Məhkəmə qərarları › İş №2(007)-603/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-603/2021

25.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-603/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Ələsgərova Aytac Hİkmət qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasdan məcburi pay hüququndan məhrum etmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasdan məcburi pay hüququndan məhrum etmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini onunla əsaslandırdı ki, onunla İddiaçı2 birgə nikahlarından xx.xx.1995-ci il tarixdə Bakı şəhərində Cavabdeh adlı bir övladları anadan olmuşdur. Cavabdeh artıq yetkinlik yaşına çatsa da, iddiaçılar valideyn olaraq üzərinə düşən vəzifələri yerinə yetirmiş, oğlu Cavabdeh bütün maddi və mənəvi tələbatlarını ödəmişlər. Lakin cavabdeh onlara etinasız yanaşaraq, onlarla kobud rəftar edir. Dəfələrlə təkid etsələr də, onlara qarşı valideyn olaraq hörmətsizlik ifadə edən hərəkətlər etmiş, onların razılığı olmadan tanımadığı qadınla ailə quraraq, onlara məlum olmayan ünvanda yaşayır. Cavabdehə bununla bağlı irad bildirdikdə isə cavabdeh onların sözlərinə məhəl qoymayaraq, onlara etinasız yanaşır. Bu isə onları valideyn olaraq mənfi təsir göstərir. Oğlu Cavabdeh övlad kimi üzərinə düşən vəzifələri yerinə yetirmədiyindən və ata-ana olaraq onlara hörmətsizlik göstərdiyindən, onu məcburi pay hüququndan məhrum etmək qərarına gəlmişlər. Belə ki, mülki qanunvericilik, mülkiyyətçiyə hələ öz sağlığında məhkəməyə müraciət edərək vərəsəni və ya bütün vərəsələri məcburi pay hüququndan məhrum etməyə icazə verir. Ona görə də, Cavabdeh gələcəkdə onların mirasından məcburi pay hüququndan məhrum edilməsi zərurəti yaranmışdır. Qeyd olunanlra əsasən Cavabdeh onların mirasından məcburi pay hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı2 da eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçıların izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan AZE seriyalı ******** nörməli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1975-ci il tarixdə Qazax rayonunda anadan olmuşdur, evlidir,Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Vİ-JQ seriyalı 323725 nömrəli nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 arasında 10 fevral 1993-cü il tarixdə Qazax rayon Çaylı kənd icra nümayəndəliyində bağlanmış və bu barədə 6 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan XİX-JQ seriyalı 376364 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Doğum haqqında akt qeydləri kitabında 27.09.1995-ci il tarixdə 27 nömrəli qeyd aparılmışdır. Ata qrafasında İddiaçı1, ana qrafasında isə İddiaçı2 qeyd edilmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nın çıxarışından görünür ki, ünvan 2 ünvanı İddiaçı2 xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatına İddiaçı2 adına 03.06.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nın çıxarışından görünür ki, ünvan 3 ünvanı İddiaçı1 xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatına İddiaçı1 adına 27.06.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin 1176.1. maddəsinə əsasən vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. 1203.3-cü maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 oktyabr 2011ci il tarixli həmin qərarında formalaşdırdığı hüquqi mövqeyə görə //...vəsiyyət edən vərəsələrdən hər hansı birinin vərəsəlik hüququndan məhrum edilməsini vəsiyyətnamədə nəzərdə tutursa, bu qadağa mirasın məcburi pay hissəsinə tətbiq edilmir və yalnız miras əmlakından həmin vərəsəyə düşən payı əhatə edir. Lakin mülki qanunvericilik mirasda məcburi pay hüququnu da mütləq (məhdudiyyətsiz) hüquq kimi tanımır. Mülkiyyət hüququnun ayrılmazlığını nəzərə alaraq, mülki qanunvericilik, mülkiyyətçiyə hələ öz sağlığında məhkəməyə müraciət edərək vərəsəni və ya bütövlükdə vərəsələri məcburi pay almaq hüququndan məhrum etməsinə icazə verir (Mülki Məcəllənin 1203.2-ci maddəsi). Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Beləliklə, miras qoyan öz sağlığında, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan halları iddia ərizəsində göstərməklə məhkəməyə təqdim edərək, məhkəmə qərarı vasitəsi ilə vərəsələri məcburi pay almaq hüququndan məhrum edə bilər. Azərbaycan qanunvericiliyinə əsasən vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyət azadlığı prinsipi baxımından əhəmiyyətli xarakter daşıyır. Hətta miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət edərək vərəsəni və ya bütövlükdə vərəsələri məcburi pay almaq hüququndan məhrum edə bilməsi imkanı vəsiyyət azadlığını tam qoruyaraq, bir tərəfdən vərəsələrin qanuni maraqlarını müdafiə edir, digər tərəfdən mülkiyyət hüququnun təminatına (şəxsin mülkiyyəti üzərində tam sərəncam vermək hüququ) xidmət edir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum etməsi həmin şəxsləri məcburi pay almaq hüququndan məhrum etməsi kimi qəbul edilməməlidir. Eyni zamanda, vəsiyyət edənin həmin şəxsləri məcburi pay almaq hüququndan məhrum etməsi Mülki Məcəllənin 1203.2-ci maddəsi ilə nəzərdə tutulan qaydada tətbiq edilə bilər..." Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair 13 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin "vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar" müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. İşin hallarından görünür ki, Cavabdeh iddiaçıların dağma övladı olmaqla gələcəkdə onlardan qalmış mirasdan məcburi paya malik olan şəxsdir.Lakin cavabdeh öz davranışı ilə valideynlərin iradəsi əleyhinə hərəkətlər edir.Bu səbəbdən iddiaçılar onu məcburi paydan məhrum etmək qərarına gəlmişlər. Məhkəmə hesab edir ki,iddia tələbinin qanuni əsası mövcuddur. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 mirasından məcburi pay hüququndan məhrum edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia təmin olunsun. Cavabdeh İddiaçı1 və İddiaçı2 mirasından məcburi pay hüququndan məhrum edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar