Məhkəmə qərarları › İş №2(007)-597/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-597/2021

30.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-597/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi X2 X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi cəlb edilməklə “əmlakın açıq hərracda satılması və payların bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi cəlb edilməklə “qanun üzrə vərəsə kimi müəyyən edilmiş payların natura qaydasında bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ümumi sahəsi 47.4 kvadrat metr olan 10 saylı evin 65 saylı mənzilinin natura qaydasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı evin 65 saylı mənzili onun anası X6 mülkiyyətində olmuşdur. X12 13.11.2019-cu il tarixdə vəfat etmişdir. Atası X3 isə, daha əvvəl, yəni 17.03.1987-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra o, birinci növbə vərəsə kimi müvafiq sənədləri 29.01.2020-ci il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisinə təqdim etmiş və 529 sayla qeydiyyata alınmışdır. O bildirir ki, X12nın mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı evin 65 saylı mənzilinə qanun üzrə birinci növbə vərəsə kimi o, Bakı şəhəri 15 saylı notariat ofisinə müvafiq sənədləri təqdim etsə də, bacısı-cavabdeh Atakişiyeva (Afonina) Ellada Vladimirovna müvafiq sənədləri notariat ofisinə bilərək təqdim etməmişdir. Baxmayaraq ki, Bakı şəhəri 15 saylı notariat ofisinin notariusu ona dəfələrə telefonla zəng edib qanun üzrə vərəsə kimi notariat ofisinə gəlməyini xahiş etmişdir. Cavabdeh Atakişiyeva (Afonina) Ellada Vladimirovna mübahisəli Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı evin 65 saylı mənzilində qeydiyyatda olmaqla və yaşamaqla faktiki olaraq miras əmlakı qəbul etmişdir. Mübahisəli mənzilin ½ hissəsi onun mülkiyyətində olmasına baxmayaraq həmin mənzildən iddiaçının mülkiyyətçi kimi istifadə hüquqlarını pozaraq maneə yaradır. Bununla yanaşı, Cavabdeh məqsədyönlü olaraq analarından qalmış miras əmlakı adına rəsmiləşdirmir. Bu səbəbdən də İddiaçı hazırkı iddia tələbi ilə məhkməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, daha sonra qanunda nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətindən qanun üzrə vərəsə kimi mübahisəli Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ümumi sahəsi 47,4 kvadrat metr olan 10 saylı evin 65 saylı mənzilinə, ½ hissəsinə ********** qeydiyyat nömrəli 08.09.2020-ci il tarixli Çıxarış almışdır. Bacısı-Cavabdeh notariat ofisinə gəlmədiyinə, ərizə vermədiyinə və müvafiq sənədləri təqdim etmədiyinə görə mübahisəli mənzilin ½ hissəsi vəfat etmiş anası X6 adına açıq qalmışdır. O bir daha bildirir ki, Cavabdeh faktiki olaraq miras əmlaka sahiblik və idarə edir. Belə olan halda cavabdeh miras əmlakı qəbul etmiş sayılır. İddiaçının vəkili və nümayəndəsi X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ümumi sahəsi 47.4 kvadrat metr olan 10 saylı evin 65 saylı mənzilinin açıq hərracda satılaraq, mənzilin satışından əldə olunmuş pul vəsaitinin İddiaçı və Cavabdeh arasında ½ hissədə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2(007)-2903/2020 nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış və mütəxəssis rəyi məhkəməyə təqdim edilənədək icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2021-ci il tarixli rəyi ilə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ümumi sahəsi 47.4 kvadrat metr olan 10 saylı evin 65 saylı mənzilinin paylara uyğun naturada bölünməsinin mümkün olmaması müəyyən edilmişdir. Bu səbəbdən də iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. O, həmçinin bildirdi ki, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl, Cavabdeh müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ümumi sahəsi 47.4 kvadrat metr olan 10 saylı evin 65 saylı mənzilinin ona məxsus ½ hissəsini almasını təklif etmiş, lakin cavabdeh həmin təklifə cavab vermədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 05 sentyabr 2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 13.11.2019-cu il tarixdə ölmüş X6 vərəsəsi qızı İddiaçıdır və o, miras əmlakdan ½ hissədə pay almalıdır. Miras əmlak Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı evin 65 saylı mənzilindən ibarətdir. - Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 10 saylı evin 65 saylı mənzili İddiaçı adına 08.09.2020-ci il tarixdə ½ hissədə xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmış, həmin mənzilin ½ hissəsi isə X6 adına açıq saxlanılmışdır. - AZ-İİ 019677 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 13 noyabr 2019-cu il tarixdə ölmüşdür. - AZ-İİ 045293 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 17 avqust 1987-ci il tarixdə ölmüşdür. - 29.07.2020-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı evin 65 saylı mənzilinə olan payının alınmasını Cavabdeh təklif etmişdir. İş üzrə məhkəmə qərardadına əsasən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin təyin edilmiş tikinti-texniki ekspertizasının 23.08.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı evin 65 saylı mənzilinin naturada bölünməsi texniki cəhətdən mümükün deyildir. - “X7 Mərkəzi” MMC tərəfindən verilmiş 04 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı evin 65 saylı mənzilinin bazar dəyəri 57.300 manat, likvid dəyəri 51.600 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı evin 65 saylı mənzili iddiaçının anası X6 mülkiyyətində olmuşdur. X12 13.11.2019-cu il tarixdə vəfat etmişdir. Atası X3 isə, daha əvvəl, yəni 17.03.1987-ci il tarixdə vəfat etmişdir. 05 sentyabr 2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 13.11.2019-cu il tarixdə ölmüş X6 vərəsəsi qızı İddiaçıdır və o, miras əmlakdan ½ hissədə pay almalıdır. Həmçinin, Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı evin 65 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 08.09.2020-ci il tarixdə qeydə alınmış, X6 adına ½ hissə açıq qalmışdır. Həmin mənzil Cavabdeh faktiki olaraq miras əmlaka sahiblik edir və onu idarə edir. İddiaçı öz payını cavabdehə təklif etmiş, lakin onun təklifinə sonuncu tərəfindən cavab verilməmişdir. Hazırda həmin mənzilin naturada bölgüsü texniki cəhətdən mümkün deyildir. Ona görə də mənzil hərracada satılaraq onun dəyəri tərəflər arasında bərabər bölünməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçiləri tərfindən kompensasiya ödənilməsinə onun razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsi qoya bilər. 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ərarvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdeh Atakişiyeva (Afonina) Ellada Vladimirovna mübahisəli Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 10 saylı evin 65 saylı mənzilində qeydiyyatda olmaqla və yaşamaqla faktiki olaraq miras əmlakı qəbul etmiş, mübahisəli mənzilin ½ hissəsi İddiaçı mülkiyyətində olmasına baxmayaraq həmin mənzildən iddiaçının mülkiyyətçi kimi istifadə hüquqlarını pozaraq maneə yaradır. İddiaçı ona məxsus ½ hissəsini almasını təklif etmiş, lakin cavabdeh həmin təklifə cavab vermədiyindən, əmlakın naturada bölünməsi mümkün olmamasına görə iddiaçının orada yaşaması mümkünsüz olduğundan Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ümumi sahəsi 47.4 kvadrat metr olan 10 saylı evin 65 saylı mənzili açıq hərracda satılmalı, mənzilin satışından əldə olunmuş pul vəsaiti İddiaçı və Cavabdeh arasında ½ hissədə bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu ona aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ümumi sahəsi 47.4 kvadrat metr olan 10 saylı evin 65 saylı mənzili açıq hərracda satılsın və mənzilin satışından əldə olunmuş pul vəsaiti İddiaçı və Cavabdeh arasında ½ hissədə bölünsün. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ümumi sahəsi 47.4 kvadrat metr olan 10 saylı evin 65 saylı mənzilinin ilkin satış qiyməti 51.600 manat müəyyən olunsun. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50,00 manat pul Atakişiyeva (Afonina) Ellada Vladimirovnadan alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) ödənilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar