbi "vəsiyyətnamənin etibarsız hesab edilməsi" tələbidir. Həmin iş üzrə ilk öncə, sözügedən iddianın verilməsi müddətinin ötürülübötürülməməsi müəyyən edilməlidir. Belə ki, vəsiyyət edən şəxs İddiaçı2 Məhəmməd oğlu 03 noyabr 2022-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtdan etibarən Bakı şəhəri 9 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və varislərin dairəsi müəyyən edilmişdir. İddiaçıların (azyaşlıların) anası, X5 qayınatası İddiaçı2 Məhəmməd oğlunun vəfat etdiyini bilirdi və məhkəmə iclasında etiraf etdiyinə görə yas mərasimində də iştirak etmişdir. X5 həmçinin vərəsəlik işinin açılması və sözügedən vəsiyyətnamənin mövcud olduğundan xəbərdar idi. Lakin tərəf vəsiyyətnamənin etibarsız hesab edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə yalnız 28 noyabr 2023-cü il tarixdə müraciət etmişdir. Belə olan halda, hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur və iddia mümkünsüz hesab edilməlidir. Belə ki, Mülki Məcəllənin 354-cü maddəsinə görə, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İddiaçı tərəf məhkəmə iclasında vəsiyyətnamə barədə yalnız yanvar-fevral aylarında xəbərdar olduğunu bildirsə də dediyini təsdiq edən hər hansı sənədi, sübutu, dəlili məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, hesab edir ki, müddət ötürüldüyünə görə və bu müddət kəsici müddət olduğundan sözügedən iddia tələbi mümkünsüz hesab edilməlidir. Digər tərəfdən, iddia ərizəsinin forma və məzmunu da nöqsanlıdır. Belə ki, iddia ərizəsində iddiaçı qismində İddiaçı2 və İddiaçı1 qeyd edilsə də, iddia ərizəsini "qanuni nümayəndə X5" imzalamışdır. Lakin X1 qanuni nümayəndəsi olması qeyd edilməmişdir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin digər tələblərinə də tam riayət edilməmişdir. Bundan əlavə, iddianın məzmununda qeyd olunanlar da həqiqəti əks etdirmir. Belə ki, vəsiyyətnamənin imzalanmaması qeyd edilsə də vəsiyyətnamə imzalanmışdır və müvafiq şahidlər tərəfindən təsdiq qedilmişdir. Belə olan halda hesab edir ki, iddia özlüyündə əsassız və qanunsuzdur, təmin edilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası MM-nin 354.2-ci maddəsində təsbit edilmiş müddət ötürüldüyündən iddianı mümkünsüz hesab edilməsini xahiş etmişdir. Tərəflərin izahatları:

7. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçı Qanuni nümayəndə1 iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında İddiaçı2 və İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı2 Məmməd oğlunun sağ əli iflic olub, əlini qolunu hərəkət etdirə bilmirdi, ölüm ayağında aldadıb vəsiyyətnamə yazdırıblar. Qanunun tələbinə əsasən vəsiyyətnaməni şəxs özü imzalamalıdır. Özü imzalaya bilmədikdə digər şəxs imzalamalıdır. Şahidlər vəsiyyətnaməni imzalaya bilməz. İddiaçı2 Məmməd oğlu hərəkət edə, danışa, fikrini ifadə edə bilmirdi. Mülki Məcəllənin 1180,1182,1188-ci maddələrinin tələbi pozulmaqla tərtib olunub vəsiyyətnamə. Bəlkə də İddiaçı2 heç notariat ofisinə gətirməyiblər. Reyestr kitabında Əlinin imzası yoxdur, vəsiyyətnamədə bir cızma-qara var guya o, imzalayıb. Qanuni nümayəndə1 qaynatası Əli Əsəsdovun öldüyünü həmin vaxt bilib və yas mərasimində iştirak edib. Qanuni nümayəndə1 qaynatası Əli Əsəsdovun vəsiyyətnamə qoyduğunu bilmirdi. 2023-cü ilin fevral ayında notariusa gedəndə vəsiyyətnamədən xəbərdar olub. Vəsiyyətnamənin mahiyyətinin nədən ibarət olması və əldə edilməsi 7-8 ay çəkmişdir. Bu səbəbdən iddianın təmin edilməsini xahiş etmişdi.

9. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 etirazda göstərilənləri müdafiə edərək bildirdi ki, iddiaçı Qanuni nümayəndə1 vəsiyyətnamənin mövcudluğunu fevral ayında bildiyini desə də onunla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş materiallarında yalnız Notariusun 30 may 2023-cü il tarixdə verdiyi qərar var. Mülki Məcəllənin tələbinə görə vəsiyyətnamənin etibarsızlığı ilə bağlı iddiaçı 1 il ərzində müraciər edə bilərdi. İddia tələbinin müddətin ötürülməsinə görə rədd edilməsini xahiş etmişdir.

10. Cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

12. Məhkəmə işə cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

13. AZ-İ seriyalı 806525 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X23 ilə X5 04 sentyabr 2012-ci il tarixdə Nizami Rayon Qeydiyyat Şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1119 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Əsədova” soyadını qəbul etmişdir.

14. AZ-İİ seriyalı 252642 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 18 iyun 2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 22 iyun 2022-ci il tarixdə 650 nömrəi ilə qeyd edilmişdir.

15. 15 iyul 2022-ci il tarixli, 1350 nömrəli arayışdan görünür ki, X23 16 aprel 1982-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Atası İddiaçı2 Məmməd oğlu, anası X9r.

16. AZ-İİİ seriyalı 112630 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 08 iyun 2013-cü il tarixdə, Bakı şəhərində anadan olmuşdur. X11, anası Qanuni nümayəndə1dır.

17. AZ-İİİ seriyalı 546832 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 16 iyun 2015-ci il tarixdə, Bakı şəhərində anadan olmuşdur. X11, anası Qanuni nümayəndə1dır.

18. 05Q-267/69 nömrəli arayışdan görünür ki, İddiaçı2 Məmməd oğlu 01 noyabr 2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 03 noyabr 2022-ci il tarixdə 932 nömrəsi ilə qeyd edilmişdir.

19. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 12 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 10, 6 saylı mənzil İddiaçı2 Məmməd oğlunun adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir.

20. 21 aprel 2019-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, İddiaçı2 Məmməd oğlu ölən günədək ona məxsus bütün əmlakını X16 vəsiyyət etmişdir.

21. 8İ-1937 reyestr nömrəli vəsiyyətnaməyə dair notariat hərəkətlərinin aparılması barədə qeydiyyat jurnalından görünür ki, 21 aprel 2019-cu il tarixdə vəsiyyətnamə X10 və X6 şahidliyi ilə imzalanıb.

22. Bakı şəhəri 9 saylı Notariat Ofisinin 30 may 2023-cü il tarixli, 2346 nömrəli qərardan görünür ki, notarial hərəkətlərinin aparılmasından imtina edilmişdir.

İşin faktiki halları:

23. Məhkəmə iclasında müəyyən edildi ki, miras qoyan İddiaçı2 Məmməd oğlu 01 noyabr 2022-ci il tarixdə ölmüşdür, oğlu X23 isə 18 iyun 2022-ci il tarixdə ölmüşdür. İddiaçı2 Məmməd oğlu 21 aprel 2019-cu il tarixdə bütün əmlakını qızı Cavabdeh2 vəsiyyət etmişdir. Hazırda iddiaçılar sözügedən vəsiyyətnamənin etibarsız hesab edilməsini xahiş edirlər.

Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikasının Konstitusiyasının:

29-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr hesab olunur. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1180.1-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. 1180.2-ci maddəsinə əsasən vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. 1182-ci maddəsinə əsasən əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. 1188-ci maddəsinə əsasən vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2-ci maddəsinə əsasən qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. 1225.3-ci maddəsinə əsasən əgər vəsiyyətnamə Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1230-ci maddəsinə əsasən qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər.

26. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

Vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət etmək azadlığı prinsipindən irəli gələrək miras əmlak miras qoyanın iradəsinə əsasən vəsiyyətnamədə göstərilən şəxslərə keçməsi qeyd olunmuşdur.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi, məcburi pay almaq hüququndan məhrum etməsi onun öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir. Əqd kimi vəsiyyətnamənin spesifik xüsusiyyəti ondan ibarətdir ki, o tərtib edildikdən sonra ehtimal olunan vərəsələr üçün heç bir hüquqi nəticə yaratmır. Vərəsəlik hüquq münasibətləri vəsiyyət edən şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə yaranır. Beləliklə, vəsiyyətnamə - yalnız miras açıldıqdan sonra hüquq və vəzifələr yaradan birtərəfli əqddir.

Məhkəmənin mövqeyi:

28. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir.

29. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar tərəfindən vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Belə ki, miras qoyan İddiaçı2 Məmməd oğlu 21 aprel 2019-cu il tarixdə, ölən günədək ona məxsus olan bütün əmlakını qızı Cavabdeh2 vəsiyyət etmişdir. İddiaçı2 Məmməd oğlu 01 noyabr 2022-ci il tarixdə ölmüşdür. Qanuni nümayəndə1 28 noyabr 2023-cü il tarixdə məhkəməyə müraciət edərək 21 aprel 2019-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsini xahiş etmişdir. Göründüyü kimi Mülki Məcəllənin 354.1-ci maddəsində qeyd edilən 1 illlik müddəti ötürmüşdür. Həmçinin iddiaçı qeyd edir ki, vəsiyyətnamədən xəbərsiz olmuş və vəsiyyətnaməni əldə etmək üçün notariusa müraciət etmiş və notarius tərəfindən cavab verilməsi zaman almışdır. Məhkəmə qeyd edir ki, iddia tərəfi notariusa nə zaman müraciət etməsi ilə bağlı hər hansı bir ərizə və ya başqa sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında iddiaçıların qanuni nümayəndəsi Cavabdeh2 bildirdi ki, X23 qayınatasıdır, onun ölümündən xəbərdar olmuşdur və yas mərasimində iştirak etmişdir. Göründüyü kimi iddiaçıların əqdin əhəmiyyətsiz hesab edilməsi barədə iddia tələbi üzrə məhkəməyə müraciət etmək üçün müəyyənləşdirilmiş 1 illik müddət ötürülmüş hesab olunmalıdır.

30. Məhkəmə həmçinin iddia tələbinin dəlillərinə münasibətdə qeyd edir ki, 21 aprel 2019-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Belə ki, vəsiyyətnamədə qeyd edilmişdir ki, X15 tərəfinin iflic olması səbəbindən X18 tapşırığı ilə vəsiyyətnaməni X17 və X14 notarius A.K.Məmmədovun iştirakı ilə imzalayıblar. Görünür ki, X7 tərəfi iflic olsa da sol əli ilə vəsiyyətnaməni imzalaya bilərdi. Həmçinin vəsiyyət edənin qarşısında olan imza yerində imza çəkilmişdir. İmzanın çəkilişindən vizual olaraq da görmək olur ki, imza sol əllə çəkilmişdir. X10 və X6 imzaları isə şahid qrafasında qeyd edilmişdir. Buradan məlum olur ki, vəsiyyətnamə texniki vasitələrlə tərtib edilib və X23 şahidlərin yanında vəsiyyətnaməni imzalamışdır. Həmçinin 8İ-1937 reyestr nömrəli vəsiyyətnaməyə dair notariat hərəkətlərinin aparılması barədə qeydiyyat jurnalından da görünür ki, 21 aprel 2019-cu il tarixdə vəsiyyətnamə X10 və X6 şahidliyi ilə imzalanıb.

31. Qanunun tələbindən aydın olunur ki, vəsiyyətnamə Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtlər və qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Lakin iddia tərəfindən İddiaçı2 Məmməd oğlunun tamamilə iflic olması, özünü idarə edə bilməməsi və hərəkətlərinin mənasını başa düşə bilməməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

32. Beləliklə, göründüyü kimi vəsiyyətnamə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərə və qaydalara uyğun tərtib edilmiş, həmçinin mirasqoyan İddiaçı2 Məmməd oğlu Bakı şəhəri 15 saylı Notariat Ofisinin notariusu tərəfindən təsdiq edilmiş vəsiyyətnaməni 21 aprel 2019-cu il tarixdə qoymuşdur, 01 noyabr 2022-ci il tarixdə isə vəfat etmişdir. Yəni iddia tərəfinin dediyi kimi olüm ayağında, özünü idarə edə bilmədiyi və hərəkətlərinin mənasını başa düşmədiyi zaman vəsiyyət etməmişdir.

Məhkəmə baxışının hədləri:

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə:

34. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

35. Məhkəmə hesab edir ki, ərizə təmin edilmədiyindən, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir.

36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiy gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar