Məhkəmə qərarları › İş №2(007)-591/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-591/2022

29.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-591/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X12 Mirzəyevin sədrliyi, X2 Qurbanovun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh,onun nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı MTK-nin Cavabdeh qarşı 20% əlavə yaşayış sahəsi verilməklə və yeni yaşayış sahəsi verilənədək hər ay 300 manat kirayə haqqı ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə ilk iddia tələbinə dair, İddiaçı Cavabdeh İddiaçı MTK-nə qarşı iddia ərizəsi imzalama səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qiytarılması qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MTK-nin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin təhvil verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddianın həcminin artırılması barədə ərizə vermişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində, 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi istifadəyə verilib. Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05 mart 2018-ci il tarixli, 104 saylı sərəncamına əsasən yuxarıda qeyd olunan ünvana dair sərəncam və 12899 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilib. Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 26-da yerləşən 4 saylı mənzil Cavabdeh mülkiyyətindədir. Cavabdeh mənzilinin qarşısında yerləşən təxminən 40-50 kv/m olan sahəni də qanunsuz zəbt edərək orada özbaşına tikili tikib və mənzilinə birləşdirib. Həmin özbaşına tikili rəsmi qaydada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınmayıb. Qeyd edilən qanunsuz tikili yuxarıda göstərilən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə yüksək mərtəbəli yaşayış binalarının tikintisi üçün “Karayev City’’ MMC-yə ayrılan ərazidə yerləşir və söküntü-tikinti işlərinin aparılmasına maneə törədir. Həmçinin, Sərəncamın icrası ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 26 saylı binaya 10 fevral 2016-cı il tarixdə Bakı Şəhər icra Hakimiyyəti, Bakı Şəhər Mənzil- Kommunal Departamenti, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Mənzil-Kommunal Siyasəti şöbəsinin, Nizami rayon İcra Hakimiyyətinin və Nizami rayon MKTD-nin nümayəndələrinin iştirakı ilə texniki baxış keçirilib və akt tərtib olunaraq müəyyən edilib ki, yuxarıda göstərilən binanın istismar müddəti bitib, texniki vəziyyəti qeyri-qənaətbəxşdir, şəhərsalma və tikinti normalarına cavab vermir.Qeyd olunanlara əsasən, İddiaçı MTK tərəfindən Cavabdeh istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 26-da yerləşən 4 saylı mənzilin(iddia ərizəsində və qarşılıqlı iddia ərizəsində mənzilin nümrəsi səhvən 7 kimi göstərilmişdir)əvəzinə yeni tikiləcək binada 20% olmaqla əlavə yaşayış sahəsi verilməklə və yeni mənzil verilənədək kirayədə qaldığı müddət ərzində ona hər ay 300 manat kirayə haqqı ödənilməklə Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 26da yerləşən 4 saylı mənzilə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı Cavabdeh İddiaçı MTK-nə qarşı ilk iddia ərizəsi imzalama səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qiytarılması barədə qarşılıqlı iddia vermişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilk iddia ərizəsi ilə biz razı deyil, iddia ərizəsi qanunsuzdur, iddianı qəbul etmirlər.İddia ərizəsi prosessual pozuntularla müşayiət olunan ciddi nöqsanlarla tərtib edilib və imzalanıb. Belə ki, 07.04.2022-ci il tarixdə Nizami rayon Məhkəməsinə gələrək iddiaçının iddia ərizəsini və ona qoşma olunan sənədləri alıb tanış olub. Ona məlum oldu ki, iddiaçı "Karayev City” MTK məhkəməni və cavabdehi aldadaraq qanunazidd hərəkətlər edərək həqiqətə uyğun olmayan sənədləri məhkəməyə təqdim edib. Qeyd olunanları nəzərə alıb, məhkəmənin diqqətinə çatdırır ki, iddiaçının iddia tələbləri, məhkəməyə təqdim etdiyi sənədlər, etibarnamə və iddia ərizəsi buna hüquqi olmayan şəxs tərəfindən imzalanıb. İddia ərizəsinə əlavə olunan binanın qəzalı vəziyyətdə olması barədə tərtib olunan aktda nə imzalar, nə də möhür yoxdur. Belə ki, 07.04.2022-ci ildə Nizami ravon Məhkəməsinin inzibati binasının dəftərxanasından iddia ərizəsinin və ona əlavə edilən sənədləri aldıqdan sonra məlum olmuşdur ki, onlar cavabdeh olaraq iddiaçının iddia ərizəsinə qarşı qarşılıqlı iddia ərizəsi vermək məcburiyyətindədirlər. Məhkəmənin nəzərinə çatdırır ki, ünvan 1 ünvandakı 7 saylı mənzil 24.08.1989-u ildə Azərbaycan SSR X6 rayon İcraiyyə Komitəsi Tərəfindən 105821 nömrəli orderinə əsasən verilib. Həmin mənzil Vladimir şəhərində olan 2 otaqlı mənzil Bakı şəhərində hal-hazırkı mənzillə dəyişilərək verilib.O, həmin ünvanda olan mənzilə köçərkən 1-ci mərtəbədə verləşən mənzlin balkonu binanın baxçasına tərəf çıxarılmış halda təhvil verilib, hal-hazıra kimi mənzil iddiaçının mülkiyyətində və baxçaya çıxarılan balkon isə mənzilə bitişik olaraq istifadələrindədir. Deməli 33 ildir ki, həmin mənzil və mənzilə bitişik baxçaya çıxarılan balkon onun ailəsinin istifadəsindədir. O vaxt “Karayev City" MTK heç mövcud olmayıb. Hal-hazırda iddiaçı başqa kooperativə aid olan sənədləri hansı yollarla isə adlarına keçirərək həqiqətə uyğun olmayan sənədlərlə mülkiyyətçini və istifadəçini aldadıb əmlakını ələ keçirtmək istəyir. Mənzildə yaşayan və qeydiyyatda olan 6 nəfər ailə üzvü var X4- 20.12.1991,Nümayəndə1-xx.xx.1999, X1-20.10.1988, X7-29.10.1969, X10- 25.03.2010, X3-24.06.2021-ci il doğumlu. Bundan əlavə, oğlu əsgər Nümayəndə1 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır, qazidir. 17.10.2020-ci il tarixdə sağ pəncəmi dəlib keçən odlu silah varası almışdır, hal-hazırda müharibə iştirakçısı kimi qeydiyyatdadır. Onların hüquqi savadı olmadığından istifadə edərək saxta sənədlərlə mənzillərini əllərindən alıb sökmək istəyirlər. Buna sübut olaraq, iddia ərizəsinə qoşma olunan sənədlərə diqqət yetirmək kifayətdir. ünvan 3 ünvanında yerləşən yaşayış evinə keçirilən texniki baxış haqqında 10 fevral 2016-cı il tarixli akt adları çəkilən şəxslər tərəfindən imzalanıb. “Karayev City" MTK tərəfindən Vəkil1 verilən 23 noyabr 2021-ci il tarixli (09 avqust 2023-cü ilə qədər qüvvədədir) etibarnamə başqa bir hüquqi şəxs “İmperial" MTKnın direktoru Elşən İsmayılov tərəfindən imzalanıb "xxxx" MTK-nın möhürü ilə təsdiqlənib. ********** nömrəli VÖEN-i olan 20.11.2017-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində Kommersiya Qurumların Dövlət Qeydiyyatı haqqında şəhadətnamə alan “Karayev City" MTK-nın blankını tamam başqa bir hüquqi şəxs imzalayır. Həmin etibarnaməyə əsasən “Karayev City" MTK-nın nümayəndəsi Vəkil1 iddia ərizəsini imzalayıb. Yuxarıda göstərilənlərə əsasən etibarnamə və iddia ərizəsi imzalanmadığından etibarsızdır. Binanın baxış aktının isə heç bir hüquqi əsası yoxdur. Çünki akt imzlarla təsdiq olunmayıb.Qeyd olunanları nəzərə alıb,cavabdeh “Karayev City" MTK-nın iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından iddia ərizəsinin və ona əlavə olunmuş sənədlrərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ilk iddianı müdafiə etdi,qarşılılı iddianı qəbul etmədi,ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin,qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə1 ilk iddia tələbini qəbul etmədi,qarşılıqlı iddianı müdfafiə etdi.Qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlar həmin mənzili alan zaman, onun qarşısında bağ sahəsi olub. Həmin bağ sahəsinin sənədi olmasa da, 33 ildir ki, həmin bağdan istifadə edirlər. Bağ sahəsi ilə mənizilin ümumi sahəsi 100 kv.m-dir, bunun əvəzində isə 127 kv.m sahəsi olan mənzil tələb edirlər. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh da eyni məzmunlu izahat verərək ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,ilk iddia təmin olunmalı,qarşılıqlı iddia isə təmin olunmamalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamının məzmunundan görünür ki, "xxxx"MTK-nin 98.04.2014-cü il tarixli 01 saylı müraciəti nəzərə alınmış,Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cu məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikiliblərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi həmin MTK-nin istifadəsinə verilmişdir. Həmin sərəncam əsasında təsdiq olunmuş 14/102 saylı ayrıc aktından görünür ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cu məhəllədə "xxxx"MTK 1.9276 hektar torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05.03.2018-ci il tarixli, 104 saylı sərəncamının məzmunundan görünür ki, "KARAYEV CİTY” Mənzil-Tikinti Kooperativinin 21.02.2018-ci il tarixli173 saylı müraciəti və "xxxx"MTK-nin 21.02.2018-ci il tarixli razılıq məktubu nəzərə alınmaqla Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cu məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikiliblərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamı və tərtib olunmuş 12899 saylı inşaat pasportu "KARAYEV CİTY” Mənzil-Tikinti Kooperativinin adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası ƏMDKyanında DƏDRX-dən verilmiş MA seriyalı,0242632 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 26-da yerləşən ümumi sahəsi 39.2 kv.m sahəsi olan 4 saylı 2 otaqlı mənzilə Cavabdeh xüsusi mülkiyyət hüququ 08.07.2011-ci il tarixdə ********** reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. 10 fevral 2016-cı il aktın məzmunundan görünür ki,Bakı Şəhər icra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Departamenti, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Mənzil-Kommunal Siyasəti şöbəsinin, Nizami rayon İcra Hakimiyyətinin və Nizami rayon MKTD-nin nümayəndələrinin iştirakı ilə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 26 saylı binaya 10 fevral 2016-cı il tarixdə texniki baxış keçirilib.Baxış zamanı müəyyən olunub ki, yuxarıda göstərilən bina 1961-ci ildə inşa olunub,iki mərtəbəli,8 mənzillidir,bəzi hissələrdə çatlar var,yükdaşıyıcı konstruksiyalarda aşınmalar var, istismar müddəti bitib, texniki vəziyyəti qeyriqənaətbəxşdir, şəhərsalma və tikinti normalarına cavab vermir. Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli,06.04.2022-ci il tarixli arayışdan görünür ki, mübahisəli mənzildə Cavabdeh,X4,Nümayəndə1,X1, X7, X10, X3 qeydiyyatdadırlar. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 230-cu hərbi hissəsindən verilmiş arayışdan görünür ki,əsgər Nümayəndə1 17.10.2020-ci il tarixdə sağ pəncənin dəlibkeçən odlu silah yarası almışdır.Qəbələ Rayon Mərkəzi Xəstəxanasında müalicə olunmuşdur.Aldığı xəsarət yüngül xəsarət kateqoriyasına aiddir. Azərbaycan Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri İctimai Birliyi tərəfindən verilmiş 002764 saylı vəsiqədən görünür ki, Nümayəndə1 müharibə iştirakçısıdır. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamı ilə "xxxx"MTK-nə daha sonra isə hazırkı iş üzrə iddiaşı mənzilini "KARAYEV CİTY” Mənzil-Tikinti Kooperativinə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cu məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikiliblərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 1.9276 hektar torpaq sahəsi ayrılmışdır.Həmin ərazıdəki 26 saylı evin 4 saylı mənzilində Cavabdeh 39.2 kv.m. ölçüdə qeyri yaşayış sahəsi məxsusdur.Hazırda iddiaçı həmin qeyri-yaşayış binasının sökülməsi müqabilində həmin ərazidə tikiləcək binada mülkiyyətçiyə 20% çox-47.4 kv.m qeyri-yaşayış sahəsi təklif edir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki,iddiaçı "KARAYEV CİTY” Mənzil- Tikinti Kooperativi tərəfindən cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, onlun tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə mülkiyyətlərində olan əmlakın müqabilində ədalətli təklif edilir. Bu isə, cavabdehin öz mülkiyyətlərində olan qeyri-yaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılma kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəmcamı hal-hazırda qüvvədə olduğundan həmin sərəncamın icra olunmasına yaranan maneələr aradan qaldırılmalıdır. Sərəncamın icrası həm də Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən zəruridir. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməsi,ona məxsus yaşayış sahəsinin yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binasının tikilməsi ilk növbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz; 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X5 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cu məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikiliblərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi İddiaçı MTK-nə həvalə edilmişdir.Ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehin mübahisəli sahə ilə əlaqədar, faktiki olaraq özünə məxsus olan ümumi yaşayış sahəsindən 20% artıq sahəsi olan təmirli qeyri-yaşayış sahəsi təklif edən İddiaçı ilə razılaşmaması onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə cavabdehin öz əmlakına görə MTK-dan əsassız olaraq real olmayan qiymət tələb etməsində və ya şərtlər irəli sürməsində və sair hərəkətlərdə ifadə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Hazırkı halda müəyyən edilir ki, cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir.Cavabdeh İddiaçı MTK tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından MTK-ya ziyan vuran şəkildə sui-istifadə edir ki.Belə ki,mülkiyyətində olan 39.2 kv.m yaşayış sahəsinin əvəzinə 127 kv.m yaşayış sahəsi tələb edir.Lakin o, hüquqdan sui-istifadəyə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, İddiaçı MTK tərəfindən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 26-da yerləşən 4 saylı mənzilin əvəzinə yeni həmin sahədə tikiləcək binada 20% olmaqla əlavə yaşayış sahəsi verilməklə və yeni mənzil verilənədək kirayədə qaldığı müddət ərzində ona hər ay 300 manat kirayə haqqı ödənilməklə Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 26-da yerləşən 4 saylı mənzilə olan istifadə hüququna xitam verilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qarşılıqlı iddiaçı ilk iddianın geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.Bunu onunla əsaslandırmışdır ki,ilk iddianı imzalayan şəxsin-Vəkil1 iddia ərizəsi imzalanarkən bu ərizəni imzalamaq səlahiyyəti olmamışdır. İşdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Vəkil1 06.08.2021-ci il tarixdə,İddiaçı MTK-də əmək haqqı 250 manat müəyyən edilməklə müddətsiz olaraq işə qəbul edilmiş,23 noyabr 2021-ci il tarixdə iddia ərizəsini imzalamaq səlahiyyəti daxil olmaqla Vəkil1 iddiaçının səlahiyyətli nümayəndəsi kimi qanunla müəyyən olunan qaydada etibarnamə verilmiş, 12.01.2022-ci il tarixdə onunla vəkil kimi 15 saylı hüquqi yardım müqaviləsi bağlanmış və ona Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən İddiaçı MTK-ni məhkəmədə təmsil etmək üçün eyni tarixli order verilmişdir.İddia ərizəsi 06.11.2022-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur.Beləliklə məhkəmə hesab edir ki,iddia ərizəsi imzalanarkən Vəkil1 həmin ərizəni imzalamaq səlahiyyəti olmuşdur. Qeyd olunanlara əsasən qarşılıqlı iddia təmin olunmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. İddiaçı MTK tərəfindən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 26-da yerləşən 4 saylı mənzilin əvəzində yeni tikiləcək binada 20% olmaqla əlavə yaşayış sahəsi verilməklə və yeni mənzil verilənədək kirayədə qaldığı müddət ərzində ona hər ay 300 manat kirayə haqqı ödənilməklə Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 26-da yerləşən 4 saylı mənzilə olan istifadə hüququna xitam verilsin. İddiaçı Cavabdeh İddiaçı MTK-nə qarşı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qiytarılması barədə qarşılıqlı iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar