Məhkəmə qərarları › İş №2(007)-616/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-616/2021

15.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-616/2021 15.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhər 15 saylı Notariat ofisinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, miras əmlakdan payının müəyyən edilməsi” tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhər 15 saylı Notariat ofisinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, miras əmlakdan payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair Cavabdeh1 Tağı qızının adına Bakı şəhəri 15 saylı Notariat ofisi tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsinin, 21.12.2000-ci il tarixli 063623 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, əmlakın miras kütləyə daxil edilməsi, miras əmlakdan ½ hissədə miras payının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 ona qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair" iddia tələbi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd etmişdir ki, istifadə hüququna xilam vermək istədiyi ünvan 3 ünvanında yerləşən mənzili vərəsəlik şəhadətnaməsinə əsasən əldə etmiş və mənzil 21.12.2000-ci il tarixindən etibarən onun müllkiyyətində olmuşdur. Bu məlumatlardan cavabdeh onu məhkəməyə verdikdən sonra xəbəri olmuşdur. Cavabdeh mübahisəli mənzili vərəsəlik hüququ əsasında əldə etməmişdən qabaq mənzil onun babası X6 mülkiyyətində olmuşdur. X17 Muxlaroviç 13 oktyabr 1999-cu il tarixində vəfat etmişdir. Vəfat etdikdən sonra Cavabdeh1 babasının mülkiyyətində olan mənzili vərəsə olaraq qəbul etmişdir. Onu da deyir ki, onun atası X16 də babası X4 vərəsəsi olmuşdur. Belə ki, o, babasının uşaqlarından biridir. Babası vəfat etdikdən sonra sözügedən mübahisəli mənzildə yaşayaraq miras əmlakdan payı faktiki olaraq qəbul etmişdir. İddiaçı öz iddia ərizəsində etiraf etmişdir ki, atası X13 2006-cı il tarixində xəstəliyi nəticəsində vəfat etmiş və atası rəhmətə gedən tarixə kimi həmin mənzildə yaşamışdır. Ona görə də, o, atası X8 miras payına uyğun olaraq qanun üzrə vərəsəsi sayılır. Onu da qeyd edir ki, Cavabdeh1 vəsiyyət üzrə vərəsə də ola bilər. Yəni, babası X10 sağlığında mülkiyyətində olan mənzili Cavabdeh1 vəsiyyət edərək onu vərəsəsi müəyyən edə bilər. Belə olan halda da, onun atası X9 babasından qalan miras əmlaklardan məcburi payı olacaqdır. O, atasının sözügedən məcburi payına uyğun olaraq miras əmlak əldə etmək hüququna sahib olacaqdır. Bütün bunlar məhkəmə araşdırmasında məlum olacaq. Ona görə də hesab edir ki, Cavabdeh1 adına ünvan 3 ünvanında yerləşən mənzilə dair verilmiş vərəsəlik şəhadətnaməsi 21.12.2000-ci il tarixli 063623 saylı qeydiyyat vəsiqəsi etibarsız hesab edilməli, əmlak miras kütləsinə daxil olunmalı, miras paydan ½ hissədə payı müəyyən edilməlidir. Cavabdeh1 vəsatətlə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsinə etirazını aşağıdakı qaydada nəzərə çatdırır: 1. İlkin olaraq bildirmək istəyir ki, İddiaçı qaldırdığı iddia predmetinə dair iddia qaldırmaya dair prosessual müddəti ötrmüşdür. O, iddia ərizəsində guya sözügedən mənzilin miras əmlakı vasitəsilə Cavabdeh1 adına rəsmiləşdirilməsindən yalnız qısa müddət öncə (Cavabdeh1 mənzildən xitam verilməsinə dair iddia ərizəsinin məzmunundan) xəbərdar olduğunu qeyd etmişdir. Təbii ki, bu yalan informasiyadır. Belə ki, sözügedən mənzili mərhum atası X6 adında olmasından və o öldükdən sonra Cavabdeh1 adına rəsmiləşdirilməsində xəbərdar olmuşdur. Çünki 2006-cı ildə Cavabdeh1 İddiaçı sözügedən mənzilə qeydiyyata salarkən, sözügedən mənzilə dair mülkiyyətçinin artıq iddiaçının mərhum babası X6 deyil, Cavabdeh1 məxsus olduğundan məlumatlı olmuşdur. Həmin ərəfələrdə miras əmlakına dair pay istəməməsinə səbəb atası X7 xəstə olarkən atıb getməsi və onunla maraqlanmaması, bundan əlavə atası tərəfindən miras əmlakına dair paydan Cavabdeh1 xeyrinə imtina etməsindən xəbərdar olmasıdır. Hal-hazırda iddiaçı tərəf iddia vermə müddətini üzrlü səbəbdən ötürmüşdür. Qeyd edilənlərə əsasən, vəsatətinin nəzərə alınmasını, iddiaçının tətbiq ediləcək iddia müddətini buraxılma faktına əsaslanaraq iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hal-hazırda iddiaçı tərəf iddia vermə müddətini səbəbdən ötürmüşdür. Qoşma hissədə məhkəməyə təqdim edəcəyi iş № 2KH"B-267" saylı vərəsəlik işi üzrə bütün hüquq müəyyənedici sənədlərin notarial təsdiq surətinin məzmunundan da görünür ki, sözügedən miras əmlakı üzrə mübahisə predmeti olan mənzil mərhum X10 tərəfindən verilmiş 22.02.1995-ci il tarixli vəsiyyətnamə və digər vərəsələr X15 və X12 tərəfindən miras əmlakından Cavabdeh1 xeyrinə imtina etməsi, həmçinin iddiaçının mərhum atası X1 mənzilə dair miras əmlakına dair vərəsəliyi qəbul etməməsinə dair imtina ərizəsi əsas olmuşdur. İddiaçı tərəflə mübahisələndirilən vərəsəlik şəhadətnaməsi və onun əsasını təşkil edən hüquq müəyyənedici sənədlər mülki qanunvericiliyin və "Notariat haqqında qanun”un tələblərinə uyğun şəkildə tərtib edilmişdir. Bu səbəbdən sözügedən vərəsəlik şəhadətnaməsinin "etibarsız hesab edilməsi"nə dair hər hansı bir fakt vərəsəlik şəhadətnaməsi qəbul edilərkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. İddiaçı mərhum atası X15 rəhmətə gedərkən (uzun müddət ağır xəstəlikdən əziyyət çəkdiyi müddət daxil olmaqla) onun yanında olmamış, ona qulluq etməmiş və hətta dəfn mərasimində belə iştirak etməmişdir. X2 bütün qayğılarını və dəfn xərclərini o çəkmişdir. Qeyd edilənlərə əsasən iddianın verilməsinə dair prosessual müddətin ötürülməsi faktı və vərəsəlik şəhadətnaməsinin etibarsız sayılmasına dair hər hansı bir qanun pozuntusunun olmaması faktını nəzərə alaraq iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, mülki işlə bağlı 17.11.2020-ci il tarixində keçirilmiş "məhkəmə baxış iclası"nda İddiaçı Cavabdeh1 qarşı “əqdin etibarsız sayılması və vərəsəlik payının müəyyən edilməsi"nə dair iddiasına etirazını və "iddia müddətinin ötürüldüyü üçün iddianın rədd edilməsi, yəni iddia müddətinin tətbiqi"nə dair vəsatətini məhkəmənin nəzərinə çatdırmışdır. Həmin etiraz və vəsatətin qoşma hissəsində AR Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin № 05/01-2294/14 saylı 15.10.2020-ci il tarixli Vəkil2 sorğusuna cavab məktubunun notarial təsdiq surətləri (14 vərəq, 1 nüsxədə - mübahisələndirilən vərəsəlik işinə dair) tərəflərindən məhkəməyə təqdim edilərək, məhkəmənin mülki iş materialına əlavə edilmişdir. Nəzərə çatdırır ki, İddiaçı və onun nümayəndəsi və vəkili məhkəməyə yalan ifadə verərək guya vərəsəlik şəhadətnaməsinə yaxın müddətdə xəbərdar olduğunu və iddia müddətini bu səbəbdən ötürülmədiyini qeyd etmişdir. Lakin nəzərə çatdırır ki, iddiaçının mərhum atası X7 və babası X6 uzun illərdir rəhmətə getdiyini və sözügedən mənzillə bağlı vərəsəlik işlərinin yekunlaşmasından xəbərdar olmuşdur. Odur ki, iştirakı olmadan məhkəməyə təqdim etdiyi və mülki iş materialına əlavə edilmiş İddiaçı Cavabdeh1 qarşı " əqdin etibarsız sayılması və vərəsəlik payının müəyyən edilməsi"nə dair iddiasına etirazını və "iddia müddətinin ötürüldüyü üçün iddianın rədd edilməsi, yəni iddia müddətinin tətbiqi”nə dair vəsatətini və həmin etiraz və vəsatətin qoşma hissəsində AR Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin № 05/01-2294/14 saylı 15.10.2020-ci il tarixli vəkil Nuranə Quliyevanın sorğusuna cavab məktubunun notarial təsdiq surətlərini (14 vərəq, l nüsxədə - mübahisələndirilən vərəsəlik işinə dair) nəzərə alaraq iddianın bütünlükdə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 18 fevral 2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh1 22 noyabr 2000-ci ildə ərizə ilə notariat kontoruna müraciət etmiş, X7 ərizəsinin tarixi isə 23 noyabr 2000-ci il tarixdir. Bundan başqa imtina ərizələri Minə, Nağı tərəfindən verilmiş və hər ikisi eyni xətt ilə yazılmışdır, eyni şəxs tərəfindən yazıldığı görünür. Digər 2 tərəfin imtina ərizələri yoxdur. İddia müddətinin tətbiq olunması işin mahiyyəti üzrə həll olunmasına təsir etmir. İddia müddəti tətbiq ediləcək deyə işin araşdırılması dayandırılmalı deyil. Onlar məcburi pay hüququna əsaslanırlar. Sənədlərdə saxtakarlıq varsa, bu tərəfin mülkiyyət hüququnun pozulmasıdır. Ərizələrin sonradan alındığını hesab edir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirdi ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətinə keçməsi üçün əsas mərhum X10 tərəfindən verilmiş 22.02.1995-ci il tarixli vəsiyyətnamə və digər vərəsələr X15 və X12 tərəfindən miras əmlakından onun xeyrinə imtina etməsi, həmçinin iddiaçının mərhum atası X1 mənzilə dair vərəsəliyi qəbul etməməsi barədə imtina ərizəsi olmuşdur. İddiaçının atası X7 adından mübahisə predmeti olan mənzildən ona düşən paydan imtina etməsinə dair ərizəni notariat kontorunda o, yazmış, lakin sonda X15 həmin ərizəni oxumuş və bu barədə müvafiq qeyd edərək imzalamış, həmin ərizə Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən təsdiq edilmişdir. Həçmiçinin qeyd edir ki, ərizənin arxasında X7 şəxsiyyəti notarius tərəfindən müvafiq qeyd aparılmaqla müəyyən edilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 6a saylı evin 24 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 60 saylı reyestr kitabında 780 səhifəsində 30/26782 № ilə 21.12.2000-ci il tarixdə qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 26.09.2020-ci il tarixli ******* saylı arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. - Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 22 iyul 2012-ci il tarixli şəhadətnamədən görünür ki, Bakı şəhəri 15 saylı dövlət notariat kontoru tərəfindən 22.02.1995-ci ildə təsdiq edilən və reyestridə 2V-10 № ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 13 oktyabr 1999-cu ildə vəfat etmiş X6 vəsiyyətnamədə göstərdiyi əmlakının vərəsəsi: Bakı şəhəri, M.Abbasov küçəsi, ev 6A, mənzil 24-də qeydiyyatda olan qızı Cavabdeh1dır. O miras əmlakdan irs almadır. Şahadətnamə verilən miras əmlak Bakı şəhər əmanət kassasının 008/0234 saylı filialında 16871 saylı hesabda saxlanılan və miras qoyana məxsus olan əmanətdən və onun faizindən ibarətdir. - Bakı şəhəri 15 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işinə əlavə edilmiş X8 23 noyabr 2000-ci il tarixli ərizəsinin surətindən görünür ki, X13 ünvan 3 ünvanında yerləşən məznildən ona düşən öz payından tamamilə imtina edir. Vəsərəliyi qəbul etməyəcəyini və gələcəkdə narazıçılıq ola bilməyəcəyini qeyd etmişdir. Ərizənin arxasında X7 şəxsiyyəti notarius tərəfindən müəyyən edilmişdir. - Bakı şəhəri 15 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işinə əlavə edilmiş Novruzova Minanın 22 noyabr 2000-ci il tarixli ərizəsinin surətindən görünür ki, Novruzova Mina X11in adına olan ünvan 3 ünvanında yerləşən mənzildən ona düşən bütün vərəsəlik payından imtina edir, qəbul etməyir və gələcəkdə də qəbul etmək fikri yoxdur. Ərizənin arxasında Novruzova Minanın şəxsiyyəti notarius tərəfindən müəyyən edilmişdir. - Bakı şəhəri Nizami rayon VVAQ şöbəsi tərəfindən 22 oktyabr 1999-cu il tarixdə verilmiş AZ № 043627 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 13 oktyabr 1999-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 22 oktyabr 1999-cu il tarixdə 732 nömrəsi ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonar MM): 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1166-ci maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, hazırda mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən mənzil Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan 22 iyul 2012-ci il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil 22.02.1995-ci il tarixli X10 tərəfindən tərtib edilmiş vəsiyyətnaməyə əsasən onun nəvəsi Cavabdeh1 məxsusdur. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, onun atası X13 də babası X6 vərəsəsi olmuşdur, buna görə də onun mübahisəli əmlakdan pay almaq hüququ vardır. MM-in: 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, X6 22.02.1995-ci il tarixli vəsiyyətnamə ilə mülkiyyətində olan Nizami rayonu, M.Abbasov küçəsi, ev 6A, mənzil 24 ünvanında yerləşən mənzili Cavabdeh1 vəsiyyət etməsi və X8 və Novruzova Minanın ünvan 3 ünvanında yerləşən mənzildən onlara düşən bütün vərəsəlik paylarından imtina etmələri mübahisəli mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi üçün əsas olmuşdur. İddiaçı isə X3r və hazırda atasının vərəsə payından məcburi pay almaq hüququ olduğunu iddia etsə də, məhkəmə tərəfindən müəyyən edildi ki, X13 mübahisəli mənzildən özünə məxsus paydan imtina etmişdir. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Göründüyü kimi, qanunverici, mirasdan imtina üçün məcburi notarial forma müəyyən etmişdir. Əsasən dispozitiv (ixtiyari) olan mülki hüquq normalarından fərqli olaraq, vərəsəliklə bağlı qaydalar məcburi xarakter daşıyır. Belə ki, şəxsin vərəsəlik hüqununun aradan qalxması baxımından əsas institut qəbul etmə müddətinin ötürülməsi deyil, mirasdan imtinadır. Çünki şəxs, vərəsəlikdən çıxmasını məhz mirasdan qanunla nəzərdə tutulmuş (notarial) qaydada və müddətdə imtina etməsi ilə təmin etmiş olur. Hazırkı halda da X13 notarial qaydada ərizə tərtib edərək, miras əmlakından ona düşən paydan imtina etdiyini qeyd etmişdir. Hazırda da qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün məhkəmə tərəfindən heç bir hal müəyyən edilməmiş, vərəsəlik hüququ haqqında şəhadətnamənin tərtibi zamanı heç bir qanun pozuntusu aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə araşdırması zamanı ünvan 3 ünvanında yerləşən mənzilə dair Cavabdeh1 Tağı qızının adına Bakı şəhəri 15 saylı Notariat ofisi tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək müddət tətbiq etməklə iddianın rədd edilməsi xahiş edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mulki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Bu qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında həmin Məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İddiaçı iddia tələbində qeyd etmişdir ki, cavabdeh tərəf ona qarşı mənzildən istifadə hüququna xitam verilməsi ilə bağı iddia qaldırdıqdan sonra mübahisəli mənzilin cavabdehin mülkiyyətində olduğunu öyrənmişdir. Məhkəmə qeyd edilənlərə münasibətdə qeyd edir ki, cavabdeh X5 ünvan 3 ünvanında yerləşən məznillə bağlı 21 dekabr 2000-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmiş, daha sonra iddiaçı həmin mənzilə qeydiyyata alınmışdır. Nəticədə iddiaçı mübahisəli mənzilə qeydiyyata alınan zaman artıq mənzilin kimin mülkiyyətində olması haqqında məlumatlı olmalı imiş və onun bu barədə məlumatlı olmaması ilə bağlı iddia tələbində qeyd etdiyi hallar məhkəmə tərəfindən ağlabatan hesab edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilə dair 6 illik iddia müddətini ötürdükdən sonra, yəni 01.10.2020-ci il tarixdə məhkəməyə müraciət etdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə təqdim etdiyindən, iddia tələbi haqlı olaraq rədd edilmişdir. MPM-in: 218.3-cü maddəsinə əsasən hakim iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhər 15 saylı Notariat ofisinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı “ünvan 3 ünvanında yerləşən mənzilə dair Cavabdeh1 Tağı qızının adına Bakı şəhəri 15 saylı Notariat ofisi tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsinin, 21.12.2000-ci il tarixli 063623 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, əmlakın miras kütləyə daxil edilməsi, miras əmlakdan ½ hissədə miras payının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhər 15 saylı Notariat ofisinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı “ünvan 3 ünvanında yerləşən mənzilə dair Cavabdeh1 Tağı qızının adına Bakı şəhəri 15 saylı Notariat ofisi tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsinin, 21.12.2000-ci il tarixli 063623 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, əmlakın miras kütləyə daxil edilməsi, miras əmlakdan ½ hissədə miras payının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar